23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
Postsovet məkanında böyük dəyişiklik başlayır - Politoloq
Tarix: 23-03-2019 18:50 | Bölmə: Slayd
Postsovet məkanında böyük dəyişiklik başlayır

Fevral ayının üçüncü ongünlüyündən Qazaxıstanda başlayan hakimiyyətin ötürülməsinin birinci mərhələsi martın 19-da başa çatdı. Fevralın 21-də prezident Nursultan Nazarbayev 2016-cı ildən baş nazir vəzifəsində çalışan Baxıtcan Saqintayevi istefaya göndərərək, Astananın valisi Əsgər Mamini hökumətin başına gətirdi. Eyni zamanda, Nazarbayev Konstitusiya Şurasına müraciət edərək, dövlət başçısı vəzifəsindən vaxtından əvvəl istefa vermək hüququnun olub-olmadığına aydınlıq gətirilməsini istədi. Nazarbayevi bu müraciətə vadar edən səbəb Konstitusiyada prezidentin istefasının nəzərdə tutulmaması idi.

Reyting.az xəbər verir ki, Qazaxıstanda baş verən siyasi dəyişikliyi şərh edən politoloq Xəqani Cəfərli bildirib ki, Konstitusiya Şurası Nursultan Nazarbayevin müraciətini müzakirə edərək qərara gəlib ki, Konstitusiyada prezidentin istefası nəzərdə tutulmasa da, dövlət başçısı da insandır və əmək fəaliyyəti ilə bağlı azad seçim hüququna malikdir.

Postsovet məkanında böyük dəyişiklik başlayır
X. Cəfərli

X. Cəfərlinin sözlərinə görə, bu prosesdən sonra Nazarbayevin prezident postundan istefa verməsi üçün hüquqi əsaslar yaradılmışdı və artıq dövlət başçısının istefası zaman məsələsinə çevrilmişdi:

“Nazarbayev türk dünyasında yeni ilin başlanğıcı hesab olunan Novruz bayramı ərəfəsində xalqa müraciət edərək prezident vəzifəsinədən istefa verdi. Konstitusiyaya görə prezidentin səlahiyyətlərinin icrası parlamentin yuxarı palatasının sədri Qasım-Comərt Tokayevə keçdi. Parlamentdə and içərək vəzifəsinin icrasına başlayan Qasım-Comərt Tokayev növbəti seçkilərə kimi dövlət başçısı postunu tutacaq. Növbəti prezident seçkiləri isə gələn ilin sonunda keçiriləcək və xalq tərəfindən seçilmiş dövlət başçısının kimliyi də o zaman məlum olacaq. Məhz həmin seçki ilə hakimiyyətin ötürülməsi başa çatacaq”.

Qeyd edək ki, Nazarbayev prezident postundan istefa versə də, Təhlükəsizlik Şurasının sədri kimi dövlət idarəçiliyinə təsir imkanlarını saxlayacaq. X. Cəfərli isə Nazarbayevin bu addımını Den Syaopinin öz hakimiyyətini ötürməsinə bənzədir:

“Çin tarixinə islahatçı lider kimi düşmüş Den Syaopin ali dövlət və partiya vəzifələrindən istefa versə də, Mərkəzi Hərbi Şuranın sədri vəzifəsini öz əlində saxlamaqla Çindəki proseslərə təsir imkanlarını ömrünün sonuna kimi saxladı. Aydın görünür ki, Nazarbayev də Den Syaopin kimi dövlət idarəçiliyindən əl çəksə də, dövlət siyasətinə təsir imkanlarını əlində saxlamaq niyyətindədir”.

İstefanın səbəblərinə gəlincə, politoloq bildirib ki, Nazarbayev Qazaxıstan prezidenti vəzifəsinə ilk dəfə 1990-cı ilin 24 aprelində seçilsə də, əslində onun bu Orta Asiya respublikasına rəhbərliyi 1989-cu ilin iyunun 22-də, o zamankı Qazaxıstan Kommunist Partiyasının birinci katibi seçilməsi ilə başlayıb. Qazaxıstana rəhbərliyinin 30 illiyinin tamamına üç ay qalmış Nazarbayevin istefa verməsi səbəbsiz ola bilməz. “Təcrübəli siyasətçi olan Nazarbayev postsovet məkanının dəyişikliklər mərhələsinə qədəm qoyduğunu gözəl anlayır. Bu dəyişikliklər erasının Qazaxıstana nə vəd etdiyini heç kim proqnozlaşdıra bilməz. Təcrübəli siyasətçi olan Nazarbayev isə belə həssas məqamı nəzərə alaraq dəyişikliklər mərhələsinin hansı nəticələrə səbəb olacağını gözləmədən, prosesi qabaqlamaqla onu yönəltməyə çalışıb. Fikrimcə, bu məqam Nazarbayevin prezident vəzifəsindən məhz indi istefa verməsinin ilk səbəbidir”.

