16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Stratfor: “Antirusiya sanksiyaları dünya maliyyə sistemini silkələyə bilər” – Təhlil
Tarix: 31-08-2018 02:31 | Bölmə: Siyasət
Stratfor: “Antirusiya sanksiyaları dünya maliyyə sistemini silkələyə bilər”

(Stratfor (ABŞ), 29.08.2018)

ABŞ antirusiya sanksiyalarından istifadəni niyə davam etdirəcək, amma çox da dərinə getməyəcək.

Əsas məqamlar

Çox ehtimal ki, ABŞ ən yaxın bir neçə ayda Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək, amma bu tədbirlərin miqyası ABŞ Konqresi və Tramp administrasiyası arasında diskussiya və güzəştlərin nəticəsi olacaq.

Rusiyanın maliyyə sabitliyini saxlamaq və sanksiyaların təsirindən müdafiəyə yönələn strategiya çərçivəsində öz iqtisadi əlaqələrini rəngarəng etmək cəhdləri Moskvaya ciddi iqtisadi sarsıntılardan yayınmaq imkanı verəcək – ən azı, qısamüddətli perspektivdə.

Sanksiyaların sərtləşdirilməsinə baxmayaraq, ABŞ və Rusiya silahlanma üzərində nəzarət və Suriya münaqişəsi daxil olmaqla mübahisəli məsələlər üzrə danışıqlar aparmağı davam etdirəcək.

AВŞ və Rusiya arasındakı qarşıdurmada zəifləmə əlamətləri müşahidə olunmur və aradakı fikir ayrılıqları Vaşinqtonun Moskvaya qarşı sanksiyalardan yararlanmasında getdikcə daha aydın görünür. Vaşinqton avqustun 27-də kalibrləmə avadanlıqları və qaz trubinləri daxil olmaqla milli təhlükəsizliyə aid olan istənilən malın Rusiyaya ixracatını yasaqlayaraq Moskvaya qarşı sanksiyaları növbəti dəfə genişləndirib. Sanksiyalar Birləşmiş Krallıq ərazisində Rusiyanın keçmiş casusu Sergey Skripalın zəhərlənməsilə bağlı tətbiq edilib. İxracata bu yasaq sanksiyalar tədbirinin yalnız ilk qismidir, Kreml kimyəvi silah işlətməyi dayandırmağa etibarlı zəmanət verməsə və BMT-yə Rusiya ərazisində yoxlama keçirməyə icazə verməsə, ikinci zərf 90 gündən sonra qüvvəyə minə bilər. Moskva bu tələbləri yerinə yetirməsə, ABŞ hökuməti “Aeroflot”un ABŞ-a reyslərinə yasaq, Amerika banklarının Rusiya şirkətlərinə kredit verməsinə məhdudiyyətlər və diplomatik münasibətlərin məhdudlaşdırılması daxil olmaqla tam bir sıra tədbirlərin tətbiqi imkanını nəzərdən keçirə bilər. Təzəcə tətbiq edilmiş sanksiyaların ardınca Rusiyaya xeyli ziyan vura biləsi qanun layihəsi hazırlanıb. Amerikanın hər iki partiyadan senatorlar qrupu avqustun 2-də “Amerikanın təklükəsizliyinin Kreml təcavüzündən qorunması” qanun layihəsini baxılmağa çıxardıb, buna uyğun olaraq Rusiyanın Amerika seçkilərinə ehtimal edilən müdaxiləsilə bağlı Rusiyanın dövlət borcları və energetika layihələrinə qarşı sanksiyalar tətbiq edilə bilər. Amma senatorlar çətin ki bu qanun layihəsini indiki şəkildə keçirməyə nail olsunlar, çünki onların Konqresdəki bəzi həmkarları bu yeni sanksiyaların Rusiya iqtisadiyyatına çox güclü zərbə vura biləcəyi, habelə başqa ölkələrə toxunacağı haqda həyəcan ifadə ediblər. Vaşinqton ABŞ-ın gördüyü tədbirlərin sərtlik dərəcəsindən asılı olmayaraq Kremllə münasibətlər qurmaqda bir alət kimi sanksiyalardan çətin ki imtina etsin.

İndiki nöqtəyə necə çatmışıq

Moskva 2014-də Krımı ilhaq edəndə və Avromaydandan sonra Ukraynanın şərqində Rusiyayönlü könüllü yığmasına dəstək verəndə ABŞ Rusiya barəsində sanksiyaları tədricən sərtləşdirib. ABŞ Konqresi antirusiya sanksiyalarının sərtləşdirilməsində əsas rol oynayıb: xüsusən də 2017-nin avqustunda “Sanksiyalar vasitəsilə Amerikanın düşmənlərinə qarşı əks təsir haqda” qanun qəbul edib. Bu qanun təkcə antirusiya sanksiyalarını genişləndirməyib, həm də ABŞ Konqresi Moskvanın cavab güzəştləri haqda ona təqdim edilən məruzəni bəyənməsə, Moskvaya qarşı qüvvədə olan sanksiyaları ləğv etməyi ABŞ prezidenti Donald Trampa qadağan edib. Əslinə baxanda, bu dəyişikliklər zəmanət verir ki, indi Rusiya barəsində sanksiyaları tənzimləməkdə prezidentin deyil, məhz ABŞ Konqresinin hüququ var. ABŞ xəzinədarlığı bu qanun qəbul ediləndən sonra apreldə Rusiyanın bir neçə oliqarxına, şirkətlərinə, hökumət məmurlarına və bir banka qarşı sərt sanksiyalar tətbiq edilməsi üçün əsas olan “Kreml məruzəsi”ni təqdim edib. Bu sanksiyalar dünyada ikinci ən böyük alüminium şirkəti “Rusala” və sahibi Oleq Deripaskaya xüsusən ağır zərbə vurub.

