Sifarişli qətlin siyasi gizlinləri: Kaşıqçı olayının arxasından trilyonluq anlaşma boylanır
Tarix: 27-10-2018 15:16 | Bölmə: Slayd
 Sifarişli qətlin siyasi gizlinləri: Kaşıqçı olayının arxasından trilyonluq anlaşma boylanır

Oktyabrın 2-də Səudiyyə Ərəbistanının Türkiyədəki Baş konsulluğunda vəhşicəsinə qətlə yetirilən jurnalist Camal Kaşıqçının cəsədi tapılmasa da, bu hadisə dünyanın gündəm mövzusu olaraq qalır.

“Reytinq” qəzetinin məlumatına görə, hadisə ilə bağlı 18 nəfər həbs olunsa da, bu qətlin əsl sifarişçilərinin Ər-Riyad rejimi olduğunu düşünən dünyanın bəzi liderləri onların da cəzalandırılmasını tələb edir. Bu zaman isə əsas diqqət Səudiyyə kralının varisi, şahzadə Məhəmməd Bin Salmanın üzərində cəmləşir.

Maraqlıdır ki, varis elan olunduğu gündən Türkiyəyə qarşı açıq və gizli düşmənçilik edən şahzadə indi rəsmi Ankara tərəfindən cox ciddi şəkildə “küncə sıxılıb”. İndi dünyanın öndə gələn mətbu orqanları rəsmi Ankaranın istintaqı operativ və şəffaf aparmaqla qətlin sifarişçisinin şahzadə olmasını təsdiq etmək ərəfəsində olduğunu yazır. Ciddi mənbələrə istinadən yazılanlara görə, Kral Ədüləziz ölkəsinin etibarını qorumaq və bu qətldə rejimin deyil, məhz rejimdəki bəzi qrupların maraqlı olmasını göstərmək üçün varisini güdaza verə bilər. Ərdoğan iqtidarının həm bütün gücü ilə Türkiyəyə qarşı əsassız düşmənçilik edən varisin mahiyyətini açmaqla, həm qətl hadisəni aydınlatmaqla, həm də bölgədəki əsas düşmənlərinin biri ilə haqq-hesab çəkmək istəməsi Kralın, nəhayət, radikal qərar verəcəyinə səbəb olacağı bildirilir.

Belə bir ərəfədə varis Məhəmməd bin Salmanın xüsusi açıqlama verərək, gözlənilmədən Türkiyəyə, konkret olaraq Ərdoğana xoş sözlər deməsi “beyinləri dumanlandırıb”. İndi ortaya belə bir sual çıxır: Varisin Ərdoğan haqqında xüsusi tərif söyləməsi nəyə hesablanıb?

Hələ ki açıq qalan bu suala keçmədən əvvəl Ərdoğanın Məhəmməd bin Salmanın tərifindən əvvəl, dünya mediasının manşetlərini bəzəyən sensasiyalı çıxışına diqqət edək.

Ərdoğan varisi hədəfə alır

“Camal Kaşıqçı vəhşi bir cinayətə qurban gedib”, - deyə Türkiyə parlamentindəki AKP üzvlərinin qarşısında çıxış edən prezident Ərdoğan Kralın ünvanına xoş sözlər deyir, amma varis haqqında eyni sözləri təkrarlamır. Əksinə, onu elə türklər demişkən “zan altında” qoyan açıq mətnlər, eyhamlar səsləndirir.

Üstəlik, Ərdoğan çox açıq şəkildə Ər-Riyad rejiminə mesaj verir ki, Türkiyə bu istintaqı öz ölkəsində aparacaq, mümkün olarsa, cinayətkarları özü mühakimə etməyə cəhd göstərəcək: “Düzdür, bu cinayət Səudiyyənin Baş konsulluğunda baş verib. Baş konsulluq o ölkənin ərazisi sayılsa da, unudulmamalıdır ki, hadisə Türkiyə dövlətinin sərhədləri daxilindədir. Ona görə də, biz bu cinayəti sonadək araşdıracağıq və bütün lazımi addımları atacağıq. Kimsə diplomatik toxunulmazlıq pərdəsi altında gizlənməklə, bu cinayətdən yaxasını qurtara bilməz”.

