23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Səfirliklərdə yoxlamalar başlayır; Xaricdəki elçilərimizin qanunsuz fəaliyyəti araşdırılacaq
Tarix: 18-11-2018 10:53 | Bölmə: Slayd
Səfirliklərdə yoxlamalar başlayır; Xaricdəki elçilərimizin qanunsuz fəaliyyəti araşdırılacaq

Azərbaycanda tənqid hədəfinə çevrilən və ciddi problemlərin olduğu sahələrdən biri xarici siyasətdir. Ölkə olaraq, istər Qarabağ, istərsə də digər məsələlərdə böyük dövlətlərin siyasəti qarşısında aciz olduğumuz təbii qarşılansa da, bəzən ən kiçik müstəvidə belə uğur qazana bilmirik.

Sadəcə, ölkəmizin yerləşdiyi region və neft amili Azərbaycana bir dövlət kimi önə çıxmaq imkanı verib. Xarici siyasəti formalaşdıran və icra edən struktur və şəxslərin isə beynəlxalq siyasətdə ciddi rolu hiss olunmur. Əslində müxtəlif məqamlarda bununla bağlı narazılıqlarını ifadə edənlər də var. Hətta hakimiyyətin aparıcı fiqurları da Azərbaycanı xaricdə təmsil edən şəxsləri zaman-zaman ciddi tənqid ediblər.

Səfirliklərdə yoxlamalar başlayır; Xaricdəki elçilərimizin qanunsuz fəaliyyəti araşdırılacaq
Əli Həsənov

Bir neçə il öncə Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin o zmankı sədri Əli Həsənov Avropa Parlamentinin Azərbaycanla bağlı çıxardığı qətnaməyə görə Avropada fəaliyyət göstərən diplomatik nümayəndələri, səfirləri sərt tənqid etmişdi. Avropa Parlamentinin qətnaməsini qərəzli adlandıran Baş nazirin müavini bəzi səfirlərin fəaliyyətsizliyinə də diqqət çəkmişdi. Əli Həsənov Azərbaycanın 20 faiz ərazisinin işğal edilməsinə baxmayaraq, Avropa Paralamentinin bu faktı görməzlikdən gəldiyini, korrupsiyalaşmış qurum olduğunu söyləyirdi: “Ay erməni pulları ilə korrupsiyalaşmış Avropa Parlamenti, hara baxırsan? Bizim səfirlərimiz hara baxırdı? Biri xəyanət edir, biri özünə biznes qurur. Bunda bizim də günahımız var. Onlar nə işlə məşğuldurlar? Bu məsələ araşıdırımalı, ciddi təbdir görülməlidr”.

Son illər bir səfirin Azərbaycan hakimiyyətinə qarşı çıxması, bəzi diaspor rəhbərlərinin ölkəmizi təbliğ etməkdən daha çox, tutduqları mövqedən sui-istifadə edib alverlə məşğul olmaları bu sahəyə diqqəti daha da artırıb. Son günlər ortaya çıxan BDU-nun keçmiş rektoru Abel Məhərrəmovun səfir oğlu Anar Məhərrəmovun şərab biznesi ilə bağlı sensasiyalı məqamlar bu sahədə həqiqətən ciddi problemlərin olduğunu ortaya qoyur.

Səfirliklərdə yoxlamalar başlayır; Xaricdəki elçilərimizin qanunsuz fəaliyyəti araşdırılacaq
Elxan Şahinoğlu

Politoloq Elxan Şahinoğlu BDU-nun keçmiş rektoru Abel Məhərrəmovun səfir oğlu Anar Məhərrəmovun şərab biznesi ilə bağlı “Reytinq”ə danışarkən deyib ki, bu sahədəki boşluqlar qısa müddətdə aradan qaldırılmalıdır. Onun sözlərinə görə, səfirlik ölkə üçün strateji əhəmiyyətə malikdir və bu sahədə baş verən özbaşınalığa göz yummaq olmaz:

“Xarici İşlər Nazirlyində nazir Elmar Məmmədyarovun fikrini ana dilində izah edə bilməməsindən də böyük qüsurlar var. Səfirlər tacirə çevriliblər, ölkəsinin maraqlarından çox şəxsi ciblərini düşünürlər, çalışdıqları ölkədə biznes qururlar”.

E. Şahinoğlu bildirib ki, bütün bunlara qarşı tədbir görməyin vaxtı çatıb:

"Abel Məhərrəmovun İspaniyadakı səfir oğlunun şərab biznesi ilə məşğul olduğuna dair xəbərlər illərdir mətbuatda yazılır, müzakirə olunur. Bəlkə atasının biabırçılığından sonra onun haqqında tədbir görələr. Səfir oğlu əgər belə bacarıqlıdırsa, diplomat statusu olmadan şərab biznesi ilə məşğul olsun”.

E. Şahinoğlu bizneslə məşğul olan daha bir neçə diplomatın hansı səfirliklərdə işlədiyini açıqlayıb: "Belçika səfirliyimizdə yüksək rütbəli diplomatımızı tanıyırdım, XİN-dəki atasına güvənərək Brüsseldə restoran açmışdı. Azərbaycanın Ukraynadakı səfirliyində indiki və keçmiş səfirlər arasındakı qalmaqalın da predmeti biznesdir, səfir, xələfinin restoranını əlindən almaq istəyir. Bu cür iş prinsipi olan səfirliklərimiz və səfirlərimizlə xarici ölkələrdə milli və təhlükəsizlik maraqlarımızı qoruyub, Ermənistanın işğalçı mahiyyətini anlatmağa çalışacağıq? Axı, onlar da bir qisim səfirliyimizin və səfirimizin nə işlə məşğul olduğunu bilir. Çalışdığı ölkədə biznes quran səfir həmin ölkənin kəşfiyyatına da çalışa bilər. Çünki həmin ölkənin kəşfiyyat xidməti pulgir səfirləri güdür və onları şantaj etmək üçün əllərində kifayət qədər faktı var...”.

Səfirliklərdə yoxlamalar başlayır; Xaricdəki elçilərimizin qanunsuz fəaliyyəti araşdırılacaq
Əli Əliyev

Məsələylə bağlı fikirlərini “Reytinq”lə bölüşən Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev də Azərbaycanın diplomatik nümayəndələrinin fəaliyyətində ciddi nöqsanların olduğunu deyib. Onun sözlərinə görə, ümumiyyətlə, bu sahədəki problemlər ölkənin spesifik vəziyyətinə bənzəyir:

“Nepotizm, traybolizm, regionçuluq - bunlar hamısı iqtidarın mübtəla olduğu qüsurlardır. Beynəlxalq sahədəki çatışmazlıqlar isə qabarıq şəkildə ortaya çıxır. Çünki ölkə daxilindəkiləri ört-basdır etmək mümkün olsa da, kənardakıları gizlətmək olmur. Əlbəttə, beynəlxalq sahədə çalışanların seçimində şəxsi sədaqət və yuxarıda qeyd etdiyim qüsurların meyar kimi götürülməsi ölkənin imicinə ciddi zərbə vurur. Elə bu yaxınlarda Məmmədyarovun Ankara çıxışı diplomatik sahədə vəziyyəti çılpaqlığı ilə ortaya qoydu. Diplomatik sahə fədakarlıq, vətənpərvərlik, intellekt, cəsarət tələb edir. Əksər səfirlərimiz Məmmədyarov misalı dövlət dilində danışa bilmirlər. Belə insanların vətənpərvərliyinə şübhə edirəm. Ana dilini saymayanların Vətəni sevməsinə inanmıram. Müvafiq olaraq, onların milli maraqlarımıza fədakarcasına xidmətini də düşünmürəm. Bütün bunlar hakimiyyətin düşüncəsindən törəyir. İqtidar təmsilçilərinin mütləq əksəriyyəti biznesmen, bütləri isə puldur. Ona görə də belə fəsadlar labüddür. İqtidarın ideyası, ya özü dəyişməyənə qədər vəziyyətimiz belə olacaq”.

Səfirliklərdə yoxlamalar başlayır; Xaricdəki elçilərimizin qanunsuz fəaliyyəti araşdırılacaq
Mütəllim Rəhimli

Politoloq Mütəllim Rəhimli isə əməkdaşımızla söhbətində deyib ki, son vaxtlar əksər sahələrdə kadrların yarıtmaz fəaliyyəti, korrupsiya və rüşvətxor hərəkətləri barədə mediada və cəmiyyətdə geniş informasiyalar yayılmaqdadır. Onun qənaətincə, artıq belə bir fikir hasil olub ki, məmurlar qarşılarında qoyulan müqəddəs vəzifəni – xalqa vicdanla xidməti unudaraq, öz şəxsi maraqlarını güdürlər: “Bu, çox acınacaqlı haldır və cəmiyyəti dövlətin müdafiəsindən çəkindirə bilər. Statistik rəqəmlərdən fərqli olaraq əhalinin sosial-iqtisadi vəziyyətinin o qədər də yaxşı olmadığı, işsizliyin cəmiyyətdə stress vəziyyəti yaratdığını, eləcə də ölkədə həllini gözləyən çox ciddi problemlərin olduğu hamıya məlumdur. Sadə vətəndaş bütün bunları öz üzərində hiss edir. Çox təəssüf ki, ötən müddət ərzində hansısa problemin köklü həllini müşahidə etmək mümkün olmayıb. Təhsil, səhiyyə, iqtisadiyyat, sosial müdafiə, ərazi bütövlüyü məsələlərinin həlli hələ də açıq qalır. Məhşur deyim var, bütün məsələləri kadr həll edir. Biz isə vəzifəyə təyin olunanların problem həll etdiyini deyil, daha çox onu yaratdığını görürük. Demək olar ki, bütün məmurlar qapılarını vətəndaşların üzünə bağlayıb. Zənnimcə, bu ona görə baş verir ki, kadrlar bilik və bacarıqlarına görə deyil, kiminsə adamı və qohumu olduğuna görə seçilir. Nəticədə də indiki mənzərə yaranır. Sual olunur: Abel Məhərrəmovun oğlu hansı xidmətlərinə və yüksək keyfiyyətlərinə görə səfir təyin olunub? XİN-in onunla bağlı təqdimatının əsasında nə durur? Bunu açıqlasalar çox yaxşı olardı. İşdən xəbəri olmayanların vəzifəyə təyin olunmasının nəticəsidir ki, onlar üzərlərinə düşən səlahiyyətləri deyil, bacardıqları işləri, daha doğrusu, korrupsiya və biznesi seçir, bu işlə məşğul olurlar”.

M. Rəhimli onu da vurğulayıb ki, araşdırma aparılsa, səfirlərin əksəriyyəti, icra başçıları, nazir müavinləri və s. vəzifədə oturanların böyük qismi kiminsə qohumu və adamı olduqlarına görə seçiliblər. “Açıq-aşkar görünür ki, məmurların əksəriyyəti vəzifəyə şəxsi sədaqətlərinə, əslində isə yaltaqlıqlarına və mütiliklərinə görə təyin edilirlər. Çünki belələrinin yanında daha böyük görsənmək mümkündür. Əks halda isə gərək rəqabətqabiliyətli olasan, işinin öhdəsindən gəlmək üçün daimi olaraq çalışmalısan. Yaltaq, müti, öz fikri olmayan adamlardan hansısa problemin həllini gözləmək mümkün deyil. Düşünürəm ki, vətəninə, xalqına, dövlətinə xidmət etmək istəyən şəxslərin qarşısı alınmamlı və onlara öz potensiallarını xərcləmək üçün imkan yaradılmalıdır”, - deyə politoloq fikrini tamamlayıb.

Səfirliklərdə yoxlamalar başlayır; Xaricdəki elçilərimizin qanunsuz fəaliyyəti araşdırılacaq
Əli Orucov

AMİP Siyasi Şurasının üzvü Əli Orucov isə bildirib ki, Azərbaycanın xarici ölkələrdəki diplomatik korpusunun fəaliyyətini Xarici İşlər Nazirlyinin fəaliyyəti kimi qiymətləndirmək olar. Onun sözlərinə görə, sistemsiz, passiv, qorxaq, dövlətin deyil, hakim bir qrupun və korporativ maraqların təmini üçün çalışırlar: “Əksəriyyətinin başı öz şəxsi işlərinə və bizneslərinə qarışıb. Bu ilk fakt deyil. Ukraynadakı səfirliyimizin ətrafında gedən korrupsiya qalmaqalı dövlətimizin adına utancdır. Səfirlər nəinki diaspora ilə işləmirlər, hətta təqimat aldıqları ölkələrin ictimai-siyasi həyatından da kənarda qalırlar”.

Ə. Orucov qeyd edib ki, Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi vəzifəsində çalışan Baş nazirin birinci müavini Yaqub Eyyubovun oğlu Emin Eyyubovu ümumiyyətlə, bu qrumda tanıyan olmayıb: “Həmin qurumda görüşlərdə olarkən görüşdüyümüz parlamentarilər bizə bildirdilər ki, Ermənistanın nümayəndısi çox fəal işləyir, hər bir deputatla fərdi iş aparır. Bizdə isə peşəkarlıq nəzərə alınmır. Qohumbazlıq, yaxın əlaqələr əsas götürüldüyündən nəticə də xoşagəlməz olur”.

