23:03 / 15-12-2018
Şərqi necə xilas etməli?
Siyasi şərhçi: “Seçkilərdə iştirak və ya boykot kimi çağırışların elə bir əhəmiyyəti qalmayıb” - Müsahibə
Tarix: 07-12-2017 11:42 | Bölmə: Müsahibə / Slayd
Siyasi şərhçi: “Seçkilərdə iştirak və ya boykot kimi çağırışların elə bir əhəmiyyəti qalmayıb”

Nəsimi Məmmədli deyir ki, ölkəmizdə ictimai-siyasi durum zahirən sabit görünsə də, çox mürəkkəb və ziddiyyətli şəkildə inkişaf edir

Son illər ölkəmizin ictimai-siyasi həyatında önəmli dəyişikliklərin olduğunu iddia etmək mümkün deyil. İstər hakim siyasi düşərgənin, istərsə də müxalif qüvvələrin siyasi fəallığı nəzərə çarpmır. Hətta son illər keçirilən seçkilərdə də, əvvəlki siyasi aktivlik müşahidə olunmayıb.

Qaşıdan isə prezident seçkiləri gəlir. Bu mənada 2018-ci ilin siyasi fəallıq baxımından necə olacağı cəmiyyət üçün maraqlıdır.

Bu və ya digər məsələlərlə bağlı fikirlərini Reyting.az-la bölüşən siyasi şərhçi Nəsimi Məmmədli ölkədəki ictimai-siyasi prosesləri analiz edib:

- Ölkənin ictimai-siyasi durumu zahirən sabit görünsə də, təəssüf ki, çox mürəkkəb və ziddiyyətli şəkildə inkişaf edir.

Beynəlxalq münasibətlərdə də daha öncə rastlaşmadığımız gərginlik və qeyri-müəyyənlik var.

Ölkənin ən nəhəng üç probleminin heç biri - Qarabağın işğalı və həlli məsələsi, ölkənin demokratikləşməsi, sosial problemlər - nəinki öz həllini tapıb, əksinə, həlli bir qədər də çətinləşib. Elə bir sahə yoxdur ki, orada hökumətin neqativ fəaliyyətinin “izi”nə rast gəlməyəsən.

Cəmiyyətdə sosial çətinliklərin yaratdığı çarəsizlik, ümidsizlik və qorxu hakim olsa da, narazılıq da yüksəkdir.

Ölkə müxalifəti əsasən ağır basqı altındadır və çoxsaylı nümayəndələri həbs edilib, işdən çıxarılıb, hər addımları təqib edilir. Əhalinin etirazlarını qismən təşkil etmək mümkün olsa da, ən vacib olan demokratik siyasi prosesi yaratmaq hələlik mümkün deyil.

Doğrudur, son illər hakimiyyətin gerçək mahiyyəti yerli və beynəlxalq ictimaiyyətə çılpaqlığı ilə açılıb və cəmiyyətdə siyasi dayaqlarını itirib. Yalnız əlindəki zor aparatından, inzibati resurslardan hələlik çox yaxşı istifadə edir və cəmiyyəti bu vasitə ilə ram edə bilib.

- Müxalifətin hazırkı vəziyyətə uyğun olaraq hansı planları var?

- Müxalifət vahid orqanizm deyil və ona bütöv baxmaq həmişə yanlış nəticələrə gətirib çıxarır. Artıq hər birinin iqtidara, cəmiyyətə və bir-birinə münasibəti çox aydınlaşıb. Onların arasında çağdaş siyasi fəaliyyətin taktikasına və seçkiyə münasibətdə nəzərəçarpacaq fərqlər var. Diqqət etsəniz görəcəksiniz ki, bəzi müxalifət qüvvələri nəyin bahasına olursa-olsun seçkidə iştirak etmək istəyir. Hakimiyyətin təklif etdiyi “seçki” müstəvisindən qətiyyən imtina etmək haqqında düşünmürlər. Öz qərarlarını heç bir inandırıcı arqumentlərlə izah edə bilməsələr də, nədənsə, iştirakda çox israrlıdırlar. Sanki kimsə onların üzərinə öhdəlik qoyub ki, seçkiarası dövrdə nə edirsən et, iqtidarı necə istəyirsən tənqid elə, ancaq seçkilərdə mütləq iştirak et. Kənardan çox açıq görünən bu yanaşmanı, təəssüf ki özləri qəbul etmək istəmir.

