İcra başçılarının səlahiyyəti azaldılır
Tarix: 07-05-2018 11:35 | Bölmə: Siyasət
İcra başçılarının səlahiyyəti azaldılır

Nazirlər Kabineti “Avtomobil yollarının tikintisi, yenidən qurulması və təmiri işlərinin avtomobil yollarının bilavasitə altında və ya yolların kənarı boyunca yerləşən mövcud mühəndis-kommunikasiya təminatı sistemlərini istismar edən qurumların işləri ilə uzlaşdırılması Qaydası”nda dəyişiklik edib.

İndiyə qədər qüvvədə olan Qaydaya əsasən, avtomobil yollarının tikintisi, yenidən qurulması və təmiri işləri aparılarkən, mühəndis-kommunikasiyaların dəyişdirilməsi, köçürülməsi, yenidən qurulması avtomobil yollarının və mühəndis-kommunikasiyaların mülkiyyətçilərinin, yerli icra hakimiyyəti orqanlarının və Daxili İşlər Nazirliyinin razılığı ilə qüvvədə olan normativ və layihə-smeta sənədləri əsasında həyata keçirilib.

Dəyişikliyə əsasən, yerli icra hakimiyyəti orqanlarının bu sahədə səlahiyyəti ləğv edilib. Başqa sözlə, avtomobil yollarının tikintisi, yenidən qurulması və təmiri işləri aparılarkən, mühəndis-kommunikasiyaların dəyişdirilməsi, köçürülməsi, yenidən qurulması avtomobil yollarının və mühəndis-kommunikasiyaların mülkiyyətçilərinin və Daxili İşlər Nazirliyinin razılığı ilə qüvvədə olan normativ və layihə-smeta sənədləri əsasında həyata keçiriləcək.

İndiyə qədər Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş, habelə avtomobil yolları və yol qurğuları mülkiyyətçilərinin kommunikasiyaların çəkilməsi ilə bağlı verdikləri icazə halları istisna olmaqla, bu işlər Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun müəyyən edilmiş qaydada müvafiq yerli icra hakimiyyəti orqanlarının icazəsi əsasında yerinə yetirilib. Bundan sonra isə Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu işlər Şəhərsalma və Tikinti Məcəlləsi ilə müəyyən edilmiş qaydada yerinə yetiriləcək.

Qeyd edək ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.8-ci maddəsinə əsasən mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində təmir edilən yol və ya mühəndis-kommunikasiya təminatı xətlərinin tikintisinə icazə tələb olunmur. Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş hallar istisna olmaqla dedikdə də məhz bu nəzərdə tutulur.

Onu da deyək ki, son vaxtalar yerli icra hakimiyyəti orqanlarının bir çox səlahiyyətləri ya ləğv edilib, ya da əllərindən alınıb. Bu isə onların ləğv ediləcəyi ilə bağlı gəzən söz-söhbətlərin reallaşacağına dair ehtimalları artırır.

Məlum olduğu kimi, ölkədə yeni şaquli, yəni mərkəzi idarəetmə orqanlarına əsaslanan idarəetmə mexanizmi yaradılır. Bütün orqanlar mərkəzi baş quruma bağlı olur. Bu idarəetmədə çevikliklə yanaşı, həm də, ictimai nəzarət hesabına prosesin nisbətən şəffaflaşmasına səbəb olmalıdır. Ən maraqlısı odur ki, bütün bu prosesdə rayon icra hakimiyyətlərinə rol verilmir. Hər halda indiyədək aparılan dəyişikliklər vaxtilə bölgələrdə hakimiyətin əsas təmsilçisi olan rayon və şəhər icra hakimiyyətlərinin səlahiyyətlərinin kiçilməsinə gətirib çıxarıb və bu proses davam etməkdədir.

Bir müddət əvvələ qədər rayon həyatını yerli icra hakimiyyətlərinin iştirakı olmadan təsəvvür etmək mümkün deyildi. Bölgədə baş verən istənilən proses - təhsil, səhiyyə və mədəniyyət sektorlarının idarə olunması, yolların tikintisi, abadlıq, yerli sahibkarlarla münasibətlər, istənilən tikinti işləri və tikintiyə icazələr, dövlət torpaqlarının icarəyə verilməsi, bələdiyyə torpaqlarının bölgüsü və onlardan istifadə, kommunal xidmətlər və s. yerli icra hakimiyyətlərinin iştirakı ilə aparılırdı.

Digər tərəfdən, uzun illərdir ki, icra hakimiyyətləri nəzarət etdikləri sahələrdəki maliyyə axınlarına və kadr siyasətinə nəzarət edirdilər.

Bu qədər rəsmi və qeyri-rəsmi səlahiyyətin bir qurumda cəmləşməsinin mənfi nəticələri də vardı. Onlar ölkənin idarəetmə ierarxiyasında inersiyalı və qeyri-çevik quruma çevrilib, ayrı-ayrı sahələrin inkişafına mənfi təsir edir, eləcə də yerli əhalidən və sahibkarlardan şikayətlərin əsas personajıdır.

Odur ki, icra hakimiyyətlərinin ləğvi və yerlərdə əsas səlahiyyətlərin bələdiyyələrə verilməsi arzuolunandır. Hətta bu istiqamətdə müəyyən addımlar da atılır. Son illər hökumət yerli icra hakimiyyətlərinin səlahyyətlərinin nisbətən azaldılaraq daha çox regional qurumlara verilməsinə başlayıb.

Bu prosesin davam edəcəyi də gözlənilir. Yəni yaxın və ya bir qədər uzaq gələcəkdə icra başçısı postları ləğv edilsə, bu, qətiyyən sürpriz kimi qarşılanmamalıdır.

İcra başçılarının səlahiyyətinin azalması onların özlərini “kiçik padşah” kimi aparmalarına imkan verməyəcək. Bundan əlavə, icra başçılarının təzyiq imnkanlarının azalması nəticəsində yerlərdə sahibkarlar da rahat nəfəs ala biləcəklər. Görünən odur ki, nəzərdə tutulan islahatlar dərinləşdikcə “kiçik padşah”ların əl-qolu bağlanır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}