17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Fazil Mustafa: “Əksər hallarda elmi adlar siyasi titul olaraq hədiyyə edilir” - Müsahibə
Tarix: 27-11-2017 12:22 | Bölmə: Müsahibə
Fazil Mustafa: “Əksər hallarda  elmi adlar siyasi titul olaraq hədiyyə edilir”

Millət vəkili deyir ki, Azərbaycanda elmi adlar təqribən hacı, məşədi, kərbəlayi adları ilə eyni mahiyyətdə işlədilir

Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafa teleqraf.com-a müsahibəsində cəmiyyətdəki bəzi problemlərə toxunub.

Reyting.az saytı həmin müsahibəni təqdim edir:

– Fazil bəy, kiminsə sözüdür, müəllif yadımdan çıxıb. Deyir, fikir azadlığı o deməkdir ki, sən yalan da danışa bilərsən. Düz deyirmi?

– Bunu kim deyibsə, ağlı başında olan adamdır. Bəli, fikir azadlığı o deməkdir ki, istənilən yalanı da danışa bilərsən. Sadəcə, başqasının da yalanını dinləmək mədəniyyəti göstərmək şərti ilə. Fikir azadlığının mahiyyətində yalan və ya doğrunu söyləmək tələbi yer almaz. Fikri bir prosedur olaraq sərbəst ifadə etmək nəzərdə tutulur. İstənilən şəxs ritorik bir çıxışla yalanı doğru kimi təqdim edə bilər, ancaq bunu təkzib etmə hərəkətləri heç vaxt zorakılıqla müşayət olunmamalıdır.

Ancaq burada söz azadlığı ilə fikir azadlığının fərqini görmək vacibdir. Söz azadlığına sıradan insanlar da, yəni hər kəs sahibdir, fikir azadlığına isə fikri olan insanlar. Təəssüf ki, bizdə bilgi sahibi olmayanlar fikir sahibi kimi davrandığına görə söz azadlığı ilə fikir azadlığının arasında bərabərlik işarəsi qoyulur.

– Siz inanclı insansınız. Və daim ictimai-siyasi proseslərin içində olmusunuz. Dində yalan danışmamaq, siyasətdə isə lazım gəlsə, yalan danışmaq şərti də qoyulur. Bəs siz yalan danışanda Allaha necə cavab verirsiniz?


– Yaşadığımız həyatın elə məqamları olur ki, xoş niyyət güdən yalandan qaçmaq olmur. Xəstəliyini anandan, övladından gizlədirsən, deyirsən ki, tamamilə sağlamam. Ona görə ki, kədərlənməsinlər. Yataqda xəstə olan insana övladının itkisini söyləmirsən ki, gələcəyinə inamını saxlasın. İsrar edən uşağa zərərli bir içkini və ya yeməyi almamaq üçün hansısa yalanı icad etməli olursan. Yəni dində pis niyyətlə, qərəzlə danışılan yalan ehtiva olunur, insanı qorumaq, sıxıntıya soxmamaq üçün söylənən yalana görə yazılan günahları Allah bağışlayandır. İnsan deyil ki, anlada bilməyəsən, Allah hər şeyin niyyətinə baxar, qərar da insanın niyyətinə görə verilər. Pis niyyətlə, qərəzlə söylədiyin yalanın məsuliyyəti, əlbəttə, Allah qatında çox ağırdır.

– Bunlar aydındır. Söhbət siyasətdə yalan danışıb-danışmamaqdan gedir.


– Siyasətdə də yenə niyyət faktoru önə çıxır. Düşmən üçün açıqlama verirsən ki, sabah hücum etməyəcəyəm, ancaq sabah hücum əmri verirsən. Peyğəmbərimiz deyirdi ki, hərb bir aldatmadır. Hərb də siyasətin tərkibində sayılır. Eləcə də bir ölkənin təmsil edən şəxs kimi başqa bir ölkənin başçısı ilə görüşüb məxfi məsələri müzakirə edirsən, cəmiyyətə isə məxfilik qorunsun deyə dağdan-dərədən danışmalı olursan. Formaca bu da yalandır, ancaq toplumun salamat qalması üçün başqa cür davrana bilməzsən...

