23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
“Hesablama Palatası iri dövlət strukturlarında yoxlamalar aparmaqdan çəkinir” - Müsahibə
Tarix: 20-05-2018 22:33 | Bölmə: Müsahibə
“Hesablama Palatası iri dövlət strukturlarında yoxlamalar aparmaqdan çəkinir”

İqtisadçı alim Teyyub Əliyev deyir ki, aparılan yoxlamalar nəticəsində hansı dəyişikliklərin baş verdiyi haqda demək olar ki, məlumat verilmir və bu yoxlamaların səmərəlilik səviyyəsi aydın olmur

Dünya birjalarında neft bahalaşmaqdadır. ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,80 faiz artaraq 80,12 dollar olub. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,91 faiz artaraq 71,14 dollar təşkil edib.

Qeyd edək ki, Brent markalı neftin 1 barelinin qiyməti 2014-cü il, noyabrın 27-dən etibarən ilk dəfə olaraq 80 dolları ötüb.

Maraqlıdır, neftin bahalaşma tendensiyası Azərbaycana nə vəd edir?

Azərbaycan Təkamül Partiyasının sədri, iqtisadçı alim Teyyub Əliyev “Reytinq” qəzetinin bu və ya digər suallarına cavab verib.

Reyting.az saytı həmin müsahibəni təqdim edir:

- Teyyub bəy, neftin qiyməti qalxmağa başlayır. Ucuzlaşanda xalqa mənfi təsir edir, bahalaşanda isə müsbətə doğru nəsə hiss olunmur. Bu barədə nə deyə bilərsiz?


- Belə vəziyyətin yaranması ölkədə hər sahədə inhisarçılığın, məmur sahibkarlığının mövcud olması ilə bağlıdır. Neft uçuzlaşanda onların gəlirləri, mənfəti azalır və bu azalmanı xalqın hesabına kompensasiya edirlər. Neft bahalaşanda "Bir daha qalxan qiymətlər bir daha enməz!",- prinsipini əsas götürürlər.

- Büdcəyə yenidən baxılması planlaşdırılır. Sizcə büdcədə hansı dəyişikliklər edilməlidir?

- Büdcənin artan hissəsinin yeni istehsal müəssisələrinin yaradılmasına, mövcud olanların genişləndirilməsinə sərf edilməsi məqsədəuyğun olardı. Ölkəmizdə elmin, təhsilin inkişafına istiqamətlənmiş real siyasətin həyata keçiriməsinə, bu sahələrdə çalışan elmi-pedoqoji işçilərin sosial müdafiəsinin gücləndirilməsinə ehtiyac var. Ona görə də qeyd edilən sahələrə əlavə vəsaitlərin ayrılması da məqsədəuyğun olardı.

- Son günlər Hesablama Palatasının büdcə təşkilatlarındakı yoxlamalarının nəticələri elan olunur. Kifayət qədər yeyintilər aşkara çıxrılıb. Necə düşünürsüz, Hesablama Palatası movcud yeyintilərin hamısını üzə çıxarır, yoxsa, bəzi məqamları açır?

- Düzü, Hesablama Palatasının son olaraq hansı büdcə təşkilatlarında yoxlama apardığından xəbərsizəm. Ancaq ənənəvi olaraq Palata iri dövlət strukturlarında, nazirliklərdə, komitələrdə yoxlamalar aparmaqdan çəkinir. Aparılan yoxlamaların nəticəsində hansı dəyişikliklərin baş verdiyi haqda demək olar ki, məlumat verilmir və bu yoxlamaların səmərəlilik səviyyəsi aydın olmur. Ona gərə də Palatanın apardığı yoxlamaların büdcə vəsaitlərinin xərclənməsinin hansı vəziyyətdə olduğuna dair əsaslandırılmış fikir söyləmək çətindir.

- Ümumiyyətlə, büdcə vəsaitlərinin xərclənməsinə nəzarət mexanizmini necə görürsüz? Bu sahədə hansı işlər görmək olar?


- Büdcə vəsaitlərinin xərclənməsinə nəzarəti gücləndirmək üçün Hesablama Palatasının səlahiyyətləri genişləndirilməli, aşkara çıxarılmış nöqsanların aradan qaldırılması, səbəbkarların qanun qarşısında cavab vermələri istisnasız olaraq təmin edilməlidir.

- Kadr dəyişikliklərindən əvvəl struktur islahatları da aparıldı. Bəzi qurumlar birləşdirildi, bəziləri ləğv olundu. Bu istiqamətdəki dəyişiklikləri necə dəyərləndirirsiniz?

- Həyata keçirilən struktur islahatlarının və kadr dəyişikliklərinin nəticələri barədə fikir söhləmək hələ tezdir. Bunun zamana ehtiyacı var. Yaxşı olacağna ümid edirik.

- Artıq bir aydan çoxdur ki, hökumətin yeni tərkibi formalaşıb, yeni simalar var. Hazırkı komandanı necə qiymətləndirirsiz?

- Nazirlər Kabinetinin yeni tərkibində kənardan az saylı kadrların cəlb edilməsi onun fəaliyyətində köklü dəyişikliklərin olacağını söyləməyə kifayət qədər əsas vermir. Müəyyən canlanmanın olacağını söyləmək olar.

- Ən əsas sahələrdən biri də kənd təsərrüfatıdır. Burada rəhbər dəyişikliyi oldu. Sizcə, bu dəyişiklik aqrar sahənin inkişafına təkan verə bilər?


- Kənd təsərrüfatı xalq təsərrüfatının spesifik sahəsidir. Bu sahədə qısa müddətdə ciddi, köklü dəyişikliklərin olacağını gözləmək sadəlövlük olardı. Hər halda, kənd təsərrüfatının daha sürətlə inkişaf edəcəyinə ümid bəsləyirik.

- Bir məqama diqqətinizi yönəltmək itəyirəm. Uzun illərdir ki, ölkədə hakim siyasi qüvvə dəyişmir. Hər seçkidən sonra komandada müəyyən dəyişikliklər olsa da, müxalifətə yer ayrılmır. Hətta orta mövqeli müxaliflər belə idarəetməyə cəlb olunmur. Bu barədə sizin düşüncəniz nədir?

- Azərbaycan reallığında iqtidarda olan siyasi qüvvənin öz hakimiyyətini müxalifətlə bölüşəcəyini gözləmək sadəlövlük olardı. Bunun bir səbəbi hakimiyyəti bölüşmək istəyinin olmaması ilə əlaqədardırsa, digər səbəbi müxalif siyasi qüvvələrin zəifliyi, pərakəndəliyi, ictimai-siyasi proseslərə təsir gücünün kifayət qədər olmaması ilə bağlıdır.

- Əvvəllər siyasi partiyalar hakimiyyətə istisadi, siyasi, sosial sahələrlə bağlı təkliflər verərdilər, proqlarmlar hazırlanardı. Nə baş verdi, deməyə sözünüz yoxdur, yoxsa sizi eşitmədiklərinə görə geri çəkilmisiniz?

- Siyasi partiyalar əvvəllər də, indi də ölkədə baş verən sosial-iqtisadi proseslərin səbəbləri, mövcud problemlərin aradan qaldırlması yolları barədə təkliflər veriblər və verirlər. Partiya liderləri, fuksionerləri öz çıxışlarında, müsahibələrində ölkədə mövcud problemlərin həllinə dair təkliflərini irəli sürüblər və sürürlər. Təəssüf ki, onları nəzərə alan yoxdur. Hakimiyyət mənsubları müxalifətin təkliflərini nəzərə almağı məqsədəuyğun hesab etmirlər. Ancaq müxalifət ölkənin rifahı naminə fəaliyyətini davam etdirir.

- Belə məqamda müxalifət nə etməlidir?

- Müxalifət ruhdan düşməməli, ölkəmizin milli maraqları, xalqımızın rifahı, ölkədə demokratiyanın inkişafı uğrunda dinc mübarizəsini davam etdirməlidir.

- Adətən daha radikal üsular da seçilir. İnsanların vəziyyəti ağırlaşdıqca, ruhdan necə düşməsinlər?

- Radikal üsulların seçilməsi və reallaşdırılmasına cəhdlərin edilməsi çox vaxt əks nəticələr verir və biz bunu Azərbaycan reallıqlarında görmüşük. Ona görə də siyasi mübarizədə təkamül yolunun seçilməsi daha məqsədəuyğundur.

- Teyyub bəy, təkamül yolu neçə il olar, 10-20-30 il…

- Bəziləri təkamül yolunu dəmyə əkinçiliyi ilə müqayisə edirlər və kökündən yanılırlar. Təkamül yolu passiv yox, aktiv mübarizə yolunun seçilməsini nəzərdə tutur. Fərq ondadır ki, təkamül yolu mübarizənin dinc, qanunlar çərçivəsində, zorakılıq tətbiq etmədən aparılmasını nəzərdə tutur, hər cür zorakılığı rədd edir. Onun neçə il davam etməsi xalqın mobillik səviyyəsindən asılıdır.

- Hər halda siyasi mübarizə xalqın xarakterinə uyğun qurulmalıdır. Bu üsul illərdir nəticə vermirsə, hakimiyyət də buna məhəl qoymursa, bu yola davam nə dərəcədə doğrudur?

- Məgər xalqımızın xarakteri radikal mübarizə yolunu seçməyə əsas verir? Bu gün xalqın hansı hissəsi özünü radikal müxalifət elan edənlərin ardınca gedir? Bu gün həyatından narazı olanların mütləq əksəriyyəti onun yaxşılaşdırılması üçün mübarizə aparmır, bunu başqalarından gözləyir. Ona görə də təkamül yolu ilə onları başa salmaq lazımdır ki, yaxşı, firavan həyata yalnız birgə fəaliyyət nəticəsində nail olmaq olar.

- Belə baxanda, nə əldən qoyur, nə yardan doyuruq, ona görə də qalmışıq belə...


- Nə qədər ki, biz həyatımızın daha yaxşı olması üçün səylərimizi birləşdirməyəcəyik, onu başqalarının hesabına əldə etmək istəyimizi davam etdirəcəyik, istədiyimiz cəmiyyəti qura bilməyəcəyik.

Z.MƏMMƏDLİ




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}