12:06 / 13-11-2018
Sabahın hava proqnozu
Baş Prokurorluq həbsdəki generallarla bağlı məlumat yayıb
Tarix: 20-10-2018 14:10 | Bölmə: Slayd
Baş Prokurorluq həbsdəki generallarla bağlı məlumat yayıb

Bəzi kütləvi informasiya vasitələrində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin məhkəmənin hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş bəzi vəzifəli şəxslərinin vaxtından əvvəl azadlığa buraxılmaları ilə əlaqədar yayılmış informasiyalar həqiqəti əks etdirmir.

Reyting.az xəbər verir ki, bu, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən yayılan məlumatda bildirilir. Prokurorluq həbsdəki şəxslərin azadlığa buraxılması ilə bağlı məlumatları qəti şəkildə təkzib edir.

Baş Prokurorluq bildirir ki, qeyd edilən qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma və sair faktlarla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində istintaqı tamamlanmış cinayət işi üzrə Bakı Hərbi Məhkəməsinin 23 aprel 2018-ci il tarixli hökmü ilə həmin nazirliyin sabiq vəzifəli şəxsləri - Sübahir Qurbanov, Füzuli Əliyev, Teymur Quliyev, Zaur Məmmədov, Natiq Alıyev, Natəvan Mirvətova, Fərhad Atayev, Elşad Əzizov, Anar Şirəliyev və Eşqin Əliyev müxtəlif müddətə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar.

Həmin hökmlə az ağır cinayət törətmələri, istintaqla yaxından əməkdaşlıq etmələri və cəzalarını yüngülləşdirən digər hallar müəyyən olunaraq təqsirli bilindikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin maddələrinin sanksiyası daxilində 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub və cəzasının əvvəli 17 oktyabr 2015-ci il tarixdən olan Eşqin Əliyev, eləcə də cəzasının əvvəli 18 oktyabr 2015-ci il tarixdən olan Anar Şirəliyev cəza müddətlərinin sona çatması ilə əlaqədar azadlıqdan məhrum etmə cəzasından azad olunublar.

Hökmdən müdafiə tərəfinin və zərərçəkmiş şəxslərin verdikləri apelyasiya şikayətlərinə hazırda Bakı Apellyasiya Məhkəməsində baxılır.

Reyting.az




Bölməyə aid digər xəbərlər