– Əsas məsələ yenə qaldı...

– Mən yalan danışmağa məcbur olanda, Allaha bunun cavabını dərhal verə bilmərəm. Bunun cavabını heç soruşan da yoxdur. Bütün davranışlarımız əməl dəftərinə yığılır, sistemləşdirilir, hər biri sual formasına salınır və axirət üçün hazırlanır. İnanclı insanın hər anı elə bu sualları cavablandırmağa hazırlaşmaq olmalıdır.

– Yaşlı adamlar tez-tez deyirlər ki, bizim vaxtımızda akademiklər indiki kimi deyildi, samballı idi. Bizə elə-belə alimlər dərs demirdi. Bizim dövrümüzdə hamı kitab oxuyurdu, bizim dövrümüzdə təhsil vardı... Bizim dövrümüz deyəndə isə Soveti nəzərdə tuturlar. O dövrdə doğrudanmı bunların hamısı yaxşı idi?

– İnsanlar yaşadıqları dövrün mahiyyətni və dəyərini anlamayanda, gündəlik problemləri çözməyə acizlik çəkəndə imdada gələn bu cür bəsit və nostalgiya xarakterli müqayisələr olur. Təxminən, bu formada ki, ötən günlərimi qaytaraydılar, gələn günlərimi qurban verəydim. Bu tərəqqidən imtina çağırışıdır, gələcəyi olmayan bir tükənmişlik deməkdir.

Yaxud da, tez-tez deyirlər ki, Qarabağda yaxşı atlar vardı, onu da yaxşı kişilər minib getdilər. 100 il öncə də, indiki zamanımızda da Qarabağ üçün döyüşən oğullar vardı, kölgədə girələnənlər də. Fikrimcə, yaxşı və pis dövr anlayışları ola bilməz, zaman bir bütöv məfhumdur, biz insanların ömürü bu bütövlüyün içində zərrə qədər kiçik epizodlardır.

Kimsə 1942-ci ildə Hitlerin həbs düşərgəsində zillət çəkib, kimsə Stalinin vəhşiliyinin əzablarını yaşayıb, kimsə də ABŞ-da hüznlü həyat sürüb... Əlbəttə, bunların dəyərləndirməsi eyni ola bilməz. İndi insanlar xərçəngdən qırılır, min il öncə taundan kütləvi məhv olurdular. Yəni dünya tarixinin bütün dövrləri formaca fərqli, mahiyyətcə eyni rahatlıq və rahatsızlıqlarla zəngindir.

Sovet dövrü isə sürü insanı üçün nisbətən bərabər imkanlar tanıdığına görə, bu totalitar bərabərliyin içində intellektual və maddi azadlıq olmasa belə, bu kateqoriyadan olan insanlar üçün ən münbit yaşam mühiti sayılırdı. Yuxarıya qalxanları şalvarının balağından çəkib aşağı salırdılar, aşağıda qalanı pencəyinin yaxasında tutub yuxarı qaldırırdılar. Belə bir mühitdə istedad differensasiyasi mümkün olmur. Ona görə də bərabərlərin içində vicdanlı, savadlı, alicənab alimlərin olması daha çox sezilirdi. Ancaq həmin dövrdə də bərabərlik selinin gətirdiyi xeyli çör-çöp də az deyildi. Sovet təhsili əsasən natamam sürü insanı yetişdirmək üçün düşünülmüşdü. Oxuduqlarımızın əksəriyyəti ideoloji saçmalıqlar idi. Xüsusilə də humanitar sahədə oxuyanlar bunu daha aydın xatırlarlar. Mütaliə o dövrdə indikindən daha yayğın idi. Ancaq orta məktəb illərindən bəri mütaliə vərdişini yaşadan şəxs kimi deyə bilərəm ki, o dövr oxuduqlarımın əksəriyyətinə indi makulatura ədəbiyyatı kimi baxıram. Çünki oxuma alternativləri indi hüdudsuz və açıqdır. Yəni süfrəyə bir növ yemək qoyulanda, daha ləziz yeməklərin tamı barədə təsəvvürün olmaz ki...

