Əli Həsənov: “Diaspor təşkilatları koordinasiya olunmuş şəkildə fəaliyyət göstərməlidir”
Tarix: 24-02-2019 23:52 | Bölmə: Slayd
Əli Həsənov: “Diaspor təşkilatları koordinasiya olunmuş şəkildə fəaliyyət göstərməlidir”

Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımıza müraciət edib.

Reyting.az
-ın məlumatına görə, Ə. Həsənov müraciətində bildirib ki, Almaniyada yaşayan professor Hakkı Keskin bəy bu günlərdə istiqamətverici bir status paylaşıb. O, Xocalı faciəsinin 27-ci ildönümü və "erməni soyqırımı” iddiaları ilə bağlı təşkil edəcəyimiz tədbirlərdə ümumi təbliğatımızı necə qurmaq, hansı məsələlərin üzərində dayanmaq barədə öz dəyərli fikirlərini bölüşüb.

PA rəsmisi bununla bağlı bəzi detalları əlavə edərək, Hakkı bəyin səsləndirdiyi təklifləri dəstəkləyib.

Ə. Həsənovun sözlərinə görə, Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi AKP hakimiyyətə gəldikdən sonra ilk atdığı addımlardan biri 1915-ci il hadisələri ətrafında aparılan kampaniyanın qərəzini ifşa etmək olub, Türkiyə bu yöndə bir çox beynəlxalq tədbirlərin təşəbbüsçüsü və ev sahibi kimi çıxış edib: "Təəssüf ki, cənab Ərdoğanın tarixin obyektiv araşdırılması üçün arxivlərin açılması və birgə komissiyaların təşkili haqqında çağırışları əks tərəfdən gərəkli dəstək almamışdır”.

Ə. Həsənov qeyd edib ki, bu gün Türkiyə və Azərbaycan prezidentləri həm ölkələrimizin daxilində, həm də beynəlxalq müstəvidə türk-müsəlman dünyasının maraqlarının müdafiəsi, problemlərinin həlli naminə nümunəvi birgə fəaliyyət, həmrəylik nümayiş etdirirlər:

“Bu həmrəylikdən örnək götürərək həm Azərbaycanın, həm də qardaş Türkiyənin vətəndaş cəmiyyəti təşkilatları, əli qələm tutan bütün ziyalıları rəsmi dövlət orqanlarının həyata keçirdiyi tədbirlərə hər cür dəstək verməklə Xocalı soyqırımı və Azərbaycan torpaqlarının işğalı, eləcə də 1915-ci il hadisələri ilə bağlı gerçək faktları dünya ictimaiyyətinin diqqətinə çatdırmalı, tarixin obyektiv qavranılmasına və adekvat hüquqi-siyasi qiymətini almasına çalışmalıdırlar. Ümumiyyətlə, bu işləri daha fəal, davamlı və sistemli şəkildə həyata keçirməklə biz mütləq nəticələr əldə edə bilərik.

Bu məqsədlə Azərbaycan və türk diaspor təşkilatları da öz çevikliyini və mütəşəkkilliyini artırmalı, koordinasiya olunmuş şəkildə fəaliyyət göstərməlidir. 2007-ci ilin noyabrında Türkiyə və Azərbaycan prezidentlərinin birgə təşəbbüsü ilə Bakıda keçirilmiş Türk Dövlət və Cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, azərbaycanlılara qarşı erməni işğalçıları tərəfindən törədilmiş soyqırım, terror aktları və digər cinayətlərin beynəlxalq miqyasda ifşası istiqamətində türkdilli ölkələr və icmalar tərəfindən birgə tədbirlərin görülməsi haqqında tövsiyələrin həyata keçirilməsi ilə bağlı fəaliyyətlərini genişləndirməlidir.

Bilirsiniz ki, bəzi dövlətlər qondarma "erməni soyqırımı” haqqında əsasız qərarlar qəbul ediblər. Biz həmin ölkələrdə də ardıcıl iş aparılmalı, onların vətəndaş cəmiyyətləri ilə işləməyin məqbul səmərəli üsullarını tapmalıyıq. Soydaşlarımız yerli və beynəlxalq ənənəvi media, eləcə də sosial şəbəkələr vasitəsilə geniş kampaniyalar təşkil etməli, soyqırımı problemlərini, o cümlədən Xocalı faciəsinə dair real faktları elmi konfranslarda, simpoziumlarda və digər toplantılarda təqdim etməlidirlər.

Düşünürəm ki, xaricdə yaşayan əksər ziyalılarımız, hörmətli professor Hakkı Keskindən nümunə götürərək Vətənlə mənəvi rabitəsini gücləndirməli, ümumi haqq işimizə mənəvi-psixoloji və siyasi dəstəyini artırmalıdır”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}