“Cari ilin və əvvəlki illərin məzunları üçün imtahanlar eyni gündə keçiriləcək” - Müsahibə
Tarix: 07-03-2017 13:54 | Bölmə: Müsahibə

Məleykə Abbaszadə: "Buraxılış və ya qəbul imtahanlarında fənlərin sayının artırılması barədə qərar verməzdən əvvəl ciddi elmi araşdırmalar aparılmalıdır”

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə APA-ya müsahibə verib.

Reyting.az saytı müsahibəni təqdim edir:

- Ölkədə orta ixtisas təhsili müəssisələrinə, ali təhsilin bakalavr, magistratura və rezidentura səviyyələrinə tələbə qəbulu qaydaları təsdiq edilib. Yeni qaydalar bütün təhsil pillələri üzrə imtahan vermək istəyən şəxslərə nə kimi əlavə imkanlar yaradacaq?

- Ümumi və tam orta təhsil bazalarında orta ixtisas təhsili müəssisələrinə, ali təhsilin bakalavr, magistratura və rezidentura səviyyələrinə qəbul qaydaları Dövlət İmtahan Mərkəzi tərəfindən işlənib hazırlanıb (müvafiq nazirliklərin rəyi nəzərə alınmaqla) və cari ilin fevral ayında Nazirlər Kabineti tərəfindən təsdiq edilib. Qeyd edilən qaydalarda ötən illə müqayisədə, demək olar ki, dəyişiklik yoxdur. Yalnız bakalavriat səviyyəsinə qəbul qaydalarında edilən dəyişikliyə əsasən abituriyentlərə seçdikləri hər hansı bir ixtisas qrupu üzrə (V ixtisas qrupu istisna olmaqla) eyni tədris ilində keçirilən bir neçə qəbul imtahanında iştirak etməyə icazə verilir.

Bildiyiniz kimi, ötən ilə qədər əvvəlki illərin və cari ilin məzunları qəbul imtahanını müxtəlif vaxtlarda verirdilər. Bu zaman imtahan iştirakçılarının yaş xüsusiyyətləri nəzərə alınırdı və yaşı çox olan abituriyentlərin azyaşlı abituriyentlərə hər hansı təsir göstərməsinin qarşısı alınırdı. Bir neçə il idi ki, hər iki kontingentə aid abituriyentlər tərəfindən həm may, həm də iyulda keçirilən qəbul imtahanlarında iştirak imkanının yaradılması barədə TQDK-ya çoxsaylı müraciətlər daxil olurdu. Məsələn, aprel ayında hərbi xidmətdən tərxis olunan əvvəlki illərin məzunu olan abituriyent qəbul proqramını təkrarlamağa vaxtı çatmadığını bildirib, imtahanı iyul ayında vermək istəyirdi, yaxud cari ilin məzunu qəbul imtahanını may ayında verib yay aylarında isəhər hansı xarici ölkənin universitetlərinə qəbul olmaq üçün özünü sınamaq istədiyini bildirirdi. Qəbul qaydalarında müvafiq müddəa nəzərdə tutulmadığına görə biz belə müraciətlərə müsbət baxa bilmirdik. Bu ildən isə həm cari ilin, həm də əvvəlki illərin məzunları qəbul imtahanında iki dəfə iştirak edə biləcəklər. İmtahanda iki dəfə iştirak imkanı imtahanla bağlı psixoloji gərginliyi nisbətən aradan götürəcək və abituriyent biliklərini tam nümayiş etdirməsi üçün daha əlverişli imkana malik olacaq. Birinci imtahanın nəticələrindən razı qalmayan hər bir abituriyent ikinci dəfə öz biliyini sınamağa imkan qazanacaq və bu zaman istədiyi imtahanın nəticəsi ilə müsabiqədə iştirak edəcək. Gələcəkdə digər təhsil səviyyələri üzrə də belə imkanın yaradılması nəzərdə tutulur.

- Məlumatda bildirilib ki, ali məktəblərə müsabiqə zamanı abituriyentin yüksək nəticə göstərdiyi imtahanın nəticəsi əsas götürüləcək. Burada hər bir qrup üzrə nisbi bal məhdudiyyəti necə təsir göstərəcək?