Fikrimcə, Sovet dövrü düşünən, fikirlərini dilə gətirmək istəyən, özünü sürünün içində görməyən hər bir insan üçün acınacaqlı bir dövr idi. İdeoloji totalitarizmin hökm sürdüyü mühit yaxşı ola bilməz. Ən başlıcası isə milli duyğularımızın qapanması baxımından o dövrə münasibətim mənfidir.

– Bizdəki akademik bolluğundan danışmadınız... Əslində, onların mahiyyəti, elmi, savadı etibarilə akademik olmadığını siz də yaxşı bilirsiniz. Bəs nə etməli?

– Bu, həqiqətən ağrılı mövzudur. Bu, elmi dərəcələrin konveyer üsulu ilə paylanmasının nəticəsidir. Hələ savadı, dünyagörüşünü bir tərəfə buraxaq, formal olaraq lazımi sayda və lazımi nəşrlərdə əsər və məqalələr olmadığı halda belə bu adları daşımaq adi hala çevrilib. Əksər hallarda bu adlar bizdə elmi titul olaraq deyil, siyasi titul olaraq hədiyyə edilir.

Maraqlı bir lətifə yadıma düşdü. Gənc müğənnilərdən biri iki-üç il toyda oxuduğuna görə əməkdar artist adına layiq görülür, rəhmətlik Habil Əliyevlə rastlaşanda incik tərzdə deyir ki, Habil dayı, niyə təbrik etmirsən, axı mənə dünən ad verdilər. Habil Əliyevin cavabı çox ibrətamizdir: "Bala, adama çox şey verərlər, bəs sən də utanmadın onu götürdün?"

İndi bizdə ictimai qınaq anlayışı o dərəcədə deformasiya uğrayıb ki, daşıdığı titulun məsuliyyətini kimsə təftiş etməyə lüzum görmür, nə verirlər, onu da götürür. Bu adı alan insanların içində layiq olanları da var, onların haqqına girməyək, ancaq ictimai qınaq güclü olarsa, layiq olmayanlar bu cür titul yarışına rahatlıqla qoşula bilməzlər. Həm də bu tendensiya cəmiyyətimizin bütün sahələrinədə müşahidə olunmaqdadır.

Azərbaycanda elmi adlar təqribən hacı, məşədi, kərbəlayi adları ilə eyni mahiyyətdə işlədilməkdədir. Xalq artisti, xalq şairi, xalq rəssamı, əməkdar mədəniyyət işçisi bolluğuna diqqət yetirəndə guya fərqli bir mənzərə görəcəksiniz? Artıq bayağı toy müğənnilərinin çoxusu ya “xalq artisti”dir, ya da “əməkdar artist”. Azərbaycan kinosunun korifeylərindən olan "Yeddi oğul istərəm" filmində məşhur Cəlal obrazını yaradan, əllidən çox filmdə çəkilmiş Ənvər Həsənov isə 40 ildir əməkdar artist olaraq qalıb. Nə təqaüd alır, ağır xəstə halda kommunal evdə yaşayır. Guya başqa sahələrdə gülli-gülüstan baş alıb getmir ki?.. Hələ bir neçə alimlik dərəcəsi olan adam tanıyıram ki, elmi adının qarşısında hacı və yaxud kərbəlayi sözünü də yerləşdirir. Yəni biri elm qarşısında, başqası Hippokrat qarşısında, digəri Allah qarşısında məsuliyyət duyğusu daşımayanda elliklə daşınan adların da forması mahiyyətə uyğun gəlməyəcəkdir.

– Çıxış yolu nədir?

– Çıxış yolu ictimai qınaqdır, bundan ötrü isə cəmiyyətdə ərdəmli insanların sayı artmalıdır.

– Fazil bəy, səhv eləmirəmsə, Cəbhə hakimiyyəti dövründə cəhdlər oldu ki, yaradıcılıq təşkilatları – Milli Elmlər Akademiyası, Yazıçılar Birliyi, Rəssamlar və Bəstəkarlar İttifaqı ləğv olunsun. Yəni belə bir fikir formalaşmışdı. Bu, düzgün fikir idimi?

