23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Zahid Oruc: “Sahibkar toxunulmazlığı bu millətə başqa imtiyazlardan daha çox lazımdır” - Müsahibə
Tarix: 08-04-2018 09:53 | Bölmə: Müsahibə
Zahid Oruc: “Sahibkar toxunulmazlığı bu millətə başqa imtiyazlardan daha çox lazımdır”

Prezidentliyə namizəd deyir ki, yeni iş yerlərinin yaradılması üçün əsl Dövlət Proqramı yardımdan daha çox, müdaxilələrin sıfırlanması üzərində qurulmalıdır

Ölkəmizdə keçiriləcək prezident seçkilərinə 3 gün qalıb.Prezidentliyə namizəd Zahid Orucla söhbətimiz də seçki və seçkisonrası dönəmlə bağlıdır.

Millət vəkili Z. Oruc “Reytinq”ə müsahibəsində dövlət idarəçiliyi ilə bağlı vacib məqamlara da toxunub:

- Artıq seçki marafonunun sonuna yaxınlaşırıq. Prosesdə iştirakımızın nəticələrini toplağımız səslərdən asılı olmayaraq, gələcəkdə daha gerçək şəkildə qiymətləndirib təhlil etməyə çalışacağıq. Bizim üçün uğur adlandıracağımız yekunlar ölkəmizin düzgün siyasi gündəlyinin formalaşması olacaq. Niyə bunun əhəmiyyətini böyükdür? Ona görə ki, hətta bir çoxlarının məhdud tablo adlandırdığı situasiyada belə, xalqın səsi və istəyi tribunadan eşidildi, hamını düşünməyə vadar etdi. Özü də 90-cı illərdən fərqli olarq, siyasi avantürist cərəyanların seçkiyə qatılmadığı, qisasçı qütblərin ekstremist əhval-ruhiyyəni meydanlardan seçki döyüşlərinə daşıya bilmədiyi şəraitdə Azərbaycanın tamam fərqli bir səhnəsi formalaşır. Nəticələri tanıyan qüvvələrin “legitim hakimiyyət və legitim müxalifət”ə çevrilməsi xaricdən idarə olunan qüvvələrin meydanını daralda və ya onları tamam yox edə bilər. Bizim ölkəmizdə də nəhayət, “zirzəmi müxalifəti” formalaşdırmağa bəslənən ümidləri birdəfəlik yox etmək lazımdır.

- Siz bu seçkiyə indiki hakimiyyətin aid olduğu siyasi kursa, yola sadiq olduğunuzu bəyan edərək qatılırsınız. Belə sual çıxır ki, bu yolun davamçıları onsuz da hakimiyyətdədir, əsas davamçı da Prezidentdir, bəs Zahid Oruc seçkiyə niyə qatılıb?

- Hazırki dövlətin təməl daşları 93-cü ildə Heydər Əliyev tərəfindən qoyulub. Onu yüz il əvvəlki Cümhuriyyətlə nə qədər çox mənəvi bağlar və atributlar birləşdirsə də, sovetlərdən sonra heç kim dövlət qurmağı bacarmamışdı. Belə olan təqdirdə siyasi varislik, bir şəxsə, övlada bağlı bioloji hadisə deyil. İlham Əliyev Ulu öndərin oğludur, onun evinin, ailəsinin varisidir, eyni zamanda siyasi məktəbinin yetirməsi olduğu üçün davamçı statusunu da xalqın nəzərində təsdiq etməyi bacarıb. Amma ölkənin gələcək həyatında müxalifət də, mərkəzçi də, dindar da, digər mövqe sahibləri də bu dövlətin qurucusunu qəbul etdikdən sonra Heydər Əliyevin varisi ola bilir. Yəni, Zahid Oruc da Heydər Əliyev siyasətinin varisidir, milyonlarla digər vətəndaşımız da. Yetər ki, inkarçılıq ideologiyasına malik olmasın.

- Amma eyni zamanda, hazırki hakimiyyətə alternativ fikir də söyləyə bilir?


- Bəli. Mən çıxışlarımda onlarla fərqli fikir səsləndirmişəm. Bank sistemindəkı problemlər, hökumətin idarəçiliyində qüsurların olması, əhalinin sosial tələblərinə normal cavab verilməməsi, iqtisadiyyatda dövlətin payı və ya valyuta rezervlərinin idarə olunması və sairəyə dair baxışlarımızı məgər siz hakim komandanın dilindən eşitmisiniz? Hər halda obyektiv izləyicilər dediklərimizin məhz bizə məxsus bir platforma olduğunu təsdiqləyirlər. O cümlədən, xarici siyasətə dair hansı dəyişiliklərin zəruri olduğunu da debatlarda xalqa çatdırdım. Qarabağ məsələsindəki taktiki və strateji addımlar da insanların diqqətinə təqdim olundu.

Lakin dövlətin sütunlarını uçurub millətə uğurlu gələcək vəd etmək olmaz. Onda 93-cü ilə qayıtmış oluruq.

Heydər Əliyev irsinin varisliyi bir şəxsiyyət portreti altına daxil olub, qəbul etmək deyil. Bu, sabitliyi, etnik-milli harmoniyanı, mühüm transmilli layihələri və minlərlə qurucu işi qəbul etmək deməkdir. Yerdə qalan işlərdə səhvlər və haradasa cinayətlər varsa, onu dövlətin təməllərini sarsıtmadan da görmək mümkündür. Ona görə də şübhə etmirəm ki, mənim mövqeyim gələcəkdə qalib olacaq.

- Bir məqam da odur ki, Siz namizəd kimi seçicilərə hazırki Prezidentdən fərqli nə edə biləcəyinizi demirsiniz. Axı, namizəd kimi İlham Əliyevə rəqibsiniz və onun təmsil etdiyi kürsüyə iddianız var. Ad çəkmək təhlükəlidir, yoxsa...

- Öncə onu deyim ki, Azərbaycan cəmiyyətində hər şeyin şəxs üzərində qurulması meyli hakimdir. Bu, 90-cı illərdən gələn ənənədir. Tutaq ki, orda hansısa nazirliyin fəaliyyətinin vətəndaşların mənafelərinə zidd olduğunu söyləyirik. Amma düşünmürəm ki, bu kimi məsələlərdə məhz dövlət başçısını ittiham etmək doğru yoldur. Kaliforniya ştatında hansısa problemə görə Obamanı, Trampı ittiham etmirlər. Bunu nəinki cəmiyyət, heç siyasi alternativlər də eləmir, bu fikirləri ağıllarına belə gətirmirlər. Bu, bizdə olan yanlış tendensiyadır. Nazir fəaliyyətini düzgün həyata keçirməyib, cinayətə yol veribsə, özü də cavab verməlidir. Ona görə də dediyiniz alternativçilik məsələsinə dünyada baxış tamam fərqlidir.

- Bizdə əksər nazirlərin vəzifə yaşı 15-20 ildir. Onlar yaxşı işləmirlərsə, niyə dəyişilmirlər? Pis 2-3 il olar, 20 il yox. Bəlkə də buna görə həmin nazirləri təyin edən, dəyişən birinci şəxs ittiham olunur?

- Avropa ölkələrinin bir çoxundan nümunə gətirə bilərəm ki, bir şəxs 10 ildən çox hökumətdə təmsil olunur. Amma bizim gerçəkliyimiz ondan ibarətdir ki, sizin dediyiniz bütün məqamları birinci şəxsə indeksləşdirmək meyli var. Əgər namizədlər ümumən uğurları qeyd edirsə və bildirirlərsə ki, Heydər Əliyevin qurduğu bu sistemin böyük nailiyyətləri var, amma bu sistemdə bir sıra şəxslər yanlış yoldadırlar, onları təmizləmək lazımdır, o zaman səni sistem müxalifəti və ya hakimiyyət maşınının bir vinti adlandıracaqlar. Halbuki dərindən baxsaq, bir nəfər kommunistin platforması hazırki iqtidara alterantiv olmadığı kimi, bir nəfər cəbhəçinin və müsavatçının da baxışları prezidentin xəttinə əks cinah anlamına gələ bilməz. Onlar bir fərdin və ya qrupun hələ sınaqdan keçməyən fikir toplusudur. Həqiqi rəqib olmağın şərtləri tam ayrıdır.

Seçkiyə qatılmamaq halı kiməsə xüsusi status vermir. Onlar deyə bilməz ki, 20-30 faiz elektorat onlara görə məntəqələri boykot edib və hakimiyyətin seçki qərarına itaət göstərmirlər. Əgər belə bir mənzərə yaransaydı, bax, onda demək olardı ki, rəsmi hakimiyyətdən kənarda elə bir qüvvə var ki, onlar kütləyə hökmdardan daha böyük təsir gücünə malikdirlər.

Ekranda dövlətin birinci şəxsinə hücum çəkildiyi 2013-cü ilin praktikası göstərdi ki, mövsümi effekt qazanmaqla dövlətin başına gəlmək arasında yerlə-göy qədər fərq var. İndi təsəvvür edin ki, Rüstəm İbrahimbəyovun dublyorları o dəhşətli pərakəndə durumlarında hakimiyyətə vəsiqə qazanardılar, onda Azərbaycandakı xaosu təsəvvür eləmək çətin deyil.

