10:21 / 19-11-2018
Futbolçu özünü öldürüb
Sülhəddin Əkbər: “Hakimiyyət daxilində böyük müxalifət formalaşmaqdadır” - Müsahibə
Tarix: 12-12-2017 10:15 | Bölmə: Müsahibə
Sülhəddin Əkbər: “Hakimiyyət daxilində böyük müxalifət formalaşmaqdadır”

Keçmiş nazir müavininin fikrincə, Azərbaycanda ictimai-siyasi aktivlik və gərginlik artacaq

Azad Demokratlar Partiyasının sədri, keçmiş milli təhükəsizik nazirinin müavini Sülhəddin Əkbər "Yeni Müsavat”a verdiyi müsahibəsində Qüds böhranı, Azərbaycanda seçkilər və digər mövzularla bağlı sualları cavablandırıb.

Reyting.az saytı həmin müsahibəni təqdim edir:

– Sülhəddin bəy, bundan əvvəlki ABŞ liderlərinin atmadığı addımı Tramp atdı. Qüdsün paytaxt kimi tanınması qərarını necə şərh etmək olar?

– Birincisi, onu nəzərə almaq lazımdır ki, Tramp hələ seçki kampaniyası dövründə seçicilərinə söz vermişdi ki, prezident seçiləcəyi təqdirdə Qüdsü İsrailin paytaxtı olaraq tanıyacaq və ABŞ-ın Təl-Əvivdəki səfirliyini Qüdsə köçürəcək. O, sözünə əməl etdi.

İkincisi, nəzərə almaq lazımdır ki, bunun simvolik əhəmiyyəti də var. Bu il Qüdsün ingilislər tərəfindən işğalının 100, İsrail tərəfindən işğalının da 50 illiyidir. O cümlədən "Balfor Deklorasiyası”nın da 100 illiyidir. Yəni, bunlar bu cür addımların atılmasında simvolik addımlardır.

Ən ciddi məsələlərdən biri isə Orta Şərqin yenidən “dizayn” edilməsi haqqında ABŞ, İsrail və Səudiyyə Ərəbistanı arasında anlaşmanın əldə edilməsidir. Bu prosesə körfəz ölkələri, xüsusən də başda Ərəb Əmirlikləri olmaqla Misir də cəlb olunub.

Dördüncü məsələ isə burada İranın provokasiyaya çəkilməsi və Trampın İrana qarşı aparmaq istədiyi siyasətə "legitimlik” yaradılmasıdır. Qüds məsələsini analiz edərkən sual edirlər ki, "niyə indi?” Ona görə də mən bu dörd məsələnin qeyd olunmasını əhəmiyyətli hesab edirəm.

- Bu qərara İslam dünyasının ilkin reaksiyası bəllidir. Bəs, sonra nə olacaq? Sonda vəziyyətlə barışıq qərarı veriləcək, yoxsa geri dönüş olacaq?

- Düşünmürəm ki, ABŞ qərarını dəyişəcək - baxmayaraq ki, təkcə İslam dünyasından deyil, eyni zamanda Vatikandan, Avropa ölkələrindən, ABŞ-ın Böyük Britaniya kimi yaxın müttəfiqlərindən belə, etiraz səsləri gəlir. Həmçinin Rusiyanın etirazı eşidilir.

Qərarın başqa bir nəticəsinə gəldikdə, artıq bəlli olduğu kimi, Fələstin-İsrail danışıqları qeyri-müəyyən müddətə dayanacaq.

Digər bir nəticəsi ABŞ-ın vasitəçilik rolunun ciddi şübhə altına alınması olacaq. Həmçinin Fələstindaxili gedən prosesin, "Həmas”la "əl-Fəth”in yaxınlaşması prosesində ciddi problemlər yaranacaq. Bu problemlər artıq üzə çıxmaqdadır. Eyni zamanda hadisələr Üçüncü İntifadanın başlanmasına səbəb olacaq və bu da artıq başlayıb.

