ABŞ-Rusiya savaşı yeni cinahda başlayır
Tarix: 29-12-2018 16:49 | Bölmə: Slayd
ABŞ-Rusiya savaşı yeni cinahda başlayır

Amerika hərb maşınının Suriyadan çəkilməsi ilə ərəb ölkələri Türkiyə və İrana qarşı birləşib, Qərb isə silahlarını Kiyev ətrafına cəmləyir


ABŞ prezidenti Donald Trampın Suriyanın 1/3-ə nəzarət edən qoşunlarını geri çəkməklə bağlı qərarından bir həftə sonra İraqa səfəri və Türkiyənin PKK/YPG qüvvələrinin işğal etdiyi Fərat çayı ətrafına yeni hərbi əməliyyatlara hazırlaşması bölgədəki havanı xeyli “dumanlandırıb”.

Reyting.az-ın məlumatına görə, ABŞ-ın geri çəkilməsindən sonra bölgənin ərəb ölkələrinin Suriya rejimi ilə gözlənilməz yaxınlaşması və Rusiyanın mövqeyinin tədricən dəyişməsi də qardaş Türkiyə üçün yeni gərginliyə yol açıb.

Xatırladaq ki, Tramp dekabrın 26-da Birləşmiş Ştatların İraqda yerləşdirilmiş hərbi qüvvələrini ziyarət etmək üçün bu ölkəyə gözlənilməz səfər edib. O, Bağdad yaxınlığındakı Əl-Əsəd hərbi bazasında hərbçilərlə görüşsə də, İraqın rəhbərliyi ilə təhlükəsizlik səbəbindən görüşməyib. Tramp Bağdadda hərbçilərlə görüşündə deyib ki, ABŞ-ın İraqdan çıxmaqla bağlı heç bir planı yoxdur: “Əgər Suriyada bir iş görmək istəsək, İraqdakı mövqelərimizdən istifadə edə bilərik”.

Prezident Türkiyə lideri Ərdoğanla telefon söhbəti haqqında da əsgərlərə məlumat verib: "İŞİD-i məhv etmək istəyən prezident Ərdoğanla məhsuldar müzakirəmiz oldu. Ərdoğan və digərləri Suriyada qalan az sayda İŞİD terrorçularını məhv edəcək. Biz onların bölgəsindəyik. Ancaq ağırlığı onların daşıması lazımdır. Lakin bunu edə bilmirlər. Ərdoğan Suriyada İŞİD-dən qalan nə varsa, bitirmək istəyir”.

Trampın İraqa səfərindən dərhal sonra isə Moskva ilk həmləsini edib.

Reyting.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova Trampın səfərinin sabahı günü Suriya ilə bağlı Moskvanın mövqeyini açıqlayıb. O bildirib ki, ABŞ-ın tərk etdiyi ərazilərdə Suriya hökumətinin nəzarəti ələ alması vacibdir: “Beynəlxalq hüquq çərçivəsində Suriyanın şərqində ABŞ əsgərlərinin yerləşdiyi ərazilərin Suriya hökumətinə təhvil verilməsi lazımdır”.

ABŞ-ın Suriyadan çıxma planlarının detallarını Moskvanın bilmədiyini deyən XİN rəsmisi əlavə edib ki, ABŞ-ın bu əraziləri tərk etməsi Suriyada sülhün əldə edilməsinə müsbət təsir göstərəcək.

XİN rəsmisi Türkiyənin Fəratın şərqində hərbi əməliyyat keçirmək istəyinə də münasibət bildirib: “Rusiya və Türkiyə Suriyadakı fəaliyyətini koordinasiya edir. Bu əməkdaşlığa terrorla mübarizə, hərbi əməliyyatlar da daxildir”.

ABŞ-ın geri çəkilmə qərarından sonra ən çox diqqət çəkən bölgədəki ərəb ölkələrinin birdən-birə fəallaşması və rəsmi Dəməşqlə isti münasibətlər qurmağa çalışmalarıdır. Artıq Birləşmiş Ərəb Əmirlikləri Suriyanın – Dəməşq şəhərində səfirliyini bərpa edir. Səudiyyə Ərəbistanı isə Trampın “müharibədən sonra Ər-Riyad Suriyanın bərpasına maliyyə dəstəyi verəcək”,- açıqlamasını təkzib edərək, bölgədə müstəqil hərəkət edəcəklərinə işarə verib.

