İstanbulda yoxa çıxan jurnalistə görə dövlətlərin münasibəti gərginləşib
Tarix: 13-10-2018 14:19 | Bölmə: Slayd
İstanbulda yoxa çıxan jurnalistə görə dövlətlərin münasibəti gərginləşib

Azərbaycan mətbuatının “Cemal Kaşıkçı”, “Camal Qaşıqçı”, yaxud “Camal Xaşuqci” kimi təqdim etdiyi Səudiyyə əsilli jurnalistin İstanbulda yoxa çıxması dünyanın gündəm mövzularından birinə çevrilib.

“Reytinq” xəbər verir ki, son rəsmi məlumata görə, Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna daxil olduqdan sonra xəbəri alına bilməyən “Washington Post” qəzetinin köşə yazarı Cemal Kaşıkçı ilə bağlı şübhəlilər müəyyənləşib.

Türkiyənin NTV kanalı bildirib ki, konsulluğun əhatə etdiyi ərazidə 150 kamera vasitəsi ilə araşdırma aparılıb. Bu kameralardan ikisində Cemal Kaşıkçının konsulluğa daxil olduğu aydın görünsə də, binanı tərk etməsi faktı üzə çıxmayıb:

“Görüntülərdə konsulluqdan çıxan iki şübhəli maşınla yanaşı, 7 nəfər də şübhəli şəxs müəyyənləşdirilib. Həmin şəxslər jurnalistin binaya daxil olmasından 30 dəqiqə sonra gəlib və təxminən 2.5-3 saat sonra Türkiyəni tərk ediblər”.

Belə bir məqamda “Amerikanın səsi” yazır ki, ABŞ prezidenti Tramp və onun türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanından jurnalist Cemal Kaşıkçının yoxa çıxması ilə bağlı izahat almaq üçün təzyiqlərlə qarşılaşırlar.

Jurnalist vəliəhdin əmri ilə öldürülüb?

Həmin yazıda qeyd olunur ki, səudiyyəli jurnalist oktyabrın 2-də İstanbulda Səudiyyə Ərəbistanının konsulluğuna daxil olduqdan sonra yoxa çıxıb. Türkiyə təhqiqatçıları onun öldürüldüyünü ehtimal edirlər. Monarx ailəsinin tənqidçisi olan jurnalistin qətli ilə bağlı şübhələr Səudiyyə Ərəbistanı hökuməti üzərinə düşür. Lakin rəsmi Ər-Riyad bu iddiaları rədd edir.

Fəallar, jurnalistin yoxa çıxması səbəbinə aydnlıq gətirilməsi üçün Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfirliyi qarşısında aksiya keçiriblər. Onlar jurnalistin Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanın əmrinə əsasən öldürülməsindən şübhələnirlər.

Tramp: “Bu, dəhşətli bir şeydir”

Prezident Tramp səudiyyəlilərlə gərgin vəziyyəti müzakirə etdiyini deyib:

“Mən bunu kimin etdiyini öyrənməliyəm, çünki bəzi adamlar deyir ki, onu ora daxil olanda görüblər, lakin oradan çıxdığını görməyiblər. Bu, dəhşətli bir şeydir”.

Hər iki partiyadan qanunvericilər bildirib ki, səudiyyəlilər Kaşıqçının yoxa çıxmasına görə məsuliyyət daşıyırsa, Tramp administrasiyası bir iş görməlidir.

Məsələn, Cənubi Karolina ştatından respublikaçı senator Lindsi Qraham jurnalistin itkin düşməsinə belə reaksiya verib: “Bu, münasibətlər üzərində qara buluddur. Mən Səudiyyə Ərəbistanına həmişə dəstək vermişəm. Onlar kəşfiyyat məlumatlarının bölüşdürülməsi məsələsində yaxşı işlər görüb. Bizim İran və sünni islam kimi qarşılaşdığımız ümumi təhlükələr var”.

Konnektikut ştatından demokrat senator Kris Mörfi isə Ər-Riyada qarşı açıq hücuma keçməyi təklif edib.

Ərdoğan da tərəfdarları və opponentləri tərəfindən eyni təzyiqlərlə qarşılaşır.

Məsələn, Yaxın Şərq üzrə beynəlxalq müxbir Borzu Daraği hadisəyə belə yanaşır:

“Səudiyyəlilərin vəziyyəti başa düşdüyünü düşünmürəm. Bu, Küveyt deyil. Bu, İordaniya deyil. Bu, belə fəndlərin işlədildiyi Birləşmiş Ərəb Əmirlikləri də deyil. Bu, olduqca spesifik tarixə malik bir ölkədir və xarici ölkələrin burada belə əməliyyatlar keçirməsini xoşlamır”.

