ABŞ Suriyanın hərbi və mülki obyektlərinə 100-dən çox raket buraxıb
Tarix: 14-04-2018 08:47 | Bölmə: Siyasət
ABŞ Suriyanın hərbi və mülki obyektlərinə 100-dən çox raket buraxıb

“Əməliyyat barədə Rusiyaya əvvəlcədən xəbərdarlıq edilməyib, lakin münaqişənin qarşısını almaq üçün adi kanallardan istifadə olunub”.

Bunu ABŞ ordusunun Birləşmiş Qərargahlar Komitəsinin rəisi, general Cozef Danford deyib. “Biz bu hədəfləri xüsusi olaraq seçdik ki, Rusiya qüvvələrinin münaqişəyə cəlb olunması riski azalsın. Hava məkanında münaqişəyə yol verməmək üçün mövcud olan adi kanallardan fəal istifadə etdik. Lakin biz hücumlar barədə rusiyalılarla hər hansı koordinasiya aparmadıq və onları qabaqcadan xəbərdar etmədik”, - deyə general bildirib.

C. Danford fikrini konkretləşdirərək qeyd edib ki, Rusiya tərəfi ABŞ və müttəfiqləri tərəfindən Suriya hava məkanından istifadə barədə məlumatlandırılıb, lakin bu, hərbi planlaşdırma və koordinasiya məsələlərini əhatə etməyib. O, eyni prosedurların ABŞ-ın Suriyadakı bütün əməliyyatları zamanı tətbiq olunduğunu söyləyib.

ABŞ müdafiə naziri Ceyms Mattis isə əməliyyatda Suriyada kimyəvi silah istehsalı ilə əlaqəli olan infrastrukturun hədəf alındığını vurğulayıb.

Rusiya Müdafiə Nazirliyinin açıqlamasında isə bildirilir ki, ABŞ, Britaniya və Fransa Suriyanın hərbi və mülki obyektlərinə 100-dən çox qanadlı raket və “hava-yer” raketi buraxıb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, Rusiya Müdafiə Nazirliyinin açıqlamasında iddia olunur ki, Suriya Hava Hücumundan Müdafiə sistemləri raketlərin önəmli qismini hədəfə çatmadan məhv edib.

Nazirlik qeyd edib ki, zərbələr ABŞ hərbi donanmasının Qırmızı dənizdəki iki gəmisindən, Aralıq dənizi akvatoriyasında taktiki aviasiya tərəfindən, eləcə Suriya ərazisindəki Ət Tanf rayonundan qalxan ABŞ-ın “B-1B” strateji bombardmançıları vasitəsilə endirilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}