Müsəlmanlar üçün yeni düşmən dövlət yaradılır - Politoloq
Tarix: 03-02-2018 14:43 | Bölmə: Siyasət
Müsəlmanlar üçün yeni düşmən dövlət yaradılır

“Amerikanın onilliklərə hesablanan xarici siyasət var. Bu siyasət çərçivəsində hansı partiya və prezidentin hakimiyyətdə olmasından asılı olmayaraq, ABŞ-ın kəşfiyyat və diplomatiya idarələri çalışırlar ki, Yaxın Şərqdə İraillə yanaşı müsəlmanları nəzarətdə saxlaya biləcək daha bir oyuncaq dövlət olsun. Bu da Kürdüstandır”.

Reyting.az-ın məlumatına görə, bunu teleqraf.com-a politoloq Zərdüşt Əlizadə Türkiyə prezidenti Ərdoğanla Amerika prezidenti Donald Tramp arasında aparılan telefon danışıqlarını şərh edərkən deyib.

Zərdüşt Əlizadə qeyd edib ki, Amerikanın dəyişməyən siyasəti var:

“Amerikanın hakim zümrəsinin istəyinə rəğmən, hansısa bir milyarder hakimiyyətə gələrək prezident ola bilib. Bu prezident də ABŞ hakim zümrəsi tərəfindən o qədər də sevilməyən Türkiyə rəhbəri Ərdoğanla söhbət edərkən, onun xahişinə müsbət cavab verib. Deyib ki, biz Suriya kürdlərini silahlandırmayacağıq. Daha sonra ABŞ prezidenti bu qərarını aşağı strukturlara ötürüb. Aşağılar da diplomatiya, hərbi və kəşfiyyat idarələridir. Onlar da baxıb görüblər ki, prezident Trampın qərarı Amerikanın köklü və uzunmüddətli xarici siyasətinə ziddir. Yəni Trampın Ərdoğana verdiyi vəd Amerikanın yüz illik xarici diplomatik və kəşfiyyat siyasətinə əksdir. Ona görə də ABŞ-ın müvafiq qurumları ahəstə, heç kimə bir söz demədən, kürdləri silahlandırmaqda davam edib.

Ərdoğan da ikinci dəfə Trampa deyib ki, bizə söz vermişdiniz, amma sizin tabeliyinizdə olan idarələr kürdləri silahlandırır və bu da gələcəkdə Türkiyə üçün təhlükədir.

Tramp da cavab verib ki, bəli, sizə söz vermişdim və əmr də vermişəm ki, kürdləri silahlandırmaq prosesi dayandırılsın.

Ərdoğan da bildirib ki, onda bu məsələni milli təhlükəsizlik müşavirinizdən soruşun. Milli təhlükəsizlik müşaviri də susub. Həmin an müşavir deyə bilməzdi ki, cənab Tramp, nə olsun siz prezidentsiniz, axı ABŞ-ın yüz illik xarici siyasət kursu var. Müşavir prezidentə işarə edir ki, Ərdoğanı birtəhər başından elə, sonra biz bu məsələni müzakirə edərik. Tramp da Ərdoğana növbəti dəfə vəd verir ki, kürdləri silahlandırmayacağıq və dəstəyi qəzəblə yerə qoyduqdan sonra müşavirinə deyir ki, mənim əmrim sizin üçün qanundur, niyə əməl etmirsiniz?

Müşavir də deyir ki, sizin göstərişiniz əmrdir, amma bundan başqa ABŞ-ın yüz illik siyasəti var. İsraili yaradaraq müsəlman dünyasının sinəsinə xəncər sancmışıq. Bu biri tərəfdən də bir xəncər sancmaq, ABŞ-dan asılı olan oyuncaq kürd dövləti qurmaq istəyirik. Hansının ki, xəritəyə baxanda xaricə, azad sulara çıxışı olmayacaq, iqtisadiyyatı neft və qaz satmaqdan ibarət olacaq, xarici siyasətdə isə bizim Dövlət Departamentinin “dəyərli” göstərişlərinə əməl edəcək.