15 nəfər jurnalisti doğrayıb?

Türkiyə mətbuatı Səudiyyə Ərəbistanından 15 nəfərdən ibarət əməliyyat qrupunun keçən həftə Türkiyəyə gəldiyini və jurnalisti öldürüb, onun bədənini hissələrə böldüyü haqda məlumat verib. Belə görünməmiş hərəkət isə Ərdoğan hakimiyyətinə meydan oxumaqdır.

Lakin bu, həm də Tramp üçün çətinlik yaradır. Bunu ABŞ-ın demokrat senatoru Gerri Konnolli “Amerikanın Səsi”nin türk xidmətinə müsahibəsində deyib.

Sui-qəsd dəstəsi müəyyənləşib

Türkiyənin hökumətyönlü qəzeti isə bildirir ki, tanınmış səudiyyəli jurnalistə görə göndərilmiş 15 nəfərlik sui-qəsd dəstəsi müəyyənləşdirilib. Türkiyə rəsmiləri yazarın İstanbuldakı Səudiyyə konsulluğunda öldürüldüyünü iddia edirlər.

“Sabah” qəzeti 10 oktyabr buraxılışında 15 səudiyyəlinin adlarını və fotolarını da dərc edib. Onların jurnalist yoxa çıxdığı gün Türkiyəyə iki özəl təyyarə ilə getdiyi qeyd olunur. Fotoların aeroportun təhlükəsizlik kameraları ilə çəkildiyi görünür.

Xatırladaq ki, oktyabrın 2-də İstanbuldakı Səudiyyə konsulluğuna girəndən sonra yoxa çıx C. Kaşıqçı türkiyəli nişanlısı ilə evlənməkdən ötrü sənədləşmə işini bitirmək istəyirmiş.

Təhlükəsizlik mənbələri qəzetə deyiblər ki, 15 səudiyyəli İstanbula daxil olub, Kaşıqçı konsulluğa gedən gün onlar da orada olublar və daha sonra ölkəni tərk ediblər.

Türkiyənin Xarici İşlər Nazirliyi oktyabrın 9-da bildirib ki, Səudiyyə rəsmiləri İstanbuldakı konsulluqda araşdırma aparılmasına icazə verib. Prezident Rəcəp Tayyib Ərdogan bu işi həll etməyin onun siyasi və humanitar borcu olduğunu deyib.

Qəzet xatırladıb ki, jurnalist Səudiyyə Ərəbistanından ötən il çıxıb. O, ölkənin Yəmən müharibəsindəki siyasətini, narazıları susdurmasını tənqid etdiyinə görə ondan qisas alına biləcəyini söyləyib.

Trampın açıqlamasını Türkiyə təkzib edir

“Amerikalı müfəttişlər də jurnalistlə bağlı hadisəni araşdırırlar”.

Bunu ABŞ prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində deyib.

“Camal Kaşıqçıya nə olduğunu öyrənməyə məcburam. Bu məsələdə mövqeyimiz çox sərtdir. Orada müfəttişlərmiz var. Onlar Türkiyədə yerli müfəttişlərlə birlikdə işləyirlər. Açığı, Səudiyyə Ərəbistanı ilə də əməkdaşlıq edirik. Nələr baş verdiyini aşkar etmək istəyirik”, – deyə ABŞ lideri vurğulayıb.

Lakin Trampın bu açıqlamasını Türkiyə rəsmiləri təkzib ediblər. Bildiriblər ki, ABŞ kəşfiyyatından Türkiyəyə bir nəfər belə göndərilməyib.

Onu da qeyd edək ki, Tramp oktyabrın 10-da keçirdiyi mətbuat konfransında Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda itkin düşən jurnalist C. Kaşıqçı barədə açıqlama vermişdi: “Bu hadisənin daha dərindən araşdırılmasını istəyirəm. Səudiyyə Ərəbistanı hakimiyyətindən suallarımıza cavab gözləyirik. Bu hadisənin axıradək araşdıracağıq. Camal Kaşıqçının nişanlısını Ağ Evdə görmək və qəbul etmək istəyirəm”.