– Bu mövzuda müəyyən müzakirələr aparılırdı və ancaq hansısa qərar mərhələsinə varılmamışdı. Əslində, bu qurumların mövcudluğu mütləq dövlət himayəçiliyini ehtiva edir. Yaradıcı və elmi qurumlara dövlət himayəçiliyinin həmişə faydalı nəticəsi olacağını düşünmək doğru olmazdı. Bir tərəfdən Azərbaycan yazıçısı, rəssamı, alimi, bəstəkarı qonorar, patent hesabına yaşamını sürdürmək imkanına sahib deyil. Bir opera sənətçisinin, bir balet ustasının ayda bir dəfə göstərdiyi tamaşanın gəliri ilə yaşamaq şansı yoxdur. Bir yazarın 1000 tirajla çap etdirdiyi əsərin o qədər də çox alıcısı olmayanda qonorarla yaşaya bilməyəcəyi bəllidir. Bu baxımdan dövlət onlara sahib çıxmalıdır. O üzdən də həmin qurumların ləğvi çıxış yolu deyil.

Əslində, bizdə bu quruluşlara yaradıcı qurumlardan daha çox, Sovet dövründə olduğu kimi siyasi-ideoloji qurumlar kimi baxıldığından öz funksional mahiyyətinə uyğun gəlməyən fəaliyyətlərlə daha çox diqqət mərkəzinə gəlirlər. Bu səbəbdən də adını çəkdiyiniz qurumlar əslində, dövlətin həyatında yer alırlar, onun tədbirlərində boy göstərirlər, cəmiyyət həyatında hansısa ciddi təsir gücünə malik deyillər. Fikrimcə, dövlət yaradıcılıq sferasına müdaxilə etmədən hər sahədə istedadlı insanların dəstəklənməsi mexanizmini tapmalıdır. Bu, jurnalistikaya da aiddir, ədəbiyyata da, digər sənət sahələrinə də.

– Dövlət bunu idmanda edir...

– Bəli, idman sahəsində edir, digər sahələrdə isə müəyyən natamamlıqlar hiss olunur. Yəni istedadsızların daha rahat yuxarıya dırmanmasının şahidi oluruq.

– Yəqin siz də hesab edirsiniz ki, Cəbhə hakimiyyətinin ən böyük uğurlarından biri test üsulunun tətbiqi oldu. Test üsulunun yaxşı cəhətləri çoxdur, ancaq eyni zamanda sizə elə gəlmirmi ki, bu üsulun zərərli tərəfləri də var. Məsələn, uşaqlar yazı yaza bilmirlər, mühakimə yürüdə bilmirlər, danışa bilmirlər. Nə deyirsən, deyirlər, sual ver danışım. Sual verirsən, deyirlər, variantları de cavab verim...

– Bəri başdan deyim ki, test üsulu ali məktəblərə qəbulda rüşvət piramidasının sındırılması üçün çox vacib addım idi. Ancaq bu heç bir halda bu qədər uzunmüddətli və toxunulmaz formada qalmamalı idi. Üç-dörd ildən sonra ali məktəblərə qəbulun ən sadə forması tapılmalı idi.

– Necə?

– Əsas diqqət məktəbi bitirməyə yönəlik olmalıydı. Hazırlıqsız şəxs inkişaf etmiş ölkələrdə olduğu kimi rahatlıqla daxil olduğu məktəbi rahatlıqla tamamlaya bilmir. Məhz bu vaxt itkisinin qorxusundan insanlar orada ali təhsili əyləncəyə çevirmirlər. Test üsulu predmet haqqında geniş dünyagörüşünə sahib insan yetişdirmir, istər-istəməz əzbərçilik çərçivəsinin içinə yönləndirir. Cavabları variantların birində göstərilən test forması savadlı insan yetişdirə bilməz. Savad yalnız konkret sahəyə aid biliklərə yiyələnmək deyil, həm də fikrin ifadəsidir, dolğun yazılı təsviridir, ümumi elmi dünyagörüşüdür. Ona görə də ən yüksək balla daxil olmuş insanların əksəriyyəti normal esse yaza bilmirlər, mütailə vərdişinə sahib deyillər və nəticədə də tam yetkin mütəxəssis kimi yetişməkdə çətinlik çəkirlər.

