AMEA-nın gördüyü işlər nazir müavinini qane eləmir
Tarix: 17-12-2018 20:59 | Bölmə: Siyasət
AMEA-nın gördüyü işlər nazir müavinini qane eləmir

Müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev son zamanlar Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və digər təşkilatlar tərəfindən müdafiə təyinatlı məmulatların yaradılması istiqamətində həyata keçirilən işlərə münasibət bildirib.

Reyting.az
saytı “AzeriDefence”yə istinadla xəbər verir ki, müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev “Azərbaycan” qəzetində dərc olunmuş məqaləsində bununla bağlı məqamlara da diqqət yönəldib. Nazir müavininin fikirlərindən göründüyü qədər Müdafiə Sənayesi Nazirliyinin (MSN) rəhbərliyi AMEA-da və digər özəl şirkətlər tərəfindən müdafiə təyinatlı məmulatların yaradılması prosesinin MSN nəzarəti altında aparılmasını istəyir.

“Son zamanlar Azərbaycan Milli Elmlər Akademiyasında, eləcə də respublikamızın digər qurumlarında müdafiə təyinatlı məmulatların yaradılması və istehsalı işləri aparılır. Alimlərimizin bu sahəyə belə maraq göstərməsini çox müsbət hal kimi qiymətləndiririk. Nəzərə almaq lazımdır ki, nazirliyin əsasnaməsində əsas fəaliyyət istiqamətləri müdafiə sənayesi sahəsində vahid dövlət siyasətinin formalaşmasında iştirak və bu siyasətin həyata keçirilməsini təmin etmək, eləcə də müdafiə sənayesinin inkişafına nail olmaqdır. Bu sahədə aparılan işlərin tənzimlənməsi Müdafiə Sənayesi Nazirliyinin iştirakı ilə aparılmalıdır”.

Y. Musayev qeyd edib ki, nazirliyin müəssisələrində dövlət başçısının tapşırığı əsasında müdafiə təyinatlı məmulatların istehsalını həyata keçirən ixtisaslaşmış sahələr yaradılıb və dövlət vəsaiti hesabına investisiyalar qoyulub: “Hazırda həmin ixtisaslaşmış istehsal sahələrinin uğurlu fəaliyyəti nəticəsində respublikamızın güc strukturlarının müdafiə təyinatlı məhsullara olan tələbatının ödənilməsi ilə yanaşı, məhsullarımız xaricə də ixrac edilir. Bu sahədə məsələlərin effektiv həlli üçün alimlərimizlə birgə əməkdaşlığın genişləndirilməsinə dair danışıqlar aparılır”, – deyə nazir müavini vurğulayıb.

Qeyd edək ki, AMEA Yüksək Texnologiyalar Parkının rezidentləri Müdafiə Nazirliyi və digər güc strukturları ilə birlikdə müxtəlif təyinatlı layihələr reallaşdırır. Bunların arasında sərhəd mühafizə sistemləri, dronlar, kamikadze PUA-lar, məsafədən idarə olunan partladıcılar, döyüş modulları, simulyatorlar, hərbi texnikalar üçün akkumulyatorlar və s. var. Texnoparkın rezident şirkəti “Buta Armor” zirehli gödəkcə və dəbilqə istehsalına dair lisenziya alıb.

Özəl sektorda fəaliyyət göstərən daha bir neçə şirkət isə hərbi texnikanın, müxtəlif müdafiə təyinatlı məmulatların istehsalı və təmirinə lisenziya alaraq fəaliyyətə başlayıb. Bütün bunlar isə artıq dövlət və qeyri-dövlət müdafiə sənayesi müəssisələri arasında rəqabətin əsasını qoyub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}