Kənd təsərrüfatına ayrılan büdcə vəsaitləri korrupsiyanın badına gedir - Ekspert
Tarix: 25-02-2019 18:42 | Bölmə: Slayd
Kənd təsərrüfatına ayrılan büdcə vəsaitləri korrupsiyanın badına gedir

Azərbaycanın təbii imkanları ilə müqayisədə, ölkənin aqrar sahəsində hələ ki inkişafa nail olunmayıb. Əksər ekspertlər bunu aqrar sahəyə rəhbərlik edənlərin qeyri-peşəkarlığı ilə əlaqələndirirlər.

Ölkə başçısının sərəncamı ilə Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi dəyişdirilib. Lakin bu bir ilə yaxın zaman kəsiyində də aqrar sahədə müsbətə doğru nəzərəçarpacaq dəyişiklik baş verməyib.

Yeni kənd təsərrüfatı naziri İnam Kərimov qısa müddətdə komandada ciddi dəyişiklik edib, hətta xaricdən mütəxəssislər gətirsə də, müsbətə doğru nəticə hiss olunmur. Aqrar sahə üzrə mütəxəssislər də yaxın gələcəkdə hansısa dəyişikliyin olacağına inanmırlar. Amma qısa müddət keçməsinə baxmayaraq, İnam Kərimov və komandası ilə bağlı neqativ fikirlər səslənməyə başlayıb.

Nazirlik əməkdaşlarının səfər xərcləri...

Məlum olduğu kimi, Kənd Təsərrüfatı Nazirliyi ölkədə heyvandarlığın, xüsusən də qoyunçuluğun inkişafı üçün müxtəlif tədbirlər görür. Bu məqsədlə öncə Kənd Təsərrüfatı Nazirliyinin bir neçə əməkdaşı Cənubi Afrika Respublikasına səfər edib. Səfərdə məqsəd Azərbaycana qoyunların idxalı üzrə proqramın icrasıdır. Amma nazirlik əməkdaşlarının bu ölkəyə səfəri zamanı böyük vəsaitlərin xərclənməsi ciddi müzakirəyə səbəb olub. Belə ki, Azərbaycandan Cənubi Afrika Respublikasına təyyarə xərcləri təxminən 5 min manatdır. Nümayəndə heyətinin bir neçə nəfər oluğunu nəzərə aldıqda, bilet pulunun 20 min manat olduğu ortaya çıxır. Hotel və digər xərcləri də nəzərə alsaq, 100 min manata yaxın vəsaitin xərcləndiyi məlum olur. Maraqlısı isə budur ki, bu vəsait sadəcə, vəziyyətlə bağlı məlumat almaq üçün xərclənir. Yəni, bu barədə məlumatı daha az vəsait xərcləməklə də əldə etmək mümkündür.

Kənd təsərrüfatına ayrılan büdcə vəsaitləri korrupsiyanın badına gedir

Reyting.az xəbər verir ki, aqrar sahə üzrə ekspert Vahid Məhərrəmli mia.az-a deyib ki, Kənd Təsərrüfatı Nazirliyində rəhbər dəyişikliyi olsa da, idarəetmənin mahiyyətində hər hansı dəyişiklik baş verməyib. Onun sözlərinə görə, kənd təsərrüfatı naziri İnam Kərimov və onun yeni komandası dövlət büdcəsinin səmərəsiz xərclənməsi, hətta göyə sovrulmasında daha irəli gediblər:

"Nazirliyin bəzi nümayəndələri Afrikaya səyahət ediblər. Bu səyahətə görə dövlətin yüz minlərlə vəsaitini xərcləyiblər. Mən qəsdən “səyahət” ifadəsini işlədirəm ki, İnam Kərimov və kadrlarının kənd təsərrüfatı ilə bağlı hansısa ölkələrə səfəri səyahət xarakteri daşıyır. Tam əminliklə deyə bilərəm ki, bu adamların Afrika səfərinin hər hansı işgüzar nəticəsi olan deyil.

Bu günlərdə nazir də Fransaya səfər edib. O da heyvandarlığın inkişafı ilə bağlı danışıqlar aparır, müzakirələrdə iştirak edir. Hər iki səfərin Azərbaycanda heyvandarlığın inkişafı ilə bağlı hər hansı nəticə verəcəyi ehtimalı sıfıra bərabərdir. Ona görə ki, bu gün Azərbaycanda heyvandarlığın inkişafı üçün hər hansı xarici amil, yəni, xaricdən asılılıq yoxdur. Buradan da aydın görünür ki, bu adamlar heyvandarlıqdan xəbərsizdirlər.

Azərbaycanda iribuynuzlu heyvanların 90 faizi cins mal-qaradır. Hələ sovet dönəmində ölkəyə cins mal-qara gətirilib, ölkənin cins tərkibi tamamilə dəyişdirilib. Amma bəzi heyvanlara yaxşı qulluq olmadığı üçün cırlaşıb.

Qoyunçuluqla bağlı da analoji fikirləri söyləmək olar. İndi bunlar deyirlər ki, guya bura qoyun gətirəcəklər və cins heyvanların artırılması ilə məşğul olacaqlar. Bu cəfəng fikirlərlə əsaslandırmaq istəyirlər ki, çəkilən xərc boş yerə getməyəcək. Amma tam əminliklə deyirəm ki, o xərclər havayı yerədir. Yəni, bir həftəlik səfərə yüz minlərlə manat vəsaitin xərclənməsini heç cür əsaslandıra bilməzlər”.

7 milyonluq mərkəzin aqibəti...

Kənd təsərrüfatına ayrılan büdcə vəsaitləri korrupsiyanın badına gedir

V. Məhərrəmli qeyd edib ki, nazirlik rəsmiləri bir müddət əvvəl yaradılan mərkəzin fəaliyyətini inkişaf etdirmək əvəzinə yeni xərc yerlərinin yaradılmasına çalışırlar. Məhz buna görə də, yeni rəhbərliyi köhnələrdən fərqləndirmək olmur:

"Bu adamlar hələ bilmirlər ki, Azərbaycanda heyvandarlığın əsas problemi yemçiliyin inkişafı ilə bağlıdır. Bu gün heyvanların cins tərkibinin dəyişdirilməsi o qədər də problemli deyil. O vaxt 7 milyon avro xərcləndi, süni mayalandırma mərkəzi yaradıldı. Mərkəzə müasir avadanlıqlar gətirildi. Bu gün qoyunçuluqda da, iribuynuzlu heyvandarlıqda da süni mayalandırma yolu ilə daha məhsuldar heyvanlar almaq mümkündür. Yəni, buna görə Afrikaya, Fransaya səfər edib təyyarəyə, hotellərə yüz minlərlə vəsait xərcləmək lazım deyil”.

Mütəxəssisin fikrincə, ölkədən bir addım kənara qoymadan da heyvandarlığı inkişaf etdirmək mümkündür: “Amma görünən odur ki, nazir və komandası xarici səfərlər etmək, səyahətə çıxmaq üçün bu variantı gündəmə gətiriblər. Yaxşı olardı ki, onlar Afrikaya səyahətə çıxıb 50 min manatı təyyarə biletinə xərcləmək əvəzinə, rayonlarımıza səfərlər edib problemi yerində həll etməyə çalışaydılar. Yerlərdə yem bazamızın hansı səviyyədə olduğu ilə maraqlanıb, vəziyyəti təhlil edəydilər, mövcud problemin aradan qaldırılmasına cəhd göstərəydilər. 10-15 manata avtobus bileti alıb yaxın rayonlarımızın birinə getsəydilər, Afrika, yaxud Fransa səfərindən daha səmərəli olardı”.

Yeni komanda "pul silməyə” hazırlaşır

Kənd təsərrüfatına ayrılan büdcə vəsaitləri korrupsiyanın badına gedir

Ekspert diqqətə çatdırıb ki, xarici səfərlərin xərcləri ilə yanaşı, əlavə vəsaitlərin tələb olunması da gündəmə gələcək:

"Diqqət edirsinizsə, rəhbərlik dəyişəndən bəri təklif olunan layihələrə əlavə vəsait tələb edilir. Ona görə də, düşünürəm ki, yeni komandanın üzvləri yüzminlik səyahət xərcləri ilə kifayətlənsələr, şükr etməliyik. Amma bununla kifayətlənməyəcəklər. Onlar Prezidentə təklif hazırlayacaqlar ki, Afrikadan, Fransadan, yaxud hansısa başqa ölkədən ölkəmizə yeni cins heyvanların gətirilməsi üçün vəsait ayrılsın. Belə demək mümkündürsə, əvvəlki nazirlər necə işləyirdisə, İnam Kərimov və komandası da o yolu tutur. O vaxt bir baş iribuynuzlu heyvanı 2 min dollara alıb 5 min dollara sənədləşdirmişdilər. Hiss edirəm ki, bunlar da o istiqamətdə iş aparıb təkliflər verəcəklər ki, yeni cins mal-qara, yaxud qoyun alıb gətirsinlər. Yoxsa bunların Afrikada, Fransada nə işi var?

Hökumətdə bu təklifləri dəyərləndirəcək mütəxəssislərin olmadığı üçün təklif qəbul olunacaq və yenə milyolarla dövlət vəsaiti talanacaq. Bunlar özləri aqrar sahəni bilməsələr də, korrupsiya və mənimsəmə üsülu ilə pul qazanmağı çox yaxşı bilirlər. Amma tam məsuliyyətimlə deyirəm ki, bu gün Kənd Təsərrüfatı Nazirliyi uşaq bağçası səviyyəsindədir. Bu adamların aqrar sahə üzrə bilgisi, davranışı, hərəkəti, gördükləri işlər, uşaq bağçası səviyyəsindədir, bircə iştahları uşaq bağçası səviyyəsində deyil”.

Texnika alverində milyonluq fırıldaq...

