Türkiyədə Beynəlxalq Qarabağ Forumu keçirildi – Qətnamə
Tarix: 22-12-2018 18:52 | Bölmə: Siyasət
Türkiyədə Beynəlxalq Qarabağ Forumu keçirildi

Türkiyənin İzmit şəhərində Beynəlxalq Qarabağ Forumunun 6-cı toplantısı keçirilib. Toplantıda Türkiyə, Azərbaycan, Rusiya və Bolqarıstandan nümayəndələr iştirak ediblər. Toplantının əvvəlində Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri, Beynəlxalq Qarabağ Forumunun koordinatoru Akif Nağı, Beynəlxalq Qarabağ Forumunun üzvü, Türkiyə-Azərbaycan Dərnəklərinin başkanı Bilal Dündarı Azərbaycan-Qarabağ həqiqətlərinin təbliğində xidmətlərinə görə olunublar.

QAT-ın mətbuat xidmətindən Reyting.az-a verilən məlumata görə, Türkiyədən Beynəlxalq Qarabağ Forumunun koordinatoru Goksel Gülbey Foruma sədrlik edib. Əvvəlcə təşkilati məsələlərə baxılıb, Foruma yeni üzvlər qəbul olunub. Rusiyadan Tahir Hacıyev, Əşrəf Hüseynov və Sultan Mərzili, Azərbaycandan Firudin Məmmədov, Bolqarıstandan Hikmət Əfəndiyev, Altəkin Ceferli, Abidin Karasu, Mehmet Teyfik, Türkiyədən Turqut Cəfəroğlu Foruma üzv seçiliblər.
Məlumata görə, Forumun idarə olunması üçün koordinatorlar qrupu yaradılıb. Koordinatorlar qrupuna Azərbaycandan Akif Nağı, Emin Həsənli, Sultan Əzimzadə, Türkiyədən Goksel Gülbey, Cefer Dal, Cemal Barış, Turqut Ceferoğlu, Rusiyadan Sultan Mərzili, Əşrəf Hüseynov, Tahir Hacıyev, Bolqarıstandan Rafet Ulutürk, Hikmət Əfəndiyev, Altekin Ceferli seçiliblər. Bundan sonra Forum öz işini davam etdirib.

Forumda həm Qarabağ ətrafında baş verənlərə, həm də dünyadakı digər hadisələrə münasibət bildirilib, fikirlər səsləndirilib. Forum iştirakçılarından Akif Nağı, Goksel Gülbey, Sultan Əzimzadə, Cefer Dal, Bilal Dündar, Altekin Ceferli, Cemal Barış, Sultan Mərzili və digərləri çıxış edərək öz təkliflərini veriblər.

Forumun əsas qayəsi həm yerlərdə Foruma daxil olan təşkilatların iş birliyinin əldə olunması, fəaliyyətin təkmilləşdirilməsi, əlaqələrin daha da sıxlaşdırılması, Forumun əsas ideyası Qarabağ həqiqətlərinin təbliği və sözdə “erməni soyqırımı” iddialarının ifşası ilə bağlı daha geniş miqyasda fəaliyyət göstərməyin zəruriliyi vurğulanıb.

Forumda növbəti toplantının gələn ilin ortalarında keçirilməsi ilə bağlı qərar da qəbul olunub.

Sonda Beynəlxalq Qarabağ Forumunun yekun qətnaməsi qəbul olunub.

Qətnamədə deyilir:

1. Azərbaycana qarşı Ermənistanın hərbi təcavüzü nəticəsində yaranan Dağlıq Qrabağ münaqişəsinin həlli istiqamətində beynəlxalq təşkilatların, ATƏT-in Minsk qrupu həmsədrlərinin səmərəsiz fəaliyyəti pislənilsin.

2. Azərbaycanın işğal altındakı ərazilərini istənilən vasitələrlə, o cümlədən Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 51-ci bəndinə uyğun olaraq, hərbi yolla azad etmək haqqı tam şəkildə dəstəklənsin. Beynəlxalq Qarabağ Forumuna daxil olan təşkilatlara öz ölkələrində Azərbaycanın bu haqqına hörmət edilməsi istiqamətində ictimai rəyin yaradılmasına səy göstərmələri tövsiyyə edilsin.

3. İşğalçı Ermənistanın Azərbaycana qarşı ilhaqçı mövqedə qalması, işğal etdiyi Azərbaycan torpaqlarından çıxmaq istəməməsi, beynəlxalq hüquq normaları ilə hesablaşmaması qətiyyətlə pislənilsin. Ermənistanda bəzi xarici mərkəzlər tərəfindən hakimiyyətə gətirilmiş yeni qüvvələrin yalançı, hay-küylü bəyanatları, saxta “demokrat” imici yaratmaq, danışıqlardan yayınaraq vaxtı uzatmaq cəhdləri ittiham edilsin. Qeyd edilsin ki, Qarabağ münaqişəsinin ədalətli həlli Ermənistanın işğalçı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən, Dağlıq Qarabağ və ətraf 7 rayondan dərhal və qeyd-şərtsiz çıxarılmasından, həmin ərazilərdə Azərbaycanın suveren hüquqlarının tam bərpasından ibarət ola bilər.

4. Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün region ölkələrinin əlaqəli fəaliyyətinə, vasitəçilik missiyasına üstünlük verilməsi məqsədəuyğun hesab edilsin. Region ölkələrindən Türkiyə, İran, Rusiya arasında münasibətlərin yüksələn xəttlə inkişaf etməsi təqdir olunsun və bu münasibətlərin Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsiri qeyd edilsin.

5. Amerika Birləşmiş Ştatlarının və onun təsiri altında olan bəzi dövlətlərin İran, Türkiyə, Rusiya və digər ölkələrə qarşı əsassız sanksiyalar siyasəti pislənilsin, beynəlxalq hüquqa zidd hərəkət kimi dəyərləndirilsin. Sanksiyalara məruz qalan ölkələrin vəziyyətdən çıxış yolu kimi hakimiyyətlər və cəmiyyətlər səviyyəsində birgə fəaliyyət göstərməsi məqsədəuyğun hesab edilsin. Əsassız sanksiyalar siyasətinin dünyada münaqişə ocaqlarının qalmasına rəvac verdiyi qeyd olunsun. Sanksiyalar hansısa siyasi və məkrli niyyətlərlə deyil, işğalçı, təcavüzkar ölkələrə, o cümlədən, Ermənistana qarşı yönəlməlidir.

6. Dünyada işğal, terror, etnik təmizləmə, separatizm, başqa ölkələrin daxili işlərinə qarışma siyasəti qətiyyətlə pislənilsin. Fələstin, Suriya, Yəmən və digər ölkələrdə dinc əhalinin, o cümlədən, uşaqların, qadınların kütləvi şəkildə qətlə yetirilməsinə son qoyulsun. Beynəlxalq təşkilatlardan bu faciəli böhranların aradan qaldırılması üçün təsirli addımların atılması tələb edilsin.

7. Qarabağ həqiqətlərinin təbliği istiqamətində səylər daha da artırılsın, bu işdə kütləvi informasiya vasitələri, sosial şəbəkələr, elmi-praktiki konfrans, dəyirmi masa, digər vasitə və formalardan daha geniş istifadə edilsin.

8. Forum iştirakçıları Dağlıq Qarabağ məsələsinin beynəlxalq və regional təşkilatlar, xüsusilə də İslam Əməkdaşlıq Təşkilatı müstəvisində prioritet, əsas problemə çevrilməsi istiqamətində səylərini artırsınlar.

9. Beynəlxalq Qarabağ Forumuna daxil olan təşkilatlara öz ölkələrində daha səmərəli şəkildə fəaliyyət göstərmələri tövsiyyə edilsin. Hər bir üzv ölkədə həm əməkdaşlıq edilən təşkilatların sayı artırılsın, həm də işin keyfiyyəti yüksəldilsin.

10. Biz bir daha dünya birliyinə, beynəlxalq təşkilatlara, aparıcı dövlətlərə müraciət edir, onları ikili standartlar siyasətinə son qoyulmasına, Dağlıq Qarabağ və digər münaqişələrin həllinə tezliklə nail olunmasına, hər bir halda ədalət, obyektivlik, humanizm prinsiplərinin üstün tutulmasına çağırırıq!




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}