“Böhran hökumətin fərsizliyindən formalaşıb”
Tarix: 07-03-2016 13:09 | Bölmə: Müsahibə


Əli Əliyev: "Oğru komanda ilə korrupsiyaya, fərsizlərlə böhrana qarşı mübarizə aparmazlar"

Ötən həftə bir sıra müxalifət partiyaları ADP-nin qərargahında bir araya gələrək, ölkədəki ictimai-siyasi, eləcə də böhranlı vəziyyəti müzakirə etdilər. Müzakirələr zamanı mövcud vəziyyət, hazırkı durumdan çıxış yolları göstərildi, müəyyən təkliflər irəli sürüldü. Diqqətçəkən məqamlardan biri də o oldu ki, böhranlı vəziyyət də bütün müxalifəti bir araya gətirə bilməyib. Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev "Reytinq"ə deyib ki, keçirilən toplantı Antiböhran Koalisiyasının növbəti yığıncağı olub və iclasa təkcə Koalisiyaya daxil olan partiyalar deyil, bir sıra ictimai, siyasi, gənclər təşkilatlarının nümayəndələri, müstəqil ekspertlər və digər şəxslər də iştirak ediblər:

- Çalışırıq, qurumu siyasi marginallaşmadan kənarda saxlayaq. Bu baxımdan tədbirimiz daha çox ictimaiyyət nümayəndələri ilə görüş xarakteri daşıyırdı.

Nəticələr haqda danışmaq hələ tezdir. Ölkədə son 15 il üçün tamam fərqli situasiya yaranıb. Bu baxımdan siyasi dəngə yeni dövrə uyğun tarazlaşmaqdadır.

Hakim komandanın yürütdüyü siyasətin yanlış olduğunu siyasi opponentlər - müxalifət uzun müddətdir deyirdi. Lakin son dövrlərdə siyasətin yanlış olduğunu təsdiq edən aydın iqtisadi-maliyyə tablosu üzə çıxdı. Üzə çıxmış vəziyyət müxalifətin haqlı olduğunu təsdiqlədi. Hakimiyyət yeni reallıqlara adaptasiya etmək məcburiyyətində qalıb. Uzun dövr onları tanıdığımızdan, onların inadkarlığına təəccüblənmirik.

