16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Satışa çıxarılan bəzi qida əlavələri insan həyatı üçün təhlükəlidir
Tarix: 04-04-2019 10:35 | Bölmə: Slayd
Satışa çıxarılan bəzi qida əlavələri insan həyatı üçün təhlükəlidir

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) bu il ərzində bioloji fəallığa malik qida əlavələri ilə bağlı apardığı ekpertiza nəticəsində onların bəzilərinin qida əlavəsi deyil, dərman vasitəsi olduğunu aşkarlayıb.

Reyting.az
xəbər verir ki, bununla əlaqədar mərkəz tərəfindən bioloji fəallığa malik qida əlavəsi kimi təqdim edilən 9 adda məhsulun istifadəsi üçün mənfi rəy verilib, iki qida əlavəsinin ekspertizadan keçirilməsi ilə bağlı müraciətə xitam verilib.

AEM tərəfindən bu il ərzində Türkiyənin “Akson İlaç ve Tıb. Ürünler” şirkətinin istehsalı olan, 150 ml-lik “Kanokarnit” şərbəti və həmin ölkənin “İlaç ve Tıb. Ürünler San.Tic.Ltd.Şti” şirkətinin istehsalı olan “Kanokarnit” şərbəti (150ml) ilə bağlı müraciətə xitam verilib. Buna səbəb adıçəkilən məhsulların laboratoriya sınaqlarından mənfi rəy almasıdır.

AEM bu il ərzində Rumıniyanın “Metics SRL” şirkətinin istehsalı olan “MASTER MİND” şərbətinin (100 ml) ekspertizası nəticəsində bu məhsula da mənfi rəy verib. Ekspertizanın nəticəsinə görə, “MASTER MİND” şərbəti tərkibi və istifadə qaydalarına görə dərman vasitəsidir. Belə ki, Səhiyyə Nazirliynin Farmakoloji və Farmakopeya Ekspert Şurası tərəfindən 24.01.14 tarixində təsdiq olunmuş “Təbii mənşəli preparatların dərman vasitələrinə aid olmasını müəyyənləşdirmək məqsədilə ekspertizasının aparılmasına dair metodiki tövsiyələr”ə əsasən bu preparatın tərkibinə qida əlavələrinin tərkibində qadağan olunan bitkilərin siyahısındakı Convolvulus pluricaulis bitkisi daxil edilib.

Mənfi rəy verilmiş digər məhsul Türkiyənin “GH YİLDİZ İLAÇ VE KOZMETİK SANAYİ TİCARET LTD.ŞTİ” şirkətinin istehsalı olan Maximuno (Maksimuno, kapsul, №30) adlı qida əlavəsidir. Ekspertizanın nəticələrinə əsasən, məhsul immun sistemini möhkəmləndirmək üçün tövsiyə olunan vasitədir, tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsidir. Belə ki, məhsulun tərkibindəki Selen inqredienti gündəlik istehlakın yol verilən maksimal istifadə həddini aşır (tövsiyə olunan miqdar 140-150 mkq). Bundan başqa, məhsulun tərkibindəki "Exinachea angustifolia" bitkisinin xammal kimi otundan istifadə olunub. Lakin Avropa Dərman Agentliyinin tövsiyələrində bu bitkinin xammal kimi kökündən istifadə olunması barədə məlumat qeyd edilib.

Çex Respublikasının “MedPharma, spol.s.r.o” şirkətinin istehsalı olan “Neyrolux-B” (tablet №20) tabletinin ekspertizasının nəticələrinə görə, bu məhsulda B5 (yol verilən 15 mg), B1 (yol verilən 5 mg), B2 (yol verilən 6 mg), B6 (yol verilən 6 mg) vitaminlərinin gündəlik miqdarı gündəlik istehlakın yuxarı yol verilən həddindən yüksəkdir. Məhsul 12 yaşdan aşağı uşaqlara yarım tablet tövsiyə olunduğu halda üzərində bölgü xətti yoxdur.

