“Dayımla minaya düşdük. O, həmin dəqiqə dünyasını dəyişdi...”
Tarix: 27-09-2016 18:20 | Bölmə: Müsahibə


Qarabağ qazisi Məmmədhəsən Həsənov: "Kaş ki mən də şəhid olaydım. Torpaqlarımızın işğalnı görmək mənə hər şeydən ağırdır"

Qarabağ qazisi, "Mina Qurbanlarının Sosial-İqtisadi Problemlərinin Həllinə Kömək" İctimai Birliyinin sədri, "Azərbaycan Həqiqətləri Uğrunda" koalisiyanın həmtəsisçisi Məmmədhəsən Həsənovun 45 yaşı tamam olur. Ömrünün ən gözəl çağını döyüşdə keçirən, bu yolda sağlamlığını itirən qəhrəmanımız yubiley əhval-ruhiyyəsində olmasa da, söhbətə bu mövzudan başladıq. Adətən doğum günündə ömrün baharından danışsalar da, müsahibimiz 45-ci payızı arxada qoyub:

- Ömrümün 45-ci payızını da arxada qoydum. Cavanlığımız bahar görmədi...

- Yəqin bilirsiniz də, sentyabrda Azərbaycanda dünyaya dahilər gəlib...

- Bəli. Elə təkcə Üzeyir bəy Hacıbəyovu xatırlasaq, kifayət edər. Amma mən, Azərbaycanın dahilərindən deyiləm. Vətən qarşısında öz borcumu sağlamlığımı itirərək yerinə yetirən vətən övladıyam.

- Əslində, Siz də bu vətənin dahilərisiniz - döyüş dahiləri. Necə oldu ki, döyüşə getdiniz?

- 1989-cu ildə Sovet ordusuna hərbi xidmətə getmişdim. 1991-ci ildə Sovet ordusundan qayıtdıqda Füzuli rayonu Aşağı Divanalılar kəndi də, yəni doğulduğum yurd da ermənilər tərəfindən mühasirədə idi. Bütün Qarabağda artıq ermənilər mənfur əməllərini həyata keçirirdilər. Doğma yurdum Füzulidə də artıq bu təhlükələr yaşanırdı. Bizdə də yenicə könüllü müdafiə dəstələri yaradılmışdı. Əslində, mən kəndə gələndə eşitdikdə ki, özünümüdafiə dəstələri yaranıb, inanmamışdım.

Məni kənddə ilk qarşılayan dayım, rəhmətlik Babalar olmuşdu. Və mənə deyəndə ki, bizim avtomatımız var, inanmamışdım. Evə daxil olduqda soruşdum ki, hanı avtomatınız? Mənə dedilər ki, yükün altında gizlətmişik ki, uşaqların əlinə keçməsin.

Mən Sovet ordusundan gələndən bir neçə gün sonra bizim qonşu kəndimiz - Yuxarı Divanalılar erməni terrorçularının hücumuna məruz qaldı, kənd əhalisinin evləri yandırıldı, kənd sakinlərindən bir neçəsi girov götürüldü və kənd tamamilə dağıdıldı.

Onu da qeyd edim ki, keçən əsrin əvvəllərində yüzlərlə evdən ibarət olmuş Yuxarı Divanalılar kəndi ermənilərin bu cür rəftarı ilə zaman-zaman dəfələrlə rastlaşmışdı. Həmin vaxtlarda bu kənd daha ağır facilərlə üzləşib. Əsrin sonunda isə bu faciə təkrarlandı. O vaxt (1905-1918-ci illəri nəzərdə tutur) həmin kəndin sakinlərindən bəziləri Şuşaya, Ağcabədiyə və digər yaxın rayonlara köçüblər. Hətta qardaş Türkiyə ərazisinə gedənlər də olub.

- Bildiyimizə görə, Sizin nəsildən döyüşçü təkcə Siz deyilsiniz...