Kənd təsərrüfatına ayrılan büdcə vəsaitləri korrupsiyanın badına gedir

V. Məhərrəmli xüsusi vurğulayıb ki, kənd təsərrüfatında ən böyük korrupsiya aqrolizinqdədir.

"Bu sahəyə dövlət büdcəsindən milyonlarla vəsait ayrılır. Amma o pulların böyük hissəsi korrupsiyaya uğrayır. Gedib təsiredici qüvvəsi iki dəfə aşağı olan ucuz gübrə alıb gətirirlər. Biz o gübrəni İrana göndərdik, ordan bizə sənəd təqdim elədilər ki, təsiredici qüvvəsi iki dəfə aşağıdır. Ölkəyə gətirilən dərman pereparatları da eyni vəziyyətdədir.

Texnika sahəsində də vəziyyət acınacaqlıdır. Kombayn alırlar, sənəddə qeyd olunur ki, bu texnika full vəziyyətdədir, amma elə deyil. Bəzi texniki avadanlıqları çıxartdırıb ucuz alırlar”.

V. Məhərrəmli iddia edir ki, Şəki rayonunda bir il ərzində bir milyon manata yaxın maliyyə fırıldağı aşkarlanıb: “Yəni, hələ aşkarlanan bu idi, özü də bir rayonda. Nəzərə alsaq ki, ölkə üzrə nə qədər filial var və nə qədər maliyyə fırıldağı ola bilər, o zaman yüz milyonlarla vəsaitin korrupsiyaya uğradığını təsəvvür eləmək çətin deyil”.

V. Məhərrəmli bildirib ki, ölkə xaricində olan alış-veriş prosesində də maliyyə fırıldaqları çox olur: “Məsələn, Çindən çəltik üçün ucuz kombayn alıb gətirmişdilər, amma onu buğdabiçən kombayn kimi sənədləşdirmişdilər. Buğda biçinində ondan istifadə elədilər və fermerlərə böyük ziyan dəydi. Heç sonradan çəltikdə də həmin texnkadan istifadə etmədilər. Kombaynın qiyməti hardasa 70-80 mindir, onu 100-120 minə sənədləşdirdilər. Bəzi halda o 70 minlik kombaynı 40 minə alırlar, yəni detalları keyfiyyətsiz olanı sifariş edirlər. O texnikalar da burda dözmür, 1-2 il işləyəndən sonra sıradan çıxır. Bax, belə fəndlərlə aqrar sahəyə ayrılan maliyyə resurslarının yarısını mənimsəyirlər”, – deyə ekspert əlavə edib.

"Aqrolizinq”i ələ keçirirlər

V. Məhərrəmli nazirlik rəsmilərinin başqa niyyətləri barədə də məlumat verib. Onun sözlərinə görə, nazirlikdəkilər çalışırlar ki, bəzi qurumları ləğv edərək onların maddi-texniki bazasını bu və ya digər yolla mənimsəsinlər:

"İndi təklif edirlər ki, "Aqrolizinq” ləğv edilsin. Yəqin ki, buna gedəcəklər. Bunun əsaslı səbəbləri var.

Birincisi, "Aqrolizinq”in texnikalarını satıb pul qazanacaqlar.

İkincisi, onun yerində özəl müəssisələr yaradılacaq. Həmin müəssisələr isə öz qohum-əqrəbalarının adına olacaq.

Üçüncüsü, o sahəyə dövlət büdcəsindən maliyyə resursunun ayrılması nəzərdə tutulur. Biz isə deyirdik ki, özəl müəssisələr özləri işləri qursunlar, rəqabət olsun. Ancaq bunlar belə təklif verir ki, heyvandarlıqda da, texnikada da 50-60 faizlik güzəştlər tətbiq edilsin. Yəni, bunların qohumları gedib baha qiymətə texnika alıb gətirəcək, iki qat qiymətə sənədləşdirəcək, dövlət büdcəsindən də pul alacaqlar. Beləliklə, yenə hərtərəfli qazanc əldə edəcəklər. Obrazlı desək, incə buzov iki ananı əmən kimi, nazirliyin rəhbər şəxsləri də həm fermerlərdən, həm də dövlətdən pul qazanacaqlar”.

Mütəxəssis sonda diqqətə çatdırıb ki, yeni komanda da maliyyə fırıldağını yaxşı bilir, digər tərəfdən, orda “qoca qurdlar”dan da qalıb. “Lazım gələndə, onlar da yol göstərirlər. Bu cavanlar da elə işlərdə zirəkdilər. Diqqət edirsinizsə, artıq Afrikaya, Fransaya gedib çıxıblar, sövdələşmə aparırlar. Belə bir şəraitdə kənd təsərrüfatının inkişafına nail olmaq mümkün deyil.

Düşünürəm ki, yeni rəhbərlik kənd təsərrüfatı ilə deyil, başqa işlərlə məşğuldur. İndi mövsümdür, bunlar kəndlərdə olmalıdırlar, vəziyyətlə maraqlanmalıdırlar ki, məhsul yığımında göyə baxmasınlar. Amma bunlar dünən gəliblər, bu gün lyüks təyyarələrdə xaricə səfərlər edirlər. Hər halda, real mənzərə budur. Bundan sonra necə olacağını zaman göstərəcək”, - deyə V. Məhərrəmli sözlərini tamamlayıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}