16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Azərbaycan Qarabağa yüksək səviyyədə özünüidarəetmə hüququ verməyə hazırdır - Məmmədyarov
Tarix: 25-12-2018 13:55 | Bölmə: Siyasət
Azərbaycan Qarabağa yüksək səviyyədə özünüidarəetmə hüququ verməyə hazırdır

Bakı Dağlıq Qarabağa Azərbaycanın beynəlxalq səviyyədə qəbul edilən sərhədləri çərçivəsində yüksək səviyyədə özünüidarəetmə hüququ verməyə hazırdır.

Reyting.az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bir sıra KİV-lərə müsahibəsində bildirib.
Qarabağ nizamlanmasına toxunaraq, o, təəssüflə qeyd edib ki, uzun illər ərzində aparılan danışıqlar nəticə verməyib.

“Ermənistanda baş verən son hadisələr, eləcə də Azərbaycan Respublikasının Prezidenti ilə Ermənistan Baş naziri arasında MDB-nin Düşənbə və Sankt-Peterburq zirvə görüşləri çərçivəsində baş tutan söhbətlər və mənimlə Ermənistanlı həmkarım arasında keçirilmiş 3 görüş danışıqlar prosesinin irəli aparılması baxımından müəyyən optimizm vəd edir", - Məmmədyarov bildirib.

Bu zaman o, ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrinin nümayəndə heyətlərinin başçılarının və Azərbaycan və Ermənistan XİN başçılarının Milanda ATƏT XİN Şurası çərçivəsində qəbul etdikləri 6 dekabr tarixli birgə bəyanatında "münaqişənin sülh yolu ilə ədalətli və davamlı həlli üzrə danışıqların davam etdirilməsinin razılaşdırıldığı" qeyd edilib.

"Bu isə o deməkdir ki, danışıqların formatı dəyişilməz olaraq qalır. Burada həmçinin iki ölkənin rəhbərləri səviyyəsində Düşənbədə əldə olunan razılaşmaya riayət olunması və hər iki ölkə əhalisinin sülhə hazırlanması üçün konkret addımların atılması çağırışı əks olunur. Vacib məqamlardan digəri isə, birgə bəyanatda münaqişənin ədalətli və davamlı həllinin təşviq edilməsi üçün yaxın gələcəkdə Azərbaycan və Ermənistan rəhbərliyi səviyyəsində intensiv nəticəyə yönəlik danışıqların keçirilməsi fikrinin əks olunmasıdır. Bildirmək istərdim ki, bu yanaşma ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən tam dəstəklənir", - Məmmədyarov deyib.

Nazirin fikrincə, "bu ilin dekabrında keçirilən seçkilərdən sonra Ermənistanın hazırkı rəhbərliyi, münaqişənin həlli istiqamətində siyasi iradəsini nümayiş etdirməli və mehriban qonşuluq fəlsəfəsinə uyğun olaraq bölgədə sülh, sabitlik və davamlı inkişafın əldə olunması istiqamətində çalışmalıdır".

O, "qarşıdan gələn 2019-cu ildə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və iki ölkə arasında münasibətlərin normallaşması baxımından müəyyən irəliləyiş əldə olunacağına" ümidini ifadə edib. "Münaqişənin həllində əldə olunmuş irəliləyiş bölgədə sülh, təhlükəsizlik və sabitliyə şərait yaratmaqla, bütün regionda, ilk növbədə isə Ermənistanın özündə davamlı iqtisadi inkişafa imkanlar açacaqdır. Ölkəmiz digər etnik mənsubiyyətdən olan Azərbaycan vətəndaşları kimi, öz beynəlxalq öhdəliklərinə uyğun olaraq Dağlıq Qarabağdakı erməni əsilli vətəndaşlarının da təhlükəsizliyini təmin etməyə və onlara Azərbaycan Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində yüksək səviyyədə özünüidarəetmə hüququ verməyə hazırdır", - Məmmədyarov qeyd edib.

O qeyd edib ki, Dağlıq Qarabağ regionunun Azərbaycan icması doğma yurdlarına qayıtmağa hazırdır və bu aspekt İcmanın bu yaxınlarda buraxılmış bəyanatında bir daha səsləndirilib.

Məmmədyarovun sözlərinə görə, DQ-nin Azərbaycanlı və erməni icmaları arasında birbaşa əlaqələr "Ermənistanın əvvəlki rəhbərliyinin hərəkətləri nəticəsində" pozulub.

O, "beynəlxalq ictimaiyyətin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə münasibətdə" Azərbaycanın mövqeyinə "artmaqda olan birmənalı dəstəyini" xüsusilə vurğulayıb.

"Davamlı səylərimiz nəticəsində diplomatik leksikonumuzda beynəlxalq tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünə dəstək ifadəsi daha geniş istifadə olunmağa başladı", - Məmmədyarov bildirib.

O, öz sözlərinin təsdiqi üçün beynəlxalq təşkilatların 2018-ci ildə qəbul edilmiş bir sıra sənədlərində, o cümlədən NATO sammitinin yekun sənədində, Avropa Parlamentinin qətnaməsində və s. bu ifadənin əks olunmasına istinad edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}