17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Sabah beş dövlət Xəzəri böləcək
Tarix: 11-08-2018 12:17 | Bölmə: Siyasət
Sabah beş dövlət Xəzəri böləcək

Bu həftənin bazar günü Qazaxıstanın Aktau şəhərində Xəzəryanı ölkələrin sammiti keçiriləcək. Bunu tarixi sammit də adlandırmaq olar. Çünki 25 illik danışıqlardan sonra nəhayət, Azərbaycan, Qazaxıstan, Rusiya, İran və Türkmənistan liderləri Xəzərin hüquqi statusuna dair Konvensiyanı imzalayacaqlar.

Konvensiya layihəsi artıq mətbuata sızdırılıb.

Sənəddə ən mühüm məqamlar regiondan kənar dövlətlərin Xəzərdə hərbi iştirakının istisna edilməsi, habelə dənizin dibindən qaz kəmərlərinin çəkilməsi üçün kəmərin marşrutunun keçdiyi sektorların aid olduğu ölkələrin razılığının kifayət etməsidir.

Məlumata görə, ekoloji normalara dair ayrıca protokolla kəmərlərin çəkilməsi məsələsi yenə də digər sahilyanı ölkələrdən asılı vəziyyətə salınacaq.

Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin sammitər əfəsində "Kommersant”a müsahibə verib və imzalanacaq Konvensiyanı şərh edib.

Nazir müavini bir çox məsələlərə, o cümlədən Xəzərin dəniz, yoxsa göl olmasına, həmçinin, bunun Konvensiyaya necə uyğunlaşdırılmasına aydınlıq gətirib.

"Nə bu, nə digəri. Xəzər dənizinin xüsusi statusu olacaq. Bu, spesifik coğrafi və hidroloji xarakteristika ilə izah edilir. Xəzər qitədaxili su hövzəsidir və dünya okeanına birbaşa çıxışı yoxdur, ona görə də dəniz kimi nəzərdən keçirilə bilməz”,- Karasin bildirib.

Diplomat əlavə edib ki, Xəzər dəniz sayılmasa da ölçüsünə, suyunun tərkibinə və dibinin xüsusiyyətlərinə görə göl də hesab edilə bilməz. Ona görə də BMT-nin 1992-ci ildə qəbul etdiyi dəniz hüququna dair Konvensiya, habelə transsərhəd göllərinə dair prinsiplərin Xəzərə tətbiqi mümkün deyil.

Q. Karasin bildirib ki, Xəzərin hüquqi statusuna dair Konvensiya imkan verəcək ki, Rusiya Hərbi Dəniz Qüvvələri ümumi su məkanında sərbəst hərəkət etsin, üzsün, habelə inkişaf etsin. Bununla belə Konvensiyada gəmilərin sahilyanı zonalarda vəintensiv təsərrüfat fəaliyyəti zonalarında təhlükəsiz hərəkət qaydaları da müəyyən olunur.

Karasinin sözlərinə görə, Xəzərin sektorlara bölgüsü məsələsində tərəflər mövcud ikitərəfli, üçtərəfli razılaşmalardan yararlana bilərlər.

"Xəzəryanı dövlətlər çoxdan bu cür məsələlərin ikitərəfli və üçtərəfli formatda nizamlanması yollarını tapıblar. Mən hesab edirəm ki, indiyə qədər Rusiya, Azərbaycan və Qazaxıstan arasında imzalanan razılaşmalar, habelə Qazaxıstanla Türkmənistan arasında razılaşma dənizin cənub hissəsinin delimitasiyasında da nümunə ola bilər.

Konvensiyada dənizin dibindən istifadə məqsədi ilə bu cür məhdudlaşdırmanın (sektorlara bölmə) məqsədi aydın göstərilir və tərəflərin üzərinə öhdəlik qoyulur ki, bölgünü danışıqlar əsasında, beynəlxalq hüququn prinsiplərinə söykənərək aparsınlar. Sahilyanı ölkələr delimitasiyanı başa çatdırdıqdan sonra öz sektorlarının dibində resurslar üzərində tam yuridiksiyaya malik olacaqlar. Lakin hüquqi statusa dair sənəddə su səthi barədə bölgü fərqlidir”,- Karasin bildirib.

