Milli Şura ilə REAL-a barışıq təklif olundu
Tarix: 10-04-2019 18:24 | Bölmə: Slayd
Milli Şura ilə REAL-a barışıq təklif olundu

Müxalifət düşərgəsində davam edən Milli Şura-REAL Partiyası davası hər ötən gün qızışır. Hətta Milli Şuranın sədri, professor Cəmil Həsənli “REAL”-ı satqınlıqda da ittiham edib.

“REAL”-ın sədri İlqar Məmmədov isə feysbuq səhifəsində professora belə cavab verib: “Cəmil Həsənlinin “REAL”-ı satqınlıqda ittiham etməsi mənə indi tam aydın edir ki, nəyə görə hakimiyyətlərinin davamı üçün bu iqtidar 2013-cü ildə məni həbs edib prezident seçkisindən kənarda qoydu, Cəmil Həsənlini isə özlərinə "rəqib" təyin etdi. Belə "rəqib"lə saxta bir şou düzəltməyə nə var ki?”.

Reyting.az xəbər verir ki, ABŞ-da yaşayan professor, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu isə qarşı duran tərəfləri barışa səsləyir.

O, Azərbaycanla Avropa Birliyi arasında danışıqlara dair gedən müzakirələrin səmərəli təşkili üçün aşağıdakı 5 təklifi irəli sürüb:

1. ReAl və AXC partiyaları arasında qarşılıqlı ittihamlara son qoyulsun. Hər iki partiya tərəfdarlarına müraciət edərək sabahdan bu müstəvidə müzakirələrin birtərəfli qaydada dayandırıldığını elan etsin.

2. ReAl və AXC partiyaları Azərbaycanla Avropa Birliyi arasında danışıqlara dair rəsmi mövqeyi açıqlansın. Artıq belə bir mövqe ADR Hərəkatı tərəfindən ictimaiyyətə təqdim edilib.

3. İctimai siyasi təşkilatların iştirakı ilə Azərbaycanla Avropa Birliyi arasında danışıqlara dair müzakirə təşkil edilsin və bu məsələdə vahid və ya uzlaşmış mövqenin formalaşmasına nail olunsun. Dəyirmi Masa formatında müzakirənin təşkili ilə ADR Hərəkatı məşğuldur. Yaxın zamanlarda tədbirin vaxtı və yeri barədə dəqiq məlumat veriləcək.

4. Avropa Birliyinin Azərbaycan nümayəndəliyindən nəyə görə yalnız bir partiyanın nümayəndələrinin Brüssel səfərinə texniki dəstək verdiyi ilə bağlı rəsmi izahat istənilsin. Əslində belə səfərlər müxtəlif siyasi partiya və ictimai təşkilatların təmsilçiliyi ilə qrup şəklində təşkil olunmalıdır.

5. Avropa Birliyi və Azərbaycan hakimiyyəti arasında danışıqların hazırkı statusuna dair hər iki tərəfin - Avropa İttifaqı və Azərbaycan hakimiyyətinin rəsmi mövqeyi açıqlasın və imzalanmaya təqdim olunacaq sazişin son layihəsini dərc etsin.

Reyting.az





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}