16:23 / 16-04-2024
"Tiktoker Semka" həbs olunub
“Qarabağ danışıqlarının qapalı aparılması xeyrimizə deyil” - Müsahibə
Tarix: 22-05-2017 15:34 | Bölmə: Müsahibə


Tofiq Zülfüqarov: "Elmar Məmmədyarov deyib ki, ərazilərin əvəzində Azərbaycan sülh verə bilər. Ancaq mən hesab edirəm ki, Azərbaycan sülh verə bilməz, təhlükəsizliyə təminat verməlidir”

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov "Yeni Müsavat” qəzetinə müsahibə verib. Eks-nazir Minsk Qrupunun son bəyanatına, Rusiya ilə bağlı yaranmış vəziyyətə və digər məsələlərə toxunub.

Reyting.az müsahibəni təqdim edir:

– Tofiq bəy, sizcə, həmsədrlərin bu davranışı, işğalçını müdafiə ruhlu bəyanatı danışıqların perspektivi üçün nə vəd edir?

– Bəyanata sadəcə bəyanat kimi yanaşaq lazımdır. Bəyanat veriblərsə, versinlər də. Nə olacaq ki? Vaxt var idi ki, bizim torpaqlarımızın işğalı ilə bağlı bəyanatlar səslənirdi, ancaq heç bir xeyri olmadı. Təcrübə onu göstərir ki, ATƏT bəyanatların fabrikidir. Bu da bunların işidir də. Məncə, daha vacib məsələ Ermənistanın qurduğu bir təhlükəsizlik sistemini azaltdıq. Bizim məqsədimiz təhlükəsizlik tədbirlərini görməkdir. Yəni Konstitusiyaya görə hakimiyyət hər bir ölkədə olduğu kimi, təhlükəsizliyi təmin etməlidir. İşğal zonasında yerləşdirilən bu sistem də bizə təhlükə yaradırdı, biz də onu zərərsizləşdirdik, vəssalam. Əlbəttə, deməliyik ki, təhlükəsizlik məsələsini çox yüksək qiymətləndiririk və bizim əsas məqsədimiz əhalinin təhlükəsizliyidir. Biz gedib Ermənistanda, ermənilər kimi, qonşu ölkədə nəsə etməmişik ki. Biz öz ərazimizdə göstərdik ki, təhlükəsizliyimizi təmin etmişik. O obyektlər bu və ya digər şəkildə təmas xəttinə yaxın olan əhali üçün təhlükələr yaradır. Bizimkilər də açıqladılar ki, bu, orada uçan vertolyotlarımıza təhlükə yaradırdı və zərərsizləşdiriblər, burada nə pis şey var ki?

– Yəni Azərbaycanın bu məsələdə mövqeyi açıq olmalıdır, eləmi?

– Gəlin ondan başlayaq ki, biz niyə kiməsə nəyisə izah etməliyik? Dövlət olaraq bizim əsas məqsədimiz vətəndaşlarımızın təhlükəsizliyini qorumaqdır. Bir az məntiq ayrı olmalıdır. Heç kəsə nə isə sübut etməməliyik. ATƏT bəyanat verdi, canınız sağ olsun, bu da onların işidir. Mən gözləyirəm, gələn bəyanatda izah eləsinlər ki, nəyə görə qətnamələr yerinə yetirilmir, danışıqlar bir nəticə vermir? Maraqlı olardı ki, onların fikirləri nədir?

– Rusiya Xarici İşlər Nazirliyinin aqressiv reaksiyası ilə həmsədrlərin mövqeyi üst-üstə düşdü. Azərbaycan üçün pis sürprizin hazırlandığını demək olarmı?

– Məncə, bunu belə qiymətləndirmək lazımdır ki, bu, Rusiya XİN-in təşəbbüsüdür. Mən həmişə demişəm ki, Rusiya XİN daha çox ermənipərəst mövqeni əks etdirir. İndi də o fikirdə qalıram.

