Jurnalistin qətli beynəlxalq alver predmetinə çevrilib
Tarix: 20-10-2018 17:27 | Bölmə: Slayd
Jurnalistin qətli beynəlxalq alver predmetinə çevrilib

Kaşıqçının qətlə yetirilməsi gizli diplomatik prosesləri qızışdırıb; Ankara Ər-Riyadı diz çökdürür, üç ölkənin gizli anlaşması mümkün sayılır

Oktyabrın 2-də səudiyyə əsilli ABŞ vətəndaşı Camal Kaşıqçının İstanbulda yoxa çıxması və bununla bağlı başlayan siyasi gərginliklər dünya ölkələrinin əsas müzakirə mövzularından biridir.

Reyting.az xəbər verir ki, bu gün yayılan rəsmi məlumata görə, “Washington Post” qəzetinin köşə yazarı Camal Kaşıqçı Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda qətlə yetirilib. Hətta bununla bağlı artıq 18 nəfərin həbs olunduğu da bildirilir.

Məlumata görə, oktyabrın 2-də İstanbuldakı konsulluqda Kaşıqçı və şübhəli şəxslər arasında əlbəyaxa dava baş verib və son nəticədə o ölüb.

Qeyd edək ki, bu hadisədən sonra Səudiyyənin Baş konsulu İstanbulu tərk edib. Onun oktyabrın 18-də Türkiyəyə dönüş bileti osa da, geri qayıtmayıb. Çünki konsulun diplomatik toxunulmazlığına son qoyularaq, onun beynəlxalq tribunala cəlb olunması mümkündür. Görünür, səudiyyə rəsmiləri bunu diqqətə alaraq, hələ də vaxtı uzatmaqla gərginliyin nisbətən azalmasına, eyni zamanda, ABŞ və Türkiyə xətti ilə müəyyən razılığa gələ biləcəklərini planlaşdırırlar. Əks halda Ər-Riyad rejimini çox ciddi təhlükələr gözləyir. Təsadüfi deyil ki, Avropa İttifaqı da ayın 18-də xüsusi bəyanatla çıxış edib: “Əgər jurnalistin konsulluqda öldürüldüyü təsdiqlənərsə, o zaman çox ciddi tədbirlərə əl atılacaq”.

Bundan başqa, Ər-Riyada gözlənilən mühüm səfərlərin hamısı təxirə salınıb. Bu isə o deməkdir ki, dünyaya neftlə meydan oxuyan, son günlər isə ABŞ-ı İrana yaxınlaşmaqla ara-sıra təhdid edən Səudiyyə Ərəbistanı təklənə bilər. Bu da rejimin tədricən Qəddafi və ya Səddam Hüseynin aqibətinə yaxınlaşması, yaxud da Şimali Koreya kimi blokadada yaşamaq məcburiyyətində qalması demək olardı.

Əlbəttə, səudiyyə kralı və vəliəhdi bunları hesablamamış deyil. Məhz bu səbəbdəndir ki, Qətərlə bağlı böhranlı duruma görə Türkiyə ilə gərgin münasibətlərini də qaydaya salamğa can atırlar. Münasibətlərin düzəlməsi, iki dövlətin ilk olaraq bu məsələdə birgə hərəkəti ilə başlayan əməkdaşlıq perspektivlərinə rəsmi Vaşinqtonun da sıcaq baxdığı gözlərdən qaçmır.

Bir çox ekspertlərin iddiasına görə, ABŞ bu olaydan yararlanaraq, həm Səudiyyə Ərəbistanını əlavə silah satışı ilə yükləyə, həm də Ər-Riyad rejiminin Ankara ilə münasibətlərini qaydaya salmağa məcbur edə bilər. Çünki ABŞ vətəndaşı olan jurnalistin qətli ən azı beynəlxaql ictimai rəyə görə ABŞ-ı da məcburi addımlara sövq edəcək. ABŞ isə 300-500 milyard dollarlıq silah satdığı Ər-Riyadla bir jurnalistə görə düşmən olmaq, onu Rusiyanın, Çinin ağuşuna atmaq istəmir. Ona görə də istinataqın uzadılmasına və Ər-Riyadın Ankara ilə hesablaşmasına “yaşıl işıq” yandırır. Elə ABŞ Dövlət katibi Pompeonun Ər-Riyada və oradan Ankaraya sirli səfərinin də bu missiyaya xidmət etdiyini dünya mətbuatında qabardanlar var.

Xatırladaq ki, ABŞ Dövlət katibinin Ər-Riyad və Ankaraya səfəri ərəfəsində Tramp bildirib ki, Səudiyyə Ərəbistanı ABŞ-ın çox mühüm müttəfiqidir.