Diplomat bildirib ki, Konvensiya Rusiyanın maraqlarını "tam həcmdə” təmin edir. Karasinin sözlərinə görə, Xəzər hövzəsində təhlükəsizliyin təmin edilməsi barədə sahilyanı ölkələrin müstəsna hüquqları 2010-cu ildə imzalanmış razılaşmaya əlavə protokollarla müəyyən edilib. Bu razılaşma Xəzər hövzəsində terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə üzrə birgə əməkdaşlığı nəzərdə tutur.

Karasin Aktau sammitinin Konvensiyanın imzalanmasına baxmayaraq, sonuncu Xəzər sammiti olmayacağını da deyib: "Gözləyirik ki, Konvensiyanın qəbulundan sonra mövcud format daha da möhkəmlənəcək. Daimi fəaliyyət göstərən yeni konsultasiya meydançasının formalaşmasının vaxtı çatıb. Sammitdə kifayət qədər maraqlı ideyalar səslənəcək, ona görə də gəlin bazar gününü gözləyək”.( virtualaz.org)

“Reytinq" qəzeti bildirir ki, “Financial Times” nəşri Xəzəryanı dövlətlərin prezidentlərinin Qazaxıstanın Aktau şəhərində keçiriləcək beşinci zirvə toplantısı ilə bağlı "Xəzəryanı dövlətlər bu dənizlə bağlı problemlərə son qoymağa hazırdırlar”,- sərlövhəli məqalə dərc edib.

Məqalədə deyilir ki, Xəzərin ətrafında yerləşən beş dövlət 26 ildir bu dənizlə bağlı problemin həllində vahid mövqeyə gələ bilmirlər. Ancaq yaxın günlərdə problemin həlli ilə bağlı irəliləyişin əldə olunacağına imkan yaranıb.

Dünyanın ən böyük qapalı su hövzəsi olan Xəzər dənizinin karbohidrogen yataqları ilə zəngin olduğu vurğulanan məqalədə deyilir ki, bir vaxtlar bu dəniz Sovet İttifaqı ilə İran arasında bölünmüşdü. Ancaq 1992-ci ildə SSRİ-nin dağılması Xəzər dənizi sahillərində - Rusiya, Qazaxıstan, Azərbaycan və Türkmənistan olmaqla dörd varisi üzə çıxardı və dənizin statusunu uzun sürən diplomatik mübahisələrin qurbanına çevirdi.

Artıq qeyri-müəyyənlik arxada qalıb. Belə ki, avqustun 12-də Qazaxıstanın Aktau şəhərində beş dövlətin prezidentlərinin dənizin hüquqi statusunu tənzimləyən Konvensiyanı imzalayacaqları gözlənilir.

Məqalədə qeyd olunur ki, görünür, vaxtilə Türkmənistanın dənizin dibi ilə Azərbaycanadək 300 kilometr uzunluğunda qaz kəməri inşa etmək təşəbbüsünün qarşısını alan Moskva indi bu niyyətindən əl çəkib.

"Financial Times” yazır ki, Aktau sammitində qəbul olunacaq Konvensiyada dəniz sərhədlərinin delimitasiyası, dəniz dibinin bölünməsi, hərbi əməkdaşlıq və iqtisadi fəaliyyət - daşıma, ətraf mühitin mühafizəsi və dəniz elmi araşdırmaları kimi məsələlərin yer alması nəzərdə tutulur. Bu Konvensiya Azərbaycan da daxil olmaqla, digər Xəzəryanı ölkələrin karbohidrogen layihələri üçün maneələri aradan qaldıracaq.

Yazıda Azərbaycanın reallaşdırdığı Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP qaz boru kəmərinin səhmdarlarından olan İtaliyanın SNAM şirkətinin baş icraçı direktoru Marko Alveranın Aktau Konvensiyasını Xəzər dənizi üçün "çox maraqlı bir hadisə” adlandırdığı diqqətə çatdırılır. M. Alvera vurğulayıb ki, bu, Avropa və Azərbaycan üçün əla variantdır.

Göründüyü kimi, ilk baxışdan belə anlaşılır ki, Xəzərdə maraqları olan dünyanın nəhəng dövlətləri bazar günü imzalanacağı gözlənilən sazişdən məmnundurlar. Lakin Karasinin “Aktau sammitinin Konvensiyanın imzalanmasına baxmayaraq, bu, sonuncu Xəzər sammiti olmayacaq”, - sözləri göstərir ki, hələ dəmübahisəli məsələlər var.

Reyting.az




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}