Təbii ki, əraziləri qopardıb özünə dövlət yaradan oyuncaq qurum əzəli olaraq dörd dövlətlə düşmən olacaq. İraq, Suriya, İran və Türkiyə ilə. Bunların vasitəsilə də bütün müsəlman dünyasına düşmən olacaq. Üstəlik, müsəlman dünyası ilə düşmən olan müsəlman ölkəsi ABŞ-ın tulası olacaq.

Kəşfiyyat idarəsinin rəhbəri Trampa bunu deyəcək. Hələ əlavə edəcək ki, nə olsun cənab Ərdoğan sizdən xahiş edib, bizim öz siyasətimiz var. Nə olsun ki, biz NATO-da Ankara ilə müttəfiqik, amma biz vaxtaşırı müttəfiqlərimizi əzib özümüzə daha çox tabe etdirməyə öyrəşmişik”.

Zərdüşt Əlizadə xatırladıb ki, Amerikanın dünyada ən yaxın müttəfiqi Böyük Britaniyadır:

“Amma Şimali İrlandiyadakı separatçı hərəkatın arxasında KQB və Qəzzafidən daha çox Amerika irlandları durur. ABŞ-dan gələn maliyyə və siyasi dəstək səbəbindən Şimali İrlandiya separatçıları Londonla döyüşürdülər. Yalnız senator Miçel gəlib separatçılara “uşaqlar, hələlik lazım deyil, razılaşmaya gedin”,- deyəndən sonra separatçılar razılaşdılar və Cinah Müqaviləsi bağladılar. Bundan sonra Şimali İrlandiyada terrorizmə qarşı əməliyyatlar dayandırıldı. Yəni bu ABŞ-ın siyasətidir. Sən ABŞ-ın ən yaxın dostu və ya müttəfiqi ola bilərsən. Amma Amerikaya xeyir gətirsə, sənə badalaq verərək yerə yıxacaq.

Türkiyə ABŞ-ın müttəfiqidir, amma bununla belə, Vaşinqton markisist sol təmayüllü PKK-ya hər zaman dəstək verir.

Mən Parisdə Şarl De Qoll hava limanında kürdlərin anti-Ərdoğan mitinqini görmüşəm. Fransıza sual etmişəm ki, bu nədir? O da susub.

NATO müttəfiqi olan Türkiyəyə qarşı Parisin göbəyində təxribatçı aksiya keçirilir. Və özünü millətçi adlandıran adamlar var ki, xəyallarla yaşayır. İstər erməni separatçıları, istər çeçen separatçıları, istər rus millətçiləri, istərsə də pantürkistlər olsun. Onlar anlamırlar ki, strateji baxımdan müsəlman dünyasının düşməni olan Qərbə öz fəaliyyətləri ilə dəstək verirlər. Kürd millətçiləri və separatçıları da faktiki olaraq müsəlman dünyasında beşinci kolondur”.

Politoloq qeyd edib ki, Ərdoğanla söhbəti zamanı Trampın hansısa qeyri-ciddi vəziyyətə düşməsinin bir o qədər də əhəmiyyəti yoxdur:

“Heç Trampın vecinə deyil. Tramp kimin gözündə pis vəziyyətə düşür? Müsəlmanların gözündə? O, heç müsəlman dünyasını nəzərə almır. Amerikanın ictimaiyyəti deyəcək ki, afərin sənə, Tramp! Ərdoğanı aldatdın, amma öz işinə davam elə. Əsas uğur və məqsədə çatmaqdır. Bunun üçün hansı vasitədən istifadə etmisən, bunun əxlaqla uyuşub-uyuşmamasının elə bir əhəmiyyəti yoxdur”.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin qapalı iclasında ABŞ prezidenti Donald Trampla telefon danışığı barədə məlumat verib. Ərdoğan telefon danışığı zamanı ABŞ-ın YPG/PYD terrorçularına hələ də silah verdiyini bildirib: “Bunu Trampdan soruşdum və verdiyi vədi xatırlatdım. O, “Bundan xəbərim yoxdur”, - dedi və təhlükəsizlik üzrə müşavirindən məsələ barədə soruşdu. Müşavir isə suala cavab vermədi”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}