Böyük Britaniyanın xarici işlər naziri Ceremi Hant isə “France Press”ə deyib ki, jurnalistin qətlə yetirilməsi ilə bağlı ehtimallar özünü doğrultsa, Ər-Riyad ciddi problemlərlə üzləşməli olacaq:

“Hətta özlərini çoxdandır Səudiyyə Ərəbistanının dostu hesab edənlər də, bunun çox ciddi məsələ olduğunu deyirlər. Bu iddialar doğru çıxsa, nəticələr çox ciddi olacaq, çünki dostluq və tərəfdaşlığımız müştərək dəyərlərə söykənir”.

İŞİD-ə bənzər qrupun qurbanı…

Məşhur analitik Taha Özhan jurnalistlə bağlı “Middle East Eye” nəşrində yazıb ki, dostu Camal ilə oktyabrın 16-da bir konfransdakı paneldə görüşəcəklərmiş. Lakin dostu İŞİD-ə bənzər qrupun qurbanı olub.

Reyting.az saytı Taha Özhan həmin nəşrdəki yazısını təqdim edir:


Bəziləri hesab edir ki, diplomatik qaydalara əsasən, Səudiyyə ərazisi sayılan konsulluqda baş verənlər yalnız Səudiyyənin problemidir. Ancaq bu hadisə Səudiyyə Ərəbistanına məxsus diplomatik missiyaların istənilən potensial cinayət üçün səhnə ola biləcəyi təəssüratını yaradır.

Diktaturalar, İsrailin qırğınları, ABŞ müdaxilələri, terrorizm və Suriyadakı zülmlər Yaxın Şərq bölgəsinə xas anlayışlardır. Ancaq Kaşıqçının öldürülməsi, demək olar ki, bütün bu vəhşiliyin müxtəlif elementlərini birləşdirir.

Əsas geosiyasi iqlim, ilk növbədə, İŞİD zehniyyətini doğurub və nəticədə, İstanbulda, Səudiyyə konsulluğu içərisində Kaşıqçını öldürmək üçün iddia edilən üsullar yaranıb.

Yalnız bu zəhərli ekosistemi tamamilə başa düşə bilsək, Riyaddakı zehniyyəti, Vaşinqtonun təkəbbürünü, Tehranın inadkarlığını, Moskvanın döyənəkliyini, Təl-Əvivin irqçiliyini və Körfəz dövlətlərinin harınlığını başa düşə bilərik.

Riyaddakı iqtidar, prezident Donald Trampın təbirilə, ABŞ dəstəyi olmadan yalnız iki həftə hakimiyyətdə qala bilər, eyni məntiqlə, Kaşıqçı da.

Söhbət təqsirsiz və müdafiəsiz bir adamın öldürülməsindən gedir.

Məsələ sadəcə, təvazökar bir fəal və jurnalist olan Kaşıqçının susdurulmasında deyil. O, Səudiyyə rejiminə heç bir real təhlükə yaratmayıb. Kaşıqçı günahsız idi, günahsız insanlara qarşı məqsədsiz və sapqın qəsd edilib.

ABŞ və Avropa paytaxtlarında hakim zehniyyət cavabdehlikdən yayına bilməz. Bölgədəki əsas geosiyasi məsələlərdən qaçaraq və “qadınlar Səudiyyə Ərəbistanında avtomobil idarə edə bilsin və ya bilməsin” kimi sadə problemdən faydalanaraq, onlar toksik geosiyasi iqlimin bəslənməsində rol oynayıblar.

Bu arada, Səudiyyə Ərəbistanının şahzadəsi Məhəmməd bin Salman ABŞ prezidenti ilə birlikdə bölgədə, Yəmən və Fələstin, Suriya və Livana qarşı hiddətlənir. Bu sərsəm qəzəb oktyabrın 2-də İstanbuldakı Səudiyyə konsulluğunda da təcəssümünü tapıb.

Belə məsuliyyətsiz davranışın nəticələrinin İstanbulla məhdudlaşacağına dair heç bir zəmanət yoxdur; asanlıqla dünyanın digər bölgələrindəki Səudiyyə diplomatik nümayəndəliklərinə də genişləndirilə bilər.

Kaşıqçı – Səudiyyə vətəndaşı və Vaşinqtonun siyasi və media elitasının dairələrində məşhur olan ABŞ sakini idi. Onun amansız qətlinin nəticələri dünya miqyasında əks-səda verəcək.

Camal Kaşıqçının öldürülməsini planlaşdıran zehniyyətin onun ölümündən sonra dayandırılacağına dair heç bir zəmanət yoxdur. Səudiyyə Ərəbistanı, Tramp-Netanyahu oxunun təbii müttəfiqi olaraq, məsuliyyətlə hərəkət etməyi davam etdirəcək. Bu hadisə, həmçinin Riyadın günahı ucbatından Türkiyə-Səudiyyə Ərəbistanı münasibətlərinin ölümünü də potensial olaraq önə çəkir. Münasibətlərin qırılma nöqtəsini keçmişik və Riyad törətdiyi təxribatla bunda tam günahkardır.