Həmsədrlərin bəyanatına gəldikdə, ABŞ və Fransa bir az passivdirlər. Onlar öz passivliyini ört-basdır etmək üçün bir neçə bəyanatlar veriblər. İndi Rusiya guya ki, bu proseslərdə çox vacib rol oynamalıdır. İndi bu prosesdə nə ABŞ, nə də Fransanın fəallığı hələ gözə çarpmır. Çünki Fransada seçkilər təzə bitib, ABŞ-da isə hələ xarici siyasətin ilk addımları atılır. Bu baxımdan Rusiya təşəbbüs edib ki, həmsədrlər belə bəyanat versin. Veriblər, veriblər də. Yəni faciə deyil. Amma məsələnin kökünə baxmaq lazımdır: xarici ölkənin hərbi sistemi bizim ölkənin ərazisində nə gəzir?

– Son zamanlar təmas xəttində düşmən hərbçilərinin bir-bir məhv edilməsi Ermənistanda hakimiyyətə qarşı xeyli narazılıq yaradıb…

– Əlbəttə, kimlərsə deyə bilər ki, kiminsə öldürülməsi yaxşı hadisə deyil. Amma unutmaq olmaz ki, o hərbçilər silahla bizim ərazilərimizə soxulub və ölkəmizə təhlükə yaradır, deməli zərərsizləşdirilməlidir. Deməli, biz həmişə sülhdən danışa-danışa da öz təhlükəsizliyimizi qorumalıyıq. Digər tərəfdən, həmin hərbçilər də işğalçı ölkənin siyasətinin qurbanıdırlar. Amma biz ümümdünya dəyərlərini də unutmuruq. Amma biz onu da anlayırıq ki, işğalçı ölkənin siyasəti erməni hərbçilərini, onların ailələrini də bədbəxt edib.

– Azərbaycan "Sülh Platforması” yaratdı, işğala məruz qaldığı halda, sülh mesajları erdi, amma Ermənistan prezidenti buna cavab olaraq ölkəmizi təhdid etməkdədir…

– Bəli, təhdidlər səsləndirir. Yaxşı olardı həmsədrlər buna fikir verərdi.

– Görünən budur ki, Rusiya Qarabağdakı gərginliyi körükləyir. Bu arada Sərksiyan da Madrid prinsiplərindən imtina etdiyini nümayiş etdirdi. Belə çıxmırmı ki, ortada Kazan sənədi, ya da Lavrov layihəsi var? Bəlkə Azərbaycan bu təkliflərdən imtina etdiyi üçün Moskva qəzəblənib?

– Yox, inanmıram. Mən facebook-da da bununla bağlı statuslar yazmışdım. Hesab edirəm ki, danışıqların qapalı aparılması bizim xeyrimizə deyil və proses açıq getməlidir. Onsuz da imkanı olan şəxslərin hər şeydən xəbəri var. Məsələn, mən göstərdim ki, hər bir incəlik barədə məlumatlarım var. İndi Lavrov hamıdan xahiş edir ki," Lavrov planı" deməyin. Yəni bunu öz adı ilə bağlamaq istəmir. Deyilir ki, bunlar təzə ideyalardır. Mənsə bunu şübhə ilə qarşılayıram. Çətin ki, təzə ideyalar olsun. Sadəcə, orada görüntü yaratmaq üçün təzə ideya məfhumu gündəmə gətirilib.

İkincisi, Ermənistan rəhbərliyi indi heç cür maraqlı deyil ki, danışıqları davam etdirsin. Çünki onlarda konstitusiya islahatları gələn il tamamlanır və Sərkisyan gələn ilin mayında baş nazir olmaq istəyir. O isə bu məsələdə heç bir addım atası deyil.

İkinci məsələ ondan ibarətdir ki, artıq Lavrovun da müddəti qurtarır.

