Ayaz Mütəllibov: “Milli Ordunun yaranmasında xidmətlərim olub”
Tarix: 30-06-2018 13:12 | Bölmə: Siyasət
 Ayaz Mütəllibov: “Milli Ordunun yaranmasında xidmətlərim olub”

Azərbaycanın ilk prezidenti olmuş Ayaz Mütəllibov iyunun 26-da Silahlı Qüvvələrimizin yaradılmasının 100 illiyi ilə bağlı keçirilmiş hərbi paradın onda yaratdığı təəssüratları bölüşüb.

“Şübhəsiz ki, mən Azərbaycanın Silahlı Qüvvələrinin 100 illiyi ilə bağlı keçirilmiş tədbirləri, o cümlədən iyunun 26-da Ali Baş Komandanın rəhbərliyi ilə nümayiş etdirilmiş möhtəşəm hərbi paradı alqışlayıram. İnşallah, gün o gün olsun, belə bir parad işğaldan azad ediləcək Şuşada, Xankəndidə keçirilsin”.

Eks-prezident ordumuzun bugünkü səviyyəyə çatmasında özünün də müstəqil Azərbaycanın ilk dövlət başçısı kimi, az da olsa, əməyinin olması ilə qürur duyduğunu bildirib:

“Bu gün onunla da qürur duyuram ki, ölkə başçısı olduğum, suverenliyə, müstəqilliyə doğru ilk addımlar atdığımız mürəkkəb bir dövrdə mənim də Azərbaycan Milli Ordusunun əsasının qoyulmasında müəyyən xidmətlərim olub. Xaricdən olan maneələrə baxmayaraq 1991-ci ilin sentyabrında suveren Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin yaradılması və həmin ilin oktyabrın 9-da Silahlı Qüvvələrin formalaşdırılması haqda parlamentin qərarı da mənim dövrümdə verilib. Yenicə formalaşan ordu hissələrinin silah-sursatla təmin olunması məsələləri ilə bilavasitə özüm məşğul olmuşam.

Müstəqilliyimizi elan etsək də, o zaman SSRİ hələ mövcud idi və təbii ki, Moskva Azərbaycanın ayrıca orduya malik olmasını istəməzdi. Buna rəğmən biz əlimizdən gələni etməyə çalışırdıq. Bəziləri bunu qəbul etməsə də, 1991-ci ilin martında əksəriyyətin SSRİ-nin saxlanmasına səs verdiyi referendumu keçirməklə biz o dövlətin sonuncu lideri Mixail Qorbaçovu Azərbaycana qarşı artıq başlanmış erməni təcavüzü ilə bağlı doğru mövqe tutmağa vadar etdik və keçmiş sovet ordu hissələrinin də dəstəyi ilə məşhur “Üzük” əməliyyatını keçirməklə onlarla yaşayış məntəqəmizi erməni terrorçularından azad etdik. Biz bilirdik ki, onsuz da SSRİ dağılacaq. Amma bu referendum ermənilərə və Qorbaçova qarşı böyük bir gediş oldu. Həmin əməliyyatı bəhanə edərək biz tədricən özümüzün polis, keçmiş DTK və könüllü dəstələrdən ibarət müdafiə hissələrimizin rəsmi şəkildə formalaşmasına, silah-sursat və texnika ilə təmin edilməsinə nail olduq. Artıq 1991-ci ilin avqustunda suverenlik haqda bəyanat verdikdən sonra Qorbaçova anlatdıq ki, İttifaq tərkibində olsaq da, siz bizim yaşayış məntəqələrimizin, dinc sakinlərimizin erməni terrorçu dəstələrinin hücumundan qorunmasını təmin etmədiyiniz üçün biz özümüzün hərbi hissələrimizi yaratmağa məcburuq. Hələ SSRİ dağılmamış biz keçmiş 4-cü ordunun Azərbaycan ərazisindən çıxarılmasına və həmin ordunun əmlakı hesabına ilk nizami hərbi hissələrimizi yaratmağa başladıq. Bu minvalla böyük çətinliklə də olsa, ordumuzun təşkili istiqamətində ilk addımları ata bildik...”.

Azərbaycanın ilk prezidenti silahlı qüvvələrimizin bugünkü səviyyəyə çatmasında 1994-cü ildə imzalanmış neft kontraktlarının rolunu xüsusi vurğulayıb.

“Nəhayət, 1994-cü ilin sentyabrında mərhum Heydər Əliyevin rəhbərliyi ilə neft konktraktlarının imzalanması Azərbaycana gələn gəlirlər hesabına iqtisadiyyatımızla yanaşı, silahlı qüvvələrimizin də inkişafına təkan verdi. Və bu gün biz qürurla deyə bilərik ki, Azərbaycan ordusu nəinki Cənubi Qafqazda, MDB ölkələrinin orduları sırasında da önəmli yerlərdən birini tutur. Bu gün ordumuz xalqımızı və dövlətimizi qoruyur. İnşallah, silahlı qüvvələrimizin qüdrəti hesabına işğal altındakı torpaqlarımızı da azad edəcəyik...”,- deyə eks-prezident bildirib.(Moderator.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}