ABŞ Maliyyə Nazirliyinin Xarici aktivlərə nəzarət üzrə İdarəsi ümumilikdə, demək olar, 500 rusiyalı və Rusiya şirkətlərinə qarşı sanksiyalar tətbiq edərək bu şirkətləri gəlirin, təxminən, dörddə birindən, Rusiya iqtisadiyyyatını isə on milyardlarla dollardan məhrum edib. Bundan başqa, Rusiya Amerika bazarından asılılıq üzündən daha təsirli itkiyə məruz qalıb: Rusiyanın qiymətli kağızları yarıdan çox dəyər itirib. Sanksiyalar habelə Kareliyada Nadvoitsadakı alüminium zavodunun bağlanmasına səbəb olub, çünki o öz işində ABŞ-a sıx bağlıydı. “Rusala”nın Rusiyanın başqa hissələrindəki müəssisələri istehsal tempini aşağı salmağa məcbur olub.

Rusiya cavab tədbirləri görür


Kreml ABŞ-ın bu hərəkətlərinə cavabda Rusiya iqtisadiyyatını sanksiyaların təsirindən qorumaq qabiliyyəti olan, yəni Rusiyanın tufandan keçə və əhatəli iqtisadi sarsıntılardan yayına bilməsi üçün uzunmüddətli strategiya hazırlayıb. Rusiya xəzinə və pul siyasətinə yenidən baxıb və vergi yığılması sistemini elə şəkildə təkmilləşdirib ki, neftin daha aşağı qiymətlərində (bir barrelə 67 dollar əvəzinə 61 dollar) büdcəni doldurmaq imkanı olsun. Bununla yanaşı, dünyada neft qiymətlərinin 2014-cü ildəki düşümdən sonra dayanıqlı artımı da büdcəni tarazlamaq və avrobondların yeni buraxılışından asılılığı azaltmaqda Rusiyaya yardım edib. Nəticədə Moskva öz valyuta ehtiyatlarının həcmini 450 milyard dollaradək artırmağa və Milli Rufah Fonduna 77 milyard dollardan çox pul keçirməyə nail olub.

Bu arada RF Mərkəzi Bankı Amerikanın xəzinə istiqrazlarının böyük qismindən qurtulub və diqqətini qızıl yığmağa cəmləyib. Bu ondan xəbər verir ki, Moskva daha ciddi sanksiyalara hazırlaşır. Gələn il baş verəcək əlavə dəyərə verginin artırılması Rusiya büdcəsini dolduran neftin qiymətini, təxminən, bir barrelə 50 dollaradək azaltmaq imkanı verəcək – bu, 2008-ci ildən bəri ən aşağı səviyyədir. Bu arada pensiya islahatı – hərçənd o, rusiyalılar üçün son dərəcə qeyri-populyardır – gələn ildən başlayaraq Rusiya büdcəsini daha uzun müddətə yaxşılaşdırmağa yönəlib. “Norilskiy nikel” və “Alrosa” daxil olmaqla Rusiyanın böyük şirkətləri Çin və Hindistan kimi ölkələrdəki əcnəbi müştərilərlə sövdələşməni dollarla deyil, publdan istifadə etmək mexanizmini artıq sınaqdan keçirir.

Son nəticədə İran, Suriya və ya Şimali Koreya kimi başqa rəqiblərə qarşı olduğu kimi Moskvaya qarşı ABŞ sanksiyalarının hədəfi bundan ibarətdir ki, Vaşinqton və müttəfiqlərinin maraqlarına zidd çıxan Rusiyanın davranışı dəyişilsin – xüsusən də Rusiyanın Ukrayna və Suriya münaqişələrində iştirakı, habelə ABŞ-da və Avropanın bəzi ölkələrində seçkilərə müdaxiləsi xüsusunda. Bundan savayı, sanksiyaların Kremldə fikir ayrılığı törədə biləcəyi və yaxud oliqarxlarla Rusiya hökumətinin arasını vura bilcəyi Vaşinqton üçün mümkün bonus ola bilər.

Təzyiqi artırmağın vaxtıdır?


Son nəticədə yeni sanksiyaların effekti ABŞ-ın bu tədbirləri hansı dərəcədə həyata keçirməyi qət edəcəyindən asılıdır – bu qərar Amerika hökumətinin müxtəlif qanadları arasındakı diskussiyaların nəticəsi olacaq. Ən nəhayətdə, antirusiya sanksiyaları haqda qanunların böyük hissəsini məhz ABŞ Konqresi qəbul edir, Maliyyə Nazirliyi və prezident bu sanksiyaları tətbiq edir.