Gələn il Rusiyada seçkilər olacaq, ümumiyyətlə, onun pensiya yaşı çatır. Belə gözləntilər var və bəzi dairələrdə belə fikirlər səslənir ki, Lavrov da gələn il gedəcək. Üstəlik, Lavrov deyirsə ki, bu planı mənim adımla bağlamayın, onda bu planın əhəmiyyəti göz qabağındadır və ondan nəsə gözləməyə dəyməz.

Üçüncü tərəfdən, Elmar Məmmədyarov məsələyə aid bir bəyanat verdi, ancaq bu, diqqət mərkəzində olmadı. O deyib ki, ərazilərin əvəzində Azərbaycan sülh verə bilər.

Ancaq mən hesab edirəm ki, Azərbaycan sülh verə bilməz, təhlükəsizliyə təminat verməlidir. Mən belə fikirləri hələ bir il əvvəldən demişdim. Birinci mərhələdə söhbət bütün işğal olunmuş ərazilərin azad olunmasından getmir, bir qisim ərazilərdən gedir. Bu baxımdan sülh ola bilməz, ya təhlükəsizlik, ya da müvəqqəti status ola bilər, bu barədə də vaxtilə çox danışılıb. Bu bəyanat təbii ki, bir addım qabağadır. Yəni aprel hadisələrindən sonra bizim nazirlik nəsə bir fikir səsləndirib. Həmin qeydlərlə bu, faydalı bir bəyanat sayılmalıdır. Düzdür, ermənilər bunu təkzib edib, deyiblər ki, belə bir şey yoxdur. Belə bir görüntü yaradılır ki, guya ortada bir şey var, amma əslində ortada əhəmiyyətli heç nə yoxdur. Amma apreldən sonra bizim konsepsiya daha kəskin olmalıdır. Ermənilər deyirlərsə ki, onlar sülh, təhlükəsizlik, atəşkəs rejiminin güclənməsini istəyirlər, biz də deməliyik ki, əgər istəyirsinizsə, əsgərləriniz məhv olmasın, onun əvəzində sizə təhlükəsizlik təminatı verə bilərik, amma ilk mərhələdə ərazilərin bir qismi azad olmalıdır. İkinci mərhələdə də baxarıq nə olur.

– Belə iddialar var ki, rus silahı Qarabağda yerləşdirilməyə başlayıbsa, günün birində erməni-rus hərbi birləşməsi də erməni generalın komandanlığı altında Azərbaycana qarşı döyüşə bilər. Bu, nə dərəcədə real təhlükədir?

– Bir filmdə deyilirdi ki, generalın əsgərləri az olanda o, sözlərlə müharibə edir. Məncə, Azərbaycana qarşı bu təzyiq addımları onu göstərir ki, elə sözlərlə, siyasi addımlarla Rusiyanın prosesə müdaxilə edəcəyini biz sübut etsinlər. Buna inanmaq çox çətindir. Çünki indi Rusiyanın vəziyyəti ona imkan vermir ki, yeni bir nöqtədə özü üçün problemlər yaratsın. Bir tərəfdən maliyyə böhranı, ikinci tərəfdən Suriya və Ukrayna istiqaməti, sanksiyalar və sair. İndi məlum olub ki, ehtiyat fondunun hamısı büdcəni bağlamaq üçün tam şəkildə xərclənib. Bunlar göz qabağındadır. Amma Markaryanın bəyanatı ilə bağlı Rusiyadan ciddi izahat tələb olunmalıdır. Yəni sən doğrudan da düşünürsən ki, Ermənistandakı rus əsgərlərindən erməni general bizə qarşı istifadə edəcək, ya yox? Qoy Rusiya bununla bağlı bizə açıqlama versin. Bizim XİN-in səhvidir ki, buna qarşı hansısa addımlar atılmayıb. Bununla bağlı nota verilməli, Rusiya səfiri XİN-ə çağırılmalı, ondan izahat tələb olunmalıdır. Necə olur ki, erməni generalı rus qoşunlarının adından deyir ki, "mən onu Qarabağa yeridə bilərəm”. Təkzib olunmalıdır təbii ki.