İspaniyanın “Plameca Plantas Medicinales Y Complementos Alimenticios,S.A” şirkətinin istehsalı olan “Sedaflor B Depression” kapsulu ilə bağlı mənfi rəyin verilməsinə səbəb məhsulun tərkibində bioloji fəalllığa malik qida əlavələrinin tərkibində istifadəsi qadağan edilən bitkilərin olmasıdır. Ekspertizanın nəticəsinə görə, bu kapsul antidepressant xassəli, zehnin işini aktivləşdirən, beyin sinir impulslarının ötürülməsini tənzimləyən vasitə olub, öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsidir. Belə ki, məhsulun tərkibində alkaloidlərlə, kumarinlərlə və d. bioloji fəal maddələrlə zəngin və geniş farmokoloji spektra malik Withania somnifera (ashwagandha) bitkisi qida əlavələrinin tərkibində istifadəsi qadağan olunan bitkilərinin siyahısına daxildir.

Mənfi rəy verilmiş digər məhsul - Latviyanın “Solepharm Pharmaceuticals Ltd” şirkətinin istehsalı olan “Selenara Kapsul”unun (kapsul, №30) tərkibindəki Selen inqredienti gündəlik istehlakın yol verilən maksimal istifadə həddini aşır. Ekspertizanın nəticəsinə görə, bu məhsul öz tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsi olub.

Bolqarıstanın “Fortex Nutraceutical LTD” şirkətinin istehsalı olan “Spirgen” şərbətinin tərkibində B 12 vitamini gündəlik istehlakın yol verilən maksimal istifadə həddini aşır. Ekspertiza nəticəsində müəyyən edilib ki, iştahanın stimullaşmasına, həzm prosesinin yaxşılaşmasına, bağırsaq mikroflorasının normallaşmasına kömək edən vasitə olub, tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsidir. Bundan başqa, məhsulun tərkibindəki bitkilərin bitki xammalı qeyd edilməyib və bitki mənşəli inqredientlərin hansı bioloji fəal maddəyə görə standartlaşması göstərilməyib, tərkibə aid sənəd ilə qablaşma və istifadə üzrə təlimatda uyğunsuzluq aşkarlanıb.

Türkiyənin ”Vefa İlaç San. ve Tic. Ltd. Şti” şirkətinin istehsalı olan “Unimac” tabletinin də tərkibində qida əlavələrinin tərkibində istifadəsi qadağan olunan Tribulus L. bitkisindən istifadə edilib. Bu bitki yalnız dərman vasitələrinin tərkibində istifadə oluna bilər, ona görə də məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi hesab edilib.

Rumıniyanın “Flasel E” kapsulunda (№ 30) məhsulun tərkibində olan E vitamini gündəlik istehlakın yol verilən maksimal istifadə həddini aşır. Bundan başqa, məhsulun laboratoriya analizi zamanı xarici görünüşü ağ rəngli, ikihissəli kapsul, tərkibi açıq sarı, xarakterik qoxulu toz (normativ sənədlərdə ağ rəngli toz) olduğu aşkar edilib. Məhsul vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə edilən vasitə olub, tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsidir.

Rumıniyanın “Nutraceutical&Cos metics SRL” şirkətinin istehsalı olan 100 ml-lik "Master Mind” şərbətinin tərkibində də qida əlavələrinin tərkibində istifadəsi qadağan edilən Convolvulus pluricaulis bitkisi olub. Ekspertiza nəticəsində məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi hesab edilib.

Qeyd edək ki, bioloji fəallığa malik qida əlavələri ilə bağlı müraciətə xitam verilməsi təqdim olunmuş dosyedə məlumatların, göstəricilərin uyğunsuzluğu aşkar olunduqda, mənfi rəy isə preparatın doza məsələsində dərman vasitəsinə bərabər olduğu zamanı verilir.

Bioloji fəallığa malik qida əlavələrinin ekspertizası onların dərman vasitəsinə aid olub-olmamasının müəyyən edilməsi məqsədi ilə həyata keçirilir. Qida əlavələri dərman deyillər və qida əlavələrinin təlimatında "Dərman vasitəsi deyildir” yazılmalıdır.

Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənmiş "Bioloji fəallığa malik qida əlavələrinin tərkibinə dair tələblər"ə görə, qida əlavələrinin tərkibində Səhiyyə Nazirliyinin təsdiq etdiyi siyahıya uyğun bioloji fəal maddələr və qida komponentləri istifadə edilməlidir. Onların hazırlanmasında istifadə olunan komponentlər insanın həyat və sağlamlığına zərərli təsir göstərməməlidir.(Mənbə: Trend)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}