Mən yaxın çevrəmdə olan və testin məhsulu sayılan tələbələrin əksəriyyətinə bədii ədəbiyyatın, gündəlik mütailənin faydasını hələ də təlqin edə bilmirəm. Kütləvi bir tənbəlləşmə aurası görürəm və üzülürəm. Addımbaşı qurbağa xətləri ilə, hərf səhvləri ilə dolu diplomlu insanların mətnləri ilə tanış olduqda problemin hansı həddə olduğunu duyuram.

– Problemləri deyirsiniz, amma yenə də çıxış yolu göstərmirsiniz...

– Çıxış yolu ali məktəblərin girişini açıb çıxışını daraltmaqdır. Bir şeyi də etraf edək ki, bütün bunların əsas mənbəyi orta təhsilin optimal faydalılığının olmamasında axtarılmalıdır. Azərbaycanda həm dövlətin, həm də cəmiyyətin təhsil hədəfləri anlaşılmazlıqlara doludur.

– Maraqlıdır, Azərbaycanda meyxana bu qədər yayılır, bu qədər sevilir və heç kəsə qadağan da eləmək olmaz ki, meyxanaya qulaq asmasın. Sizcə, Azərbaycan xalqı meyxananı niyə bu qədər sevir? Meyxana bu insanların zövqünü, mahiyyətini ifadə eləyir, ona görə? Yoxsa...

– Əvvəla, bu sualın bəsit cavabı budur ki, harada mey və xana sözləri varsa, onun cəmiyyətimizdə sevilməsini anlayışla qarşılamaq lazımdır. Hələ bu iki söz birləşəndə, bu sevginin təməli daha da möhkəmlənmiş olur. Təsəvvür edək ki, müasir meyxanalar bizim şadlıq evləridir.

Bir dəfə yazmışdım ki, bir kitabxananı axtarırdım, kimdən soruşdum tanımadılar, o ərazidə hamının tanıdığı bir şadlıq evi vardı, istiqaməti həmin şadlıq evindən başlayaraq izah etdilər və gedib kitabxananı tapdım. Ona görə də kitabxananı sevməyən, tanımayan cəmiyyətin meyxananı həm məkan olaraq, həm də mətn olaraq sevməsi anlaşılandır. Vahid elə-belə demirdi ki, biz meyxanələrdən çıxmışıq. Bəsit, asan həzm olunan, sözü düşünməkdən çox oynatmğa dəyər verən bir cəmiyyətin meyxananı sevməsi labüddür. Bu cəmiyyət eyni qaydada mərsiyyəni də sevir. Birində gülmək, məzələnmək, digərində ağlamaq halını yaradan detallar mövcuddur. Təki düşünmək olmasın, qalan nə varsa sevmişik, bundan sonra da sevəcəyik!

– Bir dəfə İsa Qəmbərdən soruşdum ki, təqdir etdiyiniz yazarlar kimdir, kimləri oxuyursunuz? Dedi, Seymur Baycan, Əli Əkbər, Günel Mövlud... Bir dəfə isə Siyavuş Novruzovdan soruşdum ki, bəs siz kimi oxuyursunuz, kimi bəyənirsiniz? Qayıtdı ki, Hüseynbala Mirələmov, Tahir Rzayev... Sizə elə gəlmirmi ki, heç bir tərəf ədəbiyyata qiymət vermir, hər iki tərəf ədalətsizdir?


– Başqalarının ədəbi zövqünü müzakirəyə çıxarmanı doğru hesab etmirəm. Təki cəmiyyətdə oxusunlar, mütaliə etsinlər, bu da mənim üçün yaxşı əlamətdir. Bəzən soruşurlar ki, kimi oxumağı tövsiyə edirsiniz? Cavab verirəm ki, oxumaq tövsiyə ilə olmur, tələbatla olur. Mənim dünyagörüşümlə səninki fərqlidirsə, oxuduğum, tövsiyə etdiyim sənin tələbatınla uyğun gəlməyə bilər.

