16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Putin-Tramp görüşü dünyaya nə vəd edir?
Tarix: 30-06-2018 21:08 | Bölmə: Siyasət
Putin-Tramp görüşü dünyaya nə vəd edir?


Rusiya və ABŞ prezidentləri arasında planlaşdırılan görüşün vaxtı məlum olub.

Məlumata görə, Vladimir Putin və Donald Trampın görüşü iyulun 16-da Finlandiyanın paytaxtı Helsinki şəhərində baş tutacaq.

Kremlin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, görüşdə Rusiya-ABŞ münasibətlərinin hazırkı vəziyyəti və perspektivləri, eləcə də beynəlxalq gündəmdə olan məsələlər müzakirə olunacaq.

Dünyanın mühüm siyasi proseslərinə istiqamət verən iki ölkə liderinin görüşü artıq indidən bütün dünya mətbuatının və siyasətçilərinin gündəminə çevrilib.

Reyting.az-ın məlumatına görə, politoloq Elxan Şahinoğlu deyib ki, ABŞ prezidenti Donald Tramp qatı düşməni – Şimali Koreya lideri Kim Çen Unlə görüşdən sonra həvəslənərək, rusiyalı həmkarı Vladimir Putinlə də görüşməyə qərar verib.

Politoloqun sözlərinə görə, bu məqsədlə o, milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonu Moskvaya göndərib: “Bolton Rusiyanın ən qatı tənqidçilərindən sayılır. Buna baxmayaraq, şefinin tələbi ilə Moskvada Vladimir Putinlə görüşdü. Bu görüşdə prezidentlərin görüş yeri və tarixi müəyyənləşdi”.

Trampla görüş Putinə əlavə divident qazandıracaq


Putin-Tramp görüşü dünyaya nə vəd edir?

Elxan Şahinoğlu bildirib ki, görüşün təşəbbüskarı Tramp olsa da, bu görüş Putin üçün daha vacibdir. Çünki Rusiya Qərbin sərt sanksiyaları altındadır və Putinlə görüşmək istəyən Qərb liderləri azdır:


"Avropada tək-tək ölkə lideri var ki, Putini ölkəsinə səfərə dəvət edə bilər. Trampla görüş Putinin beynəlxalq aləmdə mövqelərini gücləndirməyə xidmət edir. Əlbəttə, bu görüşdə ciddi nəticəəldə olunmayacaq. Çünki iki ölkə arasında o dərəcədə dərin fikir ayrılıqları var ki, hansısa sənədin imzalanması ehtimal edilmir. Ancaq Trampla əl sıxışmağın özü belə Putinəəlavə dividentlər gətirəcək”.

Avropa nədən qorxur?


E. Şahinoğlunun fikrincə, bütün bunlara görə Trampa qarşı Konqres daha da sərtləşəcək: "Putin də bunu bilir. Digər tərəfdən, Putinin xoşuna gəlir ki, birincisi, Tramp Ukrayna məsələsində israrlı deyil, tam əksinə, Ukraynanı korrupsiyalaşmış dövlət hesab edir, ikincisi, Rusiyanı "böyük yeddilər”ə qaytarmaq istəyir. Putinin əsas istəyi Trampın Krımı unutmasıdır. Avropa da bundan qorxur”.

Bu arada isə Almaniyanın “Deutsche Welle” nəşrində maraqlı təhlil dərc olunub.

K.Eggertin müəllifi olduğu yazıda bildirilir ki, Tramp adətən böyük jestlər, manevrlər etməyi çox sevir və bu üzdən onun anidən nələr edə biləcəyini proqnozlaşdırmaq mümkün deyil.

Reyting.az saytı alman nəşrində dərc olunan həmin məqaləni təqdim edir:

“Birləşmiş Ştatların prezidenti böyük jestlər etməyi sevir. O, özünü istənilən adamı istənilən məsələdə razı salmağa qadir hesab edir. Stereotipləri qıran siyasətçi obrazı yaratmağı da sevir. Qərarları tək verməyi də xoşlayır ki, onun avtoritar liderlərlə ünsiyyətə marağı da buradan qaynaqlanır. Amma etiraf etmək lazımdır ki, Tramp heç də axmaq deyil. O, özü öyrənən istedadlı siyasətçidir.

2020-ci il seçkilərində yenidən seçilmək üçün indidən hazırlıq görür. Görünən odur ki, bu onda heç də pis alınmayacaq.

Kremldə başa düşüblər ki, Trampla böyük ehtimalla, 6 ildən artıq üz-üzə gəlməli olacaqlar.

Son 18 ayda ABŞ administrasiyası Rusiyadakı rejimə gözlənildiyindən daha böyük təzyiq göstərdi. Onlarla diplomatın ABŞ-dan çıxarılması, Rusiya konsulluğunun qapadılması, bir neçə dəfə sanksiya tətbiq olunması, Ukraynaya silah göndərilməsi, hərbi xərclərin artırılması və kosmik qoşunları yaratmaq planı – bütün bunlar Kremlin mövqelərinə zərbə idi.