Regional təsirlər də qaçılmazdır. Bir tərəfdə Səudiyyə Ərəbistanı başda olmaqla körfəz ölkələri, Misir, ABŞ, İsrail, digər tərəfdə də digər yerli regional güclər Rusiyanın dəstəyi ilə Türkiyə-İran yaxınlaşması, burada müəyyən mənada Böyük Orta Şərq planına Pakistanı da daxil etmək mümkündür. Bu dövlətlər arasında da yaxınlaşma olacaq.

Amma mən ərəb ölkələrinin, Ərəb Liqasının birləşmiş şəkildə, yaxud İslam dünyasının ciddi bir reaksiya verəcəyini düşünmürəm. Təbii ki, ciddi bir bəyanat olacaq, amma bütün İslam ölkələrinin eyni addımları atması, məsələn, siyasi-diplomatik sanksiyalar tətbiq etməsi, yaxud iqtisadi sanksiyalara getməsi, hərbi-təhlükəsizlik sahəsində birgə hansısa addımlar atacağı isə çox ciddi şübhə altındadır. Burada əsas ağırlıq Türkiyə və İranın üzərinə düşəcək. Rusiya isə ABŞ-la region ölkələri arasında yaranmış vəziyyətdə öz maraqlarını inkişaf etdirməyə çalışacaq. Çalışacaq ki, ABŞ və İsrailin qarşı çıxdığı İslam ölkələri ilə münasibətlərini daha da inkişaf etdirsin.

- Bundan əvvəl həm də Türkiyə və İranın təhlükəsizliyini təhdid edən "Kürdüstan dövləti” projesi də işə salınmışdı, lakin son anda Təl-Əviv və Vaşinqton kürd separatçılarının arxasından çəkildi. Belə demək olarmı ki, Qüds məsələsinə görə İraqın parçalanması layihəsi ertələnib?

- Mən hər zaman deyirəm: Orta Şərqdə bir kürd dövlətinin qurulması ABŞ-ın strateji planıdır və onun 100 illik bir plandan vaz keçəcəyini düşünmürəm. Sadəcə, bu planda operativ-taktiki ehtiyacdan irəli gələn müəyyən dəyişikliklər, təxirəsalınmalar ola bilər. Amma bir daha təkrar edirəm, bu, strateji yox, operativ-taktiki xarakter daşıyacaq. Yeni dünya nizamı yaradılır və yeni dünya nizamının tərkibində də Orta Şərqin yenidən “dizayn” edilməsi layihəsi ortadadır. Bu layihəyə qarşı çıxan dövlətlərə qarşı da bu siyasət bundan sonra da davam etdiriləcək. Neçə ki, Türkiyə, İran kimi dövlətlər, onların da arxasında bəzən səsli, bəzən səssiz Rusiya, Çin kimi dövlətlər var, bu qarşıdurma davam edəcək.

Orta Şərqin yenidən “dizayn” proyektinin mərkəzində duran əsas məsələlərdən biri İsrailin təhlükəsizliyinin təmin edilməsidir.

İkinci məsələ də region dövlətlərini zəiflədəcək kürd dövlətinin yaradılması proyektidir və yaxın perspektivdə biz bunu daha aydın şəkildə görəcəyik.

- Bütün bu hadisələrin Azərbaycana təsirsiz ötüşəcəyini də demək olmaz. Xüsusilə də Qüdsün paytaxt olaraq tanınması fonunda Qarabağın ilhaqının legitimləşdirilməsi təhlükəsindən danışılır, həmçinin İraq Kürdüstanı ilə bağlı durumun yaradılması zamanı da Dağlıq Qarabağla bağlı təhlükələrdən danışırdıq. Türkiyə prezidentinin Bakıya zəngindən belə aydın olur ki, Ankara Bakını bu məsələdə də yanında görmək istəyir. Mövcud situasiyada Azərbaycan hansı mövqedə dayanmalıdır?

- Birincisi, rəsmi Bakı nəzərə almalıdır ki, Azərbaycan da bir müsəlman dövlətidir, İslam Əməkdaşlıq Təşkilatının üzvüdür və heç şübhəsiz ki, üçüncü gün Türkiyədə keçiriləcək toplantıda bir müsəlman dövləti kimi ümumislam mövqeyində dayanmalıdır.

