Bir səfərin 4 səbəbi - Politoloq şərh edir
Tarix: 29-04-2018 21:40 | Bölmə: Siyasət
Bir səfərin 4 səbəbi

Politoloq deyir ki, Əliyevin ikinci səfər yeri kimi Böyük Britaniyanı seçməsi balanslaşdırılmış xarici siyasətə üstünlük verdiyini göstərir

İlham Əliyev növbəti dəfə Azərbaycan prezidenti seçildikdən sonra ilk xarici səfərini Türkiyəyə, onun ardınca isə Böyük Britaniyaya etdi.

“Atlas” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Prezidentin iki ölkəyə rəsmi səfərini şərh edərkən bunun 4 səbəbi olduğunu bildirib.

“Birinci səbəb Azərbaycan-Böyük Britaniya münasibətlərinin xarakterindən irəli gəlir. Böyük Britaniya 100 il əvvəl Azərbaycanı müvəqqəti işğal etsə də və bu yaddalarımızdan silinməsə də, müstəqilliyimizi qazandıqdan bu yana iki dövlət arasında sıx əlaqələr qurulub. Vaşinqtondan rəsmi dəvət gözləmək nə qədər çətin olsa da, rəsmi London hər zaman rəsmilərimizi Böyük Britaniyaya dəvət edib. Bu dəfə də Azərbaycanda Prezident seçkisindən dərhal sonra Böyük Britaniyanın baş naziri Tereza Mey İlham Əliyevi Londona dəvət etdi. Azərbaycan prezidenti Ankaradan sonra Londona getdi. Bu səfər İlham Əliyevə həm də ona görə lazım idi ki, onun Azərbaycan prezidenti seçildiyi Qərbdə şübhə doğurmasın, zatən Amerikanın xaricində Avropa ölkələrindən təbriklər ard-arda gəldi.

İkinci səbəb Böyük Britaniyanın BP şirkətinin Azərbaycandakı çalışmaları ilə bağlıdır. BP az qala 25 ilə yaxındır Azərbaycana ən çox yatırım edən şirkətdir və hələ bir bu qədər müddət də ölkəmizdə fəaliyyət göstərəcək.

İlham Əliyevin Londona budəfəki səfəri zamanı Azərbaycan Dövlət Neft Şirkəti ilə BP arasında növbəti saziş imzalandı. Bu da İlham Əliyevin Böyük Britaniyaya səfərini şərtləndirən ikinci səbəb idi”.

E. Şahinoğlu İ. Əliyevin Londona səfərinin üçüncü səbəbini bu cür izah edib: “Böyük Britaniya Avropa İttifaqından çıxsa da, Londona səfər edən hər bir rəsmi şəxs köhnə qitədə diqqətlə izlənilir və bunun analizləri hazırlanır. Yəni İlham Əliyevin Londona səfəri başqa Avropa dövlətlərinin digər liderlərini də Azərbaycanın dövlət başçısını öz ölkələrində görməyə sövq edəcək”.

Politoloqun sözlərinə görə, Bakının yürütdüyü xarici siyasət də diqqət mərkəzindədir: “Belə təəssürat yarana bilərdi ki, İlham Əliyev Ankaradan sonra Moskvaya səfər etməli idi. Bəlkə də belə dəvəti Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin Bakıya səfəri zamanı İlham Əliyevə çatdırıb. Ancaq İlham Əliyev ikinci səfər yeri kimi Böyük Britaniyanı seçməklə balanslaşdırılmış xarici siyasətə üstünlük verdiyini göstərdi”.

E. Şahinoğlu bildirib ki, Azərbaycan Avropa ilə əməkdaşlığa önəm verməlidir və bu əməkdaşlıq Rusiyanın istəyindən asılı olmamalıdır. “Bu baxımdan bəzi azərbaycanlı deputatların “Azərbaycan Avropa Şurasından çıxmalıdır” açıqlamaları ölkəmizin milli və təhlükəsizlik maraqlarına uyğun deyil. Rusiya bizə Avropanı əvəz edə bilməz. Hər ikisi ilə yalnız qarşılıqlı faydalılıq əsasında əməkdaşlığımızı inkişaf etdirməliyik. İkili münasibətlərə üçüncü dövlət qarışmamalıdır”,-deyə politoloq fikrini tamamlayıb.




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}