Azərbaycanda az-çox yaxşı əsərlər yazılır, yeni nəşrləri də, tərcümə ədəbiyyatını da yaxından izləyirəm, ancaq arzuladığımız səviyyədə ədəbi müzakirə mühiti yoxdur. Ara-sıra kitab müzakirəsinə çağrılanda da orada atmosfer elə qurulur ki, müəllifi və əsəri tənqid etmək günah sayılır.

– Özünüz hansı kitabları oxuyursunuz?

– Son vaxtlar imkan tapdıqca daha çox səyahət ədəbiyyatların oxuyuram. Çin, Tibet, Orta Asiya, Amerika, Avstraliya və s. bölgələrə səyahət ədəbiyyatında inanılmaz maraqlı detallarla rastlaşırsan. Son vaxtlar oxuduğum Çarlz Darvinin "Biql" gəmisi ilə səyahətini təsvir edən gündəlik yazı mətnləri olduqca cəlbedici idi.

Sözümün canı odur ki, ədəbiyyata qiymət vermə meyarına görə insanın ədalətli və ya ədalətsiz olması müəyyənləşməz. Sadəcə, zövqü müzakirə oluna bilər.

– Necə düşünürsünüz, şair mütləq cəsarətli olmalıdır, həmişə həqiqəti deməlidir, yoxsa o, şeytanın da yanında dura bilər? Təsəvvur edin istedad şəri müdafiə edir. Necədir?

– Şairdən tələb olunan cəsarət deyil, istedaddır və yüksək bədii tələblərə uyğun gələn əsərlərdir. İstedadsız adamın cəsarətində də hər zaman ilk gözə dəyən bayağılıq olur. İstedaddan da umulan sənətə, mədəniyyətə fayda gətirməkdir. Şair şərin də yanında ola bilər, totalitar mühitin içində ola bilər, birinci növbədə insanın zövqünü oxşayan ədəbi dəyər yarada bilirmi, öncə bu sual ortaya qoyulur.

Mən "Sənət sənət üçündür" tezisinə üstünlük verənlərdənəm. Bunu sovet dövründə hər nə qədər burjua nəzəriyyəsi kimi təqdim etsələr də, Sovet sistemindən bu gün qalan şedevrlər, sistem üçün deyil, sənət üçün yazılan əsərlərdir. Axmatova, Svetayeva, Pasternak öz aktuallığını itirə bilməz. Əli Kərim, Məmməd Araz, Vaqif Səmədoğlu, Ramiz Rövşən aktuallaığını itirə bilməz. Şair kimin yanında olursa-olsun, ədəbiyyatın, sənətin içində olmalıdır.

– Sizcə, şairin iqtidarı, müxalifəti olmalıdır? Məsələn, siz Zəlimxan Yaqubla Ramiz Rövşəni necə fərqləndirirsiniz?

– Qətiyyən, şairin özünə siyasi təyinat verməsindən təhlükəli bir şey ola bilməz. Mayakovski haqqında yazırdılar ki, böyük proletar şairi, yaxud da Qorkiyə yazırdılar ki, böyük proletar yazarı. Bu bənzətmələr yalnız totalitar sistemlərin əsəri deyil. Türkiyədə Məhmət Akifə milli şair deyirlər. Halbuki, Akifin ədəbi irsi əsasən, dini dəyərlər üzərində formalaşıb. Yəni bu cür tanıtımlar yazarın irsinin dar çərçivədə anlaşılmasına gətirib çıxarır.

Bizdə hələ populyar bayağı bir deyim də yayğındır: nəğməkar şair. Və yaxud, uşaq şairi. Adamların özünə də belə bir qəliblər içində tanınmaq hansısa rahatlıq yaradır deyə, buna etiraz etməmişlər. Fikrimcə, şair heç xalqın da şairi olmamalıdır. Sənətin təmsilçisi olmalıdır. Əlbəttə, xalqı, onun mütərəqqi dəyərlərini tanımalıdır, gərəkirsə, təbliğ etməlidir, ancaq xalqı tənqid etmək üçün də mənəvi sərbəstliyini qorumalıdır.

