ABŞ-da da insan hüquqları ciddi şəkildə pozulur - Siyavuş Novruzov
Tarix: 15-03-2019 18:52 | Bölmə: Siyasət
ABŞ-da da insan hüquqları ciddi şəkildə pozulur

ABŞ Dövlət Departamentinin 2018-ci ildə dünya ölkələrinin insan haqlarına və fundamental azadlıqlara dair hesabatında Azərbaycan haqqında yer alan məqamlar heç bir fakta, araşdırmaya söykənmir. Dövlət Departamenti köhnə materialları nəinki dəyişdirmədən dərc edib, hətta Əli Kərimlinin, Milli Şuranın bəzi üzvlərinin fikirlərinin nöqtə-vergülünü belə dəyişmədən hesabata daxil ediblər.

Reyting.az bildirir ki, bunu YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

Onun fikricə, Dövlət Departamenti hər bir insanın verdiyi informasiyaya deyil, ciddi mənbələrə əsaslanmalıdır. Deputatın sözlərinə görə, dünyanın aparıcı bir dövlətinin Dövlət Departamenti tərəfindən maraqlı tərəflərdən birinin subyektiv düşüncələri dövlət sənədi səviyyəsinə çıxmamalıdır. Burada fundamental araşdırma olmalı, qarşı tərəfin arqumentləri də dinlənilməli və nəzərə alınmalıdır.

Siyavuş Novruzovun fikrincə, təəssüflər olsun ki, bu hesabat tamamilə birtərəflidir və qeyd etdiyimiz obyektiv kriteriyalara uyğun gəlmir: “Bəs niyə bu hesabatda Ermənistanın işğalı nəticəsində doğma torpaqlarından didərgin düşmüş, bütün hüquqlardan məhrum olunmuş bir milyon qaçqın və məcburi köçkünün haqqında bir kəlmə işlədilmir. Yaxud bizim kəlbəcərli həmvətənlərimiz Dilqəm Əsgərov və Şahbaz Quliyevə ermənilər tərəfindən hər cür işgəncə verilir, onlara qeyri-qanuni məhkəmə qurulub. Hesabatda onlar barədə bir kəlmə belə işlədilməyib. Mehman Qələndərov, Əfqan Muxtarlı ilə Gözəl Bayramlıdan danışırlar, amma Dilqəmlə Şahbazdan bir kəlmə də hesabatda yazmayıblar”.

O hesab edir ki, belə hesabatların yayılmasında xüsusi maraqlar var: “Çünki Azərbaycanın apardığı müstəqil siyasət, cənab prezident tərəfindən qəbul olunan qərarlar, sərəncamlar, bu yaxınlarda imzalanması gözlənilən əfv sərəncamı müəyyən qüvvələrə sərf etmir. Həmin qüvvələr istəyirlər ki, Azərbaycan dövləti onların diktəsi ilə oturub-dursun. Amma Azərbaycan müstəqil dövlətdir, həyata keçirilən siyasətdə milli maraqların qorunması öndə dayanır”.

Siyavuş Novruzov Azərbaycanda internet və media azadlığının tam təmin olduğunu da vurğulayıb: “Azərbaycanda iyirmidən çox internet televiziyası fəaliyyət göstərir. Bu gün xaricdə oturub “Youtube”, digər beynəlxalq internet resursları vasitəsilə Azərbaycana qarşı təhqir, böhtan kampaniyası aparılır. Bu kampaniyanı da Qərbdəki müəyyən dairələr maliyyələşdirir”.

Dövlət Departamentinin hesabatının “divar kağızı”ndan fərqlənmədiyini deyən deputatın sözlərinə görə, bu hesabatın heç bir hüquqi əsası yoxdur. O qeyd edib ki, ABŞ-ın özündə də insan hüquqları ciddi şəkildə pozulur: “Buna sübut kimi bir sıra araşdırmaçı-jurnalistlərin müəmmalı qətllərini, Əbu Qureybdə və Quantanamo həbsxanasında verilən işgəncələri göstərmək olar. Amma ABŞ-da bu hadisələrlə bağlı ciddi tədbirlər görülməyib, təqsirkarların bir çoxu ümumiyyətlə cəzalanmayıb”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}