Ərdoğan daha sonra cinayətdən əvvəl Türkiyəyə göndərilən 15 nəfərlik heyət, Kaşıqçının cəsədinin harada olması və digər qaranlıq məsələlərlə bağlı Ər-Riyada sərt suallar ünvanlayıb:

“15 nəfərlik dəstə Türkiyəyə kim tərəfindən, hansı məqsədlə göndərilb?! Niyə bu vəhşi cinayəti 3-5 nəfərin üstünə yıxıb, əsas günahkarları aradan çıxarmaq istəyirlər?! Bunlar hamısı üzə çıxmalıdır! Kaşıqçının cəsədi haradadır?! Və yaxud səudiyyəli yetkili “Kaşıqçının cəsədi xalçaya bükülüb, yerli adama təhvil verildi”,- deyəndə, kimi nəzərdə tutub?! Bu yerli adam kimdir?! Biz bunların da aydınlığa çıxarılmasını istəyirik, bunu üzə çıxaracağıq da...”.

Varis zərbəyə bir gün dözdü

Ərdoğanın oktyabrın 23-də verdiyi bu bəyanatdan bir gün sonra Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman jurnalist Camal Kaşıqçının qətli ilə bağlı ilk dəfə mətbuat qarşısına çıxıb. Gözlənilənlərin əksinə olaraq, o, Türkiyə ilə Kaşıqçının qətliylə bağlı koordinasiyalı şəkildə işlədiklərini deyib. Əlavə edib ki, bəzi qüvvələr bu məsələdən sui-istifadə edərək, Türkiyə ilə Səudiyyə Ərəbistanının münasibətlərini pozmağa çalışırlar:

“Biz jurnalistin qatillərinin cəzalandırılacağını hər kəsə göstərəcəyik. İndi ortalığı qarışdırmaq istəyənlərə səslənirəm: Türkiyə ilə aramızı poza bilməyəcəksiniz, Kral Salman bin Əbdüləzizin, vəliəhdin adını ləkələyə bilməyəcəksiniz. Türkiyədə bir prezident var, o da Ərdoğandır. Onun adını da ləkələyə bilməyəcəksiniz. Sizin istədiyiniz əsla olmayacaq. İki ölkə arasındakı gözəl əlaqələri hamıya göstərəcəyik. Bütün dünyaya qatillərin cəzalandırılacağını göstərəcəyik”.

Ərdoğan varisə inanmır

Bəzi politoloqlar iddia edir ki, varisin bu bəyanatı Ərdoğanı yumşalda bilməyəcək. Çünki rəsmi Ankara ona inanmadığından barışmaq istəmir, əksinə, qətl olayından yararlanaraq, şahzadənin əsl sifarişçi olduğunu dünyaya göstərməklə, onun yolunu kəsməkdə israrlıdır.

 Sifarişli qətlin siyasi gizlinləri: Kaşıqçı olayının arxasından trilyonluq anlaşma boylanır

Elə ABŞ Dövlət Departamentinin sabiq rəsmisi, hazırda “Brukinqs” Strateji Mərkəzinin ABŞ və Avropa xarici siyasəti üzrə baş elmi işçisi Amanda Slout da belə düşünür: “Məncə, kral Salman 2017-ci ildə Məhəmməd bin Salmanı varisi təyin edəndən Ərdoğan heç vaxt ona inanmayıb”.

Amanda Slout deyib ki, indi gördüklərimiz bölgədə güc balansı mübarizəsidir:

“Ərdoğan gücünü Məhəmməd bin Salmana qarşı yönəldib. Onun, yəni varisin 33 yaşı var, o, bir neçə onilliklər ərzində hakimiyyətdə olacaq. Məncə, Ərdoğan daima onu Türkiyənin regional maraqları üçün “naqolay şəxs” hesab edib, edir. Buna görə də, Ərdoğan onunla barışmaq niyyətində deyil”.

