07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
İranla sərhəddəki atışmada hərbçimiz həlak oldu – Yaralı var
Tarix: 10-03-2019 13:42 | Bölmə: Slayd
İranla sərhəddəki atışmada hərbçimiz həlak oldu

2019-cu ilin 10 mart tarixində saat 06:50 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz” sərhəd dəstəsinin Fizuli rayonunun Bala Bəhmənli kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədinin pozulmasına cəhd edilib.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi xəbər verir ki, sərhəd naryadı tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində silahlı şəxslərin hərəkəti aşkar olunaraq, qarşısı alınıb:

"Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsində olan sərhəd naryadının qanuni tələbinə və xəbərdarlıq atəşinə tabe olmayan sərhəd pozucuları tərəfindən sərhəd naryadına qarşı silah tətbiq edilmişdir.

Baş vermiş atışma zamanı sərhəd naryadının başçısı, Daşkəsən rayonundan həqiqi hərbi xidmətə çağırılmış kiçik çavuş Məmmədov Səxavət Fizuli oğlu sinəsindən güllə yaraları almış, sərhəd naryadının üzvü Siyəzən rayonundan həqiqi hərbi xidmətə çağırılmış əsgər Cəbrayılov Vidadi Xəlifəqulu oğlu əlindən yaralanmışdır. Hər iki sərhədçi dərhal hərbi hospitala təxliyə olunsa da, kiçik çavuş S. Məmmədovun həyatını xilas etmək mümkün olmamışdır.

Dövlət sərhədini pozmağa müvəffəq ola bilməyən sərhəd pozucuları geri qaçmışlar".

Məlumata görə, hadisədən dərhal sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və digər vəzifəli şəxslər əraziyə gəliblər, hadisə yerinə baxış keçirilib və əməliyyat-axtarış tədbirlərinin davam etdirilməsinə dair zəruri tapşırıqlar verilib.

Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti dövlət sərhədini mühafizə edərkən qəhrəmancasına həlak olmuş kiçik çavuş S. Məmmədovun atası ilə görüşüb və baş sağlığı veriblər.

Dövlət Sərhəd Xidməti rəisinin əmri ilə kiçik çavuş Məmmədov Səxavət Fizuli oğlu (ölümündən sonra) və əsgər Cəbrayılov Vidadi Xəlifəqulu oğlu xidməti vəzifələrinin icrasında göstərdikləri şücaətə görə "Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif olunublar.

Hadisə ilə əlaqədar Hərbi Prokurorluqla birlikdə zəruri tədbirlər həyata keçirilir.

Fakt üzrə cinayət işi başlanıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}