Tramp "Fox Business" telekanalının efirində deyib ki, bu ölkənin hakimiyyəti terrorçuluğa və İranla qarşıdurmada Birləşmiş Ştatlar üçün mühüm tərəfdaş qismində çıxış edir. ABŞ rəhbəri həmçinin qeyd edib ki, Səudiyyə Ərəbistanı ABŞ-dan milyardlarla dolların müqabilində silah almağa hazırdır: “Bu da ölkədə çoxlu sayda iş yerlərinin yaradılmasına imkan verəcək”.

Bu açıqlama göstərir ki, ABŞ Ər-Riyad rejimi ilə düşmən olmaq istəmir. Əksinə, Pompeonu da ora göndərməklə, əlavə güzəştlər almağa çalışır. Elə Pompeonun səfərindən sonra Trampın “dərinə işləyən” bəyanatı da belə düşünməyə əsas verir:

“Səudiyyə Ərəbistanını müdafiə etməyə çalışmıram. Dövlət katibi Pompeo Türkiyə və Səudiyyə Ərəbistanına səfər edib".

Tramp dünyada Ər-Riyad rejiminə qarşı qətiləşən qəzəbli rəyi bir qədər yumşaltmaq üçün əlavə edib ki, əgər Türkiyədə varsa, Camal Kaşıqçı ilə bağlı səs və videogörüntüləri istəyir: "Belə bir səs yazısı və ya videogörüntü varmı? Mən buna əmin deyiləm”.

Göründüyü kimi, Tramp iki-üç cümləlik bəyanatında “Əgər Türkiyədə səs və ya görüntü varsa...”,- ifadəsini xüsusi qabartmaqla, Ankaranın bu olayda əsas fiqur olduğunu Ər-Riyad rejiminə də xatırlatmaqla, sanki “Siz Türkiyə ilə də anlaşın”,- demək istəyir.

Ər-Riyadın birgə istintaqa razılaşması, konsulluğun qapılarını türk polisinə açması da göstərir ki, artıq belə bir anlaşma var.

Elə Pompeonun Ər-Riyad və Türkiyəyə səfərindən sonra Ağ Evdə qəzetçilərlə görüşdə jurnalistlə bağlı qəti fikir söyləməməsi və hər şeyi Türkiyənin üzərinə yönləndirməsi də belə bir anlaşmanın olduğuna işarədir.

Xatırladaq ki, Pompeo jurnalistin qətlə yetirilib-yetirilmədiyi haqda suala cavab verərəkən deyib ki, istinaqın nəticəsini gözləmək lazımdır: “Bizim gözləntimiz də budur. Biz də istintaqı gözləyirik. O istintaqın nəticəsini də ancaq prezident Ərdoğan açıqlayacaq”.

Göründüyü kimi, artıq Ər-Riyad rejiminin etibarı Ərdoğanın iki dodağının arasından çıxacaq cümlələrə bağlı qalıb. Bu isə rejimi Ankaraya meydan oxuyan əməllərindən vaz keçməyə və onunla hesablaşmağa vadar edir.

Bəli, məhz bu diplomatik trafikdən əvvəl mənbə adı ilə mətbuata “jurnalist konsulluqda tikə-tikə doğranıb, bu barədə səs yazısı, əsaslı dəlillər var”, - deyən türk polisi iki gün öncə konsulluqda tapılan qan nümunələrinin qan olmadığını, kimyəvi məhlul olduğunu bəyan etdi. Bu ziqzaqlı açıqlamaların fonunda qətiyyətlə demək olar ki, artıq C. Kaşıqçı dünyanın bir nömrəli “bazarlığı”na çevrilib. Hətta Yaxın Şərq üzrə bəzi ekspertlər deyirlər ki, bu olay Türkiyə ilə İsraili də barışdıracaq.

Reyting.az bildirir ki, jurnalistin qətli rəsmi Ankaranın Ər-Riyada qarşı güclənməsini, ABŞ-ın da Türkiyəyə qarşı xeyli yumşalmaq məcburiyyətində qalmasını artıq qardaş ölkənin mətbuatı da yazır.

Məsələn, “Sabah” qəzetində Hasan Basri Yalçın imzası ilə C. Kaşıqçı olayından maraqlı təhlil nəşr olunub.

Həmin məqaləni təqdim edirik:

Mövqelər müəyyənləşməyə başlayıb. Səudiyyə Ərəbistanının qaçmağa yeri qalmayıb. ABŞ xərac almaq üçün yola çıxıb. Uyğun bir qiymət qarşılığında baş verənləri görməməzlikdən gələ biləcəyini hiss etdirib.