- Qaydalara əsasən, abituriyent eyni tədris ilində keçirilən bir neçə qəbul imtahanında iştirak etdiyi halda, müsabiqədə hansı imtahanın nəticəsi ilə iştirak edəcəyini özü müəyyən edir. Təbii ki, hər bir abituriyent daha yüksək ümumi bal topladığı imtahanın nəticəsi ilə müsabiqədə iştirak etmək istəyər, lakin elə hal ola bilər ki, onun üçün ümumi balı aşağı olan imtahan nəticəsi daha əlverişli olsun. Misal üçün, abituriyent bir imtahanda 350 bal toplayır və bütün fənlər üzrə nisbi balı 10%-dən yuxarıdır, digər imtahanda isə 360 bal toplayır, lakin ixtiyari bir fəndən nisbi balı 10%-dən aşağıdır. Bu halda abituriyent ikinci imtahan nəticəsi ilə dövlət sifarişli yerlərin müsabiqəsində iştirak edə bilmir (ötən ilki müsabiqə şərtlərinə əsasən bütün fənlər üzrə nisbi bal məhdudiyyəti ödənməlidir). Abituriyent ərizəsində dövlət sifarişli yerləri də göstərmək istəyirsə, o zaman birinci, yəni ümumi balı aşağı olan imtahan nəticəsi ilə müsabiqəyə qatılmalıdır.

- Ötən illərdə əvvəlki illərin məzunları ayrı, bu ilin məzunları isə ayrı vaxtda imtahan verirdi. Yeni qaydalara görə, onlar yenidən eyni gündə imtahan verəcəklər?

- Cari ilin və əvvəlki illərin məzunları üçün imtahanlar eyni gündə keçiriləcək. Lakin yuxarıda qeyd elədiyim kimi, abituriyentlərin yaş xüsusiyyətləri nəzərə alınacaq və onlar ayrı-ayrı binalarda yerləşdiriləcəklər.

- Rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili imtahanının neçə dəfə keçirilməsi nəzərdə tutulur? 2 dəfə keçiriləcəyi halda abituriyent hansı imtahana əlavə ödəniş edəcək?

- Rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili fənni üzrə imtahan qəbul kampaniyası ərzində iki dəfə keçirilir. Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanında iştirak etmək üçün ilk dəfə müraciət edən abituriyentin Azərbaycan dili imtahanı üzrə də ilk müraciəti ödənişsiz (yəni dövlət büdcəsi hesabına), növbəti müraciəti ödənişlidir.

Diqqət yetirin, mən məhz "müraciət” sözünü işlətdim - əgər abituriyent imtahanda iştirak üçün müraciət edirsə, lakin imtahana gəlmirsə, növbəti imtahan onun üçün ödənişli olacaq, ona görə ki, o müraciət edəndə imtahanda iştirakı üçün bütün lazımi tədbirlər görülür və maliyyə vəsaiti xərclənir.

- Bir neçə ay öncə bildirmişdiniz ki, vahid imtahana keçmək üçün həm fənlərin sayı artmalı, həm də imtahanın forma-modeli dəyişməlidir? Xəbərlər yayılıb ki, artıq 2 ildən sonra ölkədə vahid imtahana keçmək mümkün olacaq. Bu məsələyə münasibətinizi öyrənmək istərdik.

- Buraxılış və ya qəbul imtahanlarında fənlərin sayının artırılması barədə qərar verməzdən əvvəl ciddi elmi araşdırmalar aparılmalı, monitorinq imtahanları keçirilməli və onların nəticələri təhlil edilməlidir. Hələlik onu deyə bilərik ki, Təhsil Nazirliyin təşəbbüsü ilə 2018-ci ildən etibarən tədrisi Azərbaycan dilində olmayan, yəni rus, gürcü və s. dillərdə olan ümumtəhsil müəssisələrinin 9-cu siniflərində buraxılış imtahanı fənləri siyahısına Azərbaycan dili fənninin əlavə edilməsi nəzərdə tutulur.

- Dövlət İmtahan Mərkəzinin fəaliyyətində, strukturunda nə kimi dəyişikliklər edilib? Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs kimi bundan sonra hansı formada fəaliyyət göstərəcək?