Postsovet məkanında böyük dəyişiklik başlayır

İstefanın ikinci səbəbinə gəlincə, politoloq bunu Nazarbayevin 30 il davam edən hakimiyyətinin istər ölkə daxilində, istərsə də beynəlxalq aləmdə ciddi narazılıq doğurmağa başlaması ilə əlaqələndirib: “Son zamanlar bu tendensiya daha aydın müşahidə edilirdi. Martın 15-də - Nazarbayevin istefasından cəmi dörd gün əvvəl - Avropa Parlamenti Qazaxıstanda insan haqlarının vəziyyəti ilə bağlı qətnamə qəbul etmişdi. Qeyd edim ki, Qazaxıstan Avropa Birliyi ilə “Dərinləşdirilmiş Əməkdaşlıq və Tərəfdaşlıq” Müqaviləsi bağlamış yeganə Orta Asiya respublikasıdır. 2016-cı ildə imzalanmış bu müqavilə Qazaxıstanın üzərinə insan hüquq və azadlıqlarının təminatı və korrupsiya ilə mübarizədə bir sıra vəzifələr qoyur. İndi Avropa Parlamentində hesab edirlər ki, Qazaxıstan rəhbərliyi müqavilə ilə üzərinə götürdüyü öhdəliklərə əməl etməyib.

Qətnamənin müzakirəsi zamanı Nursulan Nazarbayev iqtidarı ölkədə siyasi həbslər aparmaqda və müxalifətçilərə işgəncə verməkdə ittiham edilərək sərt tənqid olunmuşdu.

Avropa Parlamentinin deputatı, Maliyyə cinayətləri və vergidən yayınma üzrə xüsusi Komitənin sədr müavini Ana Qomeş Nazarbayev rejimini “Kleptokratların totalitar rejimi” adlandırıb və bunların dövlətin başında durmalarının artıq yolverilməz olduğunu, belə dinozavrlarla əməkdaşlığı mümkünsüz saydığını bəyan etmişdi”.

Cəfərli bildirib ki, Nazarbayev hökumətini sərt tənqid edən avropalı deputatlar Avropa Birliyinin müvafiq addım atmasının zəruriliyini vurğulayıblar.

Politoloq qeyd edib ki, Qazaxıstandan əvvəl Avropa Parlamenti Rusiyanın Avropa Birliyinin strateji tərəfdaşı statusundan məhrum edilməsi ilə bağlı qətnamə də qəbul etmişdi: “Çin, Rusiya, ABŞ və Avropa Birliyi arasında ustalıqla manevr edən Qazaxıstan Avropa ilə münasibətlərin pisləşməsindən çəkinir. Qazaxıstanda hər kəs fərqindədir ki, Çinin “Bir kəmər, bir yol” layihəsində yer almaq üçün Avropa Birliyi ilə yaxşı əlaqələrə ehtiyac var. Eyni zamanda sosial gərginliyin artdığı bir zamanda Avropanın sərmayə qoyuluşlarına zərurət daha da artır. Bütün bunları nəzərə alan Nazarbayev tənqidlərin ağır nəticələrə səbəb olmadan siyasi səhnədən qismən çəkilməsini daha doğru sayıb prezident vəzifəsindən istefa verdi”.

İstefanın ehtimal olunan üçüncü səbəbinə də aydınlıq gətirən Cəfərlinin fikrincə, bu, həm də Nazarbayevin səhhəti ilə bağlı ola bilər:

“Hələ 2017-ci ildən Nazarbayevin səhhətində ciddi problemlər olması haqqında xəbərlər yayılmağa başlayıb. Hətta bir dəfə Nazarbayevin ölməsi haqqında məlumatlar da yayıldı. Belə görünür ki, Nazarbayev İslam Kərimov və Səfərmurad Niyazov-Türkmənbaşıdan fərqli olaraq, ölənə kimi prezident olmaq istəmədi və hakimiyyətin ötürülməsi prosesini sağlığında başlayıb bunu öz istəyinə uyğun reallaşdırmaq istəyir.

Dördüncü səbəb isə, heç şübhəsiz, Qazaxıstanda narazılıqların günü-gündən artmasıdır. Ciddi sosial-iqtisadi problemlərin olmasını rəsmilər də inkar etmir. Nazarbayev də anlayır ki, daha 2011-ci il deyil və etirazçıları güllə-baran etməklə problemi cözmək mümkünsüzdür.

Eyni zamanda neft 2011-ci ildə olduğu kimi bahalı və bir saylı strateji məhsul deyil. Buna görə də xalqın dəyişiklik arzusunu görməzdən gəlmək olmaz. Bütün bu səbəblər 1989-cu ildən Qazaxıstana rəhbərlik edən Nazarbayevi prezident vəzifəsindən istefa verməyə vadar etdi”.

X. Cəfərli Qazaxıstandakı dəyişikliyin postsovet ölkələrinə də təsirsiz ötüşməyəcəyini bildirib. O, hansı dəyişikliklərin proqnozlaşdırılması ilə bağlı Reyting.az-da ayrı bir yazı ilə çıxış edəcək.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}