İkincisi, Azərbaycan Türkiyənin tərəfdaşıdır, təbii müttəfiqidir və bu məsələdə Ankara öncüllük etdiyinə görə Türkiyənin yanında yer almalıdır.

Üçüncüsü, işğala məruz qalan, analoji problemi olan bir dövlət kimi, təbii ki, məsələnin beynəlxalq hüquq, BMT-nin məlum qətnamələri çərçivəsində həllinin tərəfdarı kimi çıxış etməlidir.

Dördüncüsü də İsraillə yaxınlaşmada artıq durumun həssaslığını nəzərə almalı və bundan irəli getməməlidir.

- Bunun qarşılığında İslam ölkələrinin Qarabağ məsələsində ciddi dəstəyini gözləmək olarmı? Məsələn, İranın Ermənistana yönəlik ənənəvi siyasəti dəyişə bilərmi?

- Xüsusi bir dəyişikliyin olacağını düşünmürəm. Çünki Azərbaycan postsovet məkanına aid edilir və burada geopolitik lider Rusiya qəbul olunur. Bunu həm Türkiyə, həm də İran qəbul edir. Ona görə də Azərbaycana etnik, dini, mədəni, tarixi baxımdan ən yaxın olan qonşu müsəlman dövlətləri, Türkiyə və İran başda olmaqla bütün İslam dövlətlərinin mövqeyinin bundan sonra dəyişəcəyini və bu hadisənin də ona təsir edəcəyini güman etmirəm.

Əsas məsələ Azərbaycan-İsrail münasibətlərində olacaq. Artıq Azərbaycan əvvəlki kimi İsraillə münasibətlərinin inkişafında sərbəst davrana bilməyəcək.

- Bu da dolayısı ilə ermənilərin mövqeyinə uyğun situasiyadır. Çünki erməni diasporu xüsusilə də aprel döyüşlərindən sonra Azərbaycan-İsrail münasibətlərini pozmağa çalışırdı…

- Mən bundan sonra xüsusi bir problemin yaranacağını düşünmürəm. Sadəcə, artıq münasibətlərin bundan da irəliyə getməsinin qarşısı alınacaq. Amma geriyə xüsusi bir gediş olacağını da düşünmürəm.

- Maraqlıdır ki, son həftələrdə daha çox Şimali Koreya ətrafında gərginliyin yaranacağı gözlənilirdi. Amma qəfildən nəzərlər Qüds ətrafına yönəldi…

- Tam tərsinə. Bunlar gözlənilən hadisələr idi. Mən yuxarıda ilk səbəb kimi qeyd etdim. Hamıya bəlli idi ki, Tramp hakimiyyətə gəlməsində İsrailin, yəhudi lobbisinin, xristianların böyük rolu olub. Tramp da öz seçicilərinə, ilk növbədə də ona dəstək verən böyük güclərə söz vermişdi. O sözü yerinə yetirməliydi. Həm İrana qarşı daha sərt siyasət aparacağını bəyan etmişdi, 5+1 formatında İranla imzalanan nüvə sazişindən çıxacağını, Tehrana qarşı sanksiyaların yenidən tətbiq edilməsinə çalışacağını bildirmişdi və bu yöndə də addımlar atır.

- ABŞ-da Trampa qarşı etimadsızlığın göstərilməsi təşəbbüsləri ortaya çıxırdı. Belə demək mümkündürmü ki, Qüds qərarı ona həm də hakimiyyətdə möhkəmlənməsi üçün yəhudi lobbisinin dəstəyini almaq üçün lazım idi?

