16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Mehman Əliyev: “Uzun müddət vəzifədə oturan məmurlar gedəcək” - Müsahibə
Tarix: 31-03-2018 20:10 | Bölmə: Müsahibə
Mehman Əliyev: “Uzun müddət vəzifədə oturan məmurlar gedəcək”

Agentlik rəhbəri deyir ki, ölkədə struktur dəyişiklikləri baş verəcək, bir sıra islahatların şahidi olacayıq

Azərbaycanda medianın mövcud durumu, sosial şəbəkələrin media üzərində əldə etdiyi üstünlüklər, ölkənin ictimai-siyasi həyatında baş verməsi gözlənilən mümkün dəyişikliklər və s. cəmiyyətdə ən çox müzakirə edilən məsələlər sırasındadır.

“Turan” İnformasiya Agentliyinin rəhbəri, media eksperti Mehman Əliyev bu məsələlərə aydınlıq gətirməyə çalışıb.

Reyting.az saytı M. Əliyevin Moderator.az-dakı müsahibəsini təqdim edir:

- Mehman bəy, artıq bəlli bir müddətdir ki, sosial medianın ənənəvi medianı üstələməsi ilə bağlı fikirlər səslənməkdədir. Bilmək istərdik ki, bu qənaəti bölüşürsünüzmü? Həqiqətənmi ənənəvi media sosial mediaya məğlub olmaqdadır?

- Media peşəkarlıqdır. Yəni peşəkar fəaliyyət deməkdir. Media deyiləndə məhz bu nəzərdə tutulmalıdır. Buna görə də “sosial media” ifadəsinin özü düzgün deyil. Media o deməkdir ki, siz bu sahədə çalışırsınız, bununla pul qazanırsınız və s. Sosial şəbəkələrdə bu istiqamətdə ortaya qoyulan cəhdlər isə sadəcə təşəbbüslərdir. Biz bunu informasiya təşəbbüsləri adlandıra bilərik. Və bunu da qeyd etmək lazımdır ki, bu təşəbbüslər medianı həqiqətən də üstələyib.

- Sizcə bunun səbəbi nədir?

- Sosial şəbəkələrin ənənəvi medianı üstələməsinin bir neçə səbəbi var. Medianın əsas vəzifəsi insanlara operativ və obyektiv informasiyanı verməkdir. Söhbət zövqə uyğun, keyfiyyətli materialalrın təqdim edilməsindən gedir. Lakin təəssüflər olsun ki, bu gün Azərbaycan mediası bu funksiyanı lazımınca yerinə yetirə bilmir. Media həm operativlik, həm də obyektivlik baxımından geridə qalır. Mediada təqdim edilən materialların keyfiyyəti də aşağı olur.

- Ancaq əvvəllər ənənəvi mediaya maraq daha böyük idi.

- Əvvəllər insanların ənənəvi mediaya marağı ola bilərdi. Çünki onların alternativ informasiya almaq imkanı yox idi. İnternet, sosial şəbəkələr mövcud deyildi. İnsanlar qəzetlərdə, televiziyalarda nəsə axtarır, onları maraqlandıran nə isə tapacaqlarına ümid edirdilər. Bu gün isə internetin mövcudluğu başqa mənzərə formalaşdırıb. İnsanlar hara istəyirsə daxil olur, fikir mübadiləsi aparır, informasiya paylaşır və s. Sosial şəbəkələr informasiya mübadiləsi üçün geniş imkan yaradır. Lakin bir daha qeyd edirəm ki, bu, peşəkar bir fəaliyyət deyil. Baxmayaraq ki, burada peşəkarlar da var. Ancaq bütövlükdə bu, sadəcə təşəbbüslərdir. Burada təqdim edilən informasiyaların həqiqiliyinə, obyektivliyinə də birmənalı yanaşmaq olmaz. Amma hər bir vətəndaş bu şəbəkələrdə öz sözünü deyir, istədiyi informasiyanı paylaşır, istədiyi məlumata baxa bilir. Yəni burada fikir zənginliyi çoxdur. Plüralizm daha çoxdur. Şübhəsiz, burada problemlər də var. Bu öz yerində. Fəqət yuxarıda sadaladıqlarım sosial şəbəkələrin ənənəvi medianı üstələməsinə səbəb olur.

- Yaxın gələcəkdə ictimai-siyasi vəziyyətin dəyişməsi, kadr və struktur islahatlarının aparılması ehtimalını necə qiymətləndirirsiniz?

- Mən belə bir dəyişikliyin baş verəcəyinə inanıram. Baxın, neft erası bitib. Ölkə iqtisadiyyatını inkişaf etdirmək, sosial rifahı yüksəltmək üçün ciddi addımların atılmasına ehtiyac var. Bunlardan biri iqtisadi sahədə azadlıqların verilməsi ilə bağlıdır. İnsanlara şərait yaratmaq, şəffaflığı təmin etmək lazımdır. Gizli iqtisadiyyata son qoymaq lazımdır. Bütün bunları etmədən ciddi müvəffəqiyyət qazanmaq, həqiqi uğura nail olmaq mümkün deyil. Bütün bu addımlar atılmadığı təqdirdə, vəziyyət təbii olaraq ağırlaşacaq. Düşünürəm ki, hakimiyyət də bunu başa düşür. Ona görə də müəyyən yol xəritələri hazırlanır, digər addımlar atılır. Bütün bunlar vəziyyəti dəyişməyə hesablanıb.

Lakin bu da bir həqiqətdir ki, iqtisadi azdlıqların təmini üçün hüquqi və digər sahələrdə də islahatlar aparılmalıdır. Sözün həqiqi mənasında müstəqil məhkəmə sistemi olmalıdır. Belə olarsa, o zaman kimsə kiməsə şər atmaqla, ona təzyiq göstərməklə öz maraqlarını həyata keçirə bilməyəcək. Çünki onun hüquqları qanunla qorunacaq. Yəni bütün bunlar kompleks həll edilməsi gərəkən məsələlərdir.

- Sizcə baş verməsi gözlənilən konkret dəyişikliklər nədən ibarət ola bilər?

- Hesab edirəm ki, uzun müddət vəzifədə oturan məmurlar gedəcək. Struktur dəyişiklikləri həyata keçiriləcək. Kadr dəyişikliyi də baş verəcək. Biz bir sıra islahatlara şahid olacayıq. Bu, qaçılmazdır.

Bəzən deyirlər ki, Mehman Əliyev optimistdir. Bəli, mən optimistəm. Bu gün dəyişməkdə olan çox şey var və hesab edirəm ki, bu dəyişiklik yaxın gələcəkdə daha da sürətlənəcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}