Almaniya ilə Türkiyə Qarabağ probleminin həllinə müsbət təsir göstərə bilər - Mehdi Abdullayev
Tarix: 27-08-2018 12:04 | Bölmə: Siyasət
 Almaniya ilə Türkiyə Qarabağ probleminin həllinə müsbət təsir göstərə bilər

“Almaniya kansleri xanım Angela Merkelin ölkəmizə səfərini müsbət qiymətləndirirəm. Hesab edirəm ki, bu səfər, səfər zamanı ölkə Prezidenti cənab İlham Əliyevlə gerçəkləşdirilən görüş, iş adamları ilə bir araya gəlinməsi, səsləndirilən fikir və bəyanatlar Azərbaycan-Almaniya münasibətlərinin, qarşılıqlı əlaqələrinin daha da möhkəmləndirilməsi və gücləndirilməsində öz sözünü deyəcək”.

Reyting.az
xəbər verir ki, bu sözləri hüquq elmləri doktoru, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının prorektoru Mehdi Abdullayev deyib.

M. Abdullayev bildirib ki, Azərbaycanla Almaniya arasında illərdir davam edən xoş münasibətlər mövcuddur. Xüsusən də, Qarabağ məsələsində bu dövlət digərləri ilə müqayisədə daha ədalətli mövqe sərgiləyir.

M. Abdullayevin bildirdiyinə görə, Almaniya parlament - Bundestaq səviyyəsində Ermənistan-Azərbaycan münaqişəsinə hüquqi-siyasi qiymət verən və Ermənistanın təcavüzkarlığını pisləyən azsaylı Qərb ölkələrindən biridir: “Hətta, uzun illər həm qardaş Türkiyənin, həm də Almaniyanın ATƏT-in Minsk qrupunun həmsədrliyinə cəlb edilməsi ilə bağlı fikirlər, təkliflər səsləndirilib və yenə də bu təkliflər gündəmdədir. Çünki Azərbaycan cəmiyyəti bu iki ölkənin ədalətli mövqe nümayiş etdirməsi səbəbi ilə onların həmsədrliyə cəlb edilməsində maraqlıdır və bunu da zaman-zaman dilə gətirib. Amma təəssüflər olsun ki, bizdən asılı olmayan səbəblərdən bunlar təklif olaraq qalır”.

M. Abdullayevin fikrincə, Almaniya və Türkiyə həmsədrliyiə cəlb olunarsa, o zaman vasitəçilər missiyası tərəfindən ədalətli mövqe sərgilənməsi daha real və daha inandırıcı olar. “Təsadüfi deyil ki, mətbuat konfransında xanım Merkel Qarabağ məsələsinin həllində Almaniyanın da iştirakını arzuladıqlarını bəyan etdi. O, “Biz Dağlıq Qarabağ məsələsi ilə bağlı Minsk qrupunda fəaliyyətimizi davam etdirəcəyik. Mən bu dəfə hər iki ölkəyə səfər etdim və bununla da məsələnin təcili və necə həll olunması barədə bir daha aydın təsəvvür yarandı. Biz səylərimizi artıracağıq və bütün tərəflər də iştirak etməlidir ki, bir həll yolu tapılsın və biz buna töhfəmizi verəcəyik”,-deyə, sözlərinə əlavə etdi.

Düzdür, bu günə qədər Qarabağ münaqişəsi ilə bağlı çox bəyanatlar səsləndirilib, isti mesajlar, vədlər verilib, amma reallıqda bunun nəticəsi görünməyib. Amma xanım Merkelin bu sözləri Qarabağ münaqişəsinin sülh, danışıqlar yolu ilə ədalətli həlli prosesinə ümidlərimizi bir qədər də artırır. Yəni, sülh, danışıqlar yolu ilə münaqişənin həlli limiti hələ tam tükənməyib. Bu baxımdan da, çox istərdim ki, bunlar söz olaraq qalmasın və Qarabağ münaqişəsinin həlli prosesində müsbət rolunu oynasın. Ümumiyyətlə, Azərbaycan açıq, şəffaf ölkədir, hər bir ölkə ilə ikitərəfli və çoxtərəfli əlaqələrin qurulmasında maraqlıdır, hər zaman da bu yöndə öz niyyətlərini ortaya qoyub, gərəkən addımları atıb. Azərbaycan, sadəcə, zor, təhdid, təzyiq, diktə dilini sevmir, qəbul etmir. Yəni, hər kəslə bərabərhüquqlu münasibətlərin qurulması tərəfdarı kimi çıxış və öz mövqeyində də israr edir. Odur ki, Azərbaycan hər kəslə səmimi, açıq əməkdaşlıqda maraqlıdır və qarşı tərəfdən də bunları gözləyir”.

M. Abdullayev qeyd edib ki, Merkelin son səfəri hər iki ölkə və xalqın maraqlarına xidmət edir və edəcək.(Mənbə: Modern.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}