16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Hakimiyyət Qarabağ danışıqlarından imtina etməlidir - Bəyanat
Tarix: 29-12-2018 19:21 | Bölmə: Siyasət
Hakimiyyət Qarabağ danışıqlarından imtina etməlidir

Bu gün Qarabağ Azadlıq Təşkilatı (QAT) Ali Məclisinin 2018-ci ildə son iclası keçirilib. Ali Məclis dövlət himninin canlı oxunuşu və şəhidlərin xatirəsinin yad olunması ilə işinə başlayıb.

Reyting.az
-a verilən məlumata görə, QAT Ali Məclisinin sədri Barat İmani gündəliyə uyğun olaraq məsələləri müzakirəyə çıxarıb. Əvvəlcə təşkilati məsələlərə baxılıb. Nəzarət Təftiş Komissiyasının təşkilati, davamiyyət, intizam tədbirləri və digər məsələlərə dair məlumatı dinlənilib. Sonra QAT İdarə heyəti və Ali Məclisinə yeni üzvlərin seçilməsi məsələsinə baxılıb. Qarabağ döyüşçüləri Nəsimi Dadaşlı, Rafiq Quliyev və Natiq Əsədov Ali Məclisə, Qarabağ döyüşçüləri Şakir Abbas, Kərəm Səfərov, tarixçi alim Nazim Tapdıqoğlu İdarə heyətinə üzv seçiliblər.

Məlumatda bildirilir ki, QAT sədri Akif Nağı ilin yekunları və təşkilatın 2019-cu ildə vəzifələrinə dair geniş məruzə ilə çıxış edib. Barat İmani, İlqar Əli, Şaiq Süleymanov, Svetlana Şamil, Nəsib Cəfərov, Hacağa Nuri, Nəriman Pirəliyev (Qusar şöbəsinin sədri), Arzu İsmayılov (Gəncə), Tağı Kazımov, Elxan Rəhimov (Şəki), Şahmar İbrahimov, Polad Soltanov (Zaqatala), Nazim Tapdıqoğlu, Cəfər Baxış, Rəhim Məmmədov (Ağdam), Almaz Allahverdiyeva, Füruzə Əsədullayeva, Sevinc Axundova və digərləri məruzə ətrafında çıxış edərək, fikir və təkliflərini bildiriblər.

Sonda məruzə və çıxışlara uyğun olaraq qərar və bəyanat qəbul olunub.

Bəyanatda deyilir: “Qarabağ Azadlıq Təşkilatı təəssüflə qeyd edir ki, 2018-ci ildə də Dağlıq Qarabağ münaqişəsinin həlli, torpaqlarımızın işğaldan azad olunması istiqamətində heç bir nəticə əldə olunmadı. Bu il bir daha danışıqların, vasitəçilik missiyasının, dialoq təşəbbüslərinin tam mənasız olduğunu göstərdi. Son günlərdə başlayan Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında dialoq təşəbbüslərinin də heç bir əhəmiyyəti yoxdur.

Beynəlxalq təşkilatlar, aparıcı dövlətlər münaqişənin həllində maraqlı olmadıqlarını nümayiş etdirir, onların təklif etdikləri variantlar, o cümlədən, 5 rayonun geri qaytarılması ilə bağlı təkliflər heç bir halda Azərbaycanın maraqlarına cavab vermir. Ermənistanın yeni rəhbərliyi ilə bağlı bəzi Qərb mərkəzləri tərəfindən yaradılan yalançı ümidlərə də inanmaq olmaz. Ermənistan işğalçı, ilhaqçı mövqeyindən geri çəkilmir və çəkilməyəcəkdir”.

Bəyanatda daha sonra qeyd olunur ki, bu ilin ortalarından etibarən Azərbaycan cəmiyyətinin Qarabağa azadlıq tələbi ilə fəallaşmasını, mitinq və digər tədbirlərin keçirilməsini müsbət dəyərləndiririk:

“Qarabağ Azadlıq Təşkilatının təşəbbüsü ilə tanınmış siyasi partiya, ictimai xadim, Qarabağ döyüşçülərinin bir araya gəlməsi, yeni Qarabağ hərəkatının rüşeymlərinin ortaya çıxması, Qarabağ Komitəsinin yaranması, insanların davamlı və sərt şəkildə Qarabağın azadlığı tələbini irəli sürməsi bir daha nümayiş etdirdi ki, xalqımız üçün Qarabağdan önəmli heç bir problem yoxdur və xalq Qarabağ naminə istənilən fədakarlığa getməyə hazırdır.

Bu il Azərbaycandan kənarda yaşayan soydaşlarımız, dünya boyunca Azərbaycana Qarabağ məsələsində dəstək verən bütün Qarabağsevərlər də fəallıq nümayiş etdirdilər. İranda, Azərbaycanda, Türkiyədə Beynəlxalq Qarabağ Forumları, Moskvada Qarabağ görüşləri, dünyanın digər yerlərindəki kütləvi tədbirlər Qarabağın azadlığı tələbinin geniş coğrafiyada dəstəkləndiyini göstərir.

Bütün bunları nəzərə alaraq, hesab edirik ki, Azərbaycan hakimiyyəti mənasız danışıqlardan və dialoq təkliflərindən birmənalı şəkildə imtina etməli, Ermənistan qarşısında işğal etdiyi bütün ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxması ilə bağlı tələb qoymalıdır. İşğal altındakı torpaqlarımızın hissə-hissə, əvvəl 5 rayonun qaytarılması və sair variantlar qəti şəkildə rədd edilməlidir. Bütün işğal olunmuş ərazilər, Dağlıq Qarabağ və ətraf 7 rayon eyni vaxtda Azərbaycana qaytarılmalı, həmin ərazilərdə Azərbaycanın suveren hüquqları bərpa edilməlidir. Azərbaycan hakimiyyəti bu tələbin yerinə yetirilməsi üçün Ermənistana 6 aya qədər vaxt verməli, bu vaxt ərzində tələb yerinə yetirilmədiyi halda torpaqlarımızın azad edilməsi üçün işğalçı Ermənistana qarşı beynəlxalq hüquq normalarına, BMT nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq azadlıq müharibəsinə başlamalıdır.

Azərbaycan hakimiyyəti artıq bu mövqeyi tutmağa məhkumdur. Hakimiyyət bu yolla gedəcəksə, Qarabağ Azadlıq Təşkilatının, bütün Qarabağsevərlərin tam dəstəyinə arxayın ola bilər. Biz və bizimlə birlikdə olan yeni Qarabağ hərəkatı buna tam təminat verir, istənilən təxribatın qarşısını almağa qadir olduğumuzu bildiririk. Əgər hakimiyyət bu addımı atmayacaqsa, onda Qarabağı işğaldan azad etməyə qadir olmadığını etiraf etməli, iqtidardan kənara çəkilməlidir. Artıq gözləməyə vaxt yoxdur! Ya hamımız ayağa qalxıb, Qarabağımızın işğaldan azad olunması üçün müqəddəs savaşa başlayıb qalib gəlməli, ya da məhv olub, bir millət kimi sıradan çıxmalıyıq! Başqa yolumuz yoxdur!

Ya Qarabağ, ya ölüm!”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}