- Hazırda Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın ləğvi və yeni strukturun yaradılması prosesinin ilkin mərhələsi demək olar ki, başa çatdırılıb. Bu müddət ərzində hüquqi, təşkilati və texnoloji cəhətdən çox mürəkkəb işlər görülüb. İlk növbədə DİM-in ilkin fəaliyyətini təmin edəcək şöbələr müəyyən edilmiş və komplektləşdirilmişdir. Demək olar ki, işçilərin ixtisarı olmayıb.

Bildiyiniz kimi DQMK 10 il, TQDK isə 20 ildən artıq idi ki, fəaliyyət göstərirdi. Hər iki qurumda ötən illər ərzində elə səriştəli mütəxəssislər formalaşıb ki, onları əvəz etmək çox çətin olardı. Mən həm TQDK-nın, həm də DQMK-nın bütün əməkdaşlarının hər biri ilə görüşüb onların yeni təşkilatda iş perspektivlərinə dair söhbətlər apardım.

Dövlət İmtahan Mərkəzi TQDK və DQMK-dan fərqli olaraq büdcədən maliyyələşmir və işçi heyət dövlət qulluqçusu statusuna malik deyil. Ona görə də DİM-də işləmək və ya özü üçün daha münasib variant axtarmaq barədə hər kəs öz qərarını verdi. Hazırda ilkin struktur formalaşıb, lakin DİM publik hüquqi şəxs olaraq bu sahədə çevik siyasət həyata keçirmək imkanına malikdir. Bundan sonra fəaliyyət istiqamətlərindən asılı olaraq DİM-in strukturunda yeni zəruri bölmələr yaradıla bilər.

- Təhsil Nazirliyi ali məktəblərdə hazırlıq siniflərinin yaradılması ilə bağlı hökumətə yeni təkliflər təqdim edib. Bildirilib ki, əgər bu təkliflər qəbul olunarsa ali məktəblərə qəbul qaydalarında dəyişikliklər edilə bilər. Sizin bu məsələyə münasibətinizi bilmək istərdik.

- Hökumət tərəfindən hər hansı qərar qəbul olunarsa, biz həmin qərarı müzakirə etmədən yerinə yetirəcəyik.

- Dövlət qulluğuna qəbul üçün keçirilən test imtahanının strukturu, məzmununda hər hansı dəyişikliklər nəzərdə tutulub?

- Bildiyiniz kimi, bu məsələ fevral ayının 14-də Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən Avropa İttifaqının Tvinninq yardım aləti çərçivəsində həyata keçirilən "Azərbaycan dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək” Layihəsinin rəsmi təqdimatı zamanı ətraflı şəkildə müzakirə edilib.

Dövlət qulluğuna qəbula dair müəyyən sənədlərin layihələri təsdiq olunmaq üçün tərəfimizdən müvafiq qurumlara təqdim edilib. Bu proses başa çatdıqdan sonra ictimaiyyətə məlumat veriləcək.

- Dövlət qulluğuna qəbul zamanı müsahibə mərhələsinin ləğvi gündəmdə varmı?

- Dövlət qulluğuna qəbul qanunvericiliyə uyğun olaraq həyata keçirilir. Qəbul zamanı müsahibə mərhələsinin ləğvi nəzərdə tutulmayıb.

- Dövlət qulluğuna qəbul zamanı magistr təhsilinin zəruri olub-olmaması ilə bağlı hansısa iş aparılır?

- Bu məsələ müsabiqəyə çıxarılan vakant vəzifəyə qoyulan tələblərlə tənzimlənir. Ola bilər ki, hansısa vəzifənin tutulması üçün magistr təhsili tələb olunsun və ya tələb olunmasın.

- Bank işçiləri, habelə hakimliyə qəbul imtahanları ilə bağlı proses necə tənzimlənəcək?

- Bu tip imtahanlar ikitərəfli müqavilə əsasında həyata keçirilə bilər. Hər hansı dövlət orqanı, qurum və ya şirkət imtahan keçirilməsi ilə bağlı müraciət etdikdə müqavilə imzalanacaq və müvafiq imtahan keçiriləcək.

Qeyd edim ki, hakim vəzifəsinə işə qəbul imtahanları indiyədək tərəfimizdən həyata keçirilirdi. Ümumilikdə isə DİM-in hazırkı kadr və texniki potensialı bu gün dünyada aparılan əksər imtahan növlərinin Azərbaycanda da həyata keçirməyə imkan verir.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}