Trampla görüş və Putinin jesti

Putin özünün ənənəvi “biz heç kimdən heç nə xahiş etmirik”,- yanaşmasını dəyişməli oldu. ABŞ prezidenti ilə görüşün təşkilinə kömək etməsi üçün Avstriya kansleri Sebastyan Kurtsa məhz Putin ağız açdı. Tramp razılıq verəndən sonra Rusiya prezidenti Moskvada ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşavirini – statusuna görə özündən bir neçə pillə aşağıda olan Con Boltonu qəbul etdi.

Rusiya prezidenti pis psixoloq deyil. Trampa xahişlə müraciət edəndə o, oyun oynayır. Və çox güman ki, bu oyunu sammitdə də “Obamanın, avropalıların və ukraynalıların yaratdıqları problemləri yalnız siz cənab Tramp həll edə bilərsiz”,- deyərək davam etdirəcək.

Bəlkə də Putin Trampı valeh edə biləcək. Amma o halda ki, ABŞ prezidenti özü bunu istəsin. O, ruslara da, Qərb ölkələrinə də sübut etməlidir ki, Rusiyanın izolyasiyasından söhbət getmir.

İki liderin vazkeçilməz prinsipi


Putin-Tramp görüşü dünyaya nə vəd edir?

ABŞ və Rusiya prezidentlərinin görüşündən nəyi gözləməyin lazım olmadığını indidən demək olar:

Birincisi, Tramp Rusiyaya qarşı sanksiyaları ləğv etməyəcək. Çünki Rusiyaya qarşı məlum addımlar Trampın yox, Konqresin təşəbbüsüdür.

Bundan başqa, Vaşinqtondan aşağıdakıları gözləməyə dəyməz:

Krımın ilhaqını tanıyacağını, Mərkəzi Avropa ölkələrində raket əleyhnə müdafiə obyektlərinin yerləşdirilməsi planından vaz keçəcəyini.

Rusiyadan isə bunları gözləmək yersizdir:

Rus qoşunlarının Ukraynanın şərqindən çıxmasını, Minsk sazişinə əməl etməyə başlayacağını.

Tramp diplomatik əlaqələri bərpa edə bilər

ABŞ-da və Rusiyada qapadılan konsulluqların fəaliyyətlərinin bərpası mümkündür. Əgər tərəflər razılığa gələrsə, Tramp heç kimi gözləmədən bu qərarı təkbaşına verə bilər.

Putinlə Trampın birgə qəbul edəcəyi deklarasiyada isə böyük ehtimalla Kremlin ABŞ-dakı son prezident seçkilərinə müdaxiləsi məsələsinin birdəfəlk qapadılması əksini tapacaq. Və bundan sonra bununla bağlı heç bir addımın atılmaması razılaşdırılacaq.

ABŞ prezidenti çətin ki, Putindən Suriya ilə bağlı mövqeyini dəyişməsini istəsin. İndiki vəziyyət onu tamamən qane edir. Bir şərtlə ki, İsrailin təhlükəsizliyinə təhdid yaranmasın. Unutmayaq ki, artıq Bəşər Əsədin istefası ilə bağlı tələb də çoxdan, özü də olduqca sakitcə formada gündəmdən çıxarılıb.

Putin İranı satacaq?


Putin-Tramp görüşü dünyaya nə vəd edir?

Putin üçün iki mövzu əsas olacaq: İrana münasibətdə Vaşinqtonun gələcək siyasəti və dünya energetikasının durumu.

Moskvada başa düşüblər ki, Tramp İsrailin və Səudiyyənin yaxından dəstəyi ilə Tehrandakı molla rejimi ilə konfrantasiya kursu tutub.

Putin Səudiyyə ilə münasibətlərini aktiv şəkildə yaxşılaşdırır. Görünən odur ki, Rusiya lideri Vaşinqton-Tehran qarşıdurmasına dair özünün neytral mövqeyini Trampa baha qiymətə satmaq istəyəcək.

Ağ Evin isə Moskvaya təklif edəcək xüsusi nəyisə yoxdur. Tramp və müşaviri bilir ki, Putin iranlıların tərəfində durmayacaq. Çünki bu halda özünü əvvəlkindən də böyük problemin içinə atmış olar.

Donald Tramp hətta istəsə belə, ABŞ-ın Rusiyaya qarşı siyasətini təkbaşına dəyişmək iqtidarında deyil. Putin də öz siyasətini dəyişmək istəmir. Çünki bu siyasət ona ölkəsində siyasi dividentlər qazandırır. Qərblə arqressiv qarşıdurma Rusiya prezidentinin reytinqini yüksəldən əsas vasitədir. Odur ki, qarşıdakı sammitdən – görüşdən sensasiyalı nəticələr gözləməyə dəyməz…

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}