14:25 / 22-10-2017
Baş konsulluğa hücum olub
Aktyor dövlət başçısından kömək istəyir - Müsahibə
Tarix: 19-03-2017 13:31 | Bölmə: Müsahibə


Məhərrəm Musayev: "Aktyorlardan kiməsə rol verib, rol almayanın üstünə qaldırırlar. Cənnət xanım hərdən bir rol verirdi, Bəhram heç onu da vermir”

Əksər teatrlarda rol bölgüsü akyorlarla rejissorlar arasında mübahisəyə səbəb olur. Belə mübahisə tərəflərindən biri də Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktyoru Məhərrəm Musayevdir.

Amma M.Musayevin problemi təkcə rol ala bilməməsi ilə yekunlaşmır. O, həm də fəxri ad və mükafat alanların siyahısına düşə bilmir.

1975-ci ildən ömrünü teatr sənətinə həsr edən, 2009-cu ilin may ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktyoru olan 68 yaşlı M.Musayev hələ də kirayədə yaşayır. Dediyinə görə, qaldığı evin pulunu ödəməkdə də çətinlik çəkir. Elə bu səbəbdən də "Reytinq” qəzeti vasitəsilə dövlət başçısından kömək istəyir:

- Bir aktyorun o biri aktyordan iki dəfə çox əməkhaqqı alması nə ilə fərqlənir? Hansı rolu, hansı böyük işi ilə biri digərindən çox pul alır? Teatrda çox rol almaqla, yaxud da işləməklə? Axı siz məni işlətməyibsiniz.

Hamı bilir ki, mən kirayədə yaşayır, 300 manatdan çox kirayə pulu verirəm. Aldığım məvacib də hamıya aydındır.

- Hazırda məvacibiniz nəqədərdir?

- Bu yaxınlarda Gənc Tamaşaçılar Teatrında 65 yaşı olan aktyorları yarımştata keçirdilər. Bu nə deməkdir?

Mən hazırda 102 manat maaş, 200 manat da pensiya alıram. Bunun qarşılığında isə 300 manatdan çox kirayə pulu verirəm. Yaxşı, aldığım vəsaiti evə verirəmsə necə və nə ilə dolanım?

Evim yoxdur. Bu səbəbdən oğlumu da evləndirə bilmirəm. Axı aldığım maaşı kirayə verəcəmsə, necə dolanacam? Vəziyyət çox çətindir.

Mən Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edirəm ki, mənə köməklik göstərsinlər.

Məqsədim teatr sənətinin inkişafı üçün addım atmaq və iş görməkdir. Mən bunu etmişəm də. Mənim 1983-cü ildə çəkilən "Ölülər” tamaşam AzTV-nin "Qızıl Fond”unda saxlanılır.

"Ölülər” indi də bəzi teatrlarda hazırlanır. Hər ikisinə baxsınlar və görsünlər ki, tamaşanı necə qurmaq olar?

- Yəqin ki, söhbət Azər Paşa Nemətovun Akademik Milli Dram teatrının səhnəsində quruluş verdiyi "Ölülər”dən gedir...

- Bəli. Bəlkə məni tanımırlar? Araşdırsınlar, 100-dən çox rolda oynamışam, 40-a yaxın filmə çəkilmişəm. Mən haqqımı istəyirəm. 5-6 rol oynayıb, iki filmə çəkilənlərə fəxri ad verirlər. Bəs mənim zəhmətimi niyə qiymətləndirmirlər? Kaş ki, mən Azərbaycana gəlməyəydim, elə Moskvada qalaydım...

- Gənc Tamaşaçılar teatrında rol almayan aktyorların sayı nə qədərdir?

- Yaşlı aktyorların heç biri rol almır. Yalnız danışan, deyinən sənətkarlara başlarını qatmaq üçün xırda rol verirlər. Onlara görə teatr əsər götürmür. Həmin aktyorlarla işləmək istəyən yoxdur. Ya yaşlı nəslin nümayəndələri ilə işləmək bunlara sərf etmir, ya da bizimlə işləməkdən qorxurlar. Odur ki, mən onlardan soruşuram: əgər qurduğunuz tamaşalar əladırsa, niyə o tamaşalara bilet alan yoxdur?

Deməli, siz heç nə edə bilmirsiniz. Sadəcə başınızı girləyirsiniz.

500 manat mükafatı da tanışlarına, dostlarına verirlər. Biz irad bildirdikdə isə "Sizin teatrda rolunuz azdır”,- deyib bəhanə gətirirlər.

Sonra da deyirlər ki, fəxri ad almamısınız deyə sizə mükafat düşmür.

Fəxri ad alanlar insandır, almayanlar yox? Fəxri adı siz verirsiniz də... Ad almamaq mənim günahım deyil ki...

Bir adam düşünmür ki, Məhərrəm kirayədə yaşayır, o da dolanmalıdır...

Heydər Əliyev o vaxt bu mükafatı təsis edəndə bildirdi ki, bu, hər ildə başqa-başqa aktyorlar arasında bölüşdürülsün, onlar əziyyət çəkməsinlər.

Amma baxıram ki, bu mükafatı hər il eyni aktyorlar alır.

- Teatrın baş rejissoru Bəhram Osmanovun kollektivə münasibəti necədir?

- O, bir dəfə də olsun iclas keçirib aktyorlarla müzakirə aparmayıb. Əslində isə yaradıcılıq baxımından belə olmalıdır. Soruşmur ki, dərdiniz nədir? Nə istəyirsiniz? Hansı əsərə quruluş verək? Aktyorları sayan yoxdur.

Bəhram Osmanov bu teatrda işləyə-işləyə başqa teatrlarda tamaşalara quruluş verir. Bu qədər işi necə çatdırır? Hətta universitetdə Rejissorluq kafedrasının müdiridir. Rejissor səhərdən axşama kimi teatrda olmalıdır. Bütün aktyorların qayğısına qalmalıdır...

- Teatrın nöqsanlarından danışanda Bəhram Osmanovun münasibəti necə olur?

- Aqressiv qarşılayır. Biz də çaşıb qalırıq. Axı biz haqqımızı tələb edirik.

Vahid Əliyev də haqqın tələb etmək üçün danışmışdı. Onu təhqir eləmək lazım idi?

- Gənc Tamaşaçılar teatrında aktyor birliyi, yəni bir-birini müdafiə edənlər varmı?

- Əvvəl var idi, indi yox. Aktyorlardan birinə rol verəndə "ondan mənə nə, rolum var, nə olar-olar”,- deyərək, haqsızlığa boyun əyir. Başqasının tərəfini saxlamırlar, əzilənin yanında olmurlar. Kiməsə rol verib, rol almayan aktyorun üstünə qaldırırlar. Aktyorlar bir-birinin arxasında dayanmır. Cənnət xanım hərdən bir rol verirdi, Bəhram heç onu da vermir.

Bahar RÜSTƏMLİ





833 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər