07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Azərbaycanlıların diaspor təşkilatları birləşir - Fotolar
Tarix: 01-04-2019 02:29 | Bölmə: Slayd
Azərbaycanlıların diaspor təşkilatları birləşir

Martın 31-də Moskva şəhərində Dünya Azərbaycanlıları Birliyinin (DAB) və Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun (DAMF) prezidenti Fizuli Məmmədovun təşəbbüsü və rəhbərliyi ilə Azərbaycan diasporu üçün xüsusi əhəmiyyət kəsb edən iki hadisə baş verib.

Dünya Azərbaycanlıları Birliyindən Reyting.az-a verilən məlumata görə, bu hadisələrdən biri 1918-ci ildə Bakıda, Şamaxıda, Qubada, Lənkəranda, Xaçmazda və Azərbaycanın digər bölgələrində erməni millətçilərinin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımın ilk dəfə yüksək səviyyədə qeyd olunması, digəri Azərbaycanın diaspor nümayəndəsi Fizuli Məmmədovla Dünya Azərbaycanlıları Birliyi ətrafında Azərbaycan diasporunun birləşdirilməsi haqqında memorandumun imzalanmasıdır.

İclasda diasporumuzun ondan artıq ictimai təşkilatının rəhbərləri, o cümlədən Rusiyanın Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş azərbaycanlılarla bağlı yeddi ictimai təşkilatı birləşdirən Moskva azərbaycanlılarının yerli milli-mədəni muxtariyyatları Koordinasiya Şurasının üzvləri DAB və DAMF ətrafında birləşmək istədiklərini söyləyiblər.

Daha sonra diaspor nümayəndələrimiz Rusiyada və MDB ölkələrində soydaşlarımızın bir ictimai təşkilat altında birləşməsi məsələlərini müzakirə ediblər. Görüşün bütün iştirakçıları diaspor təşkilatlarımızın Dünya Azərbaycanlıları Birliyi ətrafında birləşməsini dəstəkləyiblər.

Toplantının rəsmi hissəsi başa çatdıqdan sonra Moskva şəhərində azərbaycanlıların milli–mədəni muxtariyyətləri üzrə Əlaqələndirmə Şurasının sədri Əli Əli oğlu Kazımov və Dünya Azərbaycanlıları Birliyinin prezidenti Fizuli Məmməd oğlu Məmmədov arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Məlumatda bildirilir ki, bu əməkdaşlığın məqsədi, Azərbaycan diasporunu bütün dünyada, habelə Rusiya və MDB ölkələrində, həmvətənlərimizi vahid beynəlxalq ictimai təşkilat ətrafında birləşdirməkdir. Ukrayna, Qazaxıstan, Özbəkistan, Latviya, Litva və Estoniyadakı Azərbaycan diasporları Fizuli Məmmədovun birləşmək təşəbbüsünü dəstəkləyiblər.

Toplantı zamanı Novosibirskdən Regionlararası Azərbaycanlılar Konqresi Assosiasiyasının, “Birlik” hüquqi və qanuni mənafe cəmiyyətinin prezidenti Mirkazım Heydər oğlu Seyidov zəng vuraraq, Sibir əyalətində yerləşən 25-dən artıq ictimai birliyin Əlaqələndirmə Şurası ilə əməkdaşlığa qoşulmağa və Fizuli Məmmədovun bütün dünya Azərbaycan diasporasının, o cümlədən Rusiya azərbaycanlılarını birləşdirmək təşəbbüsünü dəstəkləməyə hazır olduğunu bəyan edib. Mirkazım Seyidov aprelin 2-də ictimai birliklərin adından əməkdaşlıq haqqında Memoranduma imza atmaq üçün Moskvaya yollanacağını bildirib.

Görüşdə bir sıra ictimai təşkilatların rəhbərləri və fəalları, diasporumuzun tanınmış ziyalıları və iş adamları, o cümlədən professor Zahid Qocayev, tarix elmləri doktoru Əşrəf Hüseynov, "Şəhriyar ədəbi-mədəni cəmiyyəti" Regional İctimai Təşkilatının sədri Vasif Məmmədov, Nizami Bəşirov, Rahib Bayramov, Elxan Rüstəmov, İlxan Tağıyev, Əli Kazımov, Natiq Mirzəyev, İmran Quliyev, Elşən Qasımov, Həşim Əliyev, Alışan Zakirov və başqaları iştirak ediblər.

Daha sonra görüş iştirakçıları 1918-ci ilin mart-aprel aylarında erməni millətçilərinin əli ilə həlak olmuş azərbaycanlıların və Azərbaycanın digər hadisələr zamanı şəhid olmuş insanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra 1918-ci ilin martında daşnak və bolşeviklərin azərbaycanlılara qarşı törətdikləri soyqırımına həsr olunmuş sənədli film nümayiş etdirilib.

Reyting.az

Azərbaycanlıların diaspor təşkilatları birləşir
Azərbaycanlıların diaspor təşkilatları birləşir
Azərbaycanlıların diaspor təşkilatları birləşir




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}