Biz hamımız ÜAK-dan danışırıq, Rusiya-Azərbaycan əlaqələri üçün daha ciddi və əhəmiyyətli məsələ var. Odur ki, bu məsələyə aydınlıq gətirilməlidir.

– Amma bu da faktdır ki, ÜAK-ın ləğvi aradakı pərdəni qaldırdı və Kremlin Bakıya gerçək münasibətini üzə çıxartdı.

– Bu hadisənin əhəmiyyəti və onun əks-sədası eyni səviyyədə deyil. Ondan vacib məsələlər var idi ki, buna münasibət bildirilmədi. Bir məsələyə görə küskünlük ortaya çıxıb, amma Markaryanın bəyanatına Azərbaycan ciddi fikir verməyib. Bu, düzgün deyil, bilən adamlar təbii ki, bunu qeyd edirlər.

– Rusiya 2013-cü il prezident seçkiləri ərəfəsində də təzyiq siyasətinə əl atmışdı, nəticədə 5 milyard dollarlıq silahını bizə satdı. Budəfəki təzyiqin arxasında nə satmaq, yaxud nə almaq niyyəti ola bilər?

– Bu təzyiqin məqsədini bilmək üçün Azərbaycan hakimiyyəti bəzi məsələləri ictimaiyyət üçün açmalıdır və xalqın dəstəyini almalıdır.

– Yəni hakimiyyətə bəllidir?

– Təbii ki, bu və ya digər şəkildə bəllidir. Məncə, açıqlansa, Azərbaycan ictimaiyyəti də ÜAK məsələsində olduğu kimi səmimi münasibətini bildirər. Bu da Azərbaycan hakimiyyətinin mövqeyini gücləndirə bilər. Yadınıza gəlirsə, Heydər Əliyevin vaxtında bu cür proseslər gedirdi. Dəstək almaq üçün Heydər Əliyev hətta bəzi məsələləri Milli Məclisdə müzakirə edirdi. Göstərirdi ki, bunu qəbul edə bilərik, onu yox, əks təqdirdə ictimaiyyətin münasibətini belə ola bilər. Təzyiqlərin olduğu barədə cənab prezident də deyib, bildirib ki, Qarabağla bağlı qapılar arxasında bizə təzyiqlər olub. Ona görə də hesab edirəm bunu açıq desə, Azərbaycan ictimaiyyətinin verəcəyi dəstəyin ona böyük köməyi dəyəcək.

– Siz NATO üzvü olan ölkələrdə səfir olmusunuz. Necə hesab edirsiniz, Rusiyanın təzyiqlərinin qarşılığına Azərbaycan üzünü NATO-ya, Avropa Birliyinə çevirə bilərmi və bu, bizə nə verər?

– Mən onun tərəfdarı deyiləm ki, biz hansısa addımın əvəzinə hansısa addım ataq, yəni kiminsə acığına nəsə iş görək, bu, ciddi siyasət deyil. Qərblə də əməkdaşlıq davam etdirilməlidir, orada da problemlər var, amma imkanlar da mövcuddur. Rusiya ilə münasibətlərdə də həm imkanlar, həm də problemlər var. Yoxsa üz döndərib demək ki, "yox, səndən küsmüşəm, gedib başqası ilə dostluq edəcəyəm”, bu, sadəlövh bir baxışdır. Avropa ilə əməkdaşlığı inkişaf etdirmək lazımdır, öz maraqlarımızı ortaya qoymaqla, eynilə də Rusiya ilə. Rusiya ilə müəyyən problemlər yaranıb, amma Rusiya həmişə bizə qonşu olaraq qalacaq.

İkincisi, məncə, belə problemlər bir qisim insanların, dairələrin təşəbbüsüdür. Yəni heç də Rusiya iqtidarı bütövlükdə Azərbaycana qarşı aparılan siyasəti tam şəkildə dəstəkləmir. Bu baxımdan Azərbaycan üçün balanslaşmış siyasət daha faydalıdır.

 






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}