Sloutun sözlərinə görə, ideal vəziyyətdə Türkiyə prezidenti varisin səlahiyyətlərinin alınmasını və ya ən azı onu zəiflətmək istəyir. “Ərdoğan, əlbəttə ki, Türkiyənin bu işi təkbaşına edə bilməyəcəyini bilir və bunu ABŞ-ın köməyi ilə etmək niyyətindədir”.

Qətlin arxasındakı böyük oyunlar...

“Reytinq” qəzeti bildirir ki, jurnalistin qətlinin arxasında əslində çox böyük oyunların getdiyi haqda qardaşı ölkənin iqtidarlı-müxalifətli demək olar bütün mətbu orqanları yazır. Bu zaman isə əsas diqqətlər ABŞ-a yönəlir.

Məsələn, Türkiyənin AKP iqtidarına yaxın olan “Takvim” nəşrində 24 oktyabrda Kaşıqçının qətli ilə bağlı çox maraqlı yazı dərc olunub.

Ergün Dilerin həmin yazısını təqdim edirik:

Camal Kaşıqçının cinayəti modern 11 sentyabr ssenarisidir. 11 sentyabr 2001-ci ildə dünya yeni bir günə göz açmışdı. 2 oktyabr 2018-ci ildə də eyni şey oldu. Eyni metod, eyni ağıl hərəkətə keçdi.


Xatırlayın, 11 sentyabr hücumlarını etməkdə elan olunan 19 adamdan 15-nin Səudiyyə Ərəbistanı vətəndaşı olması təsadüf idimi? Əlbəttə, xeyr. Bu, trilyon dollarlıq əməliyyatın işarəsi idi. Çünki Səudiyyə Ərəbistanı ölkə neftinin yönünün ABŞ tərəfindən müəyyən edilməməsi üçün bəzi qərarlar vermişdi. Əsas məsələ bu idi.

Hücumdan, təqribən, 6 ay sonra ABŞ prezidenti Corc Buş o zaman vəliəhd-şahzadə olan Abdullah bin Əbdüləziz əl-Səudu Texasda qəbul etdi. Neftin sahibi neftə ev sahibliyi edən Texasa çağırıldı. Buş Abdullah bin Əbdüləziz əl-Səuda “Amerika istiqrazlarını almağınızı istəyirəm. 15 Səudiyyə vətəndaşının bu hücumu xalqımızı dərindən yaraladı. Həm də Səudiyyə neftinin 50 faizinin satış hüququnu istəyirəm”,- dedi…

Təbii, bunlar unuduldu. 2002-ci ilin aprel ayındakı bu görüşdən sonra Səudiyyə Ərəbistanı 169 milyard dollarlıq ABŞ istiqrazı aldı, ardınca da 10 il içində 400 milyard dollarlıq silah alqısı haqda anlaşmaya imza atdı. ABŞ şirkətlərinin 10 ildə Səudiyyə neftindən əldə etdikləri qazanc isə 242 milyard dollara yaxın oldu.


11 sentyabr elə böyük silah idi ki, Obama da prezidentlik müddətinin başa çatmasına bir neçə ay qalmış hücumlara görə Səudiyyə Ərəbistanını günahlandırdı. 750 milyard dollar məsələsi danışılmağa başlandı. O, 750 milyard dollar Səudiyyə pulunun 11 sentyabr zərərçəkənləri arasında paylaşdırılacağını söylədi.

Onsuz da ABŞ qanunlarına görə, 11 sentyabrda zərər çəkənlərə təzminat ödənmişdi. Səudiyyə Ərəbistanından gizlicə alınan təzminatın miqdarı da 2,9 milyard dollar idi. 11 sentyabrda həyatını itirənlərin 2871 yaxınına təzminat ödənildi. 750 milyard dollardan 2,9 milyard dollar çıxdıqda yerdə 747,1 milyard dollar qalırdı. Beləliklə, bu pul təzminat üçün deyildi, ABŞ xəzinəsinə qaldı.

