Məxfi plan ölkənin ərazi bütövlüyünə təhlükə yaradıb – Təhlil
Tarix: 22-12-2018 10:45 | Bölmə: Siyasət
Məxfi plan ölkənin ərazi bütövlüyünə təhlükə yaradıb

Dekabrın 19-da prezident Donald Trampın verdiyi qəfil qərarla ABŞ-ın Suriyadakı bütün hərbi qüvvələri 60-100 gün ərzində bu ölkədən çıxarılacaq.

Reyting.az
-ın məlumatına görə, Ağ evdən yayılan bəyanatda bildirilib ki, Trampın qərarı ilə 24 saat ərzində Amerika xarici siyasətinə bağlı olan bütün personal Suriyanı tərk edib və İŞİD-lə savaşın yeni mərhələsi başlayır.

ABŞ-ın birdən-birə bölgəni tərk etməsi, həm bölgə, həm də bu bölgədə hərbi gücləri olan dövlətlər üçün yeni şəraitin yaranması deməkdir. Unutmayaq ki, ABŞ qüvvələri Suriyanın 1/3-nə nəzarət edir. Bu səbəbdən ABŞ-ın bu ərazini tərk etməsindən sonra boşluğun necə idarə ediləcəyi müzakirə olunmaqla yanaşı, Amerikanın birdən-birə bütün hərbi güclərini niyə və hansı şərtlər, yaxud razılaşmalar əsasında çıxarması böyük maraq doğurur.

Trampa Ərdoğan təsir edib?

Amerikalı yetkililərdən biri “Reuters”ə deyib ki, Suriyadan qəfil çəkilmə qərarı Trampın Ərdoğanla son görüşündə müzakirə olunub.

Dövlət Departamentinin səlahiyyətli şəxsi bildirib ki, Trampın qəfil qərarının kökündə Türkiyə prezidenti Ərdoğanla son telefon danışığı durur:

“Qərar Trampla Ərdoğan arasında cümə günü baş tutan telefon görüşməsində verilib. Bundan sonra bölgədə müttəfiqlərimiz vasitəsi ilə hərəkət edəcəyik”.

Qeyd edək ki, bu qərardan dərhal sonra Çavuşoğlu ilə ABŞ Dövlət katibi Pompeo telefonla müzakirə aparılıb. Elə bu məqam da ABŞ-ın bölgədə Türkiyə vasitəsi ilə varlığını sürdürəcəyi qənaətini yaradır.

Məxfi plan ölkənin ərazi bütövlüyünə təhlükə yaradıb

D. Trampın özü isə Suriyadan çəkilmə qərarının gözlənilməz olmadığını bildirib: “Suriyadan çıxmağımız üçün illərdir kampaniya aparırdım. 6 ay əvvəl bunu edəcəyimi açıq-aşkar bildirmişdim”.

Amerikanın geri çəkilməsindən sonra boşalacaq Suriyanın 1/3 hissəsinə hansı ölkənin - Suriyanın, Rusiyanın, Türkiyənin, yoxsa İranın nəzarəti bərpa edəcəyi məsələsi açıq qalmışkən, “Habertürk”ün Vaşinqton təmsilçisi Sərdar Turqut ABŞ-la Rusiyanın gizli anlaşması haqda maraqlı təhlilə çıxış edib. S. Turqut yazır:

Sərhədimizin cənubunda baş verən hadisələri, Türkiyənin qərarlılığını, Vaşinqtondan verilən “Hərbçilərimizi geri çəkməyi düşünürük”,- açıqlamalarını, Suriyada siyasi inkişafın konstitusiya layihəsinin işlənib hazırlanması prosesinə çatmasını və hərbi hərəkətliliyin intensivləşməsini – bütün baş verənləri anlamaq üçün yaxın tarixdə gizli diplomatiyada yaşananları bilməmiz və anlamamız lazımdır.

ABŞ və Rusiya hələ bir il öncə Suriyanın gələcəyilə bağlı ilkin anlaşma əldə etmişdilər. Hər iki ölkə də bu anlaşmanın Türkiyənin razılığı və dəstəyi olmadan tətbiq edilmə ehtimalının olmadığını bildiklərinə görə, onun ən həlledici məsələsi Suriya kürdlərilə bağlı oldu. Rusların “Şimali İraq modeli”, amerikalılarınsa “Qamışlı modeli” adlandırdıqları “Kürd qurumunun formalaşması modeli”nin formulu bu prosesin gedişində müəyyən edildi.