Bu nöqtədən başlayaraq, Səudiyyə Ərəbistanın addımları ikitərəfli münasibətlərin taleyini təyin edəcək. Ancaq unutmamalıyıq ki, Kaşıqçının öldürülməsinin təsiri Ankara-Riyad oxundan kənara çıxır. Dünya məsuliyyət daşımalı və müvafiq olaraq təpki verməlidir.

Tramp tacdar şahzadənin Yaxın Şərq siyasətlərinə yaşıl işıq yandırıb. Amma dünyanın qalan hissəsi buna izin verməməlidir.

Səudiyyənin tacdar şahzadəsi Trampın prezident seçilməsindən çox-çox əvvəl qlobal mərhələyə girib. Lakin Məhəmməd bin Salmandan fərqli olaraq, Tramp dünya miqyaslı meqalayihələri ilə tanınan məşhur şəxs idi. Adı demək olar ki, həmişə “Aramco” şirkəti ilə birlikdə xatırlanan gənc şahzadə isə təkcə Yaxın Şərqdə deyil, dünya siyasətinə yeni bir adamdır.

Qərbdə Məhəmməd bin Salman – Yaxın Şərq kimi çətin bir bölgəyə uyğun dəmir yumruqlu, uzunmüddətli hökmdar kimi nəzərdən keçirilib. Amma o, həmçinin səhm almaq fürsəti kimi qəbul olunub.

Şahzadə Səudiyyə Ərəbistanı milli neft şirkətinin – “Aramco”nun təxminən 5 faizini satmağı planlaşdırır. İlk səhm payının 100 milyard dollara qədər artırılması gözlənilirdi, lakin avqust ayından bəri “Aramco” ilə bağlı qeyri-müəyyənlik Səudiyyə hökumətinin disfunksiyası əlaməti idi.

Məhəmməd bin Salman keçən il varis-şahzadə təyin edilərkən, “New York Times”-ın şərhçisi Tom Fridman “Səudiyyə Ərəbistanında “Ərəb baharı”nın başladığını və şahzadənin “cəmiyyət üçün böyük planları” olduğunu iddia edib.

İndi tacdarın “böyük planları” “Aramco” üçün uğursuz şəklində həyata keçirilib: lüks oteldə çox sayda xanədan üzvü və iş adamının həbsdə saxlanılması və ən sonda İstanbuldakı cinayət.

Kaşıqçı yalnız Səudiyyə Ərəbistanı deyil, bütün Yaxın Şərq üçün daha yaxşı gələcəyin xəyalpərəsti idi.

İndi bütün dünyanı yaxından maraqlandıran bir sual var: jurnalistin ölümü elan olunacaq, yoxsa bu, bir sirr pərdəsi olaraq qapadılaraq, tarixin hökmünə buraxılacaq?

Əlbəttə, bu suallar ətrafında indi dünyanın öndə gələn mətbuatı müxtəlif ehtimallar irəli sürür. Bir qrup iddia edir ki, jurnalist konsulluqda tikə-tikə doğranaraq, çemodanla Səudiyyə Ərəbistana aparılıb, yəni öldürülüb. Digər qrup onun sağ olma ehtimalından danışır. Məsələn, İngiltərənin “Deyli Meyl” qəzeti tanınmış müxalifətçi ərəb jurnalist, “Vaşinqton Post” yazarı Camal Kaşıqçının öldürülmədiyini, Ər-Riyadda olduğunu iddia edib.

Sözügedən nəşr kral ailəsinə yaxın mənbəyə istinadla Camalın Səudiyyə Ərəbistanına qaçırıldığını yazıb.

Məlumata görə, jurnalist Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna girəndən sonra qara avtomobil və onu izləyən ağ avtobusla birlikdə hava limanına aparılıb. Xüsusi təyyarə əvvəlcə Dubaya, daha sonra Ər-Riyada uçub.

“Deyli Meyl” jurnalistin sağ olduğunu və hələ də Ər-Riyadda saxlandığını yazıb.

Bir sözlə, jurnalistin öldürülmə ehtimalının daha çox ağırlıq qazandığı bu hadisədə az da olsa, əks ehtimal var. Bunun hansının doğru olduğunu isə zaman göstərəcək.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}