ABŞ-Rusiya savaşı yeni cinahda başlayır

Bu və ya digər məqamlarla bağlı siyasi şərhçi Şahin Cəfərli də maraqlı fikirlər səsləndirib.

Onun sözlərinə görə, Birləşmiş Ərəb Əmirlikləri iki gün əvvəl Suriyada səfirliyini yenidən açıb və şübhə yoxdur ki, bu, təkcə BƏƏ-nin qərarı deyil, Səudiyyə Ərəbistanı, Misir və Bəhreynlə ortaq iradənin ifadəsidir:

“Adıçəkilən 4 ölkə bərabər hərəkət edir. Bu gün Səudiyyə kralı Salman Bəşər Əsədin qatı əleyhdarı olan xarici işlər naziri Adil əl-Cübeyri vəzifədən kənarlaşdırdı, bu da yeni bir mərhələnin başladığına işarədir. A planı iflasa uğradı, B planına keçdilər”.
Ş. Cəfərli bildirib ki, müharibə kənar dəstəklə də olsa, Əsədin zəfəri ilə yekunlaşır və indi Suriyanın siyasi və fiziki rekonstruksiyasında yer almaq, söz sahibi olmaq uğrunda rəqabət başlayıb:

“Səudiyyə liderliyindəki koalisiya bütün gücü ilə İran və Türkiyənin Suriyada öz nüfuzunu genişləndirməsini əngəlləməyə çalışacaq. Əsəd də bunda maraqlıdır, İsrail və ABŞ da. Baxmayaraq ki, Əsəd öz qələbəsinə, ümumiyyətlə, həyatda qalmasına görə İrana minnətdardır, heç bir lider (üstəlik diktator tipli) öz ölkəsində başqalarının ağalıq etməsini istəməz. Ərəb ölkələrinin Tehranın artan təsirini bir az balanslaşdırmasına Suriyanın da ehtiyacı var ki, çoxlu qütblər arasında öz marağına uyğun manevr edə bilsin. BƏƏ XİN-in bəyanatında da məhz buna işarə olunur, “Qardaş Suriyanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və bölgədə təhlükəsizliyin təmin olunmasında ərəblərin rolunun aktivləşdirilməsi”ndən bəhs edilir”.

Ş. Cəfərli iddia edir ki, Türkiyəyə qarşı bloklaşma da ola bilər: “Səudiyyə vəliəhdi bin Salman, BƏƏ vəliəhdi əl-Nahyan, Misir rəhbəri əl-Sisi üçlüyündən ibarət anti-Ərdoğan ittifaqına əl-Əsədin də dəstək verməsi ilə Türkiyə prezidentinin regional liderlik ambisiyalarının önünə sədd çəkməyə yönəlmiş güclü ərəb bloku formalaşmış olacaq.

Digər tərəfdən, Suriyanın bərpası üçün böyük maliyyə lazımdır, nə İranda pul var, nə Rusiyada, nə də Türkiyədə. Bu məqam yetişəndə Səudiyyə, BƏƏ, Qatar və Qərb dövlətlərinə ehtiyac yaranacaq.

Gələn il Suriyanın Ərəb Dövlətləri Liqasına qayıdışı da gözlənilir. Yeddi ildir ölüm-qalım savaşında olan Bəşər Hafiz əl-Əsəd ərəb dünyasının liderləri arasında yerini təkrar almağa hazırlaşır”.

