14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Hüseyn Abdullayev prezident olmaq istəyir - YAP reaksiya verib
Tarix: 13-10-2017 20:07 | Bölmə: Siyasət
Hüseyn Abdullayev prezident olmaq istəyir

Sabiq deputat, hazırda Almaniyada mühacirət həyatı yaşayan Hüseyn Abdullayev gələn il Azərbaycanda keçiriləcək prezident seçkilərində namizəd kimi iştirak etmək niyyətində olduğunu bəyan edib.

Eks-deputatın prezidentliyə namizəd olmaq istəyinə hakim Yeni Azərbaycan Partiyası da (YAP) reaksiya verib.

YAP-ın Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə Modern.az-a deyib ki, Azərbaycan Konstitutsiyasının prezidentliyə namizəd üçün irəli sürdüyü şərtlər var. Həmin şərtləri ödəyən və həmin şərtlərin tələblərinə cavab verən istənilən ölkə vətəndaşı namizədliyini irəli sürə bilər.

A.Mirzəzadənin sözlərinə görə, YAP seçkilərdə yenidən qalib gəlmək əzmindədir:

“Bu gün partiyada bütün fəaliyyət ona yönəlib. Apardığımız sorğular göstərir ki, Yeni Azərbaycan Partiyasından namizədin qalib gəlmək şansı həddindən artıq yüksəkdir. Çünki indiki prezident, partiyanın sədri cənab İlham Əliyevin ötən müddət ərzində fəaliyyəti ölkənin və hər bir vətəndaşın maraqlarına cavab verir. Ölkənin müstəqilliyi möhkəmlənib, iş yerlərinin sayı çoxalıb, insanlar özlərini güvəncli və təhlükəsiz hiss etməyə başlayıblar. Bu baxımdan kimlərinsə prezidentliyə namizədliyini irəli sürməsi bizi maraqlandırmır. Biz öz namizədimizin qalib gələcəyinə inanırıq və bu baxımdan digərlərinin namizəd irəli sürüb öz təbliğatını aparması qanun çərçivəsində həyata keçirilə bilər”.

Xatırladaq ki, bəstəkar, “Oğuz eli” İctimai Birliyinin sədri H.Abdullayev 2005-ci ildə Milli Məclisə deputat seçilmişdi. 2007-ci ilin martında Milli Məclisin iclaslarından birində, hökumətin illik hesabatı zamanı Hüseyn Abdullayevlə digər deputat - Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı arasında əlbəyaxa dava yaranmışdı. Həmin hadisədən sonra H.Abdullayevin deputat mandatı geri alındı, özü isə həbs olundu.

Ardınca məhkəmə onun 2 il müddətində azadlıqdan məhrum edilməsi ilə bağlı qərar qəbul edib.

Sonradan H.Abdullayev barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla təyin edilmiş cəza şərti hesab edildi və barəsində 2 il sınaq müddəti müəyyən olundu, məhkəmə zalından azadlığa buraxıldı.

2010-cu ildə Hüseyn Abdullayev 25 saylı Nizami II seçki dairəsindən növbəti dəfə deputat seçilmək istəsə də, onu namizəd kimi qeydə almadılar.

Sonra eks-deputat Almaniyaya mühacirət etdi.

2013-cü ildə isə Azərbaycanın hüquq-mühafizə orqanları Hüseyn Abdullayevi axtarışa verdi. Keçmiş deputata qarşı Cinayət Məcəlləsinin 213.2.2 (külli miqdarda vergidən yayınma) maddəsi ilə cinayət işi qaldırılıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}