Məxfi plan ölkənin ərazi bütövlüyünə təhlükə yaradıb

Suriyada kürdlərin daxil olduğu federativ quruluş düşünülmür. Şimali Suriyada, lakin sərhədlərimizdən uzaqda, sərhədləri bəlli olan və Suriya ordusu tərəfindən qorunan, sərhədlərində Suriya bayrağı dalğalanan və YPG/PYD təsirindən azad edilən bir ərazidə yaradılacaq kürd qurumuna mədəni və idarəçilik muxtariyyatı veriləcək.

Rusiya ilə ABŞ arasında keçirilən gizli diplomatik görüşlərdə Türkiyənin öncə buna etiraz edəcəyi, lakin sonra, Şimali İraqda olduğu kimi, bu qurumla iş apardığı halda, İraq Kürd Regional Administrasiyası necə Türkiyənin təsiri altına girdisə, Şimali Suriyada da bunun olacağı danışıldı.

Şimali İraq modeli nə deməkdir?

Bu nəticənin necə əldə edildiyini Vaşinqtonda birbaşa özüm müşahidə etdim. O üzdən bu prosesi də ən yaxşı məhz mən anlada bilərəm.

Rusların “Şimali İraq modeli” adlandırdıqları formulu amerikalılara anlatmaq üçün planın memarı olan Putinin Orta Şərq üzrə müşaviri Vitali Naumkin bu ilin fevral ayının 25-də Vaşinqtona gəldi. 26 fevralda Corctaun Universitetində yalnız xüsusi dəvət olunanların iştirak edə biləcəyi yeməkli toplantı oldu.

26 fevral gecəsi Vaşinqtonun xarici siyasət və milli təhlükəsizlik elitaları Naumkinin Suriya planını dinləməyə gəlmişdilər. Naumkin “Kürdlər və Suriyanın gələcəyi” mövzusuna həsr etdiyi çıxışında Rusiyanın düşüncələrini açıqca anlatdı.

Ertəsi gün – 27 fevralda, o dövrdə MKİ direktoru olan Mayk Pompeo prezident Trampa səhər brifinqi etmək üçün Ağ evə bir az gec gəldi. Naumkinin Vaşinqtondan ayrılmasını gözləmişdi. Bu baxımdan Pompeonun nə üçün önəmli olduğunu da anlatmalıyam.

Naumkinin Vaşinqtona gəlməsindən bir həftə öncə, MKİ direktoru gizli bir əməliyyat keçirmişdi. MKİ-nin FTB ilə əməkdaşlıq şəraitində apardığı bu əməliyyatla Rusiyanın xarici, daxili və hərbi kəşfiyyatının rəhbərliyindəki şəxslər gizlicə Vaşinqtona gətirildilər. Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin və FTX-nin rəhbəri Aleksandr Bortnikov da Vaşinqtona gələn qrupda idi. Halbuki bu şəxslərə qarşı tətbiq olunan sanksiyalara görə, onların ABŞ-a girişi qadağan olunmuşdu. Pompeo onları MKİ-nin mərkəzi ofisində qəbul etdi və uzun bir toplantı keçirildi. Bu toplantıda Naumkinin bir həftə sonra açıqlayacağı “Kürd planı” və Suriyanın gələcəyi məsələsinin detalları müzakirə edildi.

Bu hadisədən sonra Naumkinin nitqini də dinləyən Pompeo, 27 fevralda verdiyi Gündəlik Prezident Brifinqində (Presidential Daily Briefing) Fəratın şərqi ilə bağlı düşünülənləri prezident Trampa anlatdı. Brifinqdən sonra Trampın Putinə zəng etməsi planlaşdırılmışdı.

Onlar 1,5 saat telefonda danışdılar. Tramp, Putinlə danışarkən “Şimali İraq modeli”inə həmən razılıq verməsə də, onun, ən azı, üzərində müzakirə aparıla biləcək bir təklif olduğunu söyləmişdi.

O gün Vaşinqtonda, əgər Suriyada İranın təsirinin azaldılması prosesinə Rusiyanın aktiv dəstəyi alına bilərsə, “Şimali İraq modeli”inə dəstəyin artırılması haqqında qərar verildi. Vaşinqton buna “Qamışlı modeli” adını verdi.

27 fevralda Vaşinqtonda, əgər bir gün ABŞ bölgədəki 2200 hərbçisini geri çəkərsə, YPG/PYD ünsürlərinə “Siz Əsəd hakimiyyəti və Rusiya ilə əlaqəli çalışın”,- deyilməsinə də qərar verildi.