Seçkini boykot etmək istəyənlərin arqumentində isə əsas xətt budur ki, seçki üçün normal şərait yaradılmalı, qanunvericilik təkmilləşdirilməli və demokratik seçki üçün hakimiyyətin siyasi iradəsi ortaya qoyulmalıdır. Əks halda bu aşağılayıcı müstəvini hələlik dəyişməyə gücümüz yetmirsə, heç onun iştirakçısı da olmuruq. Cəmiyyətin reaksiyasına uyğun seçkidən kənarda dinc, kütləvi demokratik prosesin yaranmasını daha məqbul hesab edirlər. Odur ki, müxalifətin hansısa ortaq planlarından danışmaq mümkün deyil. Ayrı-ayrı qüvvələrin özünəməxsus planları olsa da, onların cəmiyyətdən ciddi dəstək almasını müşahidə etmirik.

- Sizcə, müxalifətin seçkidə iştirakı, yoxsa boykot qərarı faydalı ola bilər?

- Ölkəmizdə azad seçki sistemi sıradan çıxarılıb. Seçkinin yalnız adı və onun ətrafında bayağı imitasiya qalıb. İstənilən peşəkar müşahidəçi seçkilərin bir siyasi vasitə kimi artıq mövcud olmadığını təsdiq edər. Odur ki, seçkilərdə iştirak və ya boykot kimi çağırışların elə bir əhəmiyyəti qalmayıb. Olmayan bir şeyi necə boykot etmək və ya onun iştirakçısı olmaq olar? Bunlar hələlik dəyişməyə gücümüz çatmayan reallıqlardır və mübarizə müstəvisi olmayan yerdə nəyin uğrunda mübarizə aparılacağını anlaya bilmirəm.

İştirak və boykotun hər birinin özünəməxsus üstünlük və zərərləri var. İndidən seçkidə iştirakın, yoxsa boykotun faydalı olacağını isə birmənalı demək çətindir. Məncə, iddialı qüvvələr cəmiyyətdəki siyasi mövqeyinə uyğun qərar verməli və bir-birinin qərarlarını təftiş etmədən öz strategiyalarını həyata keçirməlidirlər. Mənim qənaətim belədir ki, indiki situasiyada nə iştirak, nə də boykot hansısa ciddi siyasi nəticə doğuracaq. Nə müxalifətin, nə də cəmiyyətin seçkidən qazancı olmayacaq. Namizədlərin isə nə qazanacaqları özləri daha yaxşı bilir.

- Müxalifət qüvvələrinin 2018-də bir araya gəlməsi nə qədər vacibdir, birlik hansı formatda ola bilər?

- Müxalifət adına iddialı qurumların sayı bilərəkdən hökumət tərəfindən süni şəkildə şişirdilib. Məqsəd cəmiyyətin məlumatsız kəsiminin fikirlərini qarışdırmaq, müxalif düşərgənin guya çox dağınıq olması görüntüsünü yaratmaqdır. Hətta bu imitasiyaya aludə olan bəzi qüvvələr də, deyəsən, özlərinin müxalifət olduqlarına inanmağa başlayıblar.

İstənilən şəxs öz imkanları ilə hakimiyyətə müxalifətdə olan qurumların monitorinqini aparsa, görəcək ki, bu düşərgədə hər kəsin bəlli yeri və elektoratı var. Hakimiyyət müxalifəti nə qədər çoxbaşlı və rəngarəng göstərməyə cəhd etsə də, bu istəyi beynəlxalq müstəvidə və fəal yerli ictimaiyyətdə ciddi qəbul edilmir. Yerli və xarici peşəkar müşahidəçilər müxalifət kimi fəaliyyəti görünən çox az qurumla əməkdaşlıq edir. Belə bir dar çərçivədə seçim etmək elə də çətin deyil.

Yeri gəlmişkən, hazırda ölkəboyu sadə insanlar arasında bu istiqamətdə rəy sorğusu aparırıq. İlkin nəticələrdən biri belədir ki, seçkidə iştirak etməyənlərin böyük əksəriyyəti məhz seçkiyə inanmadıqlarına görə səsverməyə getmirlər. Müxalifətin istənilən birlik modeli seçicini seçkiyə inandıra bilməz. Müxalifətin də qəbul etdiyi köklü qanunvericilik islahatları olarsa, bu zaman seçicidə inam yaranar. İndiki halda müxlifətin heç bir birliyi dəstək qazanmayacaq. Hətta belə birliyin yaranacağına da inanmıram. Bu şəraitin müsbətə doğru dəyişmə yolu müxalifətin birliyindən keçmir.

- Müxalifətin seçkiyə vahid namizədlə qatılması nə verə bilər?

