16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Spiker 7424, müavini isə 6680 manat əməkhaqqı alacaq - Maaşlar artıb
Tarix: 06-03-2019 16:10 | Bölmə: Siyasət
Spiker 7424, müavini isə 6680 manat əməkhaqqı alacaq

Yanvar ayının 1-dən Milli Məclisin deputatlarının əmək haqları artırılıb.

Reyting.az
-ın məlumatına görə, bu barədə Mia.az-a adının çəkilməsini istəməyən deputat köməkçilərindən biri məlumat verib.

Onun sözlərinə görə, Milli Məclisin xərclər smetası üzrə qəbul edilmiş 10 787 420 manat həcmində mövcud əməkhaqqı fonduna 2019-cu ilin Dövlət büdcəsindən 11 100 000 manat əlavə olunub.

Bundan sonra Milli Məclis üzvləri (yanvar ayının 1-dən) hər ay ümumilikdə aşağıdakı məbləğdə vəsait alırlar:

1. Parlamentin sədri: 7424 manat (əvvəl - 3 712 manat)

2. Sədrin birinci müavini: 6680 manat (əvvəl - 3 340 manat)

3. Sədrin müavini: 6308 manat (əvvəl - 3154 manat)

4. Komitə sədriləri: 5940 manat (əvvəl - 2970 manat)

5. Komitə sədrinin müavinləri: 5568 manat (əvvəl - 2 784 manat)

6. Sıravi deputatlar: 5196 manat (əvvəl - 2 598 manat)

Məlumata görə, yanvarın 1-dən deputatlarla yanaşı, Milli Məclisin Aparat işçilərinin maaşı da təxminən iki dəfə artırılıb:

"Təəssüf ki, bu cür yüksək artımlar deputat köməkçilərinə, MM-in ekspertlərinə şamil olunmadı. Halbuki, bu gün deputat köməkçiləri MM-in Aparatına toplanmış, demək olar ki, gün keçirməklə məşğul olan məmur balalarından çox əziyyət çəkir, işləyirlər. Əgər o məmur balaları MM-ə karyera kimi baxırsa, biz iş yeri kimi baxırıq. Onlardan fərqli olaraq, deputat köməkçiləri həm yerlərdə seçicilərlə görüşür, problemlərini araşdırır, həm də qanunvericilik məsələləri ilə məşğul olurlar. Yəni əlavə o qədər xərclərimiz çıxır ki, bu da aldığımız 800 manat civarındakı maaşa uyğun deyil".

Məlumata görə, problemlə bağlı Milli Məclisin Maliyyə idarəsi ilə İşlər idarəsinə müraciət edilsə də, nəticəsiz olub. Yəni deputat köməkçiləri, ekspertlər, sürücülər və xadimələr bu artımdan kənarda qalıblar.

Məsələ ilə bağlı hələlik deputatlardan münasibət öyrənmək mümkün olmayıb. Onlar müxtəlif bəhanələrlə suallardan yayınaraq, aylıq maaşlarını açıqlamayıblar.

Mili Məclisə isə iki dəfə rəsmi sorğu göndərilsə də, suallar cavabsız qalıb.

***

Qeyd edək ki, Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu Oxu.az-a deyib ki, bu məsələdən ümumiyyətlə, xəbərsizdir: "Çox istərdim ki, artım olsun. Amma düzünü deyim ki, bu məsələni birinci dəfədir eşidirəm. Əgər belə bir məsələ olsaydı, yəqin ki, eşidərdik”.

***

"Azərbaycanda deputatlar yeni ildən əmək haqları ilə yanaşı, ezamiyyət xərclərini də almağa başlayıblar".

Bu sözləri isə Unikal.org-a Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev deyib.

Bildirib ki, artım yalnız deputatların səfərləri və bəzi xərcləri üçün nəzərdə tutulub: "Misal üçün deputatlar rayonlara, xarici səfərlərə tez-tez gedirlər. Bununla belə, xaricdən qonaqlarımız da gəlir. Əvvəllər bu məsələlərə görə deputatlara vəsait verilmirdi. Yeni ildən sözügedən məsələlərə görə vəsait ayrılır”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}