ABŞ Rusiyanın suveren borcu və Rusiyanın ən böyük dövlət bankları üçün qadağa kimi qəti addıma gedərsə, Moskva borclar üzrə elə bir yükəsk xərclərlə üzləşəcək ki, bank sisteminə dəstək üçün Rusiyanın Mərkəzi Bankı işə qarışmalı olacaq. “Amerika təhlükəsizliyinin Kreml təcavüzündən qorunması haqda” qanun indiki şəkildə qəbul edilsə, bu, Rusiyanın rublun volatilliyini (qiymət dəyişkənliyini səciyyələndirən statistik maliyyə göstəricisi-red.) saxlamaq bacarığını məhdudlaşdıracaq ki, bu da inflyasiya artımına səbəb olacaq. Rusiyaya xarici yatırımların həcmi uzunmüddətli perspektivdə azalacaq, onun Qərb texnologiyası və bazarlarına çıxışı isə məhdudlaşacaq.

Təəccüblü deyil ki, ABŞ bu qanunu qəbul edəcəyi halda Rusiya qəti cavab tədbirləri görəcəyi haqda xəbərdarlıq edib –baş nazir Dmitri Medvedyev bu addımı “iqtisadi müharibə elan etmək” adlandırıb. Rusiya indiki ana qədər ona qarşı tətbiq edilən sanksiyalara güzgülü şəkildə cavab verib, habelə ABŞ-ın Suriya, Ukrayna və Şimali Koreya kimi ölkələrdə strateji maraqlarının gerçəkləşməsinə mane olaraq asimmetrik cavabla çıxış edib. Sanksiyalar nə qədər sərt olsa, Moskvanın qıcığı bir o qədər dağıdıcı olacaq.

Amma Tramp administrasiyası belə sərt kursa qarşı çıxır. Maliyyə Nazirliyi bir neçə dəfə xəbərdarlıq edib ki, Rusiyanın suveren borcları və banklarına qarşı sanksiyalar kürəsəl maliyyə bazarlarının durumuna mənfi təsir edə bilər, çünki Moskva suveren bondların, haradasa, üçdə birini Rusiyadan qıraqda saxlayır.

Amerikanın bəzi senatorları da sanksiyaların kürəsəl bazarlara potensial mənfi təsirini bəhanə edərək belə sərt tədbirlərə qarşı çıxıblar. Məsələn, “Rusala” qarşı sanksiyalar alüminiumun kürəsəl qiymətinə mənfi təsir edib. Beləliklə, “Amerikanın təhlükəsizliyinin Kremldən qorunması haqda” qanun çətin ki tam həcmdə qəbul edilsin.

Uzlaşmağa az qalıb

Konqreslə Tramp arasında uzlaşma daha ağlabatan görünür. Vaşinqton bu çərçivədə Moskvaya iqtisadi basqını artıracaq, amma birbaşa Rusiyanın dövlət borcu, ya da banklarına sanksiyalar tətbiq ediləcək dərəcədə deyil. Lakin Tramp və Konqres arasında əvvəlki fikir ayrılıqlarına, habelə sanksiyalar tətbiqinin təxirə salınmasına baxmayaraq, son nəticə həmişə sanksiyaların sərtləşdirilməsi olub – Tramp həvəslə olmasa da, Rusiyaya iqtisadi basqını artırmağa həmişə razılaşıb. Bununla belə, Tramp administrasiyası eyham vurub ki, sanksiyaları müəyyən şərtlərlə yumşalda, ya da ləğv edə bilər – prezidentin sanksiyaların yumşaldılması əvəzində Rusiyaya Ukrayna və Suriya üzrə güzəştlərə getmək təklifi verməyə hazır olması, habelə Vaşinqtonun sanksiyalarından qurtulmaq üçün Deripaskaya “Rusala”da payı azaltmağa inandırmaq cəhdləri bundan xəbər verir.

Beləliklə sanksiyalaırn mülayimcə sərtləşdirilməsi ABŞ və Rusiya arasında danışıqlar prosesini poza bilməz. Moskva və Vaşinqton tam bir sıra mübahisəli məqamlar üzrə danışıqlar aparmağı davam etdirəcək ki, bu da silahlanma üzərində nəzarət və Suriya kimi məsələlərdə müəyyən irəliləyişə səbəb ola bilər. (Misalçün, milli təhlükəsizlik üzrə müşavir Con Bolton Cenevrədə rusiyalı həmkarı Nikolay Patruşevlə danışıqlar aparıb). Amma ABŞ antirusiya sanksiyaları məsələsində çox da uzağa getməyə başlamasa da, Rusiya ilə münasibətləri Vaşinqtona əlverişli zəmində qurmaq üçün bu cür tədbirlərin görülməsi təhdidindən faydalanmağı sürdürəcək.(Tərcümə Strateq.az-ındır)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}