Təhlükəli virus Azərbaycan ərazisinə çatır
Tarix: 09-01-2019 11:09 | Bölmə: Slayd
Təhlükəli virus Azərbaycan ərazisinə çatır

"Donuz qripi" adlandırılan H1N1 virusu ötən ay ərzində Gürcüstanda 13 nəfərin ölümünə səbəb olub. Gürcüstanla yanaşı Azərbaycanın digər qonşuları – İran (bəzi əyalətlərdə) və Ermənistan da bu virusdan əziyyət çəkir.

Reyting.az
-ın məlumatına görə, Azərbaycanın rəsmi qurumları (Respublika Taun Əleyhinə Stansiya) buna qarşı ciddi mübarizənin aparıldığını, hətta sərhəd-keçid məntəqələrində müxtəlif qabaqlayıcı tədbirlərin görüldüyünü və H1N1 virusunun ölkəmizdə qeydə alınmadığını bildirsələr də, artıq cəmiyyətdə və ayrı-ayrı internet resurslarında (sosial şəbəkələr) əks məlumatlar yayılır. Bəzi vətəndaşlar iddia edir ki, son günlər ölkəmizdə “donuz qripi” qeydə alınsa da, müvafiq qurumlar bunu ictimaiyyətdən gizlədir.

Ayrı-ayrı vətəndaşlardan fərqli olaraq, Respublika Taun Əleyhinə Stansiyasının Epidemioloji tədqiqat şöbəsinin müdiri Kamran Əfəndiyev isə bir müddət əvvəl ölkə KİV-lərinə deyib ki, Azərbaycanda hələlik bu virusa yoluxan yoxdur.

K. Əfəndiyev bu il ərzində Respublika Taun Əleyhinə Stansiyada qrip virusuna qarşı 842 müayinə aparıldığını nəzərə çatdırıb. Onun sözlərinə görə, 75 insandan insana keçən qrip aşkarlansa da, bunlar arasında H1N1 virusuna yoluxma halı qeydə alınmayıb.

Təbii ki, ölkəmiz də H1N1 virusundan sığortalanmayıb. Çünki virusun yayıldığı ölkələrlə (İran və Gürcüstanla) müntəzəm əlaqələr mövcuddur və əlaqədar qurumların məsuliyyətsizliyi bunun yayılma əhatəsini genişləndirə bilər.

Qonşu ölkələrdə yayılan və Azərbaycanı da təhdid edən qorxulu virusun əlamətlərinə və ondan qorunmaq yollarına gəlincə, mütəxəssislər aşağıdakılara əməl etməyi vacib sayırlar.

Qeyd olunur ki, "Donuz qripi" tez yayılır, ağır keçir, çoxsaylı fəsadları olduğu üçün bəzən xəstənin ölümü ilə nəticələnir.

Bu virusun pandemiyaya keçməsinə səbəb 2009-cu ildə baş vermiş mutasiya olub. İnsan virus ştammı ilə "donuz qripi" ştammı çarpazlaşıb. Belə mutasiyalar hər il baş verir, heç də hamısı insanı yoluxduracaq və yayılacaq dərəcədə təhlükəli olmur.

H1N1 virus tipi donuzları və insanları daha çox tutur. Ona görə də qripin yayılmasına həm donuzlar, həm də insanlar səbəb ola bilər.

Xəstəlik gizli gəlir, insan heç nə hiss eləmir, inkubasiya dövrü 1-3 gün çəkir. Yəni insan qarşısında "donuz qripli" bir insanla əyləşir, təmasda olur, onun qrip olduğunu bilmir, həmçinin artıq viruslu olan adam da bunu hiss eləmir, beləcə, yoluxma baş verir.

Mütəxəssislər bildirirlər ki, qripin davametmə müddəti 7 gündür. Amma hər yoluxmuş 6-cı insan ətrafdakıları 2 həftə ərzində yoluxdurmaq təhlükəsi daşıyır.

Virus oyadıcıları hava-damcı yolu ilə - burun suyu, asqıraq, öskürək, tüpürcəklə yayılır. Bir adam 2-3 metr radiusunda olan insanları yoluxdurur.

Evdə, iş yerində xəstə adamın istifadə etdiyi dəsmal, masa, qab-qaşıqla da keçir.

Risk qrupuna gəlincə, bunlar aşağıdakı şəxslərdir:

- 5 yaşa kimi uşaqlar

- 60 yaşdan yuxarı yaşlı və xəstə insanlar

- Hamilə qadınlar

- Müxtəlif xroniki xəstəliyi olanlar

- İmmuniteti zəif olanlar.

Virusun orqanizmə təsiri və əlamətləri aşağıdakı kimidir:

- Ştamm qanın strukturunda dəyişiklik edir, trombositlərin sayını artırır, qanın laxtalanmasını yüksəldir, bu da tromb yaradır;

- Xəstəliyin gedişatında ağciyər toxuması şişir, ödemləşir, ağciyərlərdə iltihab artır;

- Böyrəklərində xəstəlik olanlarda vəziyyət kəskinləşir, nefrit yarana bilir;

- Bu qripin ən ağırlaşmış formalarından biri də miokardit, ürək əzələlərinin zədələnməsidir.

“Donuz qripi”nə yoluxmanın əlamətləri aşağıdakı kimidir:

- Əvvəlcə adi qriplərə çox bənzəyir, hətta həkim belə onları çətinliklə fərqləndirə bilir;

- Temperatur 1 sutkadan sonra 38-ə yüksəlir, enmir, əksinə, yüksəlməyə doğru gedir;

- Əvvəlki gün insan özünü normal hiss etsə də, sonradan halı sürətlə pisləşir, bir neçə saatın içərisində təcili yardım belə lazım olacaq vəziyyətə gəlir;

- Baş ağrısı, üz, burunda sanki haymoritdə olduğu kimi ağrılar, otit-qulaq ağrısı, burun tutulması, güclü öskürək, sinədə ağrı baş verir;

- Bədəndə heysizlik, ağrı, yerindən qalxa bilməmək olur;

- Qusma, ürəkbulanma, yemək yeyəndə yediyini qaytarma, diareya, ishal müşahidə olunur;

- Ağır hallarda ürəkdə ağrı, boğulma, sanki hava çatəşmazlığı baş verir;

- Ağır hallarda insanın mimikası dəyişir, işığa baxa bilmir, göz almasının hərəkətində dəyişiklik qeydə alınır;

- Vaxtında müdaxilə olunmazsa, ürək tərəfindən miokard, ağciyərlərdən pnevmoniya qaçılmaz olur.

"Donuz qripi" yalnız xəstəxana şəraitində, laboratoriya analizləri ilə təsdiqlənir, ağır formaya keçməməsi üçün xəstəxanada müalicəsi tövsiyyə olunur.

Bu ştamma qarşı xüsusi virus əleyhinə dərmanlar, inyeksiyalar var.

Həmçinin xəstə yataq rejimində, ətrafla ünsiyyəti minimuma endirilməklə müalicə olunmalıdır. Əgər pnevmaniya və bakterial infeksiya da qoşulubsa, antibiotiklər təyin edilir.

Profilaktika üçün həmin dövrdə kütlə arasına çıxmamalı, tibbi maska taxmalı, qripə şübhəli insanlardan uzaq durmalı, şəxsi gigiyenaya 100 dəfə artıq əməl etməli, spirtli məhlullardan istifadəyə üstünlük verməli və bol maye qəbul etməlisiniz.

Reyting.az




Bölməyə aid digər xəbərlər
5-01-2019, 21:19 Tramp dünyanı aldadıb