Avropa İttifaqı Qarabağ münaqişəsində prinsipial mövqe nümayiş etdirmir - Bəyanat
Tarix: 19-12-2017 09:42 | Bölmə: Siyasət
Avropa İttifaqı Qarabağ münaqişəsində prinsipial mövqe nümayiş etdirmir

ATƏT-in Daimi Şurasının (1169-cu iclasında) Vyanada keçirilən növbəti iclasında Azərbaycan nümayəndə heyəti Avropa Komissiyasının Avropa qonşuluq siyasəti və genişləmə danışıqları üzrə komissarı Yohannes Hahna cavab olaraq bəyanatla çıxış edib.

Bəyanatda qeyd olunub ki, Azərbaycan Avropa İttifaqı (Aİ) ilə qarşılıqlı hörmət, bərabərhüquqlu tərəfdaşlıq və ümumi maraqlara əsaslanan münasibətləri yüksək qiymətləndirir. Yaxın zamanlarda Prezident İlham Əliyev tərəfindən də qeyd olunduğu kimi, Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir.

Bildirilib ki, Aİ və onun üzv dövlətləri Azərbaycanın əsas ticarət və investisiya tərəfdaşlarıdır. Azərbaycan tərəfi əmindir ki, enerji təhlükəsizliyi, hüquq dövlətinin və iqtisadi əlaqələrin təşviqi sahəsində əməkdaşlıq üçün böyük potensial mövcuddur.

Nümayəndə heyəti vurğulayıb ki, Prezident İlham Əliyevin 2017-ci ilin fevralında Brüsselə səfəri qarşılıqlı münasibətlərin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib. Bu görüş Avropa İttifaqı ilə Azərbaycan arasındaki əlaqələrdə yeni bir fəsil açıb. Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk da öz növbəsində Azərbaycan ilə Avropa İttifaqı arasında yeni tərəfdaşlıq sazişinin qarşılaşdığımız yeni qlobal, siyasi və iqtisadi maraqları, eləcə də önümüzdəki çətinlikləri nəzərə alaraq, əlaqələrimizin əhatəsini genişləndirəcəyinə ümid ifadə edib.

Azərbaycan tərəfinin çıxışında təəssüflə qeyd edilib ki, ikitərəfli münasibətlərdə müsbət dinamikanın müşahidə olunmasına baxmayaraq, bu, ATƏT çərçivəsində öz əksini tapmır.

Vyanada yerləşən Avropa İttifaqı nümayəndəliyi Azərbaycan ilə dialoqa və əməkdaşlığa çox az maraq göstərir və ATƏT-i qarşıdurma və ittihamlar üçün bir platforma kimi görür. Azərbaycan tərəfinin davamlı sorğularına baxmayaraq, Aİ nümayəndə heyəti tərəfindən Azərbaycan üçün ciddi narahatlıq törədən məsələlərdən biri olan təhlükəsizlik və münaqişə ilə bağlı məsələlərdə narahatlıqlarımızı aradan qaldırmaq istiqamətində addımlar atılmayıb.

Aİ-nin ATƏT-dəki nümayəndəliyi beynəlxalq hüquqa əsaslanan və ATƏT-ə üzv olan ölkələrin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına, onların suverenliyinə və ərazi bütövlüyünə hörmətin vacibliyini müdafiə etsə də, nədənsə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə gəldikdə prinsipial mövqe nümayiş etdirmir. Avropa İttifaqı nümayəndəliyi Bakıda və Brüsseldə yüksək səviyyəli görüşlərdə yüksək çinli Aİ rəsmiləri tərəfindən Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və müstəqilliyinə ifadə edilən dəstəyi təkrarlamaqdan yayınır:

"Aİ-nin ATƏT-dəki nümayəndə heyətinin bu ikili standart yanaşması narahatlıq qaynağı olaraq qalır və heç bir şəkildə qarşılıqlı anlaşma və əməkdaşlığı genişləndirmək üçün ən yüksək siyasi səviyyədə müəyyən edilmiş ümumi məqsədimizə kömək etməyəcəkdir", - deyə bəyanatda vurğulanıb.

Bəyanatda qeyd edilib ki, Azərbaycan tərəfi hər zaman dialoqa hazırdır və bu istiqamətdə zəruri addımların atılacağına ümid edir.(Trend)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}