11 sentyabr sonrası 169 milyard dollarlıq ABŞ istiqrazı və 400 milyard dollarlıq silah satışı (bu silahların böyük bir hissəsi ABŞ ordusunda istifadə müddəti başa çatmış silahlar idi) edildi. 242 milyard dollarlıq neft gəlirinin böyük bölümünə də əl qoyuldu. Yəni, pullar xəzinəyə qaldı.

2018-ci ildə yeni bir nizam qurularkən, əlbəttə, Səudiyyə Ərəbistanı ABŞ üçün çox önəmli idi. 11 sentyabr dövründə vəliəhd-şahzadə olan Abdullah bin Əbdüləziz əl-Səudun yeni versiyası da vəliəhd-şahzadə Salman idi. Saraydaxili əməliyyatla vəliəhd elan edilən şahzadə Salman dövründə ABŞ-la 500 milyard dollarlıq yeni bir şəhər və NEOM ticarət bölgəsi kimi 19 layihə haqqında anlaşma imzalandı. 19 layihənin cəmi dəyərinin 3,2 trilyon dollar olduğunu da unutmamaq lazımdır. Ardınca sıra “Saudi Aramko”ya gəldi.

Salman “Saudi Aramko”nu da Vaşinqtona təslim etməyə məcbur edildi. Ardınca Rotşild ailəsi ilə də eyni anlaşmanı imzaladı.

İndi Vaşinqton da haqlı, Rotşild ailəsi də. Çünki ikisinin də əlində vəliəhd-şahzadə Salmanın imzası olan sənəd var.

Vaşinqtonla Rotşild ailəsi yarı-yarıya “Saudi Aramkon”un şərikləri ola bilərlərmi? Hazırda sənədlər onsuz da onu göstərir. Ancaq iki tərəf də “Saudi Aramko”nun tək sahibi olmaq istəyir.

ABŞ vəliəhd-şahzadə Salmanı təsirsiz və səlahiyyətsiz hala gətirmək üçün Camal Kaşıqçı hadisəsini təşkil edib. Son dərəcə təcrübəsiz olan vəliəhd-şahzadə Salmana təminat verərək, bu hadisəni təşkil edən ABŞ hazırda əlini “Saudi Aramko”nun neft kranına qoymuş durumdadır. Ancaq tam səlahiyyət almaq üçün bir neçə əməliyyat da lazımdır.

Camal Kaşıqçı hadisəsindən sonra ABŞ-ın xarici işlər naziri Pompeo Ərəbistana getdi. Ardınca ABŞ-ın maliyyə naziri Mnuçin də Ərəbistana yollandı. Trilyon dollarlıq anlaşmaların imzalanması üçün addımlar çox sürətlə atıldı.

Kaşıqçı bu qədər dəyərli olduğunu bilirdimi? Düşünmürəm. Çünki 1 oktyabr günü Kaşıqçını dünyada tanıyanların sayı, bəlkə də, 10 min idi, bu gün isə onu bir neçə milyard insan tanıyır.

Kaşıqçı əməliyyatında da 11 sentyabr hücumlarında olduğu kimi, 17-18 şəxsin Səudiyyə Ərəbistanı vətəndaşı olması bu ssenarinin nə qədər bənzərliklə işlənib hazırlandığını sübut edir.

Şahzadə Türki bin Bəndər, Səud bin Saif əl-Nəsr və Xalid bin Farhan kimi 20-yə yaxın şəxs Paris kimi şəhərlərdən qaçırılıb. Kaşıqçı da bu formada qaçırıla bilərdi. Ancaq belə olsaydı, vəliəhd-şahzadə Salman çətin vəziyyətə düşməzdi. Ona görə də tarixin ən rüsvayçı əməliyyatı keçirildi və indi bunun qarşılığında ABŞ xəzinəsinə girəcək pulun hesabı aparılır.

Ankara da bütün baş verənləri bilir və izləyir. Əlbəttə, həmləsi olacaq. Gözləyək, görək…

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}