Bu gün Bakıda müxalifətin birgə mitinqi olub
Tarix: 31-03-2018 19:05 | Bölmə: Siyasət
Bu gün Bakıda müxalifətin birgə mitinqi olub

Bu gün Milli Şura ilə Müsavat Partiyası Bakının Yasamal rayonunda yerləşən "Məhsul" stadionu ərazisində birgə mitinq keçirib.

Müxalifətin mitinqi Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə əvvəlcədən razılaşdırılıb və saat 15:00-dən 17-dək davam edib. Mitinqin əsas tələbləri bunlar olub: "Azad seçki!”, "Monarxiyaya son!”, "Korrupsiyaya yox!”.

Mitinqdə həmçinin "Erməni terrorunu lənətləyirik!” şüarı səsləndirilib və beynəlxalq birlikdən Ermənistanın Azərbaycana qarşı təcavüzünə, soyqırım aktlarına qiymət verilməsi tələb olunub.

Mitinqdə ilk çıxışı AXCP sədri Əli Kərimli edib. O, çıxışında əvvəlcə 31 mart soyqrımından danışıb, erməni terrorunu lənətləyib, dünyanı erməni terroruna göz yummaqda ittiham edib.

AXCP sədri 1918-ci ilin mart qırğınından danışarkən deyib ki, erməni terroru 100 ildi davam edir. O, Qarabağın 25 ildir işğal altında olduğunu, dünya ictimaiyyətinin buna göz yumduğunu bildirib: "Biz həm dünya ictimaiyyətindən, həm də Qarabağı qaytarmağa səy göstərməyən Azərbaycan hökumətindən Qarabağı istəyirik”.

Azadlıq Radiosunun məlumatına görə, Əli Kərimli çıxışında həmçinin vurğulayıb ki, ölkədə 160 civarında siyasi məhbus var: "Onlar bu milləti sevən insanlardır”.

Əli Kərimli hakimiyyəti korrpsiyada da ittiham edib.

Milli Şura və Müsavat Partiyasının təşkilatçılığı ilə keçirilən aksiyada Müsavat başqanının müavini Osman Kazımlı, AXCP rəyasət heyətinin üzvü Vahid Məhərrəmli, Müsavatın Divan üzvü Tofiq Yaqublu, Milli Şuranın üzvü Oqtay Gülalıyev, Müsavat başqanı Arif Hacılı və Milli Şuravın sədri Cəmil Həsənli və digərləri çıxış ediblər.

Milli Şuranın sədri Cəmil Həsənli prezident seçkilərini “məzhəkə” adlandırıb.

Onun fikrincə, prezidentliyə namizədlər “qırx nəfərin içində hörməti olmayan adamlardı”.

“Bu millət yalançıya, korrpsionerə 25 ildir dözür. Hansi seçkidən danışırlar? Xalqın seçki haqqın Əliyevlər mənimsəyib. Azərbaycan konstitsuyasına görə, xalqın seçki hüququnu əlindən almaq ən böyük cinayətdir. İlham Əliyev cümhuriyyət ənənələrinin axırına çıxıb”,- deyə o vurğulayıb.


Müsavat Partiyasının başqanı Arif Hacılı isə deyib ki, İlham Əliyev Lələtəpə yüksəkliyinin azad edilməsi ilə çox öyünür: “Ancaq bizim hədəfimiz tək Lələtəpə ola bilməz. Bizim hədəfimiz Dağlıq Qarabağ olmalıdır”.

O, çıxışında Azərbaycanın beyənlxalq aləmdəki imicinə də toxunub.

Vurğulayıb ki, Azərbaycan beynəlxalq aləmdə ancaq offşorlara daşınan pullar ilə “məşhur”dur.

A.Hacılı həmçinin deyib ki, ölkədə işsizlik yüksək səviyyədədir.

Azərbaycan rəsmiləri isə ölkədə işsizliyin səviyyəsinin yüksək olması ilə bağlı səslənən fikirləri qəbul etmirlər.

Müsavat Partiyası Divanın üzvi Tofiq Yaqublu da mitinqdə çıxış edib. O da hakimiyyəti seçki saxtakarlığında ittiham edib.

Müsavat Partiyasının Məclis üzvü vəkil Osman Kazımov isə çıxışında polislərə müraciət edib: “Əzizlərim “Polis haqqında” qanuna görə siz xalqı müdafiə etməlisiniz, məmurları yox…”

Osman Kazımov deyib ki, polislər də onlara doğma, qardaş adamlardır: “Biz mitinqdən sonra evlərimizə gedəcəyik. Onlar isə xidmətlərini davam etdirəcəklər. Həyatlarını risqə atacaqlar…”

O. Kazımov Qarabağ münaqişəsindən danışarkən Əbülfəz Elçibəy hakimiyyəti ilə mövcud hakimiyyət arasında paralel aparıb: “Ə. Elçibəy hakimiyyəti dövründə Qarabağın 1/3 azad edilmişdi, sonrakı hakimiyyətin ilk illərində isə 6 rayon işğal edildi”.

Müşahidəçilərin qənaətinə görə, “Məhsul” satdionunda baş tutan aksiyada iştirakçıların sayı müxalifətin 10 mart mitinqindən daha çox olub.

Bakı Şəhər Baş Polis İdarəsi müxalifətin keçirdiyi mitinqlə bağlı açıqlama yayıb.

İdarədən verilən məlumata görə, martın 31-də saat 15:00-dan 17:00-dək davam edən toplantıda Azərbaycan Xalq Cəbhəsi, Müsavat və Azərbaycan Xalq partiyalarının, Müsəlman Birliyi, "NİDA” hərəkatlarının, eləcə də müxalifətyönümlü bir sıra qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 1200 (min iki yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib. İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}