- Əvvəla, Konqres qanun qəbul edib və o qanunda eyni vaxtda Rusiya, İran və Şimali Koreyaya qarşı sanksiyaların tətbiqi nəzərdə tutulub. Konqres Dövlət Departamenti başda olmaqla icra qurumlarına tapşırıq verib ki, fevral ayına qədər artıq konkret fiziki və hüquqi şəxslərin siyahısını hazırlasın. Ki, hansına qarşı sanksiyalar tətbiq olunacaq. Fevral ayından artıq biz həm Rusiya, həm İran, həm də Şimali Koreya ilə münasibətlərin – hətta heç bir hadisə olmasaydı da belə – gərginləşəcəyini gözləməliydik. Əgər biz rəsmə bütöv baxsaq, onda bunların heç biri gözlənilməz olmamalıdır. Ancaq hadisələrə geniş, hərtərəfli, dərin baxmaq və davamlı izləmək lazımdır. O zaman görəcəksiniz ki, gözlənilməz bir şey yoxdur.

Təbii ki, sizin qeyd etdiyiniz məsələ də var. Tramp daxili siyasətdə sıxışdırıldıqca, daxili, siyasi ehtiyacdan da irəli gələn bəzi taktiki gedişlər də var ki, diqqəti fərqli məsələlərə yönləndirsin. Hətta mən deyərdim ki, əgər ABŞ hər hansı bir hərbi müdaxiləyə və müharibəyə başlayarsa belə, mən təəccüblənmərəm.

- Deməli, Trampa xarici düşmən lazım imiş…

- Bəli.

- Azərbaycanın iki böyük qonşusu ilə bağlı planların işə salınması ölkəmiz üçün nə vəd edir? Özü də 2018-ci il Azərbaycan üçün həssas bir ildir, prezident seçkiləri keçiriləcək. Azərbaycan üçün göləntiləriniz nədən ibarətdir?

- Çox açıq şəkildə görünür ki, qonşu regionlarda, yəni, həm Yaxın, Orta Şərqdə, həm də postsovet məkanında - hansı ki, Azərbaycan da daxildir - vəziyyət gərginləşəcək. Bu, həm Rusiyanın, həm də İranın hədəf taxtasında olması ilə bağlıdır.

İkinci bir ciddi məsələ var ki, dünyada şəffaflaşma istiqamətində ciddi addımlar atılır. Elektron dolların dövriyyəyə buraxılması məsələsi var, ofşor zonaların ləğvi, gizli hesabların açılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi məsələsi var. Bu məsələlər də eyni zamanda Azərbaycana təsir edəcək.

Üçüncüsü də Azərbaycanda seçki ili ilə bağlı olaraq vəziyyət gərginləşəcək. Həm qonşu regionlarda baş verən hadisələr, həm GUAM məkanında, Qara dənizdə, eyni zamanda İran və Rusiya ətrafında baş verən proseslər, heç şübhəsiz ki, Azərbaycana da birbaşa və dolayısı ilə təsir edəcək. Azərbaycanda da ictimai-siyasi aktivliyin, eyni zamanda gərginliyin artması gözlənilir.

- Azərbaycan müxalifəti fəaliyyətsiz vəziyyətdədirsə, ciddi etirazlar müşahidə olunmursa, gərginliyi hansı faktorlar tətikləyə bilər? Xarici faktorları nəzərdə tutursunuz, yoxsa…

- Xarici faktor da ola bilər, xarici faktora aid daxili faktor da ola bilər. Azərbaycanda müxalifət deyəndə, nədənsə ancaq 30 il ərzində tanınan müxalifət nəzərdə tutulur. Mənim fikrimcə, hakimiyyətin öz daxilində də böyük müxalifət formalaşmaqdadır.

- Partiya sədri olaraq prezident seçkilərində iddia ortaya qoymaq niyyətiniz varmı?

- Mən Azərbaycanda seçkilərin olacağını düşünmürəm. Çünki hələlik Azərbaycanda azad və ədalətli seçkilərin keçirilməsi üçün şərait yoxdur. Ümumiyyətlə, dinc, demokratik siyasi fəaliyyət üçün belə şərait mövcud deyil. Belə bir şəraitdə, seçki mühitinin olmadığı bir vaxtda seçkiyə hazırlaşmaq məsələsinə, açığı, ciddi yanaşmıram…




Bölməyə aid digər xəbərlər