Anlayacağınız odur ki, bizi bu günlərə gətirən prosesin pərdə arxasında bunlar yaşandı. Bunlar mənim şərhlərim deyil, birbaşa yaxından izlədiyim və çoxtərəfli dəqiqləşdirdiyim hadisələrdir. Məsələ Orta Şərq, xüsusilə Suriya olduqda heç bir hadisəyə qəti olaraq baxmamaq lazımdır. Lakin hadisələrin inkişafının yeni bir prosesin içinə daxil olduğu qətidir. Qəti olan digər bir şey də bölgədə Türkiyənin müəyyənedici olacağıdır.

ABŞ əraziləri kürd qruplaşmalarına verəcək?

Bəli, indi əsas diqqət ABŞ-ın boşalacağı hissəyə kürd qruplaşması YPG-nin tam yerləşdirilməsi, sonradan isə bu bölgədə kürd dövlətinin yaradılması söhbətinin gerçək olub-olmamasına yönəlib.

Bu barədə “Middle East Eye”nin məşhur analitiki Yusuf Erim maraqlı yazı qələmə alıb. Həmin məqaləni də təqdim edirik:

Məxfi plan ölkənin ərazi bütövlüyünə təhlükə yaradıb

“Qırmızı xətt” ifadəsi dünya liderlərinin ritorikasında qəbuledilməz hərəkətlərə və ya siyasətə işarədir. Türkiyə üçün Suriya ilə sərhəd boyunca “Xalq Müdafiə Birləşmələri”nin (YPG) varlığı, tünd qırmızı rəngli cizgi – milli təhlükəsizlik məsələsidir.

ABŞ YPG-ni “Suriya Demokratik Qüvvələri” (SDQ) ilə koalisiyanın əsasını təşkil edən tərəfdaş kimi qəbul edərkən, Türkiyə onu Vaşinqton və Ankarada terror qrupu olaraq “qara siyahı”ya salınan separatçı Kürdüstan İşçi Partiyasının (PKK) Suriya qolu kimi görür.

Türkiyə PKK-ya qarşı 40 il mübarizə aparıb. Münaqişədə 40 mindən çox adam öldürülüb. Rəcəb Tayyib Ərdoğan ABŞ prezidentinə təhlükəsizlik müşküllərini bildirməsindən bir neçə ay sonra Fəratın şərqində YPG-ni hədəfə alan hərbi əməliyyata hazırlıqların tamamlandığını elan edib.

Türkiyə həmişə öz sərhədləri boyunca PKK və onun filiallarının inkişafından ehtiyat edir. Suriyanın şimal-şərqində YPG ilə idarə olunan anklavın formalaşması Ankara üçün təhlükəsizlik və xarici siyasət kabusudur.

Hakimiyyət vakkumları qeyri-dövlət aktyorlarının inkişafı üçün ideal vəziyyətlər yaratma tendensiyasına malikdir. Günümüzdə Suriyadakı şərait 1990-cı illərin sonu və 2000-ci ilin əvvəllərində Şimali İraqda baş verən hadisələri xatırladır və 2005-ci ildə Kürdüstan Regional Hökumətinin idarə etdiyi müstəqil bölgənin tanınmasına gətirib çıxarır.

1991-ci ildə kürd peşmərgəsinin Şimali İraqda yerləşdirməsi ilə YPG-nin Şimali Suriyaya yerləşdirilməsini müqayisə etmək olar. Həm peşmərgə, həm də YPG, Səddam Hüseyn və İŞİD-lə mübarizə aparmaq üçün ABŞ tərəfindən hazırlanıb və təchiz olunub.

Ancaq Şimali İraqda kürdlər PKK-dan uzaqlaşaraq, Türkiyədən təpki almadan diplomatik yolla muxtariyyət əldə edə bilib, hətta Ankara üçün mühüm ticarət tərəfdaşı olublar. Amma bir çox ABŞ səlahiyyətlisinin qəbul etdiyi YPG – PKK-nın Suriya qolu, terror qrupunun qurucusu Abdullah Öcalanın ideologiyasının davamçısıdır.

Bu ilin əvvəlində NATO müttəfiqləri, ABŞ və Türkiyə Mənbic şəhərində, Fəratın o biri tayında YPG varlığına dair təhlükəsizlik problemlərini həll etmək üçün yol xəritəsi haqqında razılığa gəlib. Müqavilə Ankaraya hərbi əməliyyatlardan yayınmaqla, potensial olaraq çayın şərq hissəsində təkrarlana biləcək problemləri diplomatik həll etmək ümidi verib.