Göründüyü kimi, ABŞ-ın bölgədən çəkilməsi “Masa”ya yeni oyunçuların daxil olmasına yol açıb. Belə bir anda isə Türkiyə bölgədə yaşanan hərəkətliliyi dəqiq incələməklə, qətiyyətli şəkildə iradəsini yeritməyə davam edir. Rəsmi Ankara Suriya sərhədində çoxsaylı hərbi qüvvələrini daşımaqla, Fərat çayı ətrafında, Menbiçdə PKK/PYD/YPG qüvvələrinin məhv etməkdə qərarlı olduğunu göstərir. Bu məqsədi daha kiçik ağrı ilə başa çatdırmaq üçünsə, Ankara Rusiya ilə operativ təmaslarını sürdürür. Böyük ehtimalla Moskvada Putinlə görüşdən sonra Ərdoğan orduya “Vurun!” əmrini verəcək. Maraqlıdır, Türkiyə hücuma keçəcəyi halda, ABŞ nə edəcək? Ümumiyyətlə, ABŞ-ın planı nədir? Tramp doğurdan da ABŞ-ın dünyada polis rolunu oynamasını istəmir, yoxsa Suriyadan çıxmaqla əsas diqqəti Şərqi Avropaya yönəltmək və bu ərazilər üzərindən Moskva ilə savaşı davam etdirəcək?

Reyting.az-ın məlumatına görə, bu suallar ətrafında “Regnum”da Eduard Birov maraqlı təhlillə çıxış edib.

Həmin təhlili qısa ixtisarla təqdim edirik:

Trapm verdiyi bəyanata sadiq qalaraq Suriyadan ordusunu tamam çəkərsə, bu, ABŞ-ın hegemonsuzluğu rəmzləşdirən örnək olacaq. Təkrar edirəm, bəyanat gerçəkliyə çevrilərsə. Amma buna şübhə ilə yanaşanlar var. Məsələn, Rusiya rəhbərliyinin bütün təmsilçiləri də belə deyir: əvvəlcə baxaq, doğrudan da çıxacaqlarmı, yoxsa dəfələrlə söz verib, yayındıqları kimi olacaq?

Əslində, belə vədlərə Rusiya nəzərindən yeganə düzgün reaksiya da elə budur.

Hələliksə, ABŞ-ın niyyətlərinin gerçəkliyi haqda dalbadal qalmaqallı xəbərlər gəlir – məsələn, Suriyada ət-Tənf bölgəsində hərbi bazanın bağlanması haqda. Təəccüblü deyil ki, belə xəbərlər ABŞ və Rusiya arasında Böyük Saziş tərəfdarlarında ruh yüksəkliyi doğurub. Onlar bunu sanksiyaçı Trampın çoxdankı planlarının gerçəkləşdirilməsi və qarşılıqlı güzəştlər yoluyla Moskva ilə münasibətlərin yoluna qoyulması kimi dəyərləndirirlər.

ABŞ-Rusiya savaşı yeni cinahda başlayır

Lakin Trampın Suriyadan çəkilmə qərarı və digər məqamlar Rusiya üçün mənfi nəticələrə də yol aça bilər. Çünki Mettisdən sonra Pentaqona arkanzaslı senator Tom Kotton, ya da Cənubi Karolinadan olan senator Lindsi Qrem başçılıq edə bilər. Bu da, o biri də mühafizəkar mərhum Con Makkeynin tərəfdarıdır. Yəni sərt, radikal siyasət tərəfdarı olan “yeni təcridçilərdir”.

Amma burada bir məqamı da unutmayaq. Görünür, Trampın qərarı Türkiyə ilə sövdələşmənin nəticəsi olub. Türkiyə prezidenti Ərdoğan dekabrın 17-də xəbərdarlıq edib ki, Türkiyə silahlı gücləri ən yaxın zamanda YPG kürd bölmələri və Suriya Demokratik Qüvvələrinə qarşı hücuma başlaya bilər. Dekabrın 18-də axşam ABŞ Dövlət Departamentində bildiriblər ki, Türkiyənin 140 “Petriot” raketi almasına razılıq verilib.

Və artıq dekabrın 19-da Ağ Evin mətbuat katibi Sara Sanders bildirib ki, “Amerika öz əsgərlərini Suriyadan vətənə qaytarmağa başlayıb”. Türkiyə Menbiç bölgəsində və Fəratın şərq sahilinə əməliyyata start verdiyi günün səhəri Trampın bu qərarı çıxdı. Görünür, Ərdoğanın qətiyyəti və ABŞ öz qazancı xatirinə kürdlərə növbəti dəfə xəyanət edib. Necə?

