07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Qanunverici hakimiyyətin təsir imkanları məhdudlaşdırılır
Tarix: 28-10-2018 11:41 | Bölmə: Slayd
Qanunverici hakimiyyətin təsir imkanları məhdudlaşdırılır

Yarana biləcək gərgin vəziyyəti önləmək, parlamentin nəzarətdən çıxmasının qarşısını almağı asanlaşdırmaq üçün sərt qaydalar və cəza mexanizmi hazırlanır

Son illər deputatların cəmiyyətdəki mövqeləri zəiflədilir, ölkə parlamentinin bir institut kimi əhəmiyyəti azaldılır. Belə demək mümkündürsə, qanunvericiliyə edilən dəyişikliklər Milli Məclisin və onun üzvlərinin gücünü azaltmağa yönəlib.

Belə ki, Azərbaycan Respublikası Milli Məclisinin buraxılması ilə bağlı parlamentin Daxili Nizamnaməsinə dəyişiklik təklif olunur. Daxili Nizamnaməyə yeni - 23-2 maddəsi (Milli Məclisin buraxılması) əlavə olunur ki, yeni maddəyə görə, Milli Məclis aşağıdakı hallarda buraxıla bilər:

Azərbaycan Konstitusiyasının 98-ci maddəsinin I hissəsinə uyğun olaraq, Milli Məclisin eyni çağırışı bir il ərzində iki dəfə Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə və ya Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin və Mərkəzi Bankın İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda üzvlüyə namizədləri Prezident tərəfindən iki dəfə təqdim edildikdən sonra, bunu Daxili Nizamnamənin 26-cı maddəsinin birinci hissəsində müəyyən edilmiş müddətdə təyin etmədikdə, habelə Konstitusiyasının 96-cı maddəsinin II, III, IV və V hissələrində, 97-ci maddədə göstərilən vəzifələrini aradan qaldıra bilməyən səbəblər üzündən icra etmədikdə ölkə Prezidenti Milli Məclisi buraxır.

Digər dəyişikliklərdən biri deputatlarla bağlıdır. Yəni, Milli Məclisin deputatlarına intizam tədbirlərinin tətbiqi qaydası dəyişdirilir. Bununla bağlı Milli Məclisin Daxili Nizamnaməsinin 47-ci maddəsinə (Parlamentdaxili məsuliyyətə cəlb olunan Milli Məclisin deputatına intizam tədbirlərinin tətbiqi qaydası) dəyişiklik təklif edilir. Dəyişikliyə görə, Milli Məclisin Daxili Nizamnaməsinin 45-ci maddəsinin birinci hissəsinin birinci bəndində göstərilən əsas olduqda, Milli Məclisin, yaxud onun komitə və ya komissiyasının iclaslarına sədrlik edən tərəfindən Milli Məclisin deputatı barəsində xəbərdarlıq, söz kəsmə və ya iclas salonundan çıxarma intizam tədbiri tətbiq olunur. Yaxud töhmət intizam tədbirinin tətbiqi üçün İntizam Komissiyasına təqdimatla müraciət edilir. İntizam Komissiyası iki həftə müddətində apardığı araşdırma nəticəsində müvafiq əsaslar aşkar etdikdə deputat barəsində töhmət intizam tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edir.

Hazırki qanunvericilikdə isə aşağıdakı kimi qeyd edilib:

Bu Qanunun 45-ci maddəsinin 1-ci, 2-ci, 3-cü, 4-cü bəndlərində göstərilən əsaslara görə, Milli Məclisin, yaxud onun komitə və ya komissiyasının iclasına sədrlik edən Milli Məclisin deputatına xəbərdarlıq edə, onun sözünü kəsə və ya onu iclas salonundan çıxara bilər. Bir qayda olaraq, iclas salonundan çıxarma qaydanı kobud surətdə pozan deputatlara tətbiq edilir. Dəfələrlə xəbərdar olunan, sözü kəsilən, iclas salonundan çıxarılan deputatın məsələsi Milli Məclis sədrinin, yaxud komitə və ya komissiya sədrinin təqdimatı ilə baxılmaq üçün Milli Məclisin İntizam Komissiyasına göndərilir. İntizam Komissiyası bu məsələyə həsr olunmuş iclası 5 gün müddətində keçirməli və məsələyə baxarkən Milli Məclisin iclaslarının stenoqramlarından və videoyazısından istifadə edə bilər. İntizam Komissiyanın qərarı ilə intizamı pozan deputata töhmət verilə bilər.