- Bəli, 5 dayım döyüşdə iştirak edib. Mənimlə bərabər 3 qardaşım, yəni, bir evdən 4 nəfər eyni zamanda, döyüşmüşük. Dayımın biri Sumqayıt şəhərindəki zavodlardan birində rəhbər vəzifədə çalışsa da, işini qoyub doğma kəndinə gələrək torpaqların müdafiəsinə qatıldı. Kəşfiyyat tağımının komandiri idi. Dayım bu şərəfli missiyada şəhid oldu və "Azərbaycan Bayrağı Ordeni" ilə təltif edildi.

O biri döyüşçü Babalar dayım isə... (Doluxsunur. Bir qədər keçdikdən sonra isə bir təhər danışır) 94-cü ildə, şəhid olan dayımın ildönümünə hazırlaşdığımız vaxt rəhmətə getdi.

4 qardaş döyüşdə olmuşuq. Məndən başqa daha bir qardaşım da Qarabağ əlilidir. Əslində, bunun da bir tarixçəsi var. Nüsrət babamın adını, mən isə babamın qardaşının adını daşıyırdım. Onlar da o vaxt müharibədə, yəni, İkinci Dünya müharibəsində döyüşüb və geri qayıtmayıblar.

Mənim adını daşıdığım babam gedib orduya könüllü yazılıb ki, qardaşı Nüsrət müharibəyə getməsin. Çünki onda artıq rəhmətlik atam təzə dünyaya gəlmişdi. İndi biz də - qardaşımla mən müsəqilliyini qorumaq istədiyimiz vətənimizin uğrunda döyüşmək üçün könüllü olaraq babalarımla, sanki eyni müharibə taleyini yaşayaraq döyüşdük, lakin biz ölmədik. (gülümsəyir)

- Mina qurbanısınız, həmin gün yadınızdadırmı?

- (Danışmaq istəmir. Səbəbini bir daha soruşdum) Ağırdır danışmaq. Ona görə ki, haqqında danışdığımız şəhid dayım Surxay Məhərrəmovla birgə minaya düşdük. O, həmin dəqiqə dünyasını dəyişdi... Kaş mən də şəhid olaydım. Bilirsinizmi niyə? Torpaqlarımızın işğal olunmasını görmək mənə hər şeydən ağırdır. Ona görə də, həmin gün, 1993-cü ilin mart ayının 9-u mənim üçün ikiqat ağır gündür.

- Qardaşınız Nüsrət Həsənov necə oldu ki, yaralandı?

- Allahın işinə bax. Babamın ili idi. Həm də qardaşımın ad gününə təsadüf edirdi. 1992-ci ilin sentyabr ayının 6-sı idi. Həmin axşam hücuma mənsiz getmək istədilər. Və getdilər də...

Qardaşım yolda hiss etdi ki, nə isə kölgə izləyir onu. Dönüb gördü ki, mənəm. Mənə əsəbləşdi: "Sənə demədimmi gəlmə?!".

Qoşuldum qardaşımgilə. Döyüşün qızğın çağı idi. Səhərə yaxın artıq qardaşım bərk yaralanmışdı. Tarixi ziddiyyətlərinə bax, eyni gündə babamın ildönümü, qardaşımın ad günü və yaralandığı gün...

Bayaq da dediyim kimi, dayımın birinin ildönümündə o biri dayım dünyasını dəyişir. Yəqin, bu həyat nişanələrinin bir sirri var...

- Səhv etmirəmsə, qardaşınız ikinci dəfə də döyüşə yollanıb...

- Bəli, bir də yenidən 1994-cü ildə Horadiz uğrunda gedən döyüşlərdə qardaşım Nüsrət məni yaralı vəziyyətdə Bakıda xəstəxanada qoyaraq özü də yaralı vəziyyətdə döyüşə yollandı. Bu dəfə daha ciddi yara aldı. Və bu gün də o ağrılarla yaşayır. Nə isə...

Keçək nikbin notlara, başqa mövzulardan danışaq. 

- Keçək də... Hansı medianı daha çox izləyirsiniz?