Alternativ odur ki, regional prosesləri bilir, güclü komandası var, böyük ekspert cameəsi ilə işləyir, xarici aləmdə onu qəbul edirlər, cəmiyyət hər gün onların rəyi ilə hesablaşır.

Mənə deyirlər ki, sən Heydər Əliyevin portreti altında ikinci namizəd olaraq prosesə qoşula bilməzsən. Amma özləri Əbülfəz Elçibəyin portreti altında 5-6 partiya ilə seçkiyə gedirdilər, adını da qoyurdular yalnız bir adama rəqibdirlər. Belə məntiqsizlik heç yerdə yoxdur. Ölkə üzərində eksperiment armaq olmaz. Yoxsa elələrinin həqiqi imkanlarını və potensial təhlükəni bir daha nümayiş etdirmək üçün ölkəni 93-cü ilə qaytarırsan ki, al, budur, sənin istədiyin dövlət?

Hər halda cəmiyyətin müxtəlif təbəqələrindən aldığım reaksiyalar göstərir ki, biz düz yoldayıq. Siyasi barış çağırışından tutmuş dövlət-vətəndaş münasibətlərinə qədər bütün tərəflərə verdiyimiz mesajlar eşidilib və çoxlarını düşündürüb. Deməli, inert beyinləri tərpədə bilmişiksə, bu özü uğurdur.

- Başqa bir məqama toxunmaq istərdim. Siz təkcə seçki ərəfəsində deyil, ümumən son 15-20 ildə hakimiyyətin siyasi kursunu öz arqumentlərinizlə müdafiə etmisiniz. Bu günə kimi qanunverici hakimiyyətdə təmsil olunmusunuz. Sizə elə gəlmirmi ki, artıq hakim komandada hansısa postda təmsil olunmağa haqqınız çatır?


- Mən bütün fəaliyyətim dövründə vətəndaşın maraqlarına xidmət etmişəm, hər zaman xalqın ayağına getmişəm. Bərdədə görüşümüzü izləyən ATƏT nümayəndələri insanlarla testedici söhbət aparırdılar. Dedilər ki, buradan müsbət qənaətlə ayrılırlar, çünki ictimaiyyətin bizə rəğbətini gördülər. O etimadı əldə etmək üçün ortada on illərin zəhməti var. Həqiqi qurucluq meydanlarda söylənən şüarlarla olmur. Dağılmış bir bölgənin yığılmasında zərrə qədər iştirak etmişiksə, insanlar ona qiymət verirlər.

Mən bütün fəaliyyətimlə üzərimə düşən öhdəlikləri yerinə yetirməyə çalışmışam. Xalqın vəkili obrazı necə olursa, onu doğrultmaq sadəcə bəyanat istehsalı ola bilməz.

Mən eyni zamanda, media cameəsi üçün əlçatan olmuşam, ən raqəbətli şəraitdə güclü olmağı təbliğ etmişəm və siyasi səhnəmizin rəngarəng olmasını zənginlik saymışam. Ona görə də hər kəs bizi öz səsimizlə tanıyır. Hətta bəyənməyənlər də deyir ki, sizin öz yolunuz var.

Komandada təmsilçilik məsələsinə gəldikdə, indiyə kimi öz tərəfimdən hər hansı bir təşəbbüsdə bulunmamışam. Bundan sonra istənilən müstəvidə ölkəmizin inkişafı üçün çalışacağımın qrantiyasını verə bilərəm. Çünki mənim seçdiyim yol bunu tələb edir. Mənim üçün uğurlu komandanın daha böyük nəticələri önəmlidir, nəinki orda məhz “mən olum” düşüncəsi.

Seçkinin bir addımlığında verəcəyim cavab odur ki, bizim üçün dövlət önəmli olmalıdır. Zahid Orucun gələcək fəaliyyəti bu seçkilərin uğurlu nəticələrindən asılıdır.

Mən dördüncü debatda məmur ordusuna, icra hakimiyyəti orqanlarına, hökumət təmsilçilərinə müraciət etdim ki, başınız üzərindən asdığınız Heydər Əliyev şəxsiyyətinə sədaqətinizi bir daha göstərin, çünki siyasi qətlə və terrora çağırış sədaları məhz milli liderin adına hücum şəklində zühur edirsə, seyrçi qalmaq olmaz. Onlar özlərini dövlətin əsgəri sayırsa, səngərlərini göstərsinlər. Nədən narahatdırlar? Hansı sirlərinin açılmasından qorxurlar? Heç olmasa, kresloları naminə mövqelərini göstərsinlər.