Yada salmağına dəyər ki, Vaşinqton və Ankara arasında sövdələşmə haqda ilk xəbər oktyabrda meydana çıxıb. NBC telekanalı məlumat verib ki, ABŞ və Türkiyə iqtisadi basqının zəiflədilməsi əvəzində keşiş Endryü Bransonun azad edilməsi haqda anlaşıb. Oktyabrın 12-də pastoru doğrudan da buraxdılar, amma Ərdoğan bunadək onu qorxulu terrorçu və Gülənlə əlbir adlandırmışdı. Türkiyənin maliyyə bazarı o vaxtdan bəri də tədricən özünə gəlməyə başlayıb, lirə yüksəlib.

Bu qayda ilə yüksək ehtimalla güman etmək olar ki, Tramp Moskvanın 2016-da Amerika nəzarətindən çıxarmağa nail olduğu Türkiyəni “ələ keçirmək” bahasına Suriyadan çıxır, ya da çıxmaqla bağlı imitasiya edir. Bir də Ankara hələlik açıq anti-Rusiya siyasətini təzələməyib və Ərdoğan “iki kürsü”də əyləşmək üçün var gücünü qoyur, amma amerikalılar belə davranışa dözməyəcək və tezliklə daha çox itaət tələb edəcəklər. Həm də Türkiyənin Suriyada güclənməsi hökmən iştahanın artması və şərtləri diktə etmək istəyinə gətirəcək – elə İdlib üzrə. Bu da Rusiyanın maraqları ilə yenidən ziddiyyətə girə bilər.

Bundan başqa, Ukraynada pravoslavlığın parçalanması üçün Varfolomeyin fəaliyyətində Ankaranın özəl roluna diqqət yetirməyinə dəyər, onun Türkiyədən asılılığı nəzərə alınmaqla. Dövlət katibi Pompeonun Kiyev təfriqəçisi Yepifaniyaya açıq zəngindən sonra prosesin əsil sifarişçisinin kim olduğu artıq gizlədilmir. Amma amerikalılar bunu Türkiyəsiz başa çatdıra bilməzdilər. Vladimir Putin yekun mətbuat konfransında Konstantinopol patriarxlığını Türkiyəninki adlandırmaqla təsadüfən “ağzından söz qaçırmayıb”: “Yeganə bağ var idi – ruhsal. Moizələrdə Moskva və bütün Rusun adını çəkirdilər. Vəssalam. Amma indi baxın, Türkiyədən, Türkiyə patriarxlığından hansı asılılıq gəlir”.

ABŞ-Rusiya savaşı yeni cinahda başlayır

Lakin burası da var ki, Türkiyənin ABŞ-ın nəzarətinə qayıdışı Suriyaya görə yetərli qiymət deyil və Pentaqon – ona kim başçılıq edir-etsin – Ukraynada açıq hərbi fitnə hazırlamağa başlayıb. Avqustdan başlayaraq, Kerç-Azov bölgəsində “Donbas Xalq Respublikası” , “Lukansk Xalq Respublikası” və Krıma hədəflənməklə münaqişənin tədricən artırılması gedir.

Ukrayna Silahlı Qüvvələrinin (USQ) Rusiya ilə sərhəddə hərbi əməliyyat hazırladığı haqda Lavrovun xəbərdarlığı “tərəfdaşlar”ın kəskin fəallığı ilə təsdiqlənir. NATO təlimatçıları Donbasda USQ bölmələrini yoxlayıb, sərhədə getdikcə yeni bölmələr, o cümlədən Britaniyanın xüsusi təyinatlı SAS qrupu göndərilir, Böyük Britaniya ordusunun “HMS Echo” kəşfiyyat gəmisi Odessa limanına girib, ABŞ senatorları Trampı Qara dənizdə Rusiyaya qarşı çoxmillətli əməliyyat keçirməyə çağırıb.