- Məncə, müxalifət üçün vahid namizəd anlayışı və onun ətrafında müzakirələr artıq dəfələrlə yaşanmış təcrübədir. Cəmiyyətin narazı kəsimini bu “düstur”la səfərbər etmək mümkün deyil və indiki situasiyada həm də zərərlidir. Hazırkı siyasi şəraitdə vahid namizəd ideyası ətrafında müzakirələr müxalifətdən çox iqtidara lazımdır. Diqqət etsəniz, görərsiniz ki, kiçik istisnalarla bu barədə ən çox tezislər məhz iqtidara yaxın şəxslər və qurumlar tərəfindən mütəmadi olaraq gündəmə çıxarılır. Real gücü olan müxalifət qurumları belə diskussiyalarda demək olar ki, həvəsli görünmürlər. Seçki öncəsi hay-küylə birləşərək cəmiyyəti ümidləndirmək, seçki bitdikdən sonra isə bir bəhanə ilə ayrılıb cəmiyyətdə məyusluq yaratmaq ideyasının müəllifi iqtidardır.

Hər seçki öncəsi bir sual yaranır: Vahid namizəd müxalifətə nə üçün lazımdır? Əgər bu amil seçkidə iqtidara qalib gəlməyə yardım edən əsas faktor kimi qəbul edilirsə, indiki situasiyada bunun heç bir əhəmiyyəti yoxdur. Çünki həm seçki bir prosedur kimi sıradan çıxarılıb və yox sayıla bilər, həm də əksər seçkidə müxalifət namizədinin seçicidən səs almaq problemi olmayıb. Vahid namizəd oldu ya olmadı, müxalifət namizədi seçicidən dəstək ala bilir. Bunu müxalif namizədlər özləri də dəfələrlə iddia ediblər.

Ancaq müxalifət heç vaxt seçicidən aldığı səslərin sonradan saxtalaşdırılmasının qarşısını ala bilməyib. Problem də məhz bundadır. Cəmiyyət məhz bu səbəbə görə seçkini faktiki olaraq boykot edib, çünki hər dəfə müxalifətin çağırışlarına inanıb onlara səs versə də, sonda nəticəsini görə bilməyib. Öz səsini necə qoruya biləcəyini təsəvvür etməyən seçicidən belə bir şəraitdə hər dəfə səs istəmək və onu seçkiyə çağırmaq yumşaq desək, istehza doğurur. Seçicini bu qədər avam hesab eləmək olmaz. Hər dəfə seçicini seçkiyə çağırıb, kimin boyunun bir az hündür olduğunu bir-birinə sübut etməyə nə gərək var? Namizədlər öncə nəticələri necə qoruyacağını müəyyən etməli, seçicini buna inandırmalı və yalnız bundan sonra iştirakın formasını müzakirəyə çıxarmalıdır.

- Hər seçkidə müxalifət demokratik dünyadan dəstək gözləyir. Bu dəfə də dəstək gözləyirsinizmi?

- Hazırda nüfuzlu beynəlxalq qurumların ölkəmizin hökumətinə münasibəti aydınlaşmaqdadır. İnsan hüquq və azadlıqlarının boğulması, söz və ifadə azadlığının məhdudlaşdırılması, siyasi məhbus məsələləri ilə bağlı sərt açıqlamalar, qətnamələr və sanksiyalar gündəmə gətirilir. Ancaq hələ hansısa real addımlar nəzərə çarpmır. Ölkə daxilində cəmiyyətin təşkilatlanması və fəallaşması baş verməsə, beynəlxalq qurumlardan ciddi dəstək gəlməyəcək. Hazırkı beynəlxalq konyukturanın seçkidə müxalifətə total dəstək verəcəyini söyləmək real deyil.

- Ümumiyyətlə, gələn il ölkədə ciddi dəyişikliklərin olacağına inanmaq üçün hansı arqumentlər gətirmək olar. Sizcə, ölkədə köklü dəyişikliklər üçün zəmin varmı?

- Bu istiqamətdə proqnoz vermək çox çətindir. Dünyanın tanınmış sosioloq və politoloqları bu məsələdə ortaq fikirə gəlib ki, hər bir azad və qismən azad ölkələrdə siyasi münasibətlər sistemini müəyyən xətalarla proqnozlaşdırmaq mümkündür. Ancaq öz indeksinə görə azad olmayan ölkələr sırasında olan heç bir dövlətin siyasi münasibətlər sistemini və idarəetmə rejiminin aqibətini proqnozlaşdırmaq mümkün deyil. Hətta sonda onların çox oxşar gələcəyi olsa belə.

Hazırkı şərtlər daxilində baxsaq, ölkəmizdə hər hansı ciddi və müsbət dəyişikliyin olacağını gözləmirəm. Dəyişiklik üçün tələb olunan əsas şərtlər hələ yetişməyib. Ancaq o istiqamətə çox sürətlə inkişaf edir. Təfərrüatlarına toxunmadan deyə bilərəm ki, yaxın illərdə ölkəmizi çox böyük “sürpriz”lər də gözləyir.

Zaur ƏHMƏD




Bölməyə aid digər xəbərlər