Əlbəttə, narazıların olması təbiidir, amma ölkənin gündəliyi köklü dəyişikliyə uğrayıb. On il əvvəl birinci yerdə duran problem indi aktuallıq kəsb etmir. Lakin meydana yeni tələblər çıxır. Məgər mükəmməl saydığımız Qərb cəmiyyətlərində bir-birini əvəzləyən iqtidarlar daha yaxşı gələcək uğrunda vuruşmurlar? Bizdə də elə olmalıdır.

- Zahid müəllim, gözlənti var ki, seçkidən sonra hökumətdə kardinal dəyişikliklər olacaq. Sizcə, kardinal dəyişiklikləri gözləməyə dəyərmi? Yaxud Siz hansı sahələrdə ciddi dəyişiklikləri zəruri sayırsınız?

- Çox mühüm sualdır. Dövlət həyatı bir qədər mürəkkəb xarakter daşıyır. Orada hər bir şəxsin yerini müəyyənləşdirmək onun həddindən artıq savadlı, peşəkar olması ilə bağlı olmaya da bilir. Sual olunar ki, o zaman hansı meyar seçiləcək? Hətta bəziləri deyəcək ki, yaxınlıq, qohumluq və s. kimi məqamlar ola bilər. Mənim aləmimdə hökumətin fəaliyyətində önəmli olan şəxslərin dəyişməsindən daha çox açılımların, vətəndaşların prosesdə iştirakının, bəzi qurumların ümumiyyətlə ləğvinin reallaşdırılmasıdır. Azərbaycanda Nəqliyyat Nazirliyinin ləğvi prosesi getdi, yalnız son “qəlpə”ləri başqa bir nazirliyə birləşdirildi. Nə oldu? Nəqliyyat sistemi iflic oldumu, xeyr?! Odur ki, ciddi analiz edib, məmur yükündən qurtulmaq lazımdır.

- Bəs təklifiniz nədir?


- Hesab ediəm ki, bu gün iqtisadi azadlıqların genişləndirilməsinə ehtiyac var. Məmur iqtisadi azadlıqlara müdaxiləsinə görə ən ağır cəza alanda ölkədə tamam fərqli mənzərəni görəcəyik. Aydın olacaq ki, dövlət iş yerinin yaradılması məsuliyyətini öz üzərindən paylaşır vətəndaşlara. Dünyanın hər yerində belədir.

Debatların birində də söylədim ki, tibb məntəqəsi, uşaq baxçası tikmək dövlətin vəzifəsi deyil. Prinsipləri müəyyənləşdirib şərait yaratmaq lazımdır ki, bunu sahibkarlar həyata keçirsin. İş yerlərinin yaradılması üçün milli proqram bu olmalıdır: MANE OLMAYIN, TOXUNMAYIN!

Sizə qəribə gəlməsin belə ad. Məhz sahibkar toxunulmazlığı bu millətə bütün başqa imtiyazlardan daha çox lazımdır. Əsl Dövlət Proqramı yardımdan daha çox, müdaxilələrin sıfırlanması üzərində qurulmalıdır. O zaman Azərbaycan cəmiyətinin var-dövlətini yığıb-yığışdırmaq mümkün olmayacaq.

- Seçkidən sonra islahatlar hansı formada gerçəkləşdirilməlidir?

- Əslində, neft bumunun sona yetməsi hökumət fəaliyyətinin real mənzərəsini ortaya qoydu, mövcud boşluqları aradan qaldırmağa şərait yaratdı. Məlum oldu ki, biznes fəaliyyətinə uzanan barmaqları neytrallaşdırmaq lazımdır. Biz vətəndaşların fəaliyyətini asanlaşdıran, biznes mühitinə çıxışını təmin edən mühiti bərqərar etməli, ədalətli mühakimə sistemi yartamalıyıq. Bizim məhkəmə sistemindəki problemlər qətiyyən inkarolunmazıdır. Ədalətsizliyə yol verən hakimi yerində bir gün də saxlmaq şəri və pisliyi gücləndirir, ona həyatımıza hakim kəsilməyə imkan verir.

Mən Ağır Cinayətlərə dair Məhkəmədən tutmuş digər instansiyalara qədər çoxsaylı problemlər sadalaya bilərəm. Vətəndaşların güvəncini təmin etmədən dövlət idarəçiliyinə xalqın yaxından töhfəsini ala bilməyəcəyik. Ona görə də seçkilər ölkənin yeni gündəliyini yaradır və xalqdan etimad alan qüvvə milləti ilə birgə o vəzifələri həll etməlidir.

Zaur ƏHMƏD




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}