Buna baxmayaraq, razılaşdırılmış ABŞ-Türkiyə birgə nəzarətini yerinə yetirməkdə davamlı gecikmələr, Mənbicdə YPG-nin mövcudluğu və Vaşinqtonun Türkiyə-Suriya sərhədi boyu müşahidəçi mövqeləri qurması xəbərləri Ərdoğan administrasiyasını inandırıb ki, yol xəritəsi dalana dirənir.

Türkiyənin Suriyanın şimal-şərqinə daxil olmasını gecikdirmənin digər səbəbi “Suriya Demokratik Qüvvələri”nin (SDQ) əsas tərkib hissəsi olan YPG-nin İŞİD-lə mübarizə aparması və ABŞ-ın terror təşkilatını neytrallaşdırmaq üçün səylərinə mane olmamaq idi.

Ancaq indi, Mənbicdə uğurlu ABŞ-Türkiyə əməkdaşlığına ümid itdikdə, ABŞ prezidenti Donald Tramp İŞİD-in məğlub olduğunu elan edib və Ankara təhlükəsizlik məsələsini birbaşa həll etmək haqqı olduğunu düşünür.

ABŞ-ın Suriyada YPG ilə əməkdaşlığı Obama rəhbərliyinə aid qərardır. Vaşinqton İŞİD-ə qarşı kampaniyasında dayaq halına gələn qrupu hazırlama işinə illər ərzində böyük sərmayə qoyub. ABŞ səlahiyyətlilərinin son şərhlərində də Suriyada fəaliyyət göstərən İran dəstəkli şiə milislərini dayandırmaq üçün SDQ-dən istifadə planları açıqlanıb.

İndi, NATO müttəfiqi ilə Suriya ortağı arasında toqquşma halında, Ağ ev çətin xarici siyasətlə üzləşəcək.

Tramp Türkiyə, yoxsa YPG dilemması ilə üz-üzədir

Tramp Ərdoğanı dəstəkləyəcək və Türkiyəyə təhlükəli elementləri təsirsiz hala gətirməkdə yardımçı olacaq? Yaxud YPG-ni qoruyacaq və Türkiyə üçün böyük maneə yaradacaq?

Bazar ertəsi Ərdoğan bildirib ki, Tramp, ABŞ Müdafiə Nazirliyindən fərqli olaraq, Fərat çayının şərqinə dair Türk planını qəbul edir: “Fəratın şərqində hərbi əməliyyata başlayacağıq. Bunu cənab Trampla müzakirə etdik və müsbət cavab aldıq”.

Bölgədə ABŞ-ın iştirakı da Türkiyə üçün işi çətinləşdirir. Təxminən 2000 ABŞ əsgəri və 20 hərbi bazanın olduğu bölgədə geniş hərbi əməliyyat ABŞ və türk əsgərləri arasında təsadüfi toqquşma riski yaradır. Bu həm Vaşinqton, həm də Ankara üçün ən pis ssenaridir.

Məxfi plan ölkənin ərazi bütövlüyünə təhlükə yaradıb

Afrində keçirilən əvvəlki hərbi əməliyyatdan fərqli olaraq, Türkiyə də daha böyük YPG gücü ilə üzləşəcək – bölgədə təxminən 40 min döyüşçü var. Ancaq Türkiyənin milli təhlükəsizliyinə gəldikdə, PKK və onun qollarının sərhəd boyunca qala yaratmasına maneə törətmək həmişə “qırmızı xətt” olub.

Ərdoğan geri sayıma başlayıb və top indi Trampın ayağındadır: “Vaşinqtonun təpkisi ABŞ-Türkiyə əlaqələrinin gələcəyini deyil, onilliklər ərzində bölgənin ərazi və bölgə demoqrafiyasını da yarada bilər".

Son

Türkiyə hazırda Fərat çayının şərq sahillərində və Menbiç şəhərini illərdir işğal etmiş PKK-nın Suriya qolu olan YPG-ni məhv etmək üçün böyük hərbi əməliyyata hazırlıq mərhələsindədir.

Bir çox ekspertlər Türkiyənin bu bölgə ilə İdlibi də terrorçulardan təmizləməsindən sonra mənzərənin daha aydın olacağını və məhz bundan sonra ABŞ, Rusiya, İran və Türkiyənin əsas rol oynayacağı "Masa"nın yenidən qurulacağını iddia edirlər. Həmin "Masa"dan çıxacaq qərarların bölgənin gələcək xəritəsi olacağı bildirilir.

Bəli, Yaxın Şərq yenidən qaynayır. Qaynayan "qazan"dan bir "çömçə yemək" götürmək istəyən dövlətlərin də olacağı gözləniləndir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}