“Heç kim Azərbaycanın Avropa Şurasından çıxmasını istəmir” - Novruz Məmmədov
Tarix: 23-10-2017 13:55 | Bölmə: Siyasət
“Heç kim Azərbaycanın Avropa Şurasından çıxmasını istəmir”

"Avropa Şurası Parlament Assambleyasında da, Avropada da heç kim Azərbaycanın Avropa Şurasından çıxmasını istəmir. Məsələ Azərbaycanın bu qurumdan çıxarılması formasında da qoyula bilməz".

Reyting.az-ın məlumatına görə, bunu Azərbaycan prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədov deyib.

N.Məmmədov bildirib ki, Avropa Şurasının bir üzvünün ərazisinin bir hissəsini işğal altında saxlayan başqa bir dövlət də bu qurumun üzvüdür: "Ancaq həmin işğalçıya - Ermənistana heç kim heç nə demir. Söhbət ondan gedir ki, Azərbaycan Avropa Şurasında qalmaq istəyər, yaxud istəməz. Buna Azərbaycan qərar verə bilər. Azərbaycan isə səbrlidir. Azərbaycan lazım bilən zaman öz maraqları çərçivəsində hər bir addımı ata bilər".

Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan üzv olduğu beynəlxalq təşkilatların, qurumların ədalətli olmasını istəyir: "Bu gün dünya birliyinin ən çox ədalətə ehtiyacı var. Təəssüflər olsun ki, AŞPA və digər belə qurumlar kiçik geosiyasi maraqlara ədaləti qurban verir. Ədalətin olmadığı yerdə isə qərbin tez-tez bəhs etdiyi universal dəyərlərin heç bir yeri ola bilməz. Ədalət yoxdursa, insan haqları, azadlıqlar məsələlərindən məqsədli istifadə ediləcək, siyasi amil kimi ortaya qoyulacaq".

N.Məmmədov nəzərə çatdırıb ki, 21-ci əsrdə, insan intellektinin ən yüksək inkişaf etdiyi bir dövrdə dünyada, ölkələr arasında, ölkələrdə baş verən proseslər göz önündədir:

"İraqda, Suriyada, Liviyada, Afrikanın onlarla dövlətində hər gün minlərlə insan həlak olur, həyatını itirir, bu barədə danışan yoxdur. Halbuki bu proseslər öz-özünə baş vermir. Özü də bundan tək bu proseslərin baş verdiyi dövlətlər əziyyət çəkmir. Təhlükə böyüyür və həmin böyük dövlətlər də son nəticədə bundan əziyyət çəkirlər.

20-ci əsrdə iki dünya müharibəsi olub, o müharibələri kiçik dövlətlər yaratmayıb, başlamayıb. Belə hallarda böyük dövlətlərin özləri üçün də ciddi təhlükələr yaranır. Əsas məsələ də budur".(Mənbə:APA)




Bölməyə aid digər xəbərlər