- "Reytinq" ailəsinin üzvüyəm. Demək olar ki, yalnız bu qəzeti davamlı oxuyuram.

- Bəs, elektron mediadan?

- Təbii ki, bizim tədbirləri operativ işıqlandıran birlik.az, xeberlent.az, mia.az, 168 saat.az, xeberle.com, karabağmedia.az, Reyting.az saytları mənim üçün ilk yerdədir. Telekanallardan isə "İnteraz" və "İctimai" TV-yə baxıram.

- Gənclərə ən çox tövsiyəniz nədir?

-Qoy, gənclərimiz vətənpərvər olsunlar, millətini sevsinlər, qloballaşan dünyada təhsillərini daha da təkmilləşdirsinlər, çünki hələ döyüş şəraitindəyik, nəzərə almalıyıq ki, indiki müharibələr təkcə silahla deyil, həm də beyinlə aparılır. Ona görə də yaxşı diplomat, yaxşı hərbçi, yaxşı iqtisadçı bizim gələcək döyüşümüzdə qələbəmizin təminatıdır.

- Döyüş olarsa, yəqin ki, birinci gedərsiniz. Sizi bu fikirdən nə yayındıra bilər?

- Heç bir şey. Hətta bu gün Ali Baş Komandandan gözlədiyim döyüş əmridir. 7-dən 70-ə hamımız Ali Baş Komandanın əmrini gözləyirik.

- QHT kimi ictimai fəaliyyətiniz bütün mediada izlənilir. Amma özünüz az danışırsınız. Siz mina qurbanısınız, bir sıra xarici dövlətlərdə də bu mövzuda konfranslarda olmusunuz və eyni zamanda bir neçə koalisiyanın üzvüsünüz. Bu barədə nə deyə bilərsiniz?

- Bəli, Şərq Tərəfdaşlığı Milli Platformasının və Mədən Şəffaflığı koalisiyasının şura üzvüyəm.

Bildiyiniz kimi, biz müharibədən zərər çəkmiş təşkilat olduğumuz üçün müharibə yönümlü təşkilatlarla sıx iş birliyində oluruq. Baxmayaraq ki, başqa ictimai birliklərlə də əməkdaşlıq edirik. Əsasən, "Qarabağ Əlilləri və Veteranları" İctimai Birliyi və onun rəhbəri Növrəstə Yusifova, "Məşəl" Əlil İctimai Birliyi və sədri Alman Abbasov, Qazilər Birliyi və sədri Etimad Əsədov, "Sağlam Mühit və Sağlam gələcək" İctimai Birliyi, Səriyyə Cəfərova, yazıçı, publisist, müstəqil jurnalist, "Erməni Təcavüzünün Tanıdılması" İctimai Birliyinin sədri, Qarabağ müharibəsi veteranı - hərbi repartyor, "Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyin sədri İradə Bağır qızı Rizazadə və bir sıra digər ictimai qurumlarla əməkdaşlığımız var.

Bu günə kimi bir sıra ölkələrdə olmuşam. İranda, Gürcüstanda, Yunanıstanda, eyni zamanda, Brüsseldə, Stokholmda, Cenevrədə təşkil olunan tədbirlərdə mina qurbanlarının problemlərini qaldırmışam.

- Son layihəniz ictimaiyyətdə daha çox maraq doğurdu. Hansı nəticələr var?

- Təbii ki, bu dəfə əlillərin və veteranların sırf sosial problemlərini nəzərdə tutmuşuq. Düzdür, biz həmişə bu tipli layihələr həyata keçirmişik. Və bu bizdə kampaniya xarakterli deyil, təşkilatımızın nizamnaməsindən irəli gəlir. Bu, bizim vəzifə borcumuzdur. Lakin budəfəki layihəmizin əhatəsi daha geniş oldu. Bizə bu şəraiti yaradan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası rəhbərliyinə, şəxsən millət vəkili Azay Quliyevə təşkilatımız adından təşəkkür edirik.

Z.ƏHMƏD

Reyting.az



736 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər