“Hakimiyyət mənə vəzifə təklif etməyib”
Tarix: 30-03-2016 19:58 | Bölmə: Müsahibə

 


Qubad İbadoğlu: "Vəzifəmdən asılı olmayaraq, iqtisadiyyatın böhrandan çıxarılması istiqamətində tövsiyələrimi verəcəyəm”

ABŞ-da bir illik pedaqoji fəaliyyətdən sonra Bakıya dönən Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) sədri, tanınmış iqtisadçı Qubad İbadoğlu Teleqraf.com saytına müsahibə verib.

Reyting.az ADR sədrinin müsahibəsini təqdim edir:

- Qubad bəy, Vaşinqtonda bir il gərgin çalışmalardan sonra birdəfəlik Azərbaycana qayıtdınız. Deyəsən, gecə Bakıya çatmısınız, özünüzü necə hiss edirsiniz?

- Dünən gecə gəlmişəm, saat, mühit və iqlimlə bağlı hələ adaptasiya olunmalıyam.

Vətənim, buradakı yaşayışım mənim üçün həmişə doğma olub. Özümü Azərbaycanda rahat hiss edirəm.

- Azərbaycana dönməyəcəyinizlə bağlı fikirlər səslənirdi. Tərəddüdləriniz aradan qalxdığı üçün Bakıya qayıdışla bağlı qəti qərar verdiniz?

- Həbslə bağlı narahatlığa görə ölkəni tərk etməmişdim, ölkə kənarında proqramlarda iştirak etmişəm, pedaqoji fəaliyyət və tədqiqatlarla məşğul olmuşam. Azərbaycanı müxtəlif tədbirlərdə təmsil etmişəm, kifayət qədər ciddi qurumlar və ekspertlərlə əlaqələr formalaşdırmışam.

Azərbaycana yanvar ayında da gəlmişdim, o zaman açıqlamışdım ki, martda proqramımı bitirib ölkəyə qayıdacağam. Birdəfəlik ölkəyə qayıtmağım bir az fərqli vaxta düşdü. Sevinirəm ki, siyasilərin bir çoxu azadlıqdadır.

- Sizin bəzi rəqibləriniz, hətta keçmiş silahdaşlarınız olan müsavatçıların bir qismi ABŞ-da uzun müddət qalmağınızla bağlı iddia edirdilər ki, Qubad İbadoğlu ABŞ-ın "adamı”dır və ona görə ölkəyə qayıtmır. Bu iddialara cavabınız nədir?

- Mən heç bir ölkənin adamı deyiləm, Azərbaycanın adamıyam. Fəaliyyətim heç bir xarici ölkə ilə bağlı olmayıb. Azərbaycan xalqı üçün çalışıram və ölkəmin maraqlarını, dövlətçiliyimizi üstün tuturam. Hansı xarici ölkədə olmağımdan asılı olmayaraq dövlətimizin maraqlarının qorunması üçün fəaliyyətimi davam etdirirəm.

ABŞ-a səfərlərim çox olub, Birləşmiş Ştatlarda dostlarım çoxdur, əlaqələrim kifayət qədər yüksək səviyyədə təmin olunub.

ABŞ dünyanın aparıcı ölkələrindən biridir, ABŞ-ın bu imkanlarından Azərbaycan üçün istifadə olunması istiqamətində bundan sonra da fəaliyyətimi davam etdirəcəyəm.

Ərazi bütövlüyümüz, ölkəmizin demokratikləşməsi, iqtisadiyyatımızın güclənməsi üçün Birləşmiş Ştatlar, Avropadan və onlara inteqrasiyadan bəhrələnə bilərik. Bu inteqrasiyadan əldə olunan faydalar bütövlükdə Azərbaycan xalqına və dövlətçiliyinə xidmət edə bilər. Bu məsələlərdə özümü rahat hiss edirəm, çünki Azərbaycanın maraqlarını xaricdə həmişə qorumuşam.

- Sədri olduğunuz Azərbaycan Demokratiya və Rifah Hərəkatı ilə bağlı planlarınız nədir?

- Planlarımızı həyata keçirməyə çalışacağıq, ictimai hərəkat olaraq fəaliyyətimizi davam etdirəcəyik.Siyasi partiyaya transformasiya məsələsi gündəmdə deyil. Bundan sonrakı fəaliyyətimizdə təşkilatlanma, ADR mütəxəssislərinin hazırladığı proqram və konsepsiyaların ictimaiyyət və hakimiyyətə təqdim edilməsi istiqamətində işimizi davam etdirəcəyik. Bu istiqamətdə ölkə və beynəlxalq səviyyədə əlaqələrimizin qurulması, tanınmağımız üçün iş görəcəyik.

- Verdiyiniz iqtisadi təklif Prezidentin iqtisadi məsələlər üzrə müşaviri tərəfindən müsbət dəyərləndiriləndən sonra belə yozumlar oldu ki, Sizə vəzifə veriləcək. Hakimiyyət tərəfindən vəzifə təklifi gözləyirsinizmi və belə təklif olarsa, cavabınız nə olacaq?

- Deyirlər ki, məni vəzifəyə gətirirlər deyə Azərbaycana qayıtmışam. Amma ona görə qayıtmamışam. Azərbaycan Vətənimdir, burada doğmalarım, dostlarım, fəaliyyətim, keçmişim var. Öz Vətənimə gəlmişəm və hansı vəzifədə olmağımdan asılı olmayaraq həmişə Vətənimə xidmət etməkdən qürur duymuşam.

Hakimiyyət tərəfindən mənə vəzifə təklifi olmayıb. Olub, ancaq başqa ölkələr tərəfindən təkliflər verilib. Qırğızıstan, Tacikistan, Qazaxıstan hökumətindən ardıcıl olaraq təkliflər alıram. İqtisadi problem demək olar bütün regionu, zəngin resurslara malik olan ölkələri əhatə edib, həmin ölkələr üçün müəyyən məsləhət və tövsiyələrimi gələcəkdə əsirgəmək niyyətində deyiləm.

Azərbaycanda yenə də vəzifəmdən asılı olmayaraq, iqtisadiyyatın böhrandan çıxarılması istiqamətində öz tövsiyələrimi verəcəyəm, bundan sonrakı dövrdə də çalışacağam ki, bu istiqamətdə müəyyən təşəbbüslərlə çıxış edim və onun konseptual əsaslarını Azərbaycan hakimiyyətinə, ictimaiyyətə təqdim edim.

- Həbsdən yenicə çıxmış Müsavat başqanının müavini Tofiq Yaqublu belə fikir səsləndirib ki, Müsavatdan uzaqlaşmış şəxslərin yenidən partiyaya qayıtması üçün cəhdlər edəcək. ADR-çilərin Müsavata qayıtması mümkündürmü?

- Bizim düşüncəmizdə, tariximizdə olan və müəyyən dövr üçün fəaliyyət göstərdiyimiz Müsavatın olması və Azərbaycanda siyasi partiya fəaliyyətinə müəyyən töhfələr verməsi hər bir Azərbaycan vətəndaşının arzusudur. Təəssüflər olsun ki, Müsavat dəyərlərdən çox uzaqlaşıb, o prinsip və tələblərə əməl etmir, cavab vermir. Ona görə də hesab edirəm ki, Müsavat ilk növbədə Məhəmməd Əmin Rəsulzadənin mirası olan partiya kimi özünün itirilmiş reputasiyasını bərpa etməli, bu istiqamətdə xeyli dəyişikliklər aparmalıdır. Söhbət təkcə ADR-də təmsil olunan keçmiş müsavatçılardan getmir, kiçik bir qrupun deyil, Azərbaycan xalqının böyük kəsiminin maraqlarını ifadə etsin. Hazırda Müsavat kiçik qrupun maraqlarının ifadəçisidir. Bu istiqamətdə uzun müddət həbsdə olan şəxs kimi Tofiq Yaqublunun açıqlamalarını anlayıram və əhəmiyyətli hesab edirəm, eyni zamanda onun bu istiqamətdəki təşəbbüslərini qiymətləndirirəm. Hesab edirəm ki, bu məsələlərdə görüləsi işlər çoxdur. Tofiq bəyə də uğurlar arzulayıram.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}