Son günlər Xarici İşlər Nazirliyinin və nazir Elmar Məmmədyarovun fəaliyyəti yenidən gündəm mövzularından birinə çevrilib. Buna əsas səbəb Azərbaycanın Ukraynadakı səfiri Azər Xuduyevin sabiq səfir Tələt Əliyevlə bağlı bu ölkənin Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğuna müraciət etməsidir. Bu qalmaqal E. Məmmədyarovu da hədəfə çevirib. Doğrudur, bundan əvvəl və sonra da səfirliklərdə yeyinti faktları ilə bağlı xəbərlər yayılıb. Amma Ukraynadakı səfirliyimzdə baş verənlər digərlərini “kölgə”də qoyub.

Səfirliklərdə yoxlamalar başlayır; Xaricdəki elçilərimizin qanunsuz fəaliyyəti araşdırılacaq
Fazil Mustafa

Deputat Fazil Mustafa E. Məmmədyarovu sərt tənqid edib. O, nazirin ana dilimizdə sosial şəbəkələrdə yayılmış məlum çıxışını xatırladaraq deyib ki, əslində, Elmar Məmmədyarova aktual olan başqa bir sual verilməliydi:

“Ukraynadakı səfirliyimizdə baş verən anormallığın adı nədir? Tələt Əliyev 2001-2009-cu ilədək Azərbaycanın Ukraynadakı səfiri olub. İndiki səfirimiz də 2016-cı ildə təyin olunub. 7 il müddətində orada daha iki səfirimiz çalışıb. Yeni səfir iddia edir ki, keçmiş səfir iki milyon yarım vəsaiti mənimsəyib, o halda həmin 7 ildəki səfirlərdən niyə hansısa bu mənimsəməni kəşf edə bilməyib? Bəs Hesablama Palatası, nazirliyin daxili maliyyə nəzarət qurumu niyə aşkara çıxara bilməyib?"

Deputat daha sonra sərt suallarını davam etdirib: “Demək, bu nazirlikdə mənimsənilən hər hansı vəsait 7-8 il sonra üzə çıxarılacaq? Keçmiş səfir də iddia edir ki, indiki səfirin diplomat kimi yarıtmaz fəaliyyəti ilə bağlı vaxtilə qətiyyətli mövqe sərgilədiyindən, dünya fırlanıb-dəyişib, həmin şəxs məhz Ukraynaya səfir təyin olunan kimi işini-gücünü atıb keçmiş səfirlə haqq-hesab çəkməyə başlayıb. Başlamanın hüquqi tərəfini bir tərəfə qoyaq, Xarici İşlər nazirliyimizin səfirlikiçi münaqişəni, mübahisəni Ukraynanın hüquq-mühafizə orqanlarının çözməsinə imkan tanıması Azərbaycan üçün biabırçılıq deyilmi? Cənab Elmar Məmmədyarovdan bunu sormaq lazımdır. Sözümün canı budur ki, hörmətli Elmar müəllimdən dili necə bilməyini deyil, hüququ, təyin etdiyi səfirlərin dövlətçilik anlayışlarının səviyyəsini necə bildiyini soruşmaq daha məntiqli olmazdımı?”.

Hakim komanda daxilində baş verənlərlə bağlı ətraflı bilgiyə sahib olan və adının açıqlanmasını istəməyən mənbə isə “Reytinq”ə deyib ki, son dövrlər Xarici İşlər Nazirliyi və ona bağlı olan diplomatik nümayəndəliklərin ətrafında baş verənlər hakimiyyəti ciddi şəkildə narahat edir. Bu səbəbdəndir ki, səfirliklərdə baş verən özbaşınalıqlar, korrupsiya halları hakimiyyətin yuxarı dairələrinin qəti qərarlar verməsi ilə nəticələnib: “Məndə olan məlumata görə, müxtəlif ölkələrdəki diplomatik nümayəndəliklərimizdə yoxlama aparılması tapşırılıb. Düzdür, aidiyyatı qurumlar davamlı olaraq, audit yoxlamaları həyata keçirirlər. Amma son illər ortaya çıxan faktlar səfirliklərin fəaliyyətinin ciddi təftişinə zəmin yaradıb. Əgər hansısa səfirliyin fəaliyyətində ciddi nöqsanlar aşkarlanarsa, sərt qərarların verilməsi qaşılmaz olacaq. Hətta bəzi səlahiyyətli şəxslərin həbsi də qaçılmazdır”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}