14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Hər şey Qarabağ üçün...
Tarix: 09-04-2019 12:44 | Bölmə: Siyasət
Hər şey Qarabağ üçün...

Uzun illərdir Azərbaycanın daxili siyasətində əsasən iki qüvvə olurdu - monolit iqtidar və dominant müxalifət. Ölkəmizə olan geopolitik təsirlər də əsasən ikiqütblü idi - regionda mövqeyini qorumaq istəyən Rusiyanın və regionda təsirlərini artırmaq istəyən qərbin təsirləri.

İlk dəfədir ki, Azərbaycan siyasətində çoxqütblü siyasi müstəvi formalaşıb. İqtidar monolitliyini itirib, müxalifətdə bir-birindən kəskin fərqlənməyən güc mərkəzləri formalaşıb. Həmçinin ölkəmizə olan geopolitik təsirlər də çoxqütblü xarakter alıb.

Hakimiyyətdaxili çəkişmələr və çoxqütblü geopolitik təsirlər nəticəsində cəmiyyətdə formalaşdırılan siyasi mərkəzlərin xaotik hərəkətliliyi ictimai fəal kəsimin düşüncələrini qarışdırıb. Kimin kimə işlədiyi, hansı qurumun nə məqsədlə yaradıldığı, kimlər tərəfindən idarə olunduğu, bir-biriylə çəkişənlərin əsas hədəfinin nə olduğu bilinmir. Siyasi hakimiyyətin, fiziki və mənəvi baxımdan köhnəldiyi, alternativlər tərəfindən aydın siyasi hədəflərin elan olunmadığı və cəmiyyətin tam etibar etdiyi ortamın formalaşmadığı bu mərhələnin bir adı var - Böhran dönəmi! Bir üst mərhələyə keçid üçün həll yollarının tapılmasında böhranlı dönəmlər həm də əsaslı fürsətdir.

Qarabağ Komitəsinin mitinq müraciətinə razılaşmayan Bakı Şəhər İcra Hakimiyyəti ilə məhkəmə çəkişməsi zamanı ortaya çıxan sonuncu fakt göstərdi ki, dövlət hakimiyyətinin idarə edilməsində ciddi problemlər yaranıb. Danışıqların dalana dirəndiyi aşkar görünəndən və düşmənin həyasızlığı pik həddinə çatandan sonra, Ali Baş Komandanın, Prezidentin hərbi forma geyinib ordunun döyüş bacarıqlarını izləyib, ciddi bəyənatlar səsləndirdiyi, 1-ci vitse-prezidentin hərbiçi əlillərə dəstək verərək, mesajlar verdiyi, müdafiə nazirinin düşmənin militarist bəyanatına tutarlı cavab verdiyi, Xarici İşlər Nazirinin ilk dəfə uğurlu ifadə seçdiyi bir ərəfədə, Qarabağ Komitəsi kimi ictimai qurumu müharibə təbliğatı aparmaqda ittiham etmək nə anlama gəlir?

Ölkəmizin bütün problemlərinin həlli üçün Qarabağ məsələsi siyasətin mərkəzinə oturdulmalıdır. Hesab edirəm ki, aydın siyasi hədəflər yalnız o zaman formalaşacaq. Hər şey Qarabağ üçün!

İlk növbədə - Gerçək islahatlar Qarabağ üçün.

Ədalət həmrəylik üçün, həmrəylik Qarabağ üçün.

P.S. Bildiyiniz kimi Qarabağ Komitəsi 20 apreldə Böyük Qarabağ mitinqi elan edib. Həmin gün üçün, bizdən sonra, Milli Şura da mitinq üçün müraciət ünvanlayıb. Arzu edirəm ki, Milli Şura rəhbərliyi mitinq müraciətinin vaxtını dəyişsin və biz Böyük Qarabağ mitinqini ölkənin bütün ictimai və siyasi fəal kəsimiylə birlikdə keçirək.

Sahib Kərimli




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}