Kiyev isə Ukrayna hərbi gəmilərinin Kerç boğazından ATƏT, ya da NATO-nun himayəsilə keçidi üzrə açıqca onun düşünmədiyi əməliyyat elan edib. Aydındır ki, belə hazırlıqlar nəsə konkret bir şeylə bitməyə bilməz. Ukraynada hərbi fitnə hazırlığı, Türkiyə ilə sövdələşmələrlə yanaşı, Trampın Suriyadan qoşunların çıxarılmasını bəyan etməsi arasındakı incə rabitə göstərir ki, bunlar bir prosesin tərkib hissəsidir. Və Böyük Sövdələşmə budursa, onda Rusiya üşün çox pisdir. Güman etmirəm ki, Kreml buna sakit yanaşacaq. Krıma və Krım körpüsünə qarşı həmlələr şəxsən Putin üçün ən prinsipal məqamdır və belə bir şey üzərindən onunla uzlaşmağı təsəvvür etmək axmaqlıqdır. Amma, bax, ABŞ-ın güclərin gerçək bölgüsündən çıxış edərək Suriya-Türkiyə-Ukrayna qambiti oynamaq qərarı tamamilə həyata keçirilə biləndir.

Rusiyanın Suriyada mövqeyi artıq o qədər güclüdür ki, Vaşinqton oradakı bölgünü keyfiyyətcə dəyişmək gücündə deyil. Ancaq “qoşunların çıxarılması” hesabına Türkiyə ilə anlaşma halında təsiri saxlamaq və vurğunu Rusiya ilə mübarizənin ikinci cəbhəsinə keçirmək olar. ABŞ-ın Ukraynadakı mövqeyi xeyli əlverişlidir – Kiyev rejimi, ordu, xalq üzərində tam nəzarət, rəsmi təsdiqsiz hərbi bölmələrin iştirakı. Bütün bunlar Rusiyanın birbaşa yaxınlığındadır və gücün bir bölümünün Suriyadan ayrıldığı durumdur. Özgə əliylə zərbə endirmək üçün, demək olar, ideal əməliyyat meydanıdır.

Bəli, Vaşinqtonun çoxdan belə bir əməliyyat meydanı var, amma görünür, zərurət məhz indi yetişib. Həm də sərhesab Poroşenko Rusiya ilə hərbi qarşıdurmadan həmişə yayınıb. Amma o, obyektivcəsinə uğursuz seçkilər ərəfəsində hakimiyyəti saxlamaq üçün hər şeyə hazırdır. Lakin onun “son sıçrayışı”nın hazırlanmasında, NATO hərbçilərinin, demək olar, gizlədilmədən iştirakı və bu prosesin payızın başlanğıcından buraxılması ondan xəbər verir ki, Vaşinqton düşünülmüş qərarı həyata keçirir. O, Suriyada yenilərək bunu Ukraynan yönündə zərbəylə düzəltməyə çalışır.

Bəli, tamamilə mümkündür ki, Tramp adəti üzrə blef edir və savaş təhdidini son həddə çatdıraraq Kremlə qarşı hətta Suriya ilə bağlı tələblər irəli sürəcək. O biri yandan, ABŞ Ukraynada Ukrayna vətəndaşlarının həyatından savayı – bu isə onu lap sonda maraqlandırır – heç nəyi qurban vermir. İndi kim təminat verə bilər ki, Ukraynada geniş hərbi əməliyyatlar olmayacaq?

Belə, ya elə, amma bu ehtimallar düzgündürsə, ABŞ Ukrayna tərəfdən Rusiyaya zərbə hazırlayarsa (yeri gəlmişkən, Rusiyaya savaş elan edilməsi haqda layihə Radaya çıxarılıb-redak.), indiki halda Amerika ilə savaşsız anlaşmaq mümkündürmü?

Son olaraq, unutmayaq, Putin də bu günlərdə bildirib ki, ABŞ-da hamı sərt sistem çərçivəsində hərəkət edir: “Bu sistem isə bizə savaş elan edib”.




Bölməyə aid digər xəbərlər
5-01-2019, 21:19 Tramp dünyanı aldadıb