Pompeonun səfərilə müzakirələr başlayıb. Əgər Səudiyyə Ərəbistanı və ABŞ normal şərtlərdə baş-başa qalsaydı, indiyədək bir anlaşma əldə edilərdi və Kaşıqçi hadisəsinin üstü çoxdan örtülərdi. Həriri məsələsinin üstünün necə qapadıldığına bir baxın. Kral ailəsinə olanlara baxın.

Ancaq bu dəfə üçüncü bir göz var. Və ikisi baş-başa qala bilməyib. Türkiyə Səudiyyə Ərəbistanını cinayət üstündə yaxalayıb. Əlində ciddi dəlillər var. ABŞ təkbaşına hadisənin üstünü örtə bilməz. Türkiyə dəlilləri ortaya qoyduğu andan etibarən, Tramp administrasiyası da çətin vəziyyətdə qala bilər.

Pompeo da bu üzdən yola çıxıb. Nəbz tutmağa gəlib. Səudiyyə Ərəbistanının özünü müdafiəsini və təklifini dinləyib. Şahzadə isə puluna güvənir. Məsələnin üstünün qapadıla biləcəyini düşünür. Ancaq bu dəfə qiymət yüksək olacaq. Önəmli olanı nə qədər yüksək olacağıdır. Çox yüksəyə çıxarsa, Şahzadə özünəinamın dozasını itirə bilər. Onsuz da bunun işarələrini verir. Məsələn, Səudiyyə Ərəbistanı Pompeonun səfəri öncəsi təhdid dilindən istifadə etməyə başladı. Dünya iqtisadiyyatını çətinə sala biləcəyinə və neft qiymətlərini yüksəldəcəyinə eyham vurdu. Bunda həqiqət payı var. Əgər Səudiyyə Ərəbistanı bu tədbirlərə başlayarsa, ABŞ-ın və dünya iqtisadiyyatının canını yandıra bilər. Amma öldürə bilməz.

Lakin bunun sonu onun özü üçün ölüm olar. Çünki Şahzadə ancaq ABŞ-a pul ödədiyi müddətcə qiymətlidir. Əgər təhdid etməyə başlayarsa, yerinə yenisini gətirərlər. O da pul ödəyər. Həm də daha çox ödəyər. Sadəcə, bir az zamana və cəhdə ehtiyac olar. Bu üzdən Şahzadənin öz şansını çox da zorlamayacağını düşünürəm. Təhdid edər, ancaq günün sonunda təşviqedici təklif edər.

Ancaq Şahzadənin başqa bir dərdi – Türkiyə var. Şahzadə ABŞ-la iş görməyə alışıb, lakin Türkiyə ilə indiyədək elə də isti davranmadığı ortadadır. Normal şərtlər altında belə bir kəşfiyyat fəaliyyətini Türkiyənin üstünə yıxmağı sınaya bilərdilər. Ancaq Türkiyə çox hazırlıqlı çıxdı. Səudiyyə Ərəbistanı cinayət üstündə yaxalanınca, Türkiyənin əleyhinə ola biləcək bir hadisə Ər-Riyadı Ankaranın cənginə keçirdi.

Diqqət edirsinizsə, Türkiyə əlində olanları tez-tələsik ortaya tökmür. Həm əlini möhkəmləndirir, həm də öncə qarşı tərəfin hərəkətə keçməsini gözləyir. Müşahidə edəcək və ona əsasən bir mövqe tutacaq. Pompeonun səfəri bu işin birinci turudur. Başqa, fərqli səfərlər də görəcəyik. Bu arada Türkiyə istintaqı dərinləşdirəcək.

Ancaq belə iddialar da səsləndirilir ki, Türkiyə bir fürsət yaxalayıb və bundan istifadə etməlidir. Məlumat və sənədləri tez-tələsik ortaya tökərək, işi beynəlxalq məhkəməyə verməyi təklif edənlər var. Bunlar son dərəcə yanlış fikirlərdir. Hirslə hərəkət etməməliyik. Salmanın bizə düşmənçilik etdiyini bilirik. Ancaq intiqam hissi ilə hərəkət etmək olmaz. Təbii, əlimizdə bir fürsət varsa, bundan istifadə etməliyik, lakin onun yolu beynəlxalq məhkəməyə müraciət etmək deyil. Əksinə, işin belə bir quruma verilməsi hesab soruşmaq şansının əlimizdən alınması anlamına gəlir.

Türkiyə bu işdə ən əlverişli durumda olan tərəfə çevrilib. Bunu fürsətə çevirərək, həm ədaləti, həm də milli maraqlarını təkbaşına, öz gücü və səlahiyyətilə müdafiə edəcəkdir. Diplomatik müzakirələrdə açıq olmaq faydalıdır. Ancaq sonadək beynəlxalq qurumlardan qaçınmaq lazımdır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}