Sərdar Cəlaloğlu: “Təhsil Nazirliyi Azərbaycanda FETÖ-nün siyasətini aparmaq istəyir”
Tarix: 19-03-2019 16:22 | Bölmə: Siyasət
Sərdar Cəlaloğlu: “Təhsil Nazirliyi Azərbaycanda FETÖ-nün siyasətini aparmaq istəyir”

"Həqiqətən də universitetlərə qəbul zamanı rus bölmələri üzrə keçid balları Azərbaycan bölmələri ilə müqayisədə xeyli aşağıdır. Öncə, bunu ayrı-seçkilik kimi qiymətləndirmək lazımdır. Çünki keçid balları arasında azı 200-250 bal fərq olur”.

Reyting.az
xəbərinə görə, bu sözləri "Hüriyyət”ə müsahibəsində ADP sədri Sərdar Cəlaloğlu deyib. S. Cəlaloğlu bildirib ki, bu səbəbdən də rus bölməsi üzrə sənəd verən şəxslərin ali məktəblərə daxil olma şansı daha yüksəkdir:

"Sonra da deyirlər ki, rus sektorunda yaxşı təhsil verdikləri üçün universitetə daha çox adam qəbul olur. Axı, rus dilində təhsil alan uşaqlar min illik tariximizi, keçmişimizi necə biləcəklər? Heç olmasa, ərəb dilində öyrət ki, həm "Quran"ı oxusun, həm İslam mədəniyyətinin ortaya qoyduğu əsərlərdən bəhrələnə bilsin, həm də lazım olsa, dünyanın 35 dövlətində gedib işləmək imkanı əldə etsin. Rus dili hardasa 16-17-ci əsrdən sonra formalaşmağa başlayıb. Axı bu dil bizə nə verə bilər? Heç nə. Rus dilində olan ilk şifahi ədəbiyyat "İqor polku dastanı"dır. Azərbaycanda isə ona qədər minlərlə yazılı ədəbiyyat olub. Belə olan halda, necə olur ki, rus dili Azərbaycan dilindən daha üstün olur?! FETÖ-nün Türkiyədə apardığı siyasəti Təhsil Nazirliyi bu gün Azərbaycanda aparmaq istəyir. FETÖ Türkiyədə məktəblərdə ilkin seçimlər aparıb, istedadlı, ağıllı uşaqları seçib, onları öz məktəblərinə cəlb edirdilər. İntellektual səviyyəsi nisbətən aşağı olan uşaqlar isə digər məktəblərdə təhsil alırdılar. Sonradan da belə çıxırdı ki, FETÖ-nün məktəblərində oxuyan uşaqlar digərlərinə nisbətən daha böyük göstəricilər ortaya qoyur. Halbuki ilkin seçimə görə, elə ən istedadlı, zəkalı uşaqları FETÖ öz məktəblərinə aparırdı. İndi də Təhsil Nazirliyi bir sənəd hazırlayıb deyir ki, rus bölmələrinə gələnlərin sayı çox olduğuna görə biz seçim edəcəyik. Yəni seleksiya edəcəklər, FETÖ kimi Azərbaycan xalqının ən intellektual uşaqlarını seçib rus bölmələrinə götürəcəklər. İntellektual imkanları nisbətən məhdud olan uşaqlar isə milli məktəblərdə qalacaq. Beləliklə, sabah yüksək göstərici əldə olunduqda deyəcəklər, görürsünüz, biz demişdik ki, rus dilində təhsil daha üstündür. Halbuki artıq seçim zamanı daha istedadlı uşaqlar rus bölmələrin götürülüb. Məhz bu üsulla Azərbaycan xalqının gələcəyində rol oynaya biləcək intellektual insanların hamısı “rusbaş” olacaq, Rusiya dövlətinin, Kremlin maraqlarına xidmət edəcək”.

ADP sədrinin sözlərinə görə, Azərbaycanda istər çar vaxtı, istər sovet zamanında, istərsə də indi müəyyən nəsillər var ki, ardıcıl olaraq xəyanət yolu tutaraq ruslara xidmət edib: “Bu gün onların nəvələri Azərbaycanın müstəqilliyinin əleyhinə çıxış edib Rusiyaya xidmət edirlər. Baxmayaraq ki, Rusiyada rejimlər dəyişib, lakin Azərbaycandakı həmin xain nəsillərin düşüncəsi hələ də dəyişməyib. Onlar bu gün də öz xalqına xəyanət yolunu tutublar”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}