Daha dir dəyişiklik deputatların maraqlarının toqquşması ilə bağlı qanunvericiliklə bağlıdır. Artıq buna da dəyişiklik edilir. Bununla bağlı "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” Qanunun 11-ci maddəsi (Maraqlar toqquşmasının qarşısının alınması) yeni redaksiyada təklif edilir. Dəyişikliyə görə, deputat səlahiyyət müddətində maraqlar toqquşmasına yol verməməli, öz səlahiyyətlərindən maraqları üçün istifadə etməməli, maraqlarının onun deputatlıq fəaliyyətinə təsir göstərməsinə şərait yaratmamalı, həmçinin səlahiyyət müddətində deputatlıq səlahiyyəti müddətindən sonrakı dövrlərdə digər sahədəki fəaliyyətinə dəstək yaratmaq məqsədi ilə hər hansı hərəkət (hərəkətsizlik) etməməlidir. Deputat hər hansı maraqlı tərəflə ünsiyyət zamanı şəffaflıq və dürüstlük prinsiplərini rəhbər tutmalıdır.

Qanunverici hakimiyyətin təsir imkanları məhdudlaşdırılır
H. Rüstəmov

Son dövrlər Milli Məclis və deputatlarla bağlı qanunvericilik bazasının dəyişdirilməsi siyasi düşərgədə birmənalı qarşılanmır. Bu barədə fikirlərini “Reytinq”lə bölüşən ADP sədrinin müavini Həsrət Rüstəmov deyib ki, hakimiyyətin bu addımının əsil motivi tam bəlli deyil. Onun qənaətincə, iqtidar parlamentdəki hakimiyyətin içində olan, son dövlər hakimiyyət daxilində gedən proseslərdən narazı qalan, o cümlədən həmin prosesin nəticəsində yaxın gələcəkdə “vurulacaq” oliqarxların dəstəkçilərinin baş qaldırmasından narahatdır: “Buna görə preventiv tədbirlər görməyə başlayıb. Başqa bir versiya isə ondan ibarətdir ki, ola bilsin, hakimiyyət yeni parlament seçkiləri keçirmək istəyir və bu seçkilərin nisbətən azad keçirilərək iqtidarın dünyadakı anti-demokratik imicini dəyişdirməyə cəhd ediləcək. Bu zaman təbii ki, hakimiyyətin nəzarətindən tamamilə kənar adamların Milli Məclisə düşmək şansı yaranır. Ola bilsin ki, hakimiyyət bu variantı nəzərə alıb, onsuz da səlahiyyəti az olan parlamenti tamamilə səlahiyyətsiz bir quruma çevirmək istəyə bilər. Hər halda, ilk növbədə indiki deputatlar öz səlahiyyətlərinin azaldılmasına etiraz etməlidirlər”.

Partiya yetkilisi qeyd edib ki, belə bir şəraitdə müxalif qüvvələr bir qədər aktivləşsə, yaxşı olar: “Müxalifət azad seçki ilə yanaşı, həm proporsional seçki sisteminin bərpası, həm də parlamentin səlahiyyətlərinin artırılmasını da daim tələb etməlidir. Çünki səlahiyyətsiz bir quruma azad seçki keçirilsə belə, bunun xalqın və ölkənin vəziyyətinə təsiri olmayacaq”.

Qanunverici hakimiyyətin təsir imkanları məhdudlaşdırılır
Ə. Əliyev

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev isə “Reytinq”ə açıqlamasında Milli Məclis ətrafında baş verənləri maraqlı proses kimi dəyərləndirib. Onun sözlərinə görə, baş verən sərtləşdirici tədbirlər ölkənin yeni siyasi mərhələyə hazırlanması ilə bağlıdır: “Bu istiqamətli ən sərt dəyişikliklər 2016-cı ilin sentyabr referendumunda rəsmiləşdirildi. Məhz o redaktədə deputatların parlamentin İntizam Komissiyası və MSK-nın iştirakı ilə mandatdan məhrum eolunması proseduru və bütövlükdə Milli Məclisin Prezident tərəfindən buraxılma imkanı qanunvericiliyə gətirildi”.

Ə. Əliyev bildirib ki, dünyada baş verən dəyişikliklər, Qərb-Rusiya qarşıdurması, yeni soyuq müharibə erasının başlanması, dünyanın, o cümlədən Qafqazın yenidən bölünmə dönəmi iqtidarı diqqətli olmağa sövq edib: “Moskva səfərindən əvvəl Bolton Rusiya ilə ABŞ-ın strateji tərəfdar deyil, rəqib olması bəyanatını səsləndirib. 11 noyabr tarixində Tramp-Putin görüşü baş tuta bilər. Razılığa gəlinməsə Azərbaycan bu iki qütb arasında seçmək zorunda qalacaq. YAP-çıların Qərbə meydan oxuyacağını düşünmürəm. Bu halda demokratik açılım qaçılmaz ola bilər. Çox güman ki, hazırlanan növbədənkənar parlament seçkiləri yeni prinsiplərlə keçiriləcək. Hakimiyyət Qərbi qıcıqlandırmamaq üçün Milli Məclisdə qondarma müxalifətdən qismən imtina etmək məcburiyyətində olacaq. İnandırıcı görünmək üçün, idarə edə bilmədiyi kimlərinsə də millət vəkili olmağına razılıq verəcək. Bu halda parlamentin nəzarətdən çıxmaması, siyasi gərginliyin önlənməsi üçün sərtləşdirilən şərtlər işə yaraya bilər. Çünki 90-ların təcrübəsini hakimiyyətdə olan kommunistlər unutmayıblar. Səhvlərini təkrarlamaq istəmirlər. Sərtləşdirilən qaydalar bununla bağlıdır. Sözə baxmayan deputatların ram edilməsi üçün belə qanunverici bazanın olması qarşıdan gələn siyasi dövrün tələbləri ilə bağlıdır”.

VİP sədri onu da vurğulayıb ki, müxalifət düşərgəsi belə ciddi məsələləri diqqətdən kənarda saxlayır. Ə. Əliyev bu sahədə fəaliyyətin nəticə verəcəyinə inanmasa da, hər halda, ictimai diqqəti belə vacib məsələyə yönəltməyi məqsədəuyğun sayır.


Qanunverici hakimiyyətin təsir imkanları məhdudlaşdırılır
Z. Məmmədli

Siyasi şərhçi Zəlimxan Məmmədli isə təəssüflə qeyd edib ki, ölkəmizdə idarəetmə fəlsəfəsi çox qüsurludur. Onun fikrincə, hakimiyyət bölgüsü və qarşılıqlı nəzarət prinsipi işləmir: “Deputatların fəaliyyəti məhz icra hakimiyyətinin əlavəsi təsirini bağışlayır. İnzibati tənbeh və digər təsir resurslarının sərtləsdirilmə cəhdi ilk baxışda intizama dəvət kimi görünsə də, əslində, daha çox icra hakimiyyətindən asılı etməyə oxşayır. Ola bilər ki, növbəti və ya növbədənkənar seçkilər nəzərdə tutularaq sərt inzibati sanksiyalar üçün hüquqi baza hazırlayırlar. Bütün hakimiyyət qollarının tam demokratik seçki vasitəsilə formalaşması anına qədər qəribəliklərlə zəngin ölkə olaraq qalacağıq. Müxalifətin, eləcə də ictimai-siyasi qüvvələrin baş verənlərə reaksiyasının olmaması da ciddi problemdir. Çünki siyasi sistemi iflic ediblər. Medianın belini qırıb, QHT-ləri sındırıblar. Bir sözlə, işğal altındayıq”.

Qanunverici hakimiyyətin təsir imkanları məhdudlaşdırılır
Ə. Orucov

AMİP Siyasi Şurasının üzvü, politoloq Əli Orucov isə “Reytinq”in əməkdaşına deyib ki, Azərbaycanda seçkinin demokratiyanın vacib institutlarından biri kimi sıradan çıxarılması və hakimiyyət qolları arasında bölgünün formal xarakter daşıması, üstəlik, sərt vertikal idarəçilik, yəni ali icra qrumunun dominatlığı nəticə etibarı ilə seçkili sistemlərə də öz mənfi təsirini göstərib. Onun qənaətincə, ölkənin qanunverici hakimiyyət qolu olan parlament Prezident Administrasiyasının bir əlavəsinə çevrilib: “Çünki bu qrum xalqın iradəsi ilə deyil, Prezident Administasiyasının razılaşdığı siyahı əsasında formalaşdırılıb. Ona görə də, hətta öz maraqlarına zidd olan məsələlərə də etiraz edə bilmirlər. Bilirlər ki, onsuz da onların etirazının əhəmiyyəti yoxdur, ikincisi, etibarlarını itirmək istəmirlər”.

Ə. Orucov qeyd edib ki, konustitusiyamızda deputatların bir sıra səaliyyətləri yazılsa da, onların nüfuzu və sözkeçərliyi MİS müdiri qədər də deyil: “Bu acı gerçəkliyi hamı bilir. Bundan əvvəkli düzəlişlərdə Milli Məclis üzvlərinin toxunulmazlığı aradan qaldırıldı, onlara qarşı inzibatı və digər cəzalar asanlaşdırıldı. Hətta o dərəcədə ki, xalqın güya seçdiyi deputatın səlaiyyətlərinə MM-in Mandat Komissiyası son qoya bilir. İndiki düzəlişlər isə daha təhqiredicidir. Bu həm də ondan irəli gəlir ki, hətta belə səlahiyyətsiz vəziyyətdə də iqtidar deputata etibar etmir. və parlamenti də hakimiyyət qollarından biri kimi bütünlükdə sıradan çıxarmağı hədəfləyib. Acınacaqlısı ondan ibarətdir ki, deputat heç özü də özünə hörmət etmək istəmir. Məncə, yeni düzəlişdə məqsəd həm də Milli Məclis üzvlərini qorxu, təhdid altında saxlamaqdır. Onsuz da Azərbaycanda ali icra hakimiyyəti bütün hakimiyyəti bir əldə cəmləşdirməyə nail olub. Bunu sonu isə yaxşı olmur”,- Ə. Orucov sözlərini tamamlayıb.

Z. MƏMMƏDLİ




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}