Adəti üzrə iqtidar ən yüksək qatda böhranın olmadığını, yaranmış gərginliyin ümumdünya tendensiyası olduğunu və müvəqqəti xarakter daşıdığını cəmiyyətə qəbul etdirməyə çalışır. Lakin prosesi dərindən bilənlər gözəl anlayırlar ki, ölkənin girdiyi böhran hökumətin fərsizliyindən, qeyri-peşəkarlığından və korrupsiyalı olmasındanformalaşıb.
Biz qısa müddətli effektə köklənməmişik. Hakimiyyət monolitliyini qorumağa, sabit görsənməyə çalışacaq. Panikanın yaranması, hakimiyyət üçün siyasi intihara bərabərdir. Ona görə də sabit görsənməyə cəhd edirlər. Amma bu zahiri sabitlik çox kövrəkdir. Diqqət edin, 2-ci devalvasiyadan sonra uzun illər rəvan işləyən komanda neçə ardıcıl səhv edib.
Gömrükdən 10000 dollarlıq tütün və spirtli məmulatların satışı üçün qəbul olunmuş qərarların ömrünün bir neçə gün olması, məşhur "NAZ Lifan" və mebel göstərişindən sonra parlament komissiyalarına "Mersedes" maşınlarının alınması, parlamentdə qəbul olunmuş bir neçə qanuna Prezidentin vetosu və s... Bunlar ölkədə təkcə, maliyyə və iqtisadi deyil, dərin sistem böhranının mövcudluğunu göstərir.
Hakimiyyətin iqtisadi-maliyyə baxımdan güclü olmasını, idarəçiliyin aşağı qatlara qədər dərinliyini nəzərə alsaq, "bu xəmir çox su aparacaq",- deyimindən istifadə, ən uğurlu aforizm sayılmalıdır.
- Hakimiyyətin Sizin təkliflərinizə reaksiya verəcəyinə inanırsınız?
- Hakimiyyət son illərdə yürütdüyü siyasət nəticəsində siyasi sistemi darmadağın etdiyindən eyforik vəziyyədədir. Özündən savayı intellektual, təşkilati, peşəkar güc görmür. Özünün müstəsnalığına inanır. Bu gicəllənmə təhlükəli vəziyyətdir. Nəzərə alsaq ki, dövlət təkcə daxili amillərlə deyil, həm də görünməmiş xarici gəlişmələrin təhdidindədir, vəziyyətin nə dərəcədə çətin olduğunu anlamaq asanlaşır. Bütün bunlar vəziyyəti, seçkiöncəsi ortaya çıxmış və bu günə qədər davam edən hakimiyyətdaxili münasibətləri bir qədər də ağırlaşdırır.
Reaksiyanın olacağına inam azdır. Hakimiyyət realist olduğundan, indiki fazada idarəçiliklərinə maneə görmədiklərindən cavab olmayacaq. İqtidar komandası praqmatik siyasət yürüdür, reaksiya ictimai təzyiq altında ola bilər.
Cəmiyyətin bütün qatları hələlik böhranı duymur. Böhran insanların gündəlik həyatına, vərdişlərinə və ödənişlərinə siraət etdikcə, cəmiyyət adekvat olacaq. Yalnız bu mütənasiblik hakimiyyətin müvazinətində, duruşunda fərq yarada bilər.
İctimai gücü formalaşdırmaq vəzifəsi, Koalisiyanın birinci dərəcəli işidir. Bunu isə maarifləndirmə ilə əldə etmək mümkündür. Cəmiyyət bu illər ərzində aldadıldığının fərqində olmayana qədər hakimiyyət heç kəslə hesablaşmayacaq.
- Bir müddət öncə hakimiyyətlə dialoqa getdiniz, amma sonda hər hansı nəticə olmadı. O vaxt yanlış mövqedə olduğunuzu düşünmürsünüz ki?
- Biz indi də dialoqun tərəfdarı kimi çıxış edirik. Ən azı mən, Vətəndaş və İnkişaf Partiyasını və özümü nəzərdə tuturam. Bunun alternativini görmürəm.
Təlatüm ölkəni təhlükəli duruma sala bilər. Siyasətçinin vəzifəsi ictimai təbiblikdir, əsas keyfiyyəti isə məsuliyyət olmalıdır. Cəmiyyətimizin yeganə dayanıqlıq amili institusional olaraq, dövlət avtoritetidir. Dövlət şaqulun dağılması ölkəni parçalayar. Bu baxımdan biz, ilk növbədə hakimiyyəti məsuliyyətli olmağa, baş verənlərə adekvat reaksiya göstərməyə, problemləri legitim müstəvidə müzakirəyə səsləyirik. Fikrimizcə, bu yeganə düzgün yoldur. Əgər bizim düz olan mövqeyə reaksiya yanlış olursa, onun günahı bizdə deyil. Məhz belə tərslik və inkarçılıqdır ki, iqtidar Azərbaycanı bütün "qara siyahı"ların lideri, mütərəqqi araşdırmaların autsayderi edib. İndi isə bankların və dövlətlərin qapılarını borc üçün süng ediblər.
Hər iş nəticə ilə ölçülməlidir. Zaman bizim qiymətləndirmə və yanaşmanın düzgünlüyünü təsdiq etdi. Oğru komanda ilə korrupsiyaya, fərsizlərlə böhrana qarşı mübarizə aparmazlar.
- Hakimiyyətlə dialoqa getməyən partiyalar antiböhran tədbirində də iştirak etmədilər. Hər kəs narazı olsa da, yenə də bir araya gəlməkdə problem var. Niyə?
- Koalisiyadakı ortam daha təmkinli, kompleksiz qüvvələrdir. Bura toparlanmışların hakimiyyətlə fərdi mənada problemləri mövcud deyil. Mübarizə ritorikamız və vasitələrimizdə də fərqlilik aydın nəzərə çarpır. Kimin haqlı olmasını zaman göstərəcək. Nəticənin necə olacağı bir sıra amillərdən, o cümlədən hakimiyyətin davranışından asılı olacaq.
Müxalifətin vahid platformaya gəlməsi də öz potensialını saxlamaqdadır. Aramızdakı münasibətlərin necə olması əsas deyil. O simpatiyaları kənara da qoymaq olar. Əsas hakimiyyət kürsüsünü laxladacaq potensialı formalaşdırmaqdır. İnanıram ki, nəzəri də olsa, bu imkan qalıb.
- Sizcə, vəziyyət daha da kritikləşərsə, müxalifət cəmiyyətlə monolit qüvvə kimi çıxış edə biləcəkmi?
- İnanmaq istəyirəm ki, müxalifət qarşıdan gələn siyasi dönəmdə yetkinlik nümayiş etdirəcək.Vəziyyət ölkədə qısa müddətdə düzələ bilməz. Bunun səbəbləri çoxdur. Hakimiyyətin də təkəbbürü göz önündədir. Dövlətin taleyi böyük hissə ilə həm də müxalifət qüvvələrinin üzərinə düşür. Arzulardım ki, bu imtahandan müxalifət qüvvələri başı yuxarı çıxa bilsin.


 

 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}