Zəlimxan Yaqub xalq şeiri məktəbindən gəlib, ideoloji yönümü olan bir şairdir, ideoloji-təbliğat şeirləri ilə yanaşı aşıq şeirinin, heca vəzninin gözəl nümunələrini də yaradıb. Ramiz Rövşənin isə ideoloji simpatiyası nə olursa-olsun, bunu ədəbiyyata əsasən, köçürmədi, sənət üçün yazmağa üstünlük verdi. Ramiz Rövşən Azərbaycanda nadir rast gəlinən bilgə şairdir, düşüncə şairidir, yalnız istedad şairi deyil. Ramiz Rövşənin əksər əsərləri hadisə ola bilir, hər təbəqənin şairi olacaq qədər sadə üsluba sahibdir, aktuallığını da nə bu gün, nə də sabah itirəcək obraz deyil.

– Bəs necə bilirsiniz, oğul atasını müdafiə eləməlidirmi? Söhbət ədəbiyyatdan gedir. Səməd Vurğun və Vaqif Səmədoğlu. Rəsul Rza və Anar. Sizcə, bu ata-oğul münasibətlərinin hansı doğrudur? Yoxsa ikisi də eynidir. Bəs əslində, necə olmalıdır?

– Oğul atasını haqsız hücumlardan əlbəttə, müdafiə etməlidir. Haqlı tənqidlərə isə anlayışla yanaşmalıdır. Ədəbiyyatda isə ümumiyyətlə, atalara yönəlik hər hansı tənqidi oğulları susdurmaq cəhdləri doğru anlaşılmır. Təsəvvür edin ki, Cavidi tənqid edirlər, onu qoruyacaq oğlu yoxdur, o zaman qəribə suallar ortaya çıxmırmı?

Açığı söyləmək lazım ki, bir sıra hallarda Səməd Vurğunun da, Rəsul Rzanın da bu və ya digər səbəbdən ədəbi mühitin içində olan gənclər birbaşa şəxsiyyətlərini təhqir edirlər. Oğulların da, həmin şairləri sevənlərin də bu təhqirin cavabını verməsini anlayışla qarşılamaq lazımdır. Ancaq yaxşı olar ki, bu cür müzakirələr sırf ədəbiyyatla bağlı olsun.

Bir məsələni vurğulayım ki, mənim ədəbi düşüncəmin formalaşmasında ən əhəmiyyətli rolu Rəsul Rzanın ədəbi irsi oynayıb.

– Sizcə, niyə ənənəvi üslubda yazılan şeirləri, məsələn, xalq şeirini, aşıq ədəbiyyatına yeni nəsil lağlağı gözlə baxır? Ciddi ədəbiyyat nümunəsi saymır.

– Bir şeyin ki, nümunəsi çox olanda cazibədarlığı azala bilir. Aşıq ədəbiyyatına, xalq şeirinə də bezikmiş bir baxış var gənclikdə. Ancaq istedadlı yazar üçün üslubun hansısa fərqi olmamalıdır. Sərbəst şeirdə o qədər mənasız əsərlər yazılıb ki... Aşıq Ələsgərdən necə zövq almamaq olar? Mənim üçün şeirdə sözün heyrətləndirici cilalanması və düşüncə önəmlidir.

– Sazla aranız necədir, onun fəlsəfəsi nədir?

– Sazı dinləməyi xoşlayıram, ancaq hər hansı musiqi alətində ifada naşı sayıla bilərəm. "Ruhani" havasını "Tütək səsi" filmindən başlayaraq, hələ də dinləyəndə xeyli kövrəlirəm. Saz da digər musiqi alətləri kimi insanla səslər arasında ünsiyyət qurur. Bizim özümüzəməxsusluğumuzu muğamdan daha çox saz havaları ifadə edir. Ona görə də tanıtım baxımından saz ən əlverişli musiqi alətidir.

– Sizcə, saz Bakının restoranlarında qalsa yaxşıdır, yoxsa onu Avropaya da aparmaq lazımdır?

– Xatırlayıram, ötən il Respublika Sarayında Təbriz aşıqlarının saz konsertini dinlədik, yazılı mətnsiz duyduq ki, biz oradakılarla eyni duyğuları yaşayırıq. Ona görə də Avropaya sazı mütləq aparmaq lazımdır. Saz özümüzük, özümüz olanla daha çox cəlbedici ola bilərik.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}