Fransa prezidenti Bakıya niyə gəlmədi? - Ekspertlər
Tarix: 18-11-2018 08:42 | Bölmə: Slayd
Fransa prezidenti Bakıya niyə gəlmədi?

Məlum olduğu kimi, Fransa prezidenti Emmanuel Makronun Ermənisana səfəri və onun söylədiklərindən sonra ortaya çıxan mənzərə Azərbaycanda hədsiz narazılıqlar yaradıb.

“Reytinq”in məlumatına görə, Makronun səfərindən sonra Fransanın bir neçə merinin işğal altında olan Azərbaycan ərazisinə qanunsuz səfərləri isə tərəflər arasındakı vəziyyəti bir qədər də gərginləşdirdi. Rəsmi Bakı Qarabağa qanunsuz səfərlərə haqlı etiraz etdi və bu barədə Fransanın Bakıdakı səfiri məlumatlandırıldı. Lakin görünən odur ki, rəsmi Parisin niyyəti tamam başqadır.

Belə ki, Paşinyanın isti qarşılanmasından sonra Fransa bu dəfə separatçı rejimin qondarma lideri Bako Saakyana qapılarını açıb, onu az qala böyük bir dövlətin rəsmi şəxsi statusunda qəbul ediblər.

Bundan sonra əvvəlcə "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi işğal olunmuş ərazilərdə yaradılmış qondarma rejimin rəhbəri Bako Saakyanın Fransaya qanunsuz səfəri ilə bağlı bəyanat verib.

Azərbaycanlı icması Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qanunsuz rejimin təmsilçisi kimi özünü təqdim edən Bako Saakyanın Fransaya səfərini kəskin şəkildə pisləyir:

“ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi Fransanın öhdəliklərinə zidd olmasına baxmayaraq, bu səfərin qarşısının alınması üçün heç bir tədbir görülmür. Fransa hökumətinin dəfələrlə təkrarlanan bu kimi qeyri-qanuni əməllərə passiv seyrçi münasibəti və təsirli addımlar atmaması qəbuledilməzdir.

Fransa Cənubi Osetiya, Abxaziya, Krım və Dnestryanı bölgələrdən olan şəxslərə Fransa ərazisinə daxil olmağa icazə verilmədiyi halda, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin nümayəndələrinə xüsusi rəğbət göstərir. Həmçinin, Fransa hökuməti Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının etnik təmizləməyə məruz qaldığını və fundamental hüquqlarının kobud şəkildə pozulduğunu çox yaxşı bildiyi halda, bu kimi birtərəfli və separatizm xarakterli addımların həyata keçirilməsinə göz yumur, insan hüquqlarının ayrılmazlığı və bərabərhüquqluluq prinsiplərini pozur. Bu mənada Fransa müxtəlif təəssübkeşlik hissləri ilə ayri-seçkiliyə əsaslanan siyasət yürüdür.

Azərbaycan vətəndaşları Fransa səfirliyindən viza almaqda çətinlik çəkdikləri və bürokratik süründürməçiliklə üzləşdikləri halda, müharibə cinayətkarı olan B.Saakyan saxta sənədlərlə Şenqen viza tələblərini kobud şəkildə pozaraq Fransa ərazisinə daxil olur. Bu qanunsuz səfərin həyata keçirilməsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə mane olmaqla yanaşı, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təşviqinə xidmət edir”.

Bəyanatda daha sonra qeyd olunur ki, nəhayət, Fransa tərəfi başa düşməlidir ki, bu kimi qərəzli və qeyri-obyektiv əməllər Dağlıq Qarabağın Azərbaycanlı İcması və bütövlükdə Azərbaycan ictimai rəyində Fransanın nüfuzuna ciddi xələl yetirir: “Əgər Fransa münaqişənin həllinə həqiqətən töhfə vermək niyyətindədirsə, onda ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi qərəzsizliyini təmin etməli, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan qoşunlarının çıxarılmasına çalışmalı və Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarını birlikdə Parisə dəvət etməli və bu iki icma arasında bərabərhüquqlu əsasda etnik barışığı və dialoqu dəstəkləməlidir.

Fransa tərəfi də bilməlidir ki, etnik təmizləmə siyasətinə məruz qalmış və doğma torpaqlarından qovulmuş azərbaycanlıların yalnız öz doğma ərazilərinə qayıtması halında regionda dayanıqlı və ədalətli sülhün təmin olunması mümkün ola bilər".

Qarabağın Azərbaycanlı İcmasının bu bəyanatından bir neçə saat sonra isə Azərbaycan XİN çox sərt bəyanat verdi. Hətta Fransa ilə münasibətlərə yenidən baxılacağı mesajı da açıq şəkildə bəyan olundu.

“Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin rəhbəri kimi özünü təqdim edən Bako Saakyanın Fransaya səfəri oyuncaq qurumun beynəlxalq səviyyədə təşviq edilməsinə yönələn növbəti bir uğursuz cəhddir", - deyə, bəyanat yayan Azərbaycan Xarici İşlər Nazirliyi bildirib ki, bu səfərin həyata keçirilməsinə imkan yaradan və qanunsuz rejimin nümayəndələrini qəbul edən Fransa bu addımı ilə nəinki Azərbaycan və Fransa arasında ikitərəfli əməkdaşlıq münasibətlərinin ruhuna və imzalanmış Sazişlərin dilinə uyğun davranmır, eyni zamanda beynəlxalq hüququn norma və prinsiplərinin aliliyinə və öz üzərinə götürdüyü beynəlxalq öhdəliklərə hörmətsizlik nümayiş etdirir:

"Fransanın Azərbaycanın işğal edilmiş torpaqlarında yaradılmış qondarma rejimin təbliğinə şərait yaratması bu ölkənin BMT Təhlükəsizlik Şurasının daimi üzvü və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesində vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri qismində obyektivliyini və qərəzsizliyini ciddi sual altına alır".

XİN bəyan edir ki, Fransanın Azərbaycanın ərazilərinin işğalı və yüz minlərlə Azərbaycanlının qanlı etnik təmizləməyə məruz qalmasında bilavasitə əli olan insanların təntənəli şəkildə qəbul edilməsinə icazə verməsi, bu ölkənin Azərbaycan ictimaiyyətində nüfuzuna ciddi zərbə vurur: "Azərbaycan qeyd olunan məsələ ilə bağlı Fransa tərəfinə diplomatik kanallarla qəti etirazını bildirəcəkdir. Fransa tərəfindən davamlı əsasda yürüdülən və ikili standartlara əsaslanan bu yanaşma Azərbaycanı Fransa ilə əlaqələri nəzərdən keçirməyə vadar edir".

Bəs, Azərbaycanla yaxın aylara qədər çox isti münasibətləri olan Fransanın birdən-birə siyasətini dəyişməsinin səbəbi nədir?

Fransa prezidenti Bakıya niyə gəlmədi?

Qabil Hüseynli: “Fransa Dağlıq Qarabağdakı separatçı rejimi müdafiə etmək məsələsində rekord vurmaq niyyətindədir”

“Reytinq”in məlumatına görə, bu barədə sabiq dövlət müşaviri Qabil Hüseynli şərh verib.

O mətbuata açıqlamasında deyib ki, “Fransa son zamanlar sözün həqiqi mənasında insanın əsəblərini tarıma çəkən addımlar atmaqdadır: “Mən bunu birbaşa Fransa prezidenti Emmanuel Makronun şəxsiyyəti, onun Ermənistana bəslədiyi münasibətlə əlaqələndirirəm”.

Qabil Hüseynli deyib ki, bu məsələlər bir-birinin ardınca baş verir və hamısında da erməni amili ön plana çıxır: “Məsələn, oktyabr ayında İrəvanda Frankofoniya sammiti adı altında fransız dilində danışan xalqların dövlət başçılarının toplantısı keçirildi. Zəif və heç bir uyğun şəraiti olmayan bir ölkənin paytaxtında belə bir tədbirin keçirilməsi sadəcə, həmin dövləti populyarlaşdırmaq, onun beynəlxalq arenadakı imicini yüksəltmək məqsədi güdürdü. Makronun özünün də ora gəlməsi, üstəlik, Kanadanın baş nazirini də toplantıya dəvət etməsi göstərirdi ki, hər şey Ermənistanın, eləcə də Nikol Paşinyanın imicinin artırılmasına yönəldilib. Bunun ardınca Fransanın aparıcı bələdiyyələrinin bir çox üzvü Dağlıq Qarabağa gəldi və orada qondarma rejimin bələdiyyələri ilə müqavilələr imzaladılar. ATƏT-in Minsk qrupunun həmsədri olan ölkənin bələdiyyə sədrlərinin bura gəlib belə bir sənəd imzalamaları yenə də Ermənistanın, eləcə də separatçı rejimin populyarlaşdırılmasına yönəlmiş bir addımdır. Bu, yenə də Azərbaycana meydan oxumaq, ölkəmizlə müqayisədə Ermənistanı ucaltmağa, onun imicini yüksəltməyə hesablanmış bir addım idi. Hansı ki, hiddətlə pislənilməlidir”.

Q. Hüseynli qeyd edib ki, indi isə separatçı rejimin başçısı Bako Saakyan Fransaya səfər edib:

“Onun hansı səlahiyyətlə, hansı statusla və hansı pasportla Parisə getməsi çox ciddi araşdırma mənbəyi olmalıdır. Fransa açıq kartlarla oynamağa başlayıb və separatçı rejimi müdafiə etmək məsələsində rekord vurmaq niyyətindədir. Bütün bunlar Makronun yürütdüyü siyasətin nəticəsidir. Özü də Azərbaycana gəlməyə söz vermiş Makron bunu yerinə yetirmədi. Onsuz da onun Azərbaycana gəlib-gəlməməsi bizim üçün böyük əhəmiyyət daşımır. Amma onun açıq-aşkar anti-islam, xristian təəssübkeşliyinə söykənən addımları insanda hiddət doğurur”.

Politoloq bildirib ki, Azərbaycan bu məsələlərə xüsusi prinsipiallıqla yanaşmalı və qəti surətdə Fransanın Minsk qrupunun həmsədrliyindən uzaqlaşdırıması barədə ATƏT qarşısında vəsatət qaldırmalıdır: “Yalnız bu yolla bu təcrübəsiz və naşı prezidentə öz vəzifəsini və dövləti necə idarə etməyi başa salmaq olar”.

Göründüyü kimi, Azərbaycana gözlənilən səfərini müəmmalı şəkildə təxirə salan Makronun simasında Fransanın apardığı hazırkı siyasət rəsmi Bakı ilə Parisi artıq toqquşma həddinə gətirib.

Bəzi ekspertlərin fikrincə, münasibətlərin hələ bir müddət kəskinləşməyə doğru davam edəcəyi gözlənilir. Lakin Avropa enerji siyasətinə, həmçinin Cənubi Qafqazın ən böyük və güclü dövləti olan Azərbaycanla yoxsul Ermənistana görə sonadək münasibətlərini kəskinləşdirməkdən çəkinəcək: “Məntiqlə götürsək, Fransanın Ermənistanla münasibətləri ona o qədər də çox şey qazandırmaz. Lakin artıq neftini, qazını Avropaya çıxaran və bölgədə çox mühüm layihələr həyata keçirən Azərbaycanla münasibətlər Fransaya daha çox lazımdır. Ona görə düşünürəm ki, Fransa Almaniya kimi, sonda geri çəkiləcək, Azərbaycanla münasibətləri qaydaya salmağa maraq göstərəcək”.

Fransa prezidenti Bakıya niyə gəlmədi?

Elxan Şahinoğlu deyir ki, Makronun dekabr ayında Azərbaycana səfəri sual altındadır

Politoloq Elxan Şahinoğlu isə bildirib ki, Fransa prezidentinin Azərbaycan əvəzinə Ermənistana səfər etməsi ölkəmizdə xoş qarşılanmayıb: “Belə xəbərlər var ki, Makron ilin sonuna qədər Azərbaycana da gələcək. Ancaq Fransadakı siyasi mərkəzlərin erməni lobbisi ilə birgə həyata keçirdikləri təxribatlar – bələdiyyə başçılarının Dağlıq Qarabağa intensiv səfərləri və separatçıların lideri Bako Saakyanın Parisə dəvət olunması Makronun dekabr ayında Azərbaycana səfərini sual altında qoyur".

Onun sözlərinə görə, halbuki, bu səfər zamanı Fransa ilə Azərbaycan arasında hərbi əməkdaşlıq məsələləri də müzakirə olunmalıdır: "Azərbaycan isə Fransanın əvəzinə başqa Avropa ölkəsi ilə hərbi əməkdaşlığı genişləndirməyə qərar verə, Fransanın böyük şirkətlərinin ölkəmizdəki fəaliyyəti məhdudlaşdıra bilər. Bütün bunların baş verməməsi üçün rəsmi Paris Dağlıq Qarabağa səfərlərin qarşısını almalı və separatçıların Fransaya səfərlərinə icazə verməməlidir. Bu olarsa, Azərbaycan-Fransa münasibətlərinə təhlükə yaranmaz. Buna Makron qərar verməlidir".

Politoloq qeyd edib ki, rəsmi Bakının Fransanın ATƏT-in Minsk qrupundakı həmsədrlikdən uzaqlaşdırılması məqsədilə ATƏT rəhbərliyinə müraciət edəcəyini düşünmür: "Çünki Fransa yerində qalsa, sözümüz havada qalacaq. Bunu hakimiyyət dəhlizlərində hesablamamış deyillər. Buna baxmayaraq, Azərbaycan televiziyalarında Fransaya qarşı tənqid kampaniyasının başlanması da maraqlı tendensiyadır. Çünki əvvəllər Almaniya hədəf